Alternative content

17:18 19 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa yenə də Azərbaycanda toplaşır
Avropa yenə də Azərbaycanda toplaşır
ANA SƏHİFƏ / İDMAN
00:52 21.07.2019


Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır


Nəhayət, gözlənilən gün gəlib çatdı. Bu gün Avropanın idman aləmi üçün əlamətdar hadisələrdən biri hesab olunan XV Avropa Gənclər Olimpiya Festivalı başlayır. Qarşıdakı bir həftə ərzində Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda olacaq.

Bakı bu müddət ərzində yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu festivalı televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirəcək.

Yarışın açılış mərasimi "Bakı Crystall Hall”da keçiriləcək. Ümumilikdə 48 Avropa ölkəsindən 3600-dən çox 14-18 yaşlı idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə gəlib.

135 medal dəsti uğrunda, 12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Paytaxtımızda təşkil edilən "Bakı-2015” ilk Avropa Oyunları bu oyunların standartlarını müəyyənləşdirdi və idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medal qazanaraq 2-ci yeri tutdular.

IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, hələ uzun müddət yaddaşlardan silinməyəcək. Belə ki, atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) "Bakı-2017”-nin ən güclüləri oldular.

Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda da yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar, əsasən, cüdo və atletika idman növlərində əldə olunub. 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan XIII Avropa Gənclərinin Olimpiya Festivalı atletlərimiz üçün uğurlu olmuşdu. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla, ümumi turnir cədvəlində 22-ci yeri tutdular. 2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən yeniyetmələrin sayca 14-cü Olimpiya Festivalında isə qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb. Komandamız yarışın yekununda 50 ölkə arasında 33-cü yeri tutub.

İnanırıq ki, ölkəmizi turnirdə təmsil edəcək 122 idmançımız doğma divar amilindən istifadə edərək xalqımızı qələbələrlə sevindirəcəklər.

Xatırladaq ki, bu gün "Bakı-2019”da güləş və tennis yarışlarına start veriləcək. Ölkəmizin daha çox medal gözlədiyi idman növləri sırasında güləş xüsusi yer tutur. Güləş yarışları iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Festivalda güləşin üç növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaqlar. Həm sərbəst, həm yunan-roma, həm də qadın güləşi üzrə yarışlar altı çəki dərəcəsi üzrə keçiriləcək.

Festivalda sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzovun və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə çıxış edəcəklər. Heyətdə Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq) və Cəbrayıl Hacıyev (65 kq) yer alıblar.

Böyük məşqçi Taleh İsrafilovun və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə mübarizə aparacaq yunan-roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıqlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq) və Xasay Həsənli (65 kq) daxil ediliblər.

Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarovun və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.

"Bakı-2019”da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədalət təmsilçisi qismində çıxış edəcəklər.

Medallar gözlənilən idman növləri sırasında yer alan cüdo yarışlarında Azərbaycanı 12 idmançı təmsil edəcək. Mötəbər yarışda səkkiz oğlan cüdoçu - İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Ruslan Nəsirli (90 kq), Hüseyn Məmmədov (+90 kq) iştirak edəcək. Qızların yarışında isə dörd cüdoçu - Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq) güclərini sınayacaqlar.

Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

Hər bir nüfuzlu idman yarışının rəsmi talismanı da həmişə diqqət mərkəzində olub. Bu mənada "Bakı-2019”un rəsmi talismanları Cırtdan və Bəbirdir. Tərcümədə "kiçicik” mənası daşıyan Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərinə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan Divin başını qataraq özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir.

Beləliklə, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən, məhz ölkəmizə üstünlük verməsini təmin edir. Yəni Azərbaycan müasir idman qurğuları və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM