30 Iyul 2019 00:43
1004
İDMAN
A- A+

10 qızıl, 7 gümüş, 6 bürünc


XV Avropa Gənclər Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı oldu


İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalına yekun vuruldu. Bir həftə davam edən yarışlarda 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı.

Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən - Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və digərlərini qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur. Medallardan 10-u qızıl, 7-i gümüş, 6-sı bürüncdür.


Güləşdə Avropa birincisiyik


Azərbaycan komandasının üzvləri 10 idman növü üzrə keçirilmiş yarışların 3-də medallar əldə ediblər. Sözsüz ki, bütün turnirlərdə medal gözlənilən idman növləri sırasında güləş xüsusi yer tutur. Pəhləvanlarımız bu dəfə də ənənələrinə sadiq qalaraq 3 gün keçirilən yarışlarda ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar. Bununla da, 13 ölkə arasında ilk pillədə yer aldılar.

Sərbəst güləşdə A qrupunda rusiyalı Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb. Ardınca belaruslu Mikita Berazuna, türkiyəli Bahri Soylerə aman verməyən həmyerlimiz yarımfinala adlayıb. Finala gedən yolda polşalı Fabian Niedziedzkini mübarizədən kənarlaşdıran Murad həlledici mərhələdə Gürcüstan idmançısı Nikolozi Santeladze ilə qarşılaşıb və 11:4 hesabı ilə qələbə qazanaraq "Bakı-2019”un qalibi adını qazanıb.

Sərbəst güləşdə 51 kq çəki dərəcəsində yarışan Kənan Heybətov 1/8 finalda Ukrayna təmsilçisi İvan Terzini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısı Niko Hivonenə heç bir şans verməyən təmsilçimiz yarımfinala yüksəlib. Finala gedən yolda yunanıstanlı Nektarios Kristos Kuzupisi də vaxtından əvvəl məğlub edən Kənan həlledici görüşdə rusiyalı Rüstəm Dolayevlə üz-üzə gəlib. Görüşü qalib başa vuran pəhləvanımız festivalın qızıl medalına yiyələnib.

Sərbəst güləş yarışlarında Cəbrayıl Hacıyev (65 kq) təsnifat mərhələsində gürcüstanlı Davit Patsinaşvili üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Duhan Hamza Dumanı da məğlub edən Cəbrayıl adını 1/4 finala yazdırıb. Yarımfinala gedən yolda Yunanıstan təmsilçisi Konstantinos Nikopolidisi mübarizədən kənarlaşdıran pəhləvanımız bu mərhələdə İsveçrə idmançısı Umar Mavlayevə də qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında Batirbek Tşkovrebovla (Rusiya) güləşən idmançımız qalib gələrək qızıl medala layiq görülüb.

Yunan-roma güləşində isə ölkəmizin hesabına ilk qızıl medalı Fərid Sadıqlı (45 kq) yazdırıb. 1/8 finalda İtaliya idmançısı Andrea Martinonu, 1/4 finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edən pəhləvanımız həlledici mərhələdə türkiyəli Umut Çobanla güləşib. Rəqibini böyük üstünlüklə məğlub edən Fərid Avropa Gənclərinin XV Yay Olimpiya Festivalının qalibi olub.

Yunan-roma güləşində 48 kq çəkidə yarışan Qurban Qurbanov isə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Polşalı Kaçper Karaskieviçlə güləşdən qalib ayrılan idmançımız daha sonra türkiyəli Emin Çakırı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Q. Qurbanov finala gedən yolda Maksim Stupakeviçdən (Belarus) üstün olub. Həlledici görüşdə güləşçimizin rəqibi gürcüstanlı Xviça Abuladze olub. Rəqibinə aman verməyən Qurban qalib gələrək ölkəmizin hesabına daha bir qızıl medal yazdırıb.

60 kq çəkidə xalça üzərinə çıxan yunan-roma güləşçimiz Həsrət Cəfərov 1/8 finalda litvalı Donatas Rindeikislə görüşdən qalib ayrılıb. 1/4 finalda Mikita Muraşkanı (Belarus) 13:5 hesabı ilə məğlub edən Həsrət yarımfinalda Andrea Settiyə (İtaliya) də qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı Maqomed Qiqiyevlə qarşılaşmadan qalib ayrılan Həsrət "Bakı-2019”un qızıl medalına yiyələnib.

Yunan-roma güləşində 51 kq çəkidə yarışan Elmir Əliyev 1/8 finalda Norveç təmsilçisi Kristofer Anderseni sıradan çıxarıb. 1/4 finalda o, Rumıniya idmançısı Denis-Florin Mihaydan güclü olub. Yarımfinalda gürcüstanlı Nukri Benidzeyə "tuşe” ilə qalib gələn həmyerlimiz adını finala yazdırıb. O, çempionluq üçün Sanya Yakovlevlə (Ukrayna) münasibətinə aydınlıq gətirib və 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala sahib olub.

