Alternative content

13:56 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsrimizdə parlaq sima
Nəsrimizdə parlaq sima
ANA SƏHİFƏ / Mədəniyyət
02:36 27.07.2019


XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan İsmayıl Şıxlı mədəniyyət tariximizdə öz layiqli yerini tutmuşdur. Görkəmli pedaqoq, alim, tərcüməçi, ictimai xadim kimi tanınan İsmayıl Şıxlı ömrü boyu ləyaqətlə xalqa xidmət etmişdir. Həqiqət axtarışları, obyektivlik duyğuları, humanizm, vicdan və ədalət prinsipləri nəsr ustadını bütün şüurlu fəaliyyəti boyu tərk etməmiş, hər zaman düzgün səmtə yönəltmişdir. Sevimli yazıçımız yaddaşlarda əsl Azərbaycan ziyalısı kimi yaşamaqdadır. Fəxrlə deyə bilərik ki, İsmayıl Şıxlının yaradıcılığı bu gün də aktuallığını qoruyub saxlayır. İndi onun hər bir əsəri maraqla qarşılanır. Gənc nəslin sağlam ruhda tərbiyə olunmasında bu əsərlərin rolu böyükdür.


Onun yaradıcılığı insana pak duyğular aşılayır


İsmayıl Şıxlının bədii nəsrinin həmişəyaşar olmasının başlıca səbəbi onun milliliyidir. Hamımıza yaxşı məlumdur ki, uzun müddət ədəbiyyatda daha çox beynəlmiləlçilik ideyalarının tətbiq edilməsi tələb olunurdu. Ovaxtlar "millilik”, "milli xarakter” anlayışlarından yan keçməyə çalışırdılar. Ancaq İsmayıl Şıxlı kimi sənətkarlarımıza bütün bunlar maneçilik törədə bilmədi. Ədibin istər hekayələrində, istərsə də romanlarında əsl Azərbaycan mühiti canlanır.

İsmayıl Şıxlı gəncliyində ədəbi fəaliyyətə şeirlə başlasa da, sonralar bir qələm sahibi kimi bədii nəsrə təmayülü güclənmişdir. Müşahidəçilik qabiliyyəti, tələbəlik illəri, İkinci Dünya müharibəsinin tez-tez dəyişən və düşündürücü hadisələrinin yaradıcılığında böyük rolu olmuşdur.

İsmayıl Şıxlı Qafqazdan Almaniyayadək davam edən şərəfli bir döyüş yolu keçmişdir. O, xatirələrində qeyd etmişdir: "...əslində, biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik”. Müharibə mövzusunda hekayələrini yazııçı Kerç uğrundakı vuruşmalarda həlak olan, Duzlu göl deyilən yerdə dəfn edilən cəbhə dostlarının əbədi xatirəsinə ithaf etmişdir.

Ədibin "Konserv qutuları”, "Həkimin nağılı”, "Səhəri gözləyirdik”, "Kerç sularında”, "Haralısan, ay oğlan?” hekayələri oxucuda dərin təəssürat yaradan, düşündürən hekayələrdir.

"Köynək” hekayəsi ilk baxışdan sadə bir hekayədir. Süjet inkişaf etdikcə odlar-alovlar içərisindən keçmiş cəsur əsgər köynəyi oxucuya sahibini tanıdacaq konkret vasitəyə çevrilir. Bu qəbildən olan hekayələr müəllifin özünün də daxili aləmini açmağa, onu oxucuya yaxından tanıtmağa kömək edir.

"Mənim rəqibim” hekayəsini isə İsmayıl Şıxlı unudulmaz müəllimi Əli Sultanlının əziz xatirəsinə həsr etmişdir. "Mənim rəqibim” hekayəsində hər bir şey sənətkar qələmi, incə və həssas yazıçı duyumu ilə işlənmişdir.

Rəhman və Əzizə "rəqibdir”, aspiranturaya bir yerə iki iddiaçı imtahan verir. Hər iki gənc istedadlıdır. Ancaq Rəhman müharibə iştirakçısıdır, şərəfli bir döyüş yolu keçmişdir. Əzizə də qayğılarla dolu arxa cəbhənin həyatını yaşamış, çətinliklərlə üzləşmiş bir insandır. Onlar hər ikisi eqoizmdən uzaq, insanpərvər, humanist insan kimi yetişən gənclərdir.

Aspirant Rəhman surətinin prototipi İsmayıl Şıxlının özüdür. Əzizə elə edir ki, üstünlük Rəhmana verilsin. Rəhman bunu biləndə aspiranturadan imtina edib kəndə qayıdır. Sonda hər iki gəncin apsiranturaya qəbul edilməsinə şərait yaradılır. Burada da gözəl müəllimlərin, xeyirxah insanların köməyi olur.

Bildiyimiz kimi, İsmayıl Şıxlı ömrünün əlli ildən çoxunu pedaqoji fəaliyyətə həsr etmişdir. Yaddaşlarda xeyirxah əməlləri ilə silinməz iz qoyan görkəmli müəllimlərdən olmuşdur.


