Alternative content

01:53 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pəhləvanlarımızın zəfər yürüşü
Pəhləvanlarımızın zəfər yürüşü
ANA SƏHİFƏ / İDMAN
02:20 23.07.2019


Güləş ölkəmizdə ən populyar idman növlərindən olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralardadır. Tarixi kökü olan bu idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib.

Azərbaycanlı pəhləvanlar iştirak etdikləri istənilən turnirin favoritləridir. Təkcə Rio-de-Janeyro Olimpiadasında qazanılan 18 medaldan 9-nun, ötən ay Minskdə keçirilmiş II Avropa Oyunlarında 28 medaldan 10-nun güləşçilərin payına düşməsini demək kifayətdir.

Bu səbəbdən paytaxtımızda təşkil olunan Avropa Gənclərinin XV Yay Olimpiya Festivalında medal gözlənilən idman növlərindən biri də güləşdir. Artıq Heydər Əliyev adına İdman Sarayında ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 kq və 55 kq çəki dərəcələrində yarışlara start verilib. Festivalın birinci günündə güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Fərid Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.

Sərbəst güləşdə A qrupunda rusiyalı Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb. Ardınca belaruslu Mikita Berazuna, türkiyəli Bahri Soylerə aman verməyən həmyerlimiz yarımfinala adlayıb. Finala gedən yolda polşalı Fabian Niedziedzkini mübarizədən kənarlaşdıran Murad həlledici mərhələdə Gürcüstan idmançısı Nikolozi Santeladze ilə qarşılaşıb.

Nəhayət, həyəcanlı məqam gəlib çatdı. Murad xalça üstündədir. Tribunada "Azərbaycan, Azərbaycan” sədaları səngimək bilmirdi. Hamı güləşçimizdən qələbə gözləyirdi. Güləş başladı. Hər iki pəhləvan ilk hissədə fəal idi. Lakin rəqibindən daha güclü olan Murad 11:4 hesabı ilə qələbə qazanaraq "Bakı-2019”un qalibi adını qazandı.

Görüşdən sonra M.Haqverdiyev qeyd edib ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazandığı üçün çox sevinclidir: "Rəqiblərim arasında ən çətini həlledici görüşdə qarşılaşdığım gürcüstanlı Nikolozi Santeladze idi. Ötən ay İtaliyada yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında həmin idmançıya məğlub olaraq gümüş medal qazanmışdım. Bu dəfə isə doğma divarlar arasında rəqibimi məğlub edərək çempion oldum. Qarşıdan dünya çempionatı gəlir. Həmin mötəbər yarışda da özümü çempion görürəm”.

Yunan-Roma güləşində isə ölkəmizin hesabına qızıl medalı Fərid Sadıqlı (45 kq) yazdırıb. Səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edən pəhləvanımız həlledici mərhələdə türkiyəli Umut Çobanla güləşib. Rəqibini böyük üstünlüklə məğlub edən Fərid Avropa Gənclərinin XV Yay Olimpiya Festivalının qalibi olub. Sevincimizin həddi-hüdudu yoxdur. Halal olsun, Fərid!

Sonda media nümayəndələrinin suallarını cavablandıran Fərid Sadıqlı yarışlara çox ciddi hazırlaşdığını bildirib: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı vətənimdə keçirildiyi üçün daha məsuliyyətli və həyəcanlı idim. Çempion olduğum üçün sevincimin həddi-hüdudu yoxdur. Yarışda ən çətin görüşüm dörddəbir finalda gürcü Davit Qvasalia ilə oldu. Səhv edərək rəqibə bir neçə xal verdim. Lakin özümü toparlayıb yarışdan qalib ayrılmağı bacardım. Məqsəd bundan sonra dünya çempionatında uğurla çıxış edərək ölkəmizin adını uca tutmaqdır”.

Sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) da "Bakı-2019”u medalla başa vurub. Təmsilçimiz finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə uğradıb. Həlledici mərhələdə italiyalı Simone Vinçenzo Pirodduya uduzan pəhlavanımız gümüş medalla kifayətlənməli olub.

Yunan-Roma güləşində ölkə hesabına daha bir medalı Nihad Məmmədli (55 kq) yazdırıb. Olivye Şkripçaka (Polşa) ilə görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdıran təmsilçimiz bu mərhələdə gürcü Romeo Beridzeyə uduzub. Təsəlliverici görüşdə fransalı Driss Nifriyə qalib gələn güləşçimiz 3-cü yer uğrunda mübarizə aparmaq imkanı əldə edib. Bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə 9:0 hesabı ilə qalib gələn Nihad üçüncü yeri tutub.

Dünən ikinci yarış günündə daha 7 çəkidə (4 oğlan, 3 qız) qaliblər müəyyənləşib.