Yunan-roma güləşindəki digər təmsilçimiz Xasay Həsənli (65 kq) ilk mərhələdə Yunanıstan idmançısı Fotios Bukisi məğlub etməkdə çətinlik çəkməyib. Müvafiq olaraq finlandiyalı Kasperi Kauhanenə və İsveçrədən olan güləşçi David Loherə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Həlledici mərhələyə çıxmaq üçün Ukrayna güləşçisi Marian Qolubovski ilə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan təmsilçimiz qızıl medal uğrunda Deni Nakayevlə (Almaniya) qarşılaşıb. Görüşü qalib başa vuran təmsilçimiz "Bakı-2019”un qızıl medalını qazanıb.

Sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) da "Bakı-2019”u medalla başa vurub. Təmsilçimiz finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə uğradıb. Həlledici mərhələdə italiyalı Simone Vinçenzo Pirodduya uduzan pəhlavanımız gümüş medalla kifayətlənməli olub.

60 kq çəki dərəcəsində yarışan Sabir Cəfərov 1/8 finalda macarıstanlı Marsel Deli ilə güləşib. Görüşü vaxtından əvvəl qalib başa vuran idmançımız dörddəbir finalda belaruslu Anatoli Xramika üzərində 12:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finala gedən yolda bolqarıstanlı İvan Stoyanovu da mübarizədən kənarlaşdıran pəhləvanımız həlledici mərhələdə rusiyalı Fyodor Baltuyevlə güləşib. Rəqibin üstünlüyü ilə keçən görüş həmyerlimizin 3:7 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qadın güləşçilərin yarışında 46 kq çəkidə təmsilçimiz Gültəkin Şirinova 1/8 finalda finlandiyalı Jutta Ala-Ranta ilə qarşılaşmadan qalib ayrılaraq 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda həmyerlimiz Belarusu təmsil edən Tatyana Pertsavanı da 6:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. G. Şirinova bu mərhələdə Fanni Viquronı (Fransa) da üstələyərək adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada Georgiana-Lavinia Antuka (Rumıniya) ilə münasibətinə aydınlıq gətirib. Lakin idmançımız uduzaraq festivalı gümüş medalla başa vurub.

61 kq çəkidə güləşən Mərziyə Sadıqova 1/8 finalda ukraynalı Manola Skobelska ilə qarşılaşıb. Görüşü qalib başa vuran idmançımız ardıcıl olaraq Alina Kasabyeva (Rusiya) və Elmas Çeliki (Türkiyə) məğlub edərək finala vəsiqə qazanıb. Finalda italiyalı Aurora Russo ilə qarşılaşan təmsilçimiz uduzaraq gümüş medala yiyələnib.

Qadın güləşçilərin mübarizəsində Elnurə Məmmədova (53 kq) gərgin keçən qarşılaşmada macarıstanlı Flora Vizidən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb. Həlledici mərhələdə rəqib rusiyalı Polina Lukina olub. Görüşdə uduzan təmsilçimiz festivalı gümüş medalla başa vurub.

Sərbəst güləşçilərin mübarizəsində 48 kq çəki dərəcəsində yarışan Mircavad Nəbiyev 1/8 finalda rusiyalı Maqomedamin Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüşün yekununda mərhələ adlayan tərəf Rusiya idmançısı olub. Rusiyalı güləşçi finala yüksəldiyindən təmsilçimiz təsəlliverici görüşə qatılıb. Şükrü Korpeni (Türkiyə) 10:0 hesabı ilə məğlub edən M. Nəbiyev bürünc medal üçün Tomas Fişerlə (İsveçrə) qarşılaşıb. Qələbə qazanan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yunan-roma güləşində ölkə hesabına daha bir medalı Nihad Məmmədli (55 kq) yazdırıb. Olivye Şkripçaka (Polşa) ilə görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdıran təmsilçimiz bu mərhələdə gürcü Romeo Beridzeyə uduzub. Təsəlliverici görüşdə fransalı Driss Nifriyə qalib gələn güləşçimiz 3-cü yer uğrunda mübarizə aparmaq imkanı əldə edib. Bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə 9:0 hesabı ilə qalib gələn Nihad üçüncü yeri tutub.

65 kq çəkidə mübarizə aparan Nigar Mirzəzadə isə yarışa almaniyalı Mari Trautmana qalib gəlməklə başlayıb. Ancaq 1/4 finalda güləşçimiz türkiyəli Nesrin Başa uduzub. Rəqibi finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb və Lusi Makqratla (Böyük Britaniya) güləşdən qalib ayrılaraq 3-cü yer uğrunda qarşılaşmada polşalı Zofia Polovçiki məğlub edərək festivalın bürünc medalına yiyələnib.