"Dəli Kür” - milli təfəkkürümüzün nişanəsi


Vaxtilə bir çoxları bu faktı vurğulamışdır: uzun illər Pedaqoji İnstitutda Qərbi Avropa ədəbiyyatını, antik ədəbiyyatı tədris edən, bu sahədə neçə dərsliyin müəllifi olan İsmayıl Şıxlı ədəbi ictimaiyyətə "Dəli Kür” kimi sırf milli roman təqdim etdi. Ola bilsin ki, Qərb ədəbiyyatını tədris edən müəllimin öz yaradıcılığına da Qərb ədəbiyyatının təsir göstərəcəyini düşünürdülər. Ancaq İsmayıl Şıxlı yaradıcılığı heç bir yad təsirə məruz qalmadı. "Dəli Kür” sırf milli roman olaraq ədəbiyyat tariximizdə öz layiqli yerini tutdu. Burada qəribə heç nə yoxdur. Əsl sənət əsəri milli səciyyə daşıyır. Əsl ümumbəşərilik də millilikdən başlayır. Milli xarakterdən məhrum edilən bədii obraz heç vaxt oxucuya real təsir bağışlaya bilməz, inandırıcı alınmaz.

"Dəli Kür” romanının baş qəhrəmanı Cahandar ağa o dövrün ədəbiyyatında mühüm bir hadisə, mühüm bir yenilik kimi qiymətləndirilir. Mülkədar obrazını ədəbiyyata gətirmək böyük cəsarət tələb edirdi. Sovet dönəmində bəy, mülkədar, sahibkar obrazları ancaq mənfi personaj kimi qələmə alınırdı. İsmayıl Şıxlı isə başqa yol seçdi. Cahandar ağa obrazı nə ideallaşdırılmış, nə də müsbət insani keyfiyyətlərdən məhrum edilmişdir. Beləliklə, koloritli, yaddaqalan bir obraz yaranmışdır. Müəllif bu əsərlə Azərbaycan ədəbiyyatında neorealizmin əsasını qoymuşdur.


"Ayrılan yollar”


İsmayıl Şıxlının əsərləri bir-birinə bənzəmir, bir-birinin təkrarı deyil. Ədibin ilk irihəcmli əsəri "Ayrılan yollar” romanı olmuşdur. Bu roman 1955-ci ildə işıq üzü görmüşdür. "Ayrılan yollar” İsmayıl Şıxlının çoxplanlı roman yazmağa qadir bir yazıçı olduğunu göstərdi. Ədəbi təcrübəsinə arxalanan yazıçı hər zaman həyat həqiqətinə sadiq qaldı. Əsərdə uydurma əhvalatlar, süni vəziyyət yoxdur, mövzu ədibin yaxşı bildiyi, gördüyü həyatdan götürülmüşdür. Romanın əsasında zəngin həyat materialı dayanır.

"Ayrılan yollar” 1941-1945-ci il müharibəsindən sonra Azərbaycanda gedən dirçəlişdən bəhs edir. O dövrün gəncləri quruculuq işlərində fəal iştirak etməyə can atırdılar. Həyatda İmran, Zeynəb, Nərgiz kimi gənclər az deyildi. Müəllif göstərir ki, hər sahədə aparıcı qüvvə sayılan potensial imkanlı insan nə üçün çalışdığını, hansı məqsəd və ideal naminə mübarizə apardığını bilməlidir, kortəbii addım, düşünülməmiş hərəkət, sadəcə ümumi axına qoşulmaq cəhdi nailiyyətə yol aça bilməz.

Ali təhsil alıb ata-baba yurduna qayıdan İmran həm övladlıq borcunu, həm də vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bir mütəxəssis kimi İmranı doğma kəndinin yeniləşməsi, inkişafı çox ciddi düşündürür. İnamla irəliyə doğru hərəkət etmək istədiyi halda ciddi maneələrlə, ilk növbədə, mühafizəkar rəhbər olan Qurban Kosaoğlu ilə üzləşməli olur. Onlar əks qütblərdən çıxış edirlər. Mövqe, hərəkət və münasibətlər tədricən kəskinləşir. Ümumiyyətlə, əsər psixoloji məqamlarla zəngindir. "Ayrılan yollar” romanı həm oxucular, həm də ədəbi ictimaiyyət tərəfindən maraqla, dərin rəğbətlə qarşılanaraq, bədii nəsrimizdə öz layiqli yerini tutmuşdur.


"Ölən dünyam” zəmanənin, dövrün ruhundan doğmuşdur


"Ölən dünyam” romanının üzərində xüsusilə dayanmaq lazımdır. "Ölən dünyam” romanı İ.Şıxlı yaradıcılığının son akkordudur. Bu roman forma baxımından ədibin əvvəlki iki romanından xeyli fərqlənir. Nisbətən kiçik həcmli bu əsərdə yazıçı əsas süjet xətti ilə bağlı müxtəlif hadisələri paralel inkişaf etdirmək hesabına və konkret zaman çərçivələrindən cəsarətlə çıxaraq, gah gələcəyə gedib, gah da keçmişə qayıtmaq sayəsində iki böyük nəslin taleyini izləməyə və ölkənin siyasi mənzərəsini canlandırmağa müvəffəq olmuşdur. Müəllifin məqsədi əsərin əsas qayəsini qabartmaq olmuşdur. Əsərin qayəsi isə belədir: Azərbaycan xalqına kənardan zorla qəbul etdirilmiş siyasi sistem onun həyatında saysız-hesabsız məhrumiyyətlərə, ölümlərə, faciələrə səbəb olur. Əsərdə bütün hadisələr real boyalarla, inandırıcı şəkildə verilmişdir.

"Ölən dünyam” romanında müəllif rəngarəng, yaddaqalan obrazlar qalereyası yaratmışdır. Ömər Koxa, Həsən ağa, Kəsəmənli, Halay bəy, Çapıq Əmrah, Güllü xanım, Söhrab kimi obrazlar oxucuda dərin rəğbət hissi oyadır.

Taleyinə məhrumiyyətlər və faciələr yazılan bu insanların hər biri güclü bir xarakterdir. Ömər Koxa dunyagörmüş müdrik bir qocadır. Ələddinin faciəli ölümünün əslində taleyin bir oyunu olduğunu yaxşı başa düşən Ömər Koxa düşmənçiliyin, qan axıdılmasının qarşısını alır, "ölən də, öldürən də özününküdür” deyərək, "dost var, düşmən var” deyib hamını təmkinli olmağa çağırır. Müdriklikdə, təmkinlikdə Güllü xanım da Ömər Koxadan geri qalmır. Ələddinin bacısı olan gəlininə Güllü xanım "kişi qızı ol, dost var, düşmən var” deyərək ona möhkəm olmağı tövsiyə edir.

Ömər Koxa ölümünün yaxınlaşdığını hiss edəndə son dərəcə müdrik hərəkət edir. Deyir ki, toyu yarımçıq qoymayın, uşaqları bir-bir çağırın, vidalaşaq. Toyu yola verəndən sonra hamıya vəfat etdiyimi elan edərsiniz. Bu, son dərəcə müdrik, alicənab bir hərəkət idi. Qeyd etmək lazımdır ki, faciəvi hadisələr də real boyalarla təsvir olunaraq oxucuda dərin təsir buraxır.

Toyu olan bədbəxt gəlin (bildiyimiz kimi, o gəlin əslində Ələddinin nişanlısı idi) Ələddinin ölümündən sonra "qoymarıq başqa yerə gedib düşəsən, öz gəlinimizsən, oğlumuzmu yoxdur” deyərək ailə onu başqa bir oğlanlarına alır. Toydan sonra evə gətirilən gəlin Ömər Koxanın vəfatından xəbər tutanda "camaat mənə ayağı ağır, qaradaban deyəcək” fikrindən əzab çəkərək özünü Kürə atmağı qərara alır.

Gördüyümüz kimi, el tənəsindən, camaatın qınağından qorxur.

Əsərdə başqa bir epizod da bu münasibəti aydın əks etdirir. Kəndə işləməyə gələn Mürsəl müəllimin qətlə yetirilməsi hadisəsi buna misaldır. Kimlərsə savad kursuna gələn qadınları, qızları Mürsəl müəllimə qısqanaraq onu öldürürlər. Səhər Mürsəl müəllimin qaldığı evdə meyiti tapılır. Əslində, onun da bir günahı yox idi. Ancaq ona xəbərdarlıq etmişdilər ki, bu kənd "zümzüməli” kənddir, ona ehtiyatla davranmağı məsləhət görmüşdülər.

İsmayıl Şıxlının hər bir əsərində təhsil məsələsinə geniş yer verilir.

Əsərdə Halay bəy, Çapıq Əmrah, Kəsəmənli surətləri də xüsusilə yadda qalır. Halay bəy həyatını maarifçilik sahəsinə həsr etmək istəyirdi. Ancaq ona imkan verilmir. O, qaçaqlara qoşulmağa məcbur olur. Kəsəmənli onu geri gətirir, ona maarif şöbəsini etibar etmək istəyirlər, ancaq namərdlər buna vicdansızcasına mane olurlar. Onu güllələnməyə göndərirlər. Kəsəmənli xəbər tutanda artıq gec idi. Kəsəmənli bu namərd hərəkətə görə Fətullayevi kabinetdə güllələyir. Özü də qaçaqlara qoşulmağa məcbur olur.


Kürün gücü


"Dəli Kür”də olduğu kimi, "Ölən dünyam” romanında da Kür çayının obrazı canlanır, Kür çayı hər zaman bütün hadisələrdə sanki iştirak edir.

"Ölən dünyam” romanının tezliklə ekranlaşdırılması yaxşı olardı. Ən istedadlı rejissorlarımızı, ən istedadlı aktyorlarımızı bu işə cəlb etmək lazımdır. Belə olarsa, gözəl bir Azərbaycan filmi meydana gələr. Bədii nəsrimizi zənginləşdirən bu gözəl əsər milli kinomuzu da zənginləşdirər.

Cəsarətlə deyə bilərik ki, İsmayıl Şıxlı yaradıcılığı xalqımızın milli sərvətidir.

Aytən RÜSTƏMZADƏ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM