20 Iyul 2019 00:41
1225
SİYASƏT
A- A+

İqtisadi müstəqillik - innovativ inkişaf, ən islahatçı ölkə


İlham Əliyevin dərin sosial-iqtisadi islahatları ilə Azərbaycan hər il beynəlxalq reytinq təşkilatlarının hesabatlarında yeni rekordlar göstərir


  • İstənilən ölkədə iqtisadi azadlıq mövcuddursa, dövlət xarici güc və amillərdən asılı olmayaraq xalqın layiqli yaşayışını təmin edə bilir, maddi və mənəvi ehtiyatlarını qorumağa qadir olur. Məhz ölkənin iqtisadi azadlığı şəraitində azad iqtisadiyyat, yəni fəaliyyəti kənar qüvvələrin təsirinə məruz qalmayan sağlam və sərbəst rəqabətə əsaslanan iqtisadiyyat mümkündür. Bu gün Azərbaycanın da adı həmin ölkələr sırasında çəkilir.

ABŞ-ın tanınmış "The Heritage Foundation” analitik mərkəzi tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi-2019”da Azərbaycanın ən böyük irəliləyiş edən ölkə kimi təqdim olunması bunun əyani təsdiqidir.

Bu gün Azərbaycanda mövcud olan iqtisadi müstəqillik siyasi müstəqilliyin və genişmiqyaslı inkişafın təminatçısıdır desək, yanılmarıq. Prezident İlham Əliyevin 2003-cü ildən bugünədək nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf, iqtisadi müstəqillik dərin məzmunlu sosial siyasətlə tamamlanır. Son illərdə isə aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib.

İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım yaranıb, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlət başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznesin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.

İqtisadi və sosial islahatlar paralel şəkildə aparılır, infrastruktur quruculuğu davam etdirilir, regional əhəmiyyətli neft-qaz, rəqəmsal və nəqliyyat-logistika layihələri həyata keçirilir. Artıq nəticələr də göz qabağındadır. Ölkə iqtisadiyyatı 3 faizdən illik böyümə fazasına keçib, xüsusilə qeyri-neft sənayesi, bitkiçilik və qeyri-neft ixracı ikirəqəmli həddə böyüyür. Dövlət büdcəsi və tədiyyə balansında trendlər müsbətdir. Strateji valyuta ehtiyatları ÜDM-in 80 faizindən artığını təşkil etdiyi halda, xarici borc ÜDM-in 20 faizindən də azdır. Manatın məzənnə sabitliyi və inflyasiyanın aşağı həddi təmin edilib. Təkcə builki sosial paket çərçivəsində 4 milyondan çox vətəndaşın sosial rifah halını yaxşılaşdırmaq üçün 4 milyard manatdan artıq vəsait ayrılıb.

Bütün bu islahatlar təbii ki, beynəlxalq reytinq təşkilatlarının hər il açıqladıqları hesabatlarda da öz əksini tapır. Azərbaycan ildən-ilə hesabatlarda mövqeyini yaxşılaşdıraraq bir çox böyük dövlətləri arxada qoyur.

Son bir neçə ildə hazırlanan beynəlxalq hesabatlara nəzər yetirsək bunu aydın şəkildə görərik. Məsələn, əgər Azərbaycan Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2017” hesabatında 65-ci pillədə qərarlaşmışdısa, bir il sonra "Doing Business 2018” hesabatında 8 pillə yüksələrək 57-ci yeri tutdu. 190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən, Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılırdı.

"Doing Business 2019” hesabatında isə Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı. Bununla da dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəldi.

Hesabatda deyilirdi ki, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib.

Onu da vurğulayaq ki, "Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların dəqiqləşdirilməsi məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Əgər, 5 il öncə ABŞ-n "The Heritage Foundation” analitik mərkəzinin hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdusa, "İqtisadi Azadlıq İndeksi-2018”də 67-ci, bu il isə 180 ölkə arasında 60-cı yerə yüksəlib.

Bütün bunlar cənab İlham Əliyevin məqsədyönlü, dərin və köklü iqtisadi islahatlarına verilən beynəlxalq qiymətdir. Əksər beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda ölkə iqtisadiyyatının real vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirməsi təbii ki, təsadüfi deyil. Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik. Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, iqtisadi cəhətdən azad olan Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Bütün bu uğurlar böyük iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi və siyasi iradə nəticəsində mümkün olub. Bu, həm də Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Bu ilin 6 ayının digər makroiqtisadi göstəriciləri də deməyə əsas verir ki, 2019-cu il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr olacaq.

Əminliklə deyə bilərik ki, həyata keçirilən uğurlu iqtisadi islahatlar, reallaşan sosial-iqtisadi layihələr nəticəsində növbəti illərdə açıqlanacaq beynəlxalq hesabatlarda ölkəmizin mövqeyi daha da yaxşılaşacaq. Son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar həyata keçirilib. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə "bir pəncərə” sistemi, biznesə başlama, elektrik təchizatı şəbəkələrinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı və digər sahələrdə mühüm işlər görülüb və davam etdirilir. Bu səbəbdən deyə bilərik ki, Azərbaycan növbəti ildə də "ən islahatçı ölkə” statusunu qoruyub saxlaya biləcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video