20 Iyul 2019 07:51
491
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək


Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş naziri Gladis Berejiklian Yerevana şəxsi səfəri zamanı Ermənistanın bəzi rəsmiləri ilə görüşlər keçirib və yerli KİV-ə müsahibələr verib. Müsahibələrindən birində Dağlıq Qarabağ məsələsinə münasibət bildirən Avstraliya rəsmisi guya Yeni Cənubi Uelsin 20 ildir Dağlıq Qarabağın müstəqilliyini tanıdığını bildirib.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bununla bağlı KİV-in sualını cavablandırıb.

Leyla Abdullayeva deyib: "Hər şeydən əvvəl onu qeyd etmək istərdim ki, ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və burada yaradılmış qondarma separatçı rejim dünyanın heç bir suveren dövləti, hətta işğalçı Ermənistan tərəfindən belə tanınmır.

O ki qaldı Avstraliyanın rəsmi mövqeyinə, vurğulamaq istərdim ki, bu ölkə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Avstraliyanın rəsmiləri bu barədə bəyanatlarında, eləcə də Azərbaycana ünvanlanmış rəsmi məktub və notalarında dəfələrlə qeyd ediblər. Avstraliyanın sabiq Xarici İşlər naziri 2015-ci ildə ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağın işğalına son qoyulmasının tərəfdarı olduğunu bəyan edib. 2017-ci ildə Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit Okean üzrə naziri Azərbaycana səfəri çərçivəsində ölkəsinin məlum mövqeyini birmənalı şəkildə ifadə edib. Ən son isə bu yaxınlarda - cari il mayın 29-da Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrovun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubunda ölkəsinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi qəti dəstək mövqeyi öz əksini tapıb.

Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş nazirinin söylədiklərinə gəldikdə isə, onun fikirlərinin Avstraliya Federal Hökumətinin rəyini əks etdirmədiyini vurğulamaq və ümumiyyətlə, federal hökumətin xarici siyasətinin formalaşdırılmasında ştat rəsmilərinin nə dərəcədə iştirak etdiklərini sual altına almaq istərdim. Yeni Cənubi Uelsin baş nazirinin Ermənistanda verdiyi bəyanatlar açıq şəkildə federal hökumətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və fikrimizcə, bu xüsusda ştat rəsmisinə təmsil etdiyi dövlətin xarici siyasət kursuna uyğun davranması ilə bağlı xəbərdarlıq edilməlidir.

Xatırlatmaq istərdim ki, erməni əsilli ştat rəsmisi hələ 2013-cü ildə bu ölkənin Nəqliyyat naziri qismində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycana girişi arzu olunmayan şəxslər siyahısına daxil edilib.

Ümumiyyətlə, Avstraliyadakı erməni lobbi qrupları son zamanlar Azərbaycan ilə bu ölkə arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən narahatdırlar və bu əlaqələrin korlanmasına yönəlmiş addımlar atmağa cəhd edirlər. Lakin vurğulamaq istərdim ki, bu qrupların əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video