Alternative content

16:24 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Süni intellekt: bəşəriyyətin ən mükəmməl uğuru, yoxsa gələcək qatili?
Süni intellekt: bəşəriyyətin ən mükəmməl uğuru, yoxsa gələcək qatili?
ANA SƏHİFƏ / Elm və texnika
01:57 23.07.2019


Dünya şöhrətli yazıçı Den Broun son romanı olan "Başlanğıc”da süni intellektin yeni tanrı olacağını və kompüterlər vasitəsilə yeni bir dinin formalaşdırılacağını irəli sürüb. Bəs nədir bu süni intellekt?

Əsası keçən əsrin ortalarında qoyulan süni intellekt son zamanların ən çox investisiya qoyulan və maraq doğuran sahələrindəndir.

Süni intellekt - insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Bu elm intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyət göstərən intellektual proqram yaratmağı özünə məqsəd götürüb. Eyni zamanda insan intellektinin araşdırılması kimi də başa düşülür.

Bu sahə insanın ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında mühüm yer tutur. Onun tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur.


Yaranma tarixi


İntellektə malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlinir. İntellektə malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdı. E.ə. IV əsrdə yaşamış Aristotel süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdu. 1275-ci ildə Roman Llull özünün "Ars Maqna” adlı məntiq aparatını ixtira etmişdi. İstifadəçi ora xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi olmadan dərhal avtomatik bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq məqsədilə yaradılmışdı.

Süni intellekt haqqında ilk fikirlər mexaniki materealizmin yaranması ilə, Dekartın "Metod haqqında mühakimələr” və Tomas Qobbsun "İnsan təbiəti” əsərlərində öz əksini tapıb. 1943-cü ildə U.Mak Kallok və U.Pitts öz məqalələrində süni neyron sistemi anlayışını təklif ediblər. D.Xebb 1949-cu ildə "Davranış orqanizasiyası” əsərində neyronların öyrənilməsinin əsaslarını göstərdi. Bu fikirləri bir neçə il sonra amerikan neyrofizioloq Frenk Rosenblatt inkişaf etdirdi. O, insan davranışlarını modelləşdirən mexanizm yaratmağı təklif etdi və onu "Perceptron” adlandırdı.

Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi” adlandırıb.


Turinq testi


Kompüter elminin atası sayılan, riyaziyyatçı, kriptoqraf, informatika elminin yaradılmasında böyük rol oynayan ingilis alim Alan Turinq isə süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə "Mind” jurnalında çap edilmiş "Hesablama maşınları və şüur” məqaləsində bildirib. O, həmin məqalədə insanla kompüter arasında gedən testdən bəhs edirdi. Belə ki, bu test bir insan, bir kompüter və bir münsiflə aparılır. Münsif nə kompüteri, nə də insanı görə bilir, sadəcə onlarla dialoq aparır, sual-cavab edir. Münsifin sualları və təcrübədə iştirak edən kompüter ilə insanın verdiyi cavablar bir ekranda yazılı olaraq görünür. Məqsəd münsifin verilən cavablar əsasında hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Turinq deyir ki, kompüter o zaman süni intellektə sahib ola bilər ki, o, münsifi çaşdırsın və münsif onunla insanın, yoxsa kompüterin danışdığını başa düşə bilməsin. Test zamanı münsif bu fərqi aydınlaşdıra bilmirsə, deməli, həmin kompüter mükəmməl süni intellektdir.

Turinqin bu ideyası hazırda "Turinq testi” adlandırılır və süni intellektin yaradılmasında gedən araşdırmalarda ondan hələ də istifadə edirlər. Test kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib etməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, deməli, maşın insanlar qədər zehni bacarığa sahibdir. Hələ ki, Turinq testini keçən kompüter, maşın olmayıb. Lakin belə düşünülür ki, ideal virtual söhbət proqramı Turinq testini keçə biləcək...

Turinqin bu yanaşması süni intellekt araşdırmalarının ən ibtidai forması idi. Aradan keçən illərdə bu sahədə daha ciddi kəşflər edildi və süni intellektin həyatımızda nüfuzunu hiss etməyə başladıq; SİRİ kimi proqramlar vasitəsilə kompüterlə ünsiyyət qurub ondan cavablar almaq artıq heyrətləndirici hadisə deyil və ya şahmat oyununda kompüterə uduzmaq da normal hal sayılır.


Süni intellektin üç növü məlumdur


Bunlar:

- Məhdudlaşdırılmış süni intellekt. Bu tip intellekt sizi, məsələn, şahmatda uda bilər. Amma ona "torpağı yemək olarmı?” sualını versəniz, cavab ala bilməzsiniz.

