Alternative content

23:05 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqların istirahəti necə təşkil olunur?
Uşaqların istirahəti necə təşkil olunur?
ANA SƏHİFƏ / Təhsil
00:56 24.07.2019


Artıq bir aydan çoxdur ki, məktəblilər yay tətilinə çıxıblar. 9 ay dayanmadan dərs oxuyan, imtahanlara hazırlaşan məktəblilər yay tətilini səmərəli keçirmək və haradasa dincəlməklə yorğunluğu üstlərindən atmaq istəyirlər. Lakin əksər valideynlər işlədiyi və maddi imkanı az olduğu üçün uşaqların çoxu tətili evdə, televizor, kompüter, telefon arxasında keçirməli olur.

Halbuki uşaqların asudə vaxtlarının səmərəli təşkili tək sağlamlıqları baxımından yox, məktəb həyatının, təlim-tərbiyə prosesinin də vacib komponentlərindən sayılır. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də mənəvi-psixi sağlamlığı nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var.

Əvvəllər məktəblilərin yay tətilini daha səmərəli keçirmələri məqsədilə kütləvi şəkildə yay düşərgələri təşkil olunurdu, istəyən uşağa da belə yerlərə getmək imkanı yaradılırdı. Həmin düşərgələrdə uşaqlar təbiətin qoynunda dincəlir, əyləncəli oyunlarla yanaşı, müxtəlif intellektual oyunlar oynayır, idmanla, rəqslə, musiqi ilə məşğul olur, mütaliə edirdilər. SSRİ dağılandan sonra və müharibənin acı nəticələrindən biri olaraq Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. İstirahət düşərgələrinin bir qismi dağıdıldı və ya qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Aradan keçən müddət ərzində bu düşərgələrin bəzisinin bərpasına başlanılsa da, əvvəlki illərdə olduğu kimi, kütləvi deyil. Hazırda bu işlə əsasən özəl şirkətlər, lisey və məktəblər, müəyyən idarələr məşğul olur, məktəblilərin ölkə daxilində və xaricində yay düşərgələrinə göndərilməsini təşkil edirlər. Lakin bunun müqabilində tələb olunan məbləğ əksər ailələrin büdcəsinə uyğun olmadığı üçün övladlarını bu istirahətdən məhrum etməli olurlar. Odur ki, valideynlər yay düşərgələrinin yetərincə olmamasından, olanların isə yüksək qiymətlərindən şikayətlənirlər. Ümumiyyətlə, Azərbaycanda yay düşərgələri necə təşkil olunur? Bu sahədə hansı problemlər var?


"Ayrıca qanun qəbul edilməsinə ehtiyac var”


Təhsil eksperti Nadir İsrafilov deyir ki, tətil, istirahət və bayram günlərinin müxtəlif yerlərdə mənalı keçirilməsi uşaqlarda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaradır, onların yaddaşında unudulmaz xatirə kimi uzun müddət qalır. Səmərəli istirahət zamanı uşaqda hisslərin inkişafı, emosiyaların zənginləşməsi prosesi gedir, onlarda müəyyən qədər sərbəstlik, özünə inam və güvən hissləri formalaşdırır, daxili rahatlığı, ruhi sakitliyin bərpası, stres və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması təmin olunur: "Uşaq və yeniyetmə ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da yüksəlir. Tətil müddəti bu cür müsbət hisslərlə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artır. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər. Ancaq hər dərs ili sona çatanda, məktəblilər yay tətilinə çıxanda uşaqlar bu müddətdə nə edəcək, harada dincələcək kimi suallar bütün valideynləri düşündürür. Düşündürməyə də bilməz, çünki ailə və məktəb uşaqların fiziki və mənəvi sağlamlığına xidmət edən istirahət və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Unutmayaq ki, məktəbin vəzifəsi təkcə öz yetirmələrini hansısa bir konkret bilik məcmusu ilə silahlandırmaq deyil, onların fiziki sağlamlığının, asudə vaxtlarının səmərəli təşkilinin, azad fikirli, müstəqil düşüncəli, hərtərəfli və ahəngdar inkişaf etmiş vətəndaş kimi böyümələrinin də qayğısına qalmaqdır”.

Ekspertin sözlərinə görə, 1990-cı illərə qədər nəinki ayrı-ayrı zavod, fabrik və digər iri təsərrüfatların, hətta yerli təhsil şöbələrinin belə Qubada, Nabranda, Şüvəlanda və respublikanın digər füsunkar guşələrində "Qərənfil”, "Qağayı”, "Cırtdan” və digər adlarla düşərgələri fəaliyyət göstərirdi. Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə bu düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyillərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır: "Orada şagirdlər özlərinə yeni dostlar tapırdılar, qayıdandan sonra öz təəssüratları barədə inşa yazırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli düşərgələr təşkil olunurdu. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar, daha nələr, nələr...…Eyni zamanda bu düşərgələr, bir növ hərbi xidmətə hazırlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi. Tonqallar, məşəllər, bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. Yəni düşərgələr bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi”.

N.İsrafilov bildirir ki, məktəbyaşlı yeniyetmələrin, gələcəyimiz adlandırdığımız gənc nəslin daha hazırlıqlı, daha dünyagörüşlü vətəndaşlar kimi yetişdirilməsi üçün onların dərsdən kənar, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili, bölgələrə tanışlıq səfərlərinin təmini üçün ciddi addımlar atılmasına zəruri ehtiyac var: "Düzdür, zaman-zaman Həmkarlar Konfederasiyası, eləcə də müxtəlif təşkilatlar tərəfindən bu məsələ gündəmə gətirilib, düşərgələrin yaradılmasının özəl şirkətlərə verilməsi təklif olunub. Təbii ki, bu məsələdə işin əsas ağırlığı Təhsil Nazirliyinin üzərinə düşür. Amma hesab edirəm ki, bununla bağlı ayrıca qanun qəbul edilməsinə ehtiyac var. Bir müddət əvvəl Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən də belə bir açıqlama verilmişdi ki, uşaqların, orta məktəb şagirdlərinin təhsildən kənar, o cümlədən, asudə vaxtlarının və istirahətlərinin daha səmərəli təşkil olunması üçün bu məsələni tənzimləyəcək ayrıca qanunvericilik aktının hazırlanması və qəbuluna ehtiyac var. O da bəyan edilmişdi ki, bu məsələ ilə bağlı müvafiq qanun layihəsinin ilkin variantı hazırlanıb, komitə çərçivəsində müzakirələr aparılıb, belə sənədin olmasının vacibliyi vurğulanıb. Sadəcə, qanun layihəsi maliyyə tutumlu olduğu üçün onunla bağlı dəqiqləşdirmələrin aparılması zərurəti ortadadır və çox güman ki, aidiyyəti qurumların, xüsusən də Maliyyə Nazirliyinin xeyir-duasından sonra bu məsələ, nəhayət, öz müsbət həllini tapa bilər.

Bildiyim qədər, parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı barədə də xəbərlər yayılıb. Hətta bir neçə il bundan əvvəl deputatlar ötən illərin nisgilini reallığa çevirmək üçün Milli Məclisdə uşaqların asudə vaxtlarını müzakirə etmək məsələsini də gündəmə gətirmişdilər. Belə ki, qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında "Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, "Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, "Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu. Layihədə, həmçinin uşaqların istirahəti üçün müəssisələrin yaradılması da təklif olunurdu. Sənəddə uşaqların istirahəti üçün müəssisələrin, istirahətin təsnifatı, yardıma ehtiyacı olan uşaqlar üçün isə xüsusi güzəştlərin tətbiqi, uşaqların ölkədən kənarda dövlət hesabına istirahətinin təşkili məsələləri də yer almışdı. Hələ ki bütün bu təşəbbüslər və cəhdlər istənilən nəticə verməyib. Baxmayaraq ki, xüsusilə paytaxtın orta məktəblərində yay düşərgələrinin təşkili sahəsində müəyyən dönüş hiss olunur, bununla belə, bu, milyonluq uşaq kontingenti fonunda hələ ki gözləntiləri lazımınca doğrultmur”.

Təhsil eksperti hesab edir ki, uşaqların istirahəti büdcə vəsaiti, Həmkarlar İttifaqı, sahibkarlar, bələdiyyələr, xeyriyyəçilər və ianələr hesabına, ya da imkanlı valideynlərin öz hesabına olsa belə, bütün mümkün imkanlar araşdırılmalıdır. Problemin dövlət büdcəsi hesabına həll olunması və dövlət nəzarəti altında olması isə arzuolunandır. Əks halda problem öz həllini tapanadək cüzi miqdarda dövlət büdcəsindən pul ayırmaqla, heç olmasa yay tətili zamanı səfalı regionlarda yerləşən məktəblərin bina və ərazilərini yay düşərgəsinə çevirmək və düşərgə xidmətləri təşkil etmək olar: "Əlaqədar hökumət və dövlət qürumları gələcəyimiz olan uşaqlarımızın sağlamlığı, mənəvi və fiziki inkişafı imkanlarını lazımınca dəyərləndirməlidirlər”.


3 mindən çox uşaq...


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov söyləyir ki, 2018-ci ilin yay mövsümündə 30 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib. Bunlardan 3 min nəfəri Həmkarlar İttifaqlarının sağlamlıq düşərgələrində dincəlib, qalanları isə Həmkarlar İttifaqının xətti ilə öz valideynləri ilə birgə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində olublar. Ailəvi istirahətin təşkili ilə əlaqədar həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanıb və yollayışlar verilib: "Konfederasiyanın tabeliyində olan sanatoriya-kurort müəssisələrində də uşaqların sağlamlaşdırılması və istirahəti təmin edilib, bu zaman ilk növbədə uşaqların müalicəyə olan ehtiyacı nəzərə alınıb. İstirahətə göndəriş zamanı aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub”.

N.Ağamirovun dediyinə görə, 2019-cu ildə uşaq-sağlamlıq düşərgələrində dincələcək uşaqların sayının 3 min nəfərdən artıq olacağı gözlənilir. Bundan əlavə, sahə Həmkarlar İttifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkili nəzərdə tutulur. Buna misal olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı "Şahin” və Hövsan Olimpiya Kompleksində fəaliyyət göstərən "Cırtdan” uşaq-sağlamlıq düşərgələrini göstərmək olar. "Şahin” uşaq-sağlamlıq düşərgəsinə bir yollayışın qiyməti 260 manatdır. Valideyn yollayışın dəyərinin 15 faizini, yəni 40 manat ödəyəcək. "Cırtdan” uşaq-sağlamlıq düşərgəsinə isə yollayışın qiyməti 400 manatdır. Burada isə valideyn onun 15 faizini, yəni 60 manat ödəyəcək: "Sağlamlıq düşərgələrinə yollayışlar, ilk növbədə, məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il uşaq-sağlamlıq düşərgələrində istirahəti nəzərdə tutulan 3 mindən artıq uşaqdan 500 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcəklər. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 2500 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcəklər. Düşərgələrdə istirahət müddəti bir növbə üçün 15 gün nəzərdə tutulub. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün istirahət düşərgələrində lazımi şərait yaradılıb”.


3 ildə 600-ə yaxın məktəbli yay düşərgələrinə cəlb edilib


Mövzu ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, qurumun təşəbbüsü ilə hər il Bakı şəhərində və regionlarda məktəblilərin yay istirahət düşərgələri təşkil olunur. Düşərgələrdə məktəblilər nəzəri biliklərini praktikada möhkəmləndirməklə yanaşı, müxtəlif interaktiv oyunlarda, səmti müəyyənetmə və bilik yarışlarında, kiçik elmi-tədqiqat işlərində, idman turnirlərində iştirak edirlər. Cari ilin iyun-avqust aylarında da nazirliyin təşkilatçılığı ilə məktəblilər üçün ekoloji və yaradıcılıq profilli yay istirahət düşərgələrinin təşkili nəzərdə tutulur. Həmin düşərgələrə təhsildə xüsusi nailiyyətlərə malik 8-14 yaşlı məktəblilər dəvət olunur.

Eyni zamanda Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda ekoloji profilli düşərgələr təşkil edilir. 2014-cü ildən etibarən təşkil olunan düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, İsmayıllı, Qax rayonlarının məktəblərindən 500-dən çox məktəblinin iştirakı təmin edilib. Birgə əməkdaşlıq çərçivəsində ötən ilin yay aylarında Lerikdə "Bəbirləri mühafizə edək”, İsmayıllıda "Zebrları təbiətimizə qaytaraq”, Qaxda "Ceyranları qoruyaq” adlı ekoloji yay düşərgələrində rayonların müxtəlif kənd məktəblərindən 100-dən çox məktəbli iştirak edib. Düşərgə müddətində biomüxtəlifliyin əhəmiyyəti və davamlı istifadəsinə dair seminarlarda, ekoloji tədqiqatlarda, breyn-rinqlərdə və müsabiqələrdə fəal iştirak edən məktəblilər nadir heyvanların həyat tərzi, artırılması və reabilitasiyası üzrə ekoloji biliklər əldə edir, heyvanların yaşayış mühitinin öyrənilməsi və qorunması sahəsində bacarıqlara yiyələnirlər.

Azərbaycanın Milli Parklarına təşkil olunan ekskursiyalarda iştirak edən məktəblilər ekoloji tədqiqatlar zamanı su hövzələrinin təmizliyi, meşələrin ekoloji vəziyyəti, ətraf mühitə təsirlərini qiymətləndirib.

Bundan başqa, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, "EkoSfera” Sosial-Ekoloji Mərkəzi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlığı ilə hər il məktəblilər üçün Aqrar Universitetin bazasında Gəncə şəhərində aqrar profilli, Bakı Dövlət Universitetinin Quba rayonunda tədris-təcrübə bazasında maarifləndirici ekoloji profilli yay düşərgələri təşkil olunur.

Yaradıcılıq profilli düşərgələrin əsas məqsədi qısamüddətli istirahət, uşaqların bilik və bacarıqlarının artırılması, yaradıcılıq potensialının inkişaf etdirilməsi, ölkəmizin tarixi yerlərinə ekskursiya, ekoturizmin inkişafı, məktəblilərin sağlam fiziki inkişafının təmin edilməsindən ibarətdir. Düşərgə müddətində uşaqlara milli rəqs, müasir rəqs, bal rəqsi, balet olmaqla yaradıcılığın müxtəlif istiqamətləri üzrə ustad dərsləri keçirilir, rəqs sənətinin incəlikləri öyrədilir, ekskursiyalar təşkil olunur.

Ötən ilin avqust ayında Təhsil Nazirliyinin dəstəyi və "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə nazirliyin tabeliyində fəaliyyət göstərən Uşaq-gənclər idman-şahmat məktəblərinin yüksək nəticə göstərmiş idmançıları üçün mərkəzin "Zuğulba” Tədris İdman Bazasında idman-sağlamlıq düşərgəsi təşkil edilib. İdmançıların asudə vaxtlarını səmərəli təşkil etmək, onlar arasında stimul yaratmaq, dostluq əlaqələrini gücləndirmək məqsədilə təşkil edilən düşərgəyə ümumilikdə 160 idmançı cəlb olunub.

Nazirlik tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib seçilən "Şagirdlərin yay düşərgəsi” layihəsi də həyata keçirilib.

Hər il Mingəçevir şəhər Uşaq-gənclər idman-şahmat məktəbinin ərazisində avarçəkmə yay düşərgəsi təşkil olunur.

Ümumilikdə 3 il ərzində 600-ə yaxın məktəbli yay düşərgələrinə cəlb edilib. "Hazırda yay düşərgələrinə daha çox sayda məktəblinin cəlb edilməsi məqsədilə nazirliyin tabeliyində yeni bazaların yaradılması və istifadəyə verilməsi imkanları araşdırılır.


"Qiymətlər elə tənzimlənməlidir ki, hamı üçün əlçatan olsun”


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, uşaq inkişafı mütəxəssisi, Avropa Şurasının eksperti Ceyran Rəhmətullayeva bildirir ki, komitə hər il mütəmadi olaraq risk qruplu və xüsusi aktivliyi ilə seçilən uşaqların inteqrasiyalı istirahətini təşkil etmək məqsədilə yay məktəbləri adı altında layihələr həyata keçirir. Layihələr çərçivəsində uşaqlar asudə vaxtlarının səmərəli keçirilməsi üçün uşaq kitabxanalarına aparılır, müxtəlif filmlərin nümayişi, valideynlərlə birlikdə yaxın rayonlara ekskursiyalar, gəzintilər təşkil olunur: "Belə layihələr bu il də komitənin 11 uşaq və ailələrə dəstək mərkəzlərinin əksəriyyətində həyata keçirilir. Eyni zamanda Xəzər rayonunda Şüvəlan mərkəzimizdə xüsusilə də əlilliyi olan, tipoloji məktəblərə inteqrasiya olunmayan uşaqlara yay tətilində qumlu sahildə, dəniz kənarında art terapiya, qum terapiyası keçirilməsini təmin edirik. Komitə bir neçə ildir Uşaq Forumu keçirir. Bu foruma bütün respublikadan cəlb olunan aktiv, xüsusi bacarıqlı, qabiliyyətli uşaqlar, eyni zamanda risk qrupuna daxil olan ailələrin uşaqları qatılır. Biz foruma hazırlıq müddətində Azərbaycanın səfalı rayonlarından birində həmin uşaqlar üçün yay məktəbi təşkil edirik. 2019-cu ildə uşaq forumu keçirilməyəcək, buna baxmayaraq bu il də iyulun 29-dan 10 günlük yay düşərgəsinə start verəcəyik. Şamaxıda istirahət mərkəzlərindən birində keçiriləcək düşərgədə intellektual oyunlar, təlimlər, maraqlı debatlar təşkil olunacaq. Uşaqlar həm dincələcəklər, həm də gələcək forumla bağlı məsələlər müzakirə olunacaq”.