Cüdoçularımız medal estafetini davam etdirdilər


Pəhləvanlarımızla yanaşı, medal estafetini cüdoçularımız da davam etdirməklə 3 yarış günündə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Heydər Əliyev adına İdman Sarayında keçirilən, 40 ölkədən 297 cüdoçunun qatıldığı yarışda Azərbaycan 4 qız və 8 oğlan idmançı ilə təmsil olunub.

Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq) və Hüseyn Məmmədov (+90 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları Şükran Zamanlı (55 kq), Gülşən Bəşirova (44 kq) və Məhərrəm İmamverdiyev (81 kq) yazdırıblar.

60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov debütdə Adam Saferi (Avstriya) 20 saniyəyə ippona salıb. O, ardınca Mikos Tontinidisi də məğlub etməyə cəmi 13 saniyə vaxt sərf edib.

Cüdoçumuz finala gedən yolda türkiyəli Muhammed Demirellə üz-üzə gəlib və tatamidən qalib ayrılıb. Həlledici mərhələdə rəqib rusiyalı Rizvan Maqomadov olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdən qalib ayrılan Turan "Bakı-2019”un qalibi olub.

Kişilərin +90 kq çəki dərəcəsində mübarizəsində Hüseyn Məmmədov 1/8 finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ipponla qalib gələrək 1/4 finala yüksəlib. O, bu mərhələdə yunanıstanlı Aristotelis Aris Leonidisi vazari xalı ilə məğlub edərək yarımfinala adlayıb. Hüseyn finala gedən yolda moldovalı Alin Baqrinlə qarşılaşıb və ipponla qalib gəlib. Həlledici mərhələdə cüdoçumuz rusiyalı Axmed Maqomedovla qarşılaşmadan qalib ayrılaraq festivalı qızıl medalla başa vurub.

Oğlanların mübarizəsində 73 kq çəkidə yarışan Vüqar Talıbov 1/8 finalda belaruslu Denis Yavseyenkanı, 1/4 finalda Adam Kopeçkunu (Çexiya) məğlub edib. Festivalda millinin bayraqdarı olan cüdoçu finala gedən yolda türkiyəli Musa Şimşəklə qarşılaşıb. Bu dəfə 27 saniyəyə ipponla qalib gələn idmançı həlledici görüşdə italiyalı Luici Sentraççio ilə güləşib. Rəqibinə ipponla uduzan Vüqar "Bakı-2019”da gümüş medal qazanıb.

Qadınların yarışında 55 kq çəkidə mübarizə aparan Şükran Zamanlı mübarizəyə portuqaliyalı Migel Gaqodan üzərində qələbə ilə başlayıb. Lakin idmançımız uğurun davamını gətirə bilməyib və ikinci cəhdində macarıstanlı Bense Farkaşa uduzub. Buna baxmayaraq, təsəlliverici görüşlərə qatılan həmyerlimiz almaniyalı David İckes və hollandiyalı Laurens Vilmsdən güclü olub. Bürünc medal uğrunda görüşdə Şükran ukraynalı Vladislav Kolobovla qarşılaşmadan qalib ayrılaraq turniri 3-cü pillədə başa vurub.

44 kq çəkidə qüvvəsini sınayan Gülşən Bəşirova da Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra Anastasiya Balabana (Bolqarıstan) məğlub olub. Təsəlliverici qarşılaşma isə Gülşənin xeyrinə yekunlaşıb. O, polşalı Natalya Stoklosanı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda hollandiyalı Joşlin Supusepa ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən idmançımız bürünc medala sahib olub.

Digər təmsilçilərimizdən Məhərrəm İmamverdiyev (81 kq) 1/16 finalda rumıniyalı Vlad Topalaya (Rumıniya) ipponla qalib gəlsə də, növbəti mərhələdə ukraynalı Timur Valiyevə məğlub olub. Təmsilçimiz təsəlliverici görüşlərdə Karl Battendən (İsveç) və Samuel Retdən (Slovakiya) üstün olmaqla, bürünc medal qazanmaq şansı əldə edib. Üçüncü yer uğrunda israilli İftaç Badaşla üz-üzə gələn Məhərrəm qalib gələrək turnirin bürünc medalına yiyələnib.


Səməd Məmmədlidən gümüş medal


Gimnastika yarışlarında isə Azərbaycan atleti Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb. Gimnastımız dəstəli at yarışlarında uğurla çıxış edərək 13,600 xal toplayaraq bu nəticəyə nail olub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar.

Sonda qeyd edək ki, Rusiya idmançıları komanda hesabında birinci yeri tutublar - 66 medal (28 qızıl, 17 gümüş, 21 bürünc). Böyük Britaniya yığması 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə isə 27 medalla (11 qızıl, 6 gümüş, 10 bürünc) üçüncü yerdə qərarlaşıb.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video