- Ümumi süni intellekt. Bu növ insan intellektinə maksimum yaxındır. O, məlumatları təhlil edir, digər maşınlarla ünsiyyətə girir, özünü təlimdən keçirir.

- Süni super intellekt. Bu intellekt növü o qədər inkişaf edib ki, insan intellektindən fərqlənir. Başqa sözlə, bizim intellektimiz həmin super intellektin motivlərini anlamaq üçün yetərincə inkişaf etmiş deyil.

İnsan intellektindən daha güclü bir intellektin yaradılması isə bu elmin əsas məqsədlərindəndir.

Bu gün bəşəriyyət süni intellektin birinci tipinin əsas prinsiplərini uğurla mənimsəyib. Artıq birinci çərçivədən kənara çıxmağa can atan şirkətlər var. Bir çoxları hesab edir ki, məhz "Google” ümumi süni intellekti dünyaya ilk dəfə təqdim edəcək. Bəs alimlər ümumi süni intellekti nəzarət altında saxlaya biləcəklərmi? Ümumi intellektin super intellektə qədər böyüməsini görə biləcəklərmi?

Süni intellektlər haqqında maraqlı faktlar da var:

- Süni intellektlərin istifadə olunduğu ağıllı sistemlərdə əksər hallarda qadın səslərindən istifadə olunur.

- 1997-ci ildə Deep Blue adlı kompüter məşhur şahmat çempionu Harri Kasparovu məğlub edib.

- Bir çox valideynlər robot ev heyvanlarına üstünlük verirlər. Jan-Lu Raulun fikrinə görə, 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanlarına ciddi rəqib olacaq.

- 2015-ci ildə yapon tədqiqatçıları bildiriblər ki, öz-özünü bərpa edən robot düzəldiblər. Belə ki, həmin robot iki ayağı belə olmayanda özünü bərpa edə bilir.


İnsan əməyini sıradan çıxaracaq


Süni intellektin nəyə aid edilməsi sualına konkret cavab yoxdur. Onun haqqında kitab yazan hər bir müəllif, demək olar ki, o elmin nailiyyətlərini nəzərə alaraq, hansısa fikri müəyyən edir. Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində süni intellektin rolu böyükdür. Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış sahədir, onun çoxlu sayda istiqamətləri var. Çox zaman bir sahəsi digəri ilə qarşılıqlı əlaqədə olmur. Bəzi sahələri isə o dərəcədə inkişaf edib ki, artıq ayrıca bir ixtisas kimi fəaliyyət göstərirlər.

Süni intellekt proqramlarını danışa və hərəkət edə bilən robot kimi hər gün qarşımızda görməsək də, gündəlik həyatımızda həmin texnologiyadan istifadə edirik. Bu elmdən aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunur. Mütəxəssislər deyir ki, süni intellekt böyük vaxt tələb edən məsələlərin həllində effektivdir, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir, xətaların başvermə ehtimalı yoxdur, eləcə də ondan kosmos və okeanın dərinliklərinin araşdırılmasında istifadə edilir. Lakin onun insan əməyinə olan tələbatı aşağı salması kimi mənfi tərəfi də mövcuddur. Proqnozlara görə, 2030-cu ilədək dünyada işləyən əhalinin üçdə biri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacaq.

Yeri gəlmişkən, artıq süni intellektdən istifadə edərək sürücüsüz idarə olunan avtomobillər yaradılır. Beş ölkədə süni intellekt elmi-tədqiqat mərkəzi fəaliyyət göstərən "Google” şirkətinin yaratdığı pilotsuz avtomobillər ABŞ yollarında sınaqlardan da keçirilib. Bu ağıllı avtomobillər xeyli məsafə qət edərək, bir dəfə də olsun yol hərəkəti qaydasını pozmayıb və qəzaya uğramayıb. "Google” şirkətinin təcrübəsini yalnız nəqliyyat şirkətləri deyil, yol hərəkəti qəzaları sahəsində ixtisaslaşan hüquqşünaslar da izləyirlər. Onların fikrincə, insan xətalarının sayı səngidikcə xəsarət alan insan və maşınların sayı, nəticədə də ölüm hadisələri və sığorta haqqı da azalacaq. Bu o deməkdir ki, yol hərəkət hadisələrində zərər çəkən insanların hüquqlarını qoruyan hüquqşünasların da işinə tədricən ehtiyac qalmayacaq. Yalnız hüquqşünaslar deyil, sürücülər, yükdaşıyanlar, çağrı mərkəzlərinin, qaynar xətlərin operatorları öz işini itirəcək. Bu və digər peşə sahiblərini süni intellekt əvəz edəcək.


Bəşəriyyətin ən yaxşı, yoxsa ən pis nailiyyəti?