Ceyran xanım komitə və UNİCEF tərəfindən həyata keçirilən bu layihələrin pulsuz olduğunu, indiyə qədər təşkil olunan yay düşərgələrinə valideynlərin heç bir ödəniş etmədiklərini diqqətə çatdırıb.

Aparat rəhbərinin fikrincə, yalnız dövlət qurumları deyil, QHT-lər və özəl qurumlar tərəfindən də təşkil olunan yay düşərgələrinin sayı artırılmalı və qiymətləri münasib olmalıdır ki, bütün ailələrin övladları ondan yararlana bilsin: "Sovet dövründə də məktəblilər arasında xüsusi istedadlı uşaqlar "Artek”ə və ittifaqın müxtəlif yerlərinə istirahətə göndərilirdi. Bakıda müxtəlif düşərgələr var idi. Lakin o zaman da düşərgələr kütləvi deyildi, bütün uşaqları əhatə etmirdi. Hazırda Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, QHT-lər tərəfindən müxtəlif layihələr çərçivəsində yay düşərgələri təşkil olunur. Amma yenə də bütün məktəbliləri əhatə etmək mümkün deyildir. Bu işdə vətəndaş cəmiyyəti, özəl qurumlar da aktiv olmalıdır. Dünya təcrübəsinə baxdıqda görərik ki, böyük şirkətlər məktəblərlə müqavilələr imzalayır və sosial layihələr həyata keçirirlər. Layihələr çərçivəsində şirkət aztəminatlı ailələrin pulunu ödəyir, daha təminatlı ailələr isə özləri ilə birlikdə bir uşağı da götürə bilir. Biz bu təcrübəni tam olaraq Azərbaycanda tətbiq etmirik. Amma özəl təşkilatları bu cür sosial layihələr təşkil etməyə səsləyirik. Biz hər zaman təkliflərimizdə bildiririk ki, bu cür yay düşərgələrinin sayı artmalıdır. Qiymətlər də elə tənzimlənməlidir ki, aztəminatlı və orta səviyyəli ailələrin də uşaqları üçün əlçatan olsun, hər uşaq istirahət edə bilsin. Özəl şirkətlərin qiymət siyasətinə qarışmaq bizim səlahiyyətimiz çərçivəsində deyil. Sadəcə təklif və tövsiyə veririk ki, qiymətləri münasib etsinlər. Məsələn, bir həftəlik istirahət müqabilində 350 manat ödəmək evində iki övlad böyüdən valideyn üçün böyük məbləğdir. Yaxşı olar ki, özəl qurumlar sosial layihələr həyata keçirsinlər. Hər şirkət 10-20 uşağın 10 günlük yay düşərgəsində iştirakını öhdəsinə götürsə, dövlətin də üzərinə çox yük düşməz. Belə olan halda dövlət də aztəminatlı ailələrin uşaqlarını yay düşərgələrinə daha çox cəlb edər. Biz bunun tərəfdarıyıq”.

Bəli, göründüyü kimi, dövlət qurumları tərəfindən bu sahədə müəyyən işlər görülür. İmkan daxilində, müxtəlif layihələr çərçivəsində bəzi məktəblilər yay düşərgələrinə göndərilir. Amma Azərbaycanda 1,6 milyona yaxın şagirdin təhsil aldığını nəzərə alsaq, hər il yalnız 3-5 min uşağın yay düşərgələrinə cəlb edilməsi olduqca aşağı rəqəmdir. Halbuki istisnasız olaraq bütün uşaqların istirahət etmək hüququ var. Arzu edək ki, bu layihələr öz əhatə arealını genişləndirərək bütün məktəblilərə şamil olunacaq.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM