25 Iyul 2019 00:27
992
Sərəncamlar
A- A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçmişdir. Ötən dövr ərzində görkəmli nailiyyətlər qazanan Teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutmuşdur.

Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişlər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynamışdır. Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir.

Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişmişdir. Mirzəağa Əliyev, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və digər qüdrətli sənətkarların Teatrın səhnəsində misilsiz ustalıqla canlandırdıqları çox sayda koloritli, mükəmməl obrazlar Azərbaycan mədəniyyəti və teatrı tarixinə qızıl xətlə yazılmışdır.

Teatrın səhnə həyatı verdiyi mütərəqqi ideyalı əsərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rolu vardır. Teatr, həmçinin beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak etmişdir. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoymuş Teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin mədəni həyatının əlamətdar hadisəsi kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video