"Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib. İclasda əsas mövzu Festivalda Azərbaycan milli komandasının bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar komandamızın bayraqdarı kimi 15 yaşlı cüdoçu Vüqar Talıbovun seçilməsinə üstünlük veriblər.
Beləliklə, XV Avropa Gənclər Olimpiya Festivalının iyulun 21-də "Bakı Crystall Hall”da keçiriləcək açılış mərasimində Azərbaycanın bayrağını V.Talıbov daşıyacaq.
V.Talıbov 2003-ci il avqustun 11-də anadan olub. O, 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa Kubokunun qalibi, eləcə də Afrika Kubokunun gümüş, Asiya Kubokunun bürünc mükafatçısıdır.