Yunan-Roma və sərbəst güləşin hərəsində iki, qadın güləşində üç çəkidə qaliblər bəlli olub. Sevindirici haldır ki, Azərbaycan milli komandası günü 6 medalla - 2 qızıl, 3 gümüş və 1 bürünc mükafatla yekunlaşdırıb.

Sərbəst güləşçilərin mübarizəsində 48 kq çəki dərəcəsində yarışan Mircavad Nəbiyev 1/8 finalda rusiyalı Maqomedamin Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüşün yekununda mərhələ adlayan tərəf Rusiya idmançısı olub. Rusiyalı güləşçi finala yüksəldiyindən təmsilçimiz təsəlliverici görüşə qatılıb. Şükrü Korpeni (Türkiyə) 10:0 hesabı ilə məğlub edən M. Nəbiyev bürünc medal üçün Tomas Fişerlə (İsveçrə) qarşılaşıb. Qələbə qazanan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

60 kq çəki dərəcəsində yarışan Sabir Cəfərov 1/8 finalda macarıstanlı Marsel Deli ilə güləşib. Görüşü vaxtından əvvəl qalib başa vuran idmançımız dörddəbir finalda belaruslu Anatoli Xramika üzərində 12:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finala gedən yolda bolqarıstanlı İvan Stoyanovu da mübarizədən kənarlaşdıran pəhləvanımız həlledici mərhələdə rusiyalı Fyodor Baltuyevlə güləşib. Rəqibin üstünlüyü ilə keçən görüş həmyerlimizin 3:7 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yunan-Roma güləşində 48 kq çəkidə yarışan Qurban Qurbanov isə mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub. Polşalı Kaçper Karaskieviçlə güləşdən qalib ayrılan idmançımız daha sonra türkiyəli Emin Çakırı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Q. Qurbanov finala gedən yolda Maksim Stupakeviçdən (Belarus) üstün olub. Həlledici görüşdə güləşçimizin rəqibi gürcüstanlı Xviça Abuladze olub. Rəqibinə aman verməyən Qurban qalib gələrək ölkəmizin hesabına daha bir qızıl medal yazdırıb.

Qurban Qurbanov jurnalistlərə açıqlamasında qeyd edib ki, Avropa Gənclər Yay Olimpiya Festivalına ciddi hazırlaşıbmış: "Qələbə qazanacağıma inanırdım. Göygöl rayonunda təlim-məşq toplanışında iştirak etmişdim. Rəqiblərimin gücünü yaxşı təhlil edib, onların potensialına bələd olmuşdum. Məhz bunun sayəsində rəqiblərimə çətinlik çəkmədən qalib gəldim. Təkcə belaruslu idmançı Maksim Stupakeviç ilə görüş gərgin keçdi. Buna baxmayaraq, qalib gəldim.Doğma divarlar arasında mübarizə aparmaq çətindir. Çünki xalqın, tamaşaçıların inamını, ümidini doğrultmaq böyük məsuliyyət tələb edir. Bu inamı doğrultduğum üçün çox məmnunam”.

60 kq çəkidə xalça üzərinə çıxan yunan-Roma güləşçimiz Həsrət Cəfərov 1/8 finalda litvalı Donatas Rindeikislə görüşdən qalib ayrılıb. 1/4 finalda Mikita Muraşkanı (Belarus) 13:5 hesabı ilə məğlub edən Həsrət yarımfinalda Andrea Settiyə (İtaliya) də qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı Maqomed Qiqiyevlə qarşılaşmadan qalib ayrılan Həsrət "Bakı-2019”un qızıl medalına yiyələnib.

Qadın güləşçilərin yarışında 46 kq çəkidə təmsilçimiz Gültəkin Şirinova 1/8 finalda finlandiyalı Jutta Ala-Ranta ilə qarşılaşmadan qalib ayrılaraq dörddəbir finala yüksəlib. Yarımfinala gedən yolda həmyerlimiz Belarusu təmsil edən Tatyana Pertsavanı da 6:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. G. Şirinova bu mərhələdə Fanni Viquronı (Fransa) da üstələyərək adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada Georgiana-Lavinia Antuka (Rumıniya) ilə münasibətinə aydınlıq gətirib. Lakin idmançımız uduzaraq festivalı gümüş medalla başa vurub.

49 kq çəkidə yarışan daha bir xanım güləşçimiz Lalə Mirzəyeva isə mübarizəyə 1/4 finaldan başlayıb. Moldovalı Mihaela Samoillə güləşən idmançımız uduzaraq mübarizəni erkən dayandırıb.

61 kq çəkidə güləşən Mərziyə Sadıqova 1/8 finalda ukraynalı Manola Skobelska ilə qarşılaşıb. Görüşü qalib başa vuran idmançımız ardıcıl olaraq Alina Kasabyeva (Rusiya) və Elmas Çeliki (Türkiyə) məğlub edərək, finala vəsiqə qazanıb. Finalda italiyalı Aurora Russo ilə qarşılaşan təmsilçimiz uduzaraq festivalı gümüş medalla başa vurub.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM