Alternative content

05:11 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Ordunun eskadron komandiri
Milli Ordunun eskadron komandiri
ANA SƏHİFƏ / Mədəniyyət
00:15 31.07.2019


1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu yarananda çar Rusiyasının ordu birləşmələrində xidmətdə olan onlarca azərbaycanlı əsgər və zabit doğma vətəninə qayıdıb öz torpağında qulluq etməyi şərəf və vətəndaşlıq borcu hesab edirdilər.

Təəssüf ki, bu cümhuriyyət hökuməti 23 ay yaşaya bildi. 1920-ci ilin aprelində Azərbaycan XI ordu tərəfindən işğal olunanda Milli Ordunun əsgər və zabitlərinin taleyi AXC-nin taleyi kimi ağır oldu. Onların çoxu məcburiyyət qarşısında qonşu İran və Türkiyəyə, habelə Avropa ölkələrinə mühacirət etməli oldu. Belə mühacir - hərbçilərdən biri də cümhuriyyət ordusunda eskadron komandiri kimi ləyaqətlə xidmət etmiş Vəli bəy Yadigarovdur.

O, 1897-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdu. Atasının istəyi ilə Tiflis Hərbi Gimnaziyasında oxumuş, əmiləri general İsrafil bəy və Həsən bəy Yadigarovlar kimi şöhrətli hərbçi olmaq arzusu ilə yaşamışdı. Ona görə də bu gimnaziyanın tələbəsi olmaqdan böyük qürur duyur, dərslərdə və təlimlərdə nümunəvi davranışı, bacarığı və qabiliyyəti ilə fərqlənirdi.

Gimnaziyanı müvəffəqiyyətlə bitirən Vəli bəy 1916-cı ildən Rusiyanın Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmətə başlayır. Birinci Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet məşhur Brusilov hücumunda iştirak edir. Sonra bir müddət 1-ci Dağıstan süvari alayında xidmətdə olur, daha sonra Artilleriya Zabit məktəbinə göndərilir. Lakin bu ərəfədə iğtişaşlar, qiyamlar, üsyanlar girdabında çalxalanan Rusiyada inqilab başlayır. Peterburqda bolşeviklərin çevrilişi nəticəsində ordu iflic vəziyyətinə düşür. Üstəlik, yeni hökumət bütün Rusiya ərazisində postlar qurur, keçmiş çar zabitlərini axtarır, onları sorğu-sualsız güllələyirdilər.

Xalq Cümhuriyyətinin yaradılmasını sevinclə qarşılayan Vəli bəy təhlükədən çəkinməyərək 1918-ci ilin sentyabrında Azərbaycana gəlir və dərhal Milli Ordunun korpus komandirinin yanında eskadron komandiri kimi xidmətə başlayır. Bu zaman Yadigarovlar nəslindən nə az, nə çox Vəli bəylə birlikdə 8 nəfər - poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik Abuzər bəy, İkinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştab-rotmistr Məmməd bəy, İkinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Danial bəy və rəis müavini general-mayor Davud bəy Yadigarovlar, özü də təhsilli, təcrübəli və zabit rütbəsində Milli Orduda xidmətdə idilər.

Vəli bəy 3-cü Şəki süvari alayının eskadron komandiri idi. 1920-ci ilin martında erməni-daşnak birləşmələri Əsgərana hücuma keçəndə onun rəhbərlik etdiyi süvari eskadron Qarabağda azərbaycanlıların kütləvi qırğınına və etnik təmizləməyə dəstək verən daşnak-quldur birləşmələrinə ağır zərbələr endirir, uğurlu hücum əməliyyatları ilə fərqlənir.

3-cü Şəki süvari alayının komandiri, polkovnik Tonkiyev martın 26-da AXC-nin Qarabağ ərazi qoşunlarının komandanı, general-mayor Həbib bəy Səlimova göndərdiyi məktubda yazırdı: "Bu gün, martın 26-da artilleriya və tüfəng atəşi hazırlığından sonra Çaylı və Bürcü kəndləri azad olunub. Ermənilər Çaylıdan qərbə - dağların şərq ətəklərinə çəkilib. Bir neçə quldur öldürülüb. Bizim tərəfdən isə bir neçə əsgər yaralanıb. Düşmənin çoxsaylı süvari dəstəsini vahimə içində qaçmağa məcbur etmiş 1-ci yüzlüyün korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm”.

Vəli bəyin böyük qardaşı Davud bəy də hərbçi olmuşdu. 1903-cü ildə Peterburq yaxınlığındakı Pay korpusunu kornet rütbəsində bitirən D.Yadigarov 1918-ci ildə AXC ordusu yarananda böyük sevgi ilə Milli Orduda xidmətdə olmağı özünə şərəf bilmişdi. O, 1919-cü il avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə Cavad bəy Şıxlinskinin Birinci piyada diviziyasında Birinci dəstənin komandiri olmuşdur. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlərdə böyük şücaətlər göstərmişdir. Bundan az sonra 1919-cu ilin oktyabrında Qarabağ və Zəngəzur bölgəsində terrorçu daşnak birləşmələrinə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general-mayor rütbəsinə layiq görülmüşdü.

1920-ci il 28 aprel çevrilişindən sonra taleyi məlum olmamışdı.

1920-ci ilin mayında Azərbaycan XI ordu tərəfindən işğal ediləndə əsgər və zabitlərin böyük əksəriyyəti çətin seçim qarşısında qalmışdılar. General Mehmandarov "Vətəndən ayrılmağa heç bir əsasım yoxdur” deyərək Azərbaycanda yaşamağı qərara alır. Bəzi hərbçilər qonşu İrana, Türkiyəyə, habelə Avropa ölkələrinə mühacirət etməyi, bəziləri son nəfəslərinə kimi bolşeviklərə qarşı mübarizə aparacaqlarını qərara alırlar. Vəli bəy Yadigarov rəhbərlik etdiyi dəstə ilə döyüşə-döyüşə Gürcüstan ərazisinə keçir.

Hərbçi-jurnalist, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli yazır ki, Gürcüstan da bolşeviklərin işğalına məruz qaldıqdan sonra Vəli bəy Türkiyəyə mühacirət edir. Burada Atatürkün ordusunda azadlıq yürüşünün iştirakçısı olur. Vəli bəy eşidir ki, Azərbaycanda, eləcə də Gürcüstanda ailə üzvləri, qohum-əqrəbası bəy və bəy əsilli olduqlarına və milli dövlət quruculuğunda fəal iştirak etdiklərinə görə yeni quruluşun məmurları tərəfindən möhkəm incidilir, təzyiqlərə məruz qalırlar, onlara işgəncələr verilir. Hətta həbs ediləni, sürgünə göndəriləni də var. Milli Orduda xidmətlərinə görə hətta bəzi hərbçi qohumları İnqilabi Hökumətin əsgərləri tərəfindən həbs edilib, ÇK-nın qərarı ilə repressiya olunublar...

Vəli bəy azərbaycanlı əqidə yoldaşları ilə birlikdə Polşaya gedir. Vəli bəyin Polşaya mühacirət etməsinə səbəb həm də onun anası, şahzadə Olqa Russiya-Korçibaşevanın polşalı olması idi. Vəli bəy tabeliyində olan hissənin 20-dən çox azərbaycanlı əsgər və zabiti ilə birlikdə Polşa ordusu sıralarına qəbul edilir. Qruzdində Suvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilir. Az müddətdən sonra milliyyətcə polyak olan qızla evlənir. Rotmistr Vəli bəy Yadigar 1933-cü ildə Varşavada "Mustafa Axmatoviç adına Tatar-Ulan Alayının hərbi tarixi oçerki” adlı maraqlı bir kitab yazır.

O, 1939-cu il sentyabrın 11-də təşkil olunmuş Mazovetsk süvari briqadasına qərargah rəisi təyin edilir, Polşanın işğalından sonra Armiya Krayovanın tərkibinə daxil olan "Jelen” polkunun komandiri kimi Varşava üsyanında (1944) iştirak edir.

Vəli bəy 1945-ci ildə Polşaya sovet qoşunlarının yeridilməsi ilə barışa bilmir və ikinci vətənini də itirir. Vyana-İtaliya-Tilstok düşərgəsi marşrutu ilə Londona gedir, yenidən mühacir həyatı yaşayır. Polşa və Qafqaz mühacirləri cəmiyyətlərinin fəal üzvünə çevrilir, Azərbaycanın "İgid nişanı” ordeni, Polşanın müxtəlif statuslu dörd ordeni ilə təltif edilir.

Vəli bəy Londonda çox yaşaya bilmir, öz ərizəsi ilə 1949-cu ildə istefaya çıxır. Ailəsi ilə birlikdə Argentinanın paytaxtı Buenos-Ayresə köçür...

Azərbaycanlı hərbçi 1971-ci il dekabrın 13-də, üçüncü infarktdan sonra vəfat edir.

Vəli bəy Yadigarın yeganə qız övladı Züleyxa xanım Yadigar-Kalinoskaya İspaniyada yaşayırdı. Vəli bəy ömrünün son günlərində qızına vəsiyyət etmişdi ki, onu müsəlman adət-ənənələrinə uyğun dəfn etsinlər. Qızı atasının vəsiyyətini təxminən 20 ildən sonra - Polşada sosializm rejimi çökdükdən sonra - 1990-cı ildə həyata keçirə bilir. Vəli bəy Yadigarın və həyat yoldaşının nəşi Polşaya gətirilir, Varşavada "Tatar-Müsəlman” qəbiristanlığında fəxri qarovulun müşayiətilə müsəlman dini adət-ənənələrinə uyğun təkrar dəfn edilir. Dəfn marşı çalınır, cənazə üzərində müsəlman ayini oxunur.

Vəli bəy Yadigarın məzarının qarşısında bir azərbaycanlı məzarı da var. Bu, Vəli bəyin əmisi general-polkovnik İsrafil bəy Yadigarın məzarıdır. O da bolşevik repressiyasının təzyiqləri altında vətənindən uzaqlaşdırılaraq Polşada mühacir həyatı yaşamışdır. Polşa ordusunda xidmət etmiş, podpolkovnik rütbəsinə kimi yüksəlmişdir.

Azərbaycanın dövlətçilik tarixində xidmətləri olan Yadigarovların xatirəsi xalqımız tərəfindən daim ehtiramla anılır. Polşaya gedən azərbaycanlılar mütləq Varşava şəhərinin mərkəzində Povonzki qəbiristanlığı ilə yanaşı olan "Tatar-müsəlman” məzarlığına gedir, mühacir-hərbçilərin məzarlarını ziyarət edirlər.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM