25 Iyul 2019 00:21
470
İQTİSADİYYAT
A- A+

“Azərbaycanlı həmkarlarımızla əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq”


"Tatneft”in aparıcı mütəxəssisi bunu əminliklə deyir


"Tatneft” Rusiyanın beynəlxalq aləmdə tanınmış və qəbul edilmiş neft şirkətlərindəndir. Bu nəhəng istehsalat kompleksində neft və qaz yataqlarının geoloji kəşfiyyatı və işlənməsi, karbohidrogenlərin hasilatı və emalı, maşınqayırma, neft kimyası, yanacaqdoldurma, şin buraxılışı sahələri birləşib. "Tatneft” eləcə də maliyyə (bank və sığorta) sektoru şirkətlərinin kapitalında iştirak edir.

Şirkət Rusiya Federasiyasının bir çox ərazilərində neft-qaz yataqlarının öyrənilməsi, kəşfiyyatı və karbohidrogenlərin hasilatı ilə məşğul olsa da, əsas fəaliyyət məkanı Tatarıstandır. "Tatneft”in respublikada və onun hüdudlarından kənarda yataqların geoloji cəhətdən öyrənilməsi üçün 80-ə yaxın lisenziyası var. O, "Yeni Yelxov”, "Bavlin”, "Boncyuk”, "1 May”, "Sabaçin” də daxil olmaqla 100-dən çox yataqda iş aparır. Bununla belə, əsas ehtiyat mənbələri dünyanın ən böyük yataqlarından olan "Romaşkin”də yerləşir. Şirkət ümumi hasilatının yarıdan çoxunu bu yataqdan əldə edir.

"Tatneft” indiyədək yataqlardan 3 milyard tondan çox karbohidrogen çıxarmışdır. "Miller and Lents” Müstəqil Məsləhət Firmasının qiymətləndirməsinə görə, təsdiq edilmiş neft ehtiyatları 6,214 milyard bareldir.

Yataqlarının coğrafi cəhətdən bir-birinə yaxınlığı, özünün emal və generasiya qurğularının, neftin və digər məhsulların satışı üçün logistikasının olması şirkətin biznesinə müsbət təsir göstərir. Belə ki, "Tatneft” dünyanın 42 ölkəsinə məhsul ixrac edir. Şirkətin neft emalı məhsulları Rusiyanın 23 regionunda satılır. Şirkət neft-qaz hasilatının rentabelliyinin, istehsal həcmlərinin, emal məhsullarının satışının artırılması, əməliyyat xərclərinin azaldılması, sərmayələrin səmərəliliyinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim yeni təşəbbüslər irəli sürür.

Sabit inkişafa və neft hasilatının getdikcə artmasına təkan verən həm də şirkətin böyük istehsalat təcrübəsi, müasir texnologiyalar və elmi-texniki potensialdır. Neft hasilatının biznes-planlaşdırılması, yataqların işlənməsi proseslərinin sürətləndirilməsi və iqtisadi cəhətdən daha səmərəli geoloji-texniki tədbirlərin həyata keçirilməsi üçün burada mövcud olan modellər əsasında modelləşdirmə mərkəzi yaradılıb. 2021-ci ilədək "Tatneft”in yataqlarındakı bütün obyektlərin modelləşdirmə ilə əhatə olunması nəzərdə tutulub.

"Tatneft”in mədənlərində hər il 1 milyon metrə yaxın dağ süxurları qazılır, 500-dən çox hasilat quyusu istismara verilir, quyularda 2500 əsaslı təmir işləri, laylarda 800 hidroparçalanma əməliyyatları həyata keçirilir.

Nijnekamsk şəhərində yerləşən TANEKO neft emalı və neft-kimya zavodları layihəsinin "Tatneft”in fəaliyyətində strateji əhəmiyyəti var. Bu, Rusiyanın neft emalı zavodları arasında ilkin emal sahəsində ön yeri tutur. TANEKO tam işə düşdükdən sonra burada neftin emalı fasiləsiz aparılacaq.

Şin istehsalı sahəsindəki geniş şəbəkəsi də "Tatneft”in bugünkü fəaliyyətinin ayrılmaz hissəsidir. Şəbəkə 11 müəssisəni birləşdirir və beynəlxalq standartlara cavab verən, öz brendi ilə tanınan məhsul buraxır. İstehlakçıların tələbatına yüksək səviyyədə cavab verdiyinə görə xüsusilə "KAMA” markalı şinlər geniş yayılıb. Bu brendlə minik və yük maşınları, eləcə də xüsusi texnika üçün şinlər istehsal edilir. Rahatlığı sevən sürücülər bu məhsullara böyük üstünlük verirlər.

Yanacaqdoldurma stansiyaları da şirkətin mühüm hissələrindəndir. Yanacaq və xidmətlərin yüksək keyfiyyəti burada əsas prioritet sayılır. Şəbəkə şimaldan cənuba - Arxangelskdən Krasnodaradək, qərbdən şərqə - Sankt-Peterburqdan Kemerovoyadək Rusiyanın 23 regionunu əhatə edir. Şirkətin yaxın xaricdə də yanacaqdoldurma stansiyaları var.

Maşınqayırma kompleksini isə Buqulma Mexaniki Zavodu təmsil edir. Burada neft, qaz, neft emalı, neft kimyası, metallurgiya, energetika sahələri üçün geniş çeşiddə məhsullar buraxılır. Əsas istehlakçılar Qərbi və Şimal-Qərbi Sibirdəki, Rusiyanın mərkəzi hissəsindəki müəssisələrdir.

"Tatneft” digər ölkələrdəki həmkarları ilə əməkdaşlığı getdikcə genişləndirir. Bu il mayın 29-dan iyunun 1-dək Bakı Ekspo Mərkəzində keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində "Tatneft” geniş pavilyonda təmsil olunurdu. Burada kompleksin keçmişi, bu günü və gələcəyi haqqında sərgi iştirakçılarına və tamaşaçılarına geniş məlumat təqdim edilirdi. Şirkətin Normativ Tədqiqat İşləri Mərkəzinin direktoru Ruslan Usmanov vurğuladı ki, "Tatneft”in fəaliyyəti çoxşaxəlidir. Qısaca desək, neft quyusundan başlanıb benzindoldurma məntəqəsində sona çatan fəaliyyət zənciri var.

Digər ölkələrin müəssisələri ilə birgə layihələri, əməkdaşlıqları haqqında suala isə R.Usmanov belə cavab verdi:

- "Tatneft” əməkdaşlığa açıq şirkətdir. Bir sıra birgə layihələrimiz var və indi yeniləri üzərində də işləyirik. Türkmənistan, Özbəkistan, Qazaxıstan neftçiləri ilə sıx əlaqələrimiz var. Azərbaycanlı həmkarlarımızla da əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Açığı, bizi bu sərgiyə SOCAR dəvət edib. Biz SOCAR-ın nümayəndələri ilə Özbəkistanda keçirilən analoji sərgidə tanış olduq. Dəvəti də elə orada aldıq. Düşünürəm ki, əməkdaşlığımız çox faydalı olacaq. Çünki həm Azərbaycan, həm Tatarıstan neft-qaz sektorunda zəngin təcrübə qazanıblar və bilgilərimizin mübadiləsindən hər iki tərəf bəhrələnəcək. Artıq bu sahədə müəyyən razılaşmalara gəlmişik və danışıqları davam etdiririk.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video