23 Iyul 2019 02:11
823
SİYASƏT
A- A+

Əsir Ağdam məscidi


  1. Viktor Hüqo sevimli yazıçılarımdan olub!

"Səfillər”i bir neçə dəfə, hər dəfə də heyranlıqla oxumuşam!

"Doxsan üçüncü il”, "Gülən adam” romanları da qeyri-adi əsərlərdəndir!

"Paris Notr-Dam kilsəsi” isə bir neçə dəfə ekranlaşdırılıb!

Qəhrəmanları - Qvazimoda, Quinplin qəribədirlər: zahirən çirkin, qəribə, daxilən pak, yüksək mənəviyyat daşıyıcıları!

Başqa cür ola da bilməzdi!

Allaha məxsus dini məbəddə ancaq belələri sığınacaq tapa bilərdilər!

***

Paris Notr-Dam kilsəsinin yanmasına dərin təəssüflə baxdım...

Əsrlərin sınağından çıxan möhtəşəm dini məbəd, bəşəriyyətə məxsus olan qeyri-adi memarlıq abidəsi...

Ancaq heç kəs məni qınamasın: Ağdam məscidi dağıdılanda, onun qırılmış daşlarından kiçik parçanı ATƏT-in Minsk qrupunun sədrlərindən biri Bakıya gətirərək Ulu Öndər Heydər Əliyevə təqdim edəndə daha çox ağrımışdım!

Bəlkə də içərimdə Notr-Dam kimi yanmışdım!

Bəli, mənə Ağdam məscidi Notr-Damdan daha doğmadır, daha əzizdir!

Nə olsun ki, həcmcə kiçikdir!

Nə olsun ki, dünya mədəniyyəti incilərindən sayılmır!

Axı hər ikisi bir nöqtədə birləşir: çünki hər ikisi Allahın evi sayılır!

***

Məscid kimsəsizlərə pənah yeri, sığınma yeri olub.

Esmiralda da, Kvazimoda da orada gizlənərək özlərini ağır cəzadan qoruyurdular!

Hər ikisi ədalətsizliyin qurbanı idi!

Hər ikisinə qarşı haqsızlıq edib, cəza vermək istəyirdilər!

Amma dini məbəd onları qoruyub saxlayırdı!

Qanunun cəza əli isə bu müqəddəs məkana çata, girə bilməzdi!

Çünki o yer Allaha məxsusdur!

Allah evi hesab olunur!

Bu gün isə erməni vəhşiləri həmin müqəddəs məkanları, pirləri, tarixi abidələri yandırıb dağıdırlar, heyvan saxlanan tövləyə çevirirlər!

İşğaldakı ərazilərdə 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli abidə və muzey, 13 mindən artıq nadir eksponat məhv edilib!

Xislətləri budur!

Faşist Njdeyə heykəl qoyanlardan, Xocalı soyqırımını törədənlərdən daha nə gözləmək olar?!

Dəniz sahilinə bir balina atılanda "humanist duyğuları” dilə gələn dünya isə bütün bunları sanki nə görür, nə də eşidir!

İraqda bombardman nəticəsində yaralanan 6 yaşlı ərəb uşağının bu vəhşilikləri və qırğınları törədənləri ölüm ayağında hədələməsi məni həm sarsıtmışdı, həm də kövrəltmişdi: "Bunların hamısını Allaha danışacam!” demişdi həmin oğlan uşağı!

... Və artıq danışıb da!

Bəs görəsən Allah bizə niyə kömək etmir ki, öz məscidimizə qayıdaq?!

***

Vaxtilə dünya iki qütbə bölünmüşdü: kommunizmə və kapitalizmə!

Müxtəlif əqidəyə və dünyagörüşünə malik insanların yaşadığı dövlətlər arasındakı müharibələrdə milyonlarla adam qırıldı, əlil oldu, əzab və məşəqqətlərə məruz qaldı.

Bu gün dünya birqütblüdür, qloballaşır!

Yeni prosesin fəsadları artıq təkcə ərəb dünyasını və müsəlmanları deyil, Avropanı, habelə dağılan ölkələrdə yaşayan müxtəlif dinlərə sitayiş edənləri də kənarda qoymur, küçə və dini məbədlərdə törədilən partlayışlar hesabına vaxtsız ölümlər, dağıntı və "miqrant” (əslində qaçqın) axını ilə "mükafatlandırır”.

Hələ də bu faciələr davam edir!

İkiqütblü dünyada baş verən müharibələrdə dövlət sərhədləri bəlli idi!

Sivilizasiyalararası çarpışmalarda isə proseslər əsasən dövlətlərin daxilində gedir!

Dövlətlərin daxilində sərhədlər çəkərək insanları dininə görə ayırmaq mümkün deyil!

Bu cür qarşıdurmaların və "terror aktları mübadiləsinin” sonunda qalib gələn də olmur!

Dünyanı bu təlatümlərdən və qırğınlardan yalnız sülh və multikulturalizm xilas edə bilər!

Azərbaycanın dünyaya təklif etdiyi multikulturalizm!

Azərbaycanın öz təcrübəsinə və Azərbaycan xalqının həyat tərzinə əsaslanan multikulturalizm!

Belə halda nə məscid, nə kilsə, nə sinaqoq və digər dini məbədlər də partlayışlar və terror aktlarına hədəf olmaz!

Günahsız insanlar qurbana çevrilməz!

Heç bir dini məbəd Ağdam məscidi kimi xaraba qalmaz!

***

Allah Allah evlərini yandıranları və dağıdanları, xaraba qoyanları heç vaxt bağışlamayacaq!

Hər əməlin cəzasının zamana ehtiyacı var!

Bu gün kriminal və qaniçən erməni siyasətçiləri və dövlət başçıları bir-birlərini həbsxanaya atdıraraq cəzalandırırlar!

Allahın cəzası isə hələ sonra olacaq!

NƏ QƏDƏR Kİ:

* Dünyada ikili standartlar hökm sürür;

* Terrorun səbəbi yalnız islam dinində və müsəlmanlarda axtarılır;

* Terrorçu qrup və birləşmələri gizli şəkildə silahlandırılıb maliyyələşdirilərək məkrli niyyətlərin icrasına yönəldilir;

BU MÜDDƏTDƏ:

Məscidlər və başqa dini məbədlər partladılacaq, ibadətə gələnlər qətlə yetiriləcək, ölkələr daxilində sabitlik pozulacaq, günahsız insanlar dinindən və milliyyətindən asılı olmayaraq sağlam təfəkkürə deyil, zora əsaslanan siyasətin qurbanına çevriləcəklər!

ADƏTƏN:

* İnsanlar dünyanın o başındakı əzizlərinin yanına gedə bilir...

* Xəstəxanada yatanlara baş çəkə bilir...

* Həbsxanadakılarla görüşə bilir...

Bircə əsir və girovların yanına getmək, onlara baş çəkmək, onlarla görüşmək mümkün olmur!

Artıq 26 ildir əsir Ağdam məscidinə gedə, orda Allaha dua edə, arzularımızı gerçəkləşdirmək üçün ondan kömək istəyə bilmirik!

Çünki bu müqəddəs məkan özü əsirlikdədir!

Özünün köməyə ehtiyacı var!

Özü Quran və əzan səsinə həsrətdir!

Bu həsrət nə qədər çəkəcək, bircə Allah bilir!

O da bunu nə bizə deyir, nə də hələlik kömək göstərir!

Allah hamımıza yalnız bol-bol səbir verir!

***

Sovet hakimiyyəti yaşadığı 73 il ərzində bizi ateist kimi tərbiyə etməyə, Allahın yoxluğuna inandırmağa çalışdı. Amma bütün təqiblərə, qorxu və qadağalara baxmayaraq heç kəs Allahından üz döndərmədi, onu danmadı!

Hətta elmi ateizm fənnindən imtahan verib qiymət alandan sonra Tanrıdan üzrxahlıq dilədik, bizi bağışlamasını xahiş etdik: "Dediklərimiz ürəkdən gəlmirdi, qiymət almağa xidmət edirdi” söylədik.

Yəqin ki, uca Tanrı da bizi anlayıb, günahımızdan keçdi.

Sovetin bütün illərində Ağdam məscidi fəaliyyətini dayandırmadı, "vicdan azadlığı” nümunəsi kimi daim işlədi, qapıları açıq oldu.

Məhərrəm ayında, aşura günlərində qonşu rayonlardan da buraya gəlirdilər...

Allaha dualar edən kim, nəzir-niyaz verən kim, ağlayaraq dərdinə əlac istəyən kim...

Dərs qurtaran kimi məscidə qaçar, müəllimlərimiz bizi görməsinlər deyə küncdə-bucaqda gizlənər, sonra dəstə tutub "şaxsey-vaxsey” deyənlərə qoşulardıq...

Şapalaqla sinəmizi vurub qızardar, səsimiz batana qədər qışqırardıq...

Allahın böyüklüyünə, ədalətinə, bizi eşidəcəyinə, istəklərimizi yerinə yetirəcəyinə inanardıq!

Bu gün də həmin inamdayıq!

Əlimiz hər yerdən üzüləndə belə Allahın ətəyini buraxmırıq!

"Allah Kərimdir!” deyirik!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video