Amma bu sahənin mütəxəssislərini düşündürən bir məqam da var - süni intellektin bu qədər avtonomlaşdırıldığı, geniş səlahiyyətlərin verildiyi bir şəraitdə, onlar öz yaradıcılarına qarşı hər zaman sadiq və mehriban qalacaqlarmı?

"Süni intellektin nəhəng potensialını nəzərə alaraq düşünməliyik ki, həmin texnologiyalarda mövcud olan gizli əngəllərlə üzləşmədən bunun müsbət cəhətlərindən necə faydalana bilərik. Bizim süni intellekt sistemlərimiz yalnız bizim istədiyimizi etməlidir”. Bu, Həyatın Gələcəyi İnstitutunun saytında dərc edilən açıq məktubda yazılıb. Alimlər bu məktub vasitəsilə öz həmkarlarına səslənərək, onları süni intellekt probleminə daha diqqətli yanaşmağa çağırırlar. Alimlərin qoyduqları əsas sual isə belədir: insanlar intellektlə təchiz olunmuş maşınlara nəzarət edə biləcəklərmi? Bu suala hələ heç kim cavab verə bilməyib... Süni intellektin gələcəyini anlamaqda əsas çətinlik məhz buradadır. Amerikalı alim Eliezer Yudkovski "Süni intellekt qlobal risklərdə müsbət və mənfi faktor kimi” kitabında süni intellektin "bəli, bu intellekt insan iradəsinin xaricindədir” dedirdən ikicə davranış ehtimalını şərh edir:

- Süni intellekt yeni icadları patentləyir, elmi əsərlər dərc edir, birjada pul qazanır və siyasi bloklara başçılıq edir.

- Tarixi, elmi və texnoloji biliklərə əsaslanan süni intellekt sivilizasiyanın inkişafını əsrlər və minilliklər müddətinə əvvəlcədən bilə bilir.

Məşhur nəzəriyyəçi fizik Stiven Hokinq hesab edir ki, Yudkovskinin bəhs etdiyi mükəmməl süni intellekt "insan irqinin sonunu gətirə bilər”. Alim süni intellekt haqda "bəşəriyyətin ya ən yaxşı, ya da ən pis naliyyəti olacaq” deyib. O, fikrini belə bir nümünə ilə əsaslandırıb: "Deyək ki, elektrik stansiyası tikirsiniz və bu zaman qarışqa yuvasını təsadüfən dağıdırsınız. Heç kim qarışqaları vecinə almayacaq. Özünüzü qarışqa yerinə qoymayın”.

Elon Mask və bu sahədə çalışan bir neçə böyük alim də eyni fikirdədir. Hər kəsi bir məsələ narahat edir: "Əgər süni intellekt bizi işdə əvəz edəcəksə, onda müəyyən vaxtdan sonra o, bizi evdə də əvəz etmək istəməzmi?”.

Görəsən həqiqətən də süni intellektlə təmin edilmiş robotlar insanları tam əvəz edə biləcəkmi?

E.Yudkovskinin məqalələrini oxuyan "Skype” proqramının yaradıcılarından Yaan Tallinn isə belə bir nəticəyə gəlib ki, süni intellektin daha da inkişaf etməsi partlayışa və ya onun insan nəzarətindən çıxmasına səbəb ola bilər. Bu isə bütövlükdə bəşəriyyəti böyük təhlükə altında qoya bilər. Belə ki, ultraağıllı süni intellektlər, təkamül-inkişaf nərdivanında bəşər övladının yerini tutacaq və biz qəfəsdə olan meymuna necə baxırıqsa, onlar, yəni süni intellekt də bizə o gözlə baxacaq. Ya da daha betəri olacaq: bütün insanların axırına çıxacaqlar.

Bəs hansı məqamda biz süni intellekt üzərində nəzarəti itirə bilərik? Süni intellekt öz qarşısına nə vaxt müstəqil şəkildə məqsədlər qoya biləcək? Bu məqsədlərin arasında bəşəriyyətin məhv edilməsi olacaqmı? Suallar çox, dəqiq cavablar isə yoxdur...

Den Broun "Başlanğıc” əsərində baş qəhrəman professor Lanqdonun dili ilə süni intellekt robotu Vinstona mənalı sual verir - "Sənin ümidlərin və xəyalların varmı?”

Bəli, insan yalnız intellektual zəkadan ibarət canlı deyil. Onun ümidləri, xəyalları, arzuları, duyğuları, ən əsası ruhu var. İnsanı maşından, robotdan fərqləndirən də elə budur. Duyğulara və ruha sahib insan isə ruhsuz və duyğusuz hər cür robot və maşından həmişə bir addım öndə olacaq.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM