19 Iyul 2019 00:28
1297
SİYASƏT
A- A+

Böyük islahatlar ili


İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halının daha da yüksəldilməsinə yönəltməkdir


Müasir Azərbaycan cəmiyyəti öz inkişafının elə bir tarixi mərhələsini yaşayır ki, hər bir vətəndaş dövlətin iqtisadi inkişafının uğurları fonunda xalqın sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərə şahidlik edir və atılan addımları düzgün qiymətləndirə bilir. Bu gün həqiqətən Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə hətta bir çox böyük ölkələrdə belə müşayiət olunmur. Ölkəmizin hər bir vətəndaşı aydın şəkildə dövlətin onun yanında olduğunu görür və bunu yüksək dəyərləndirir. İlin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar təsdiq etdi ki, dövlətin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halının daha da yüksəldilməsinə yönəltməkdir.

Son 16 ildə, yəni 2003-cü ildən ötən dövrdə əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi bunu təsdiqləyir. 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.

Təkcə bu il ərzində minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi və əhalinin sosial müdafiəsinin yüksəldilməsi sahəsində atılan addımların əhatə dairəsini daha da genişləndirmək məqsədilə imzalanan sənədlər əlbəttə ki, xalqın dövlətə, onun liderinə olan inam və etimadını daha da gücləndirir.

2019-cu ildə elə bir sahə yox idi ki, maaşlarda, eləcə də sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin. Prezidentin sosial islahatlar paketi çərçivəsində bu il təqdim etdiyi iki sosial paket xalqın rifahının yüksəldilməsi istiqamətində bir-birinin ardınca atılan inqilabi xarakterli addımlar idi. Dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib. Aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.

Cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.

Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını bir daha təsdiqlədi. İlin birinci rübünün yekunlarına dair keçirilən iclasda dövlət başçısı bildirmişdi ki, sosial sahədəki artımlar dövləti qane etmir və yaxın zamanlarda minimum pensiya və müavinətlər, əməkhaqlarında artımlar olacaq. İki ay sonra dövlət başçısı imzaladığı sərəncamlarla bir daha verdiyi sözə, vədə sadiq olduğunu təsdiqlədi.

Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyəcək. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox olacaq. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.

Həmçinin Prezidentin sərəncamı ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Göründüyü kimi, il ərzində minimum əməkhaqları, əmək pensiyası artıq ikinci dəfə ciddi şəkildə artır. Belə ki, əgər mart ayına qədər minimum əməkhaqqı 130 manat idisə, bu rəqəm 3 ayda iki dəfə artaraq əvvəlcə 180, sonra isə 250 manata yüksəldi. Bu, ümumilikdə 92,3 faiz artım deməkdir. Mart ayınadək olan minimum pensiya 116 manat idisə, iki sərəncamla əvvəl 160, sonra isə 200 manata yüksəldi. Yəni minimum pensiyanın məbləğində 72,4 faiz artım edildi. Bu isə o deməkdir ki, oktyabr ayından ölkədə 200 manatdan aşağı pensiya alan olmayacaq.

Cənab İlham Əliyevin sosial siyasətinin davamı kimi cari ilin ötən dövründə həyata keçirilən və vətəndaş rifahının yüksəldilməsinə xidmət edən iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq ki, bu da Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına xüsusi diqqətini və qayğısını bir daha göstərir.

Bütün bu uğurları şərtləndirən amil əlbəttə ki, ölkənin uğurlu iqtisadi inkişafıdır. Həyata keçirilən iqtisadi islahatlardan əldə edilən dividendlər artıq sosial sferaya yönəldilir.

Bu gün Azərbaycanın iqtisadi inkişafı göz önündədir. Prezident İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşdə söylədiyi kimi, hazırda Azərbaycan dövləti ölkə iqtisadiyyatının şaxələndirilməsi üzərində işləyir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması dövlətin əsas vəzifəsidir.

İqtisadi inkişaf göstəricilərinə nəzər yetirsək, aydın şəkildə iqtisadi islahatların real nəticələrinin şahidi olarıq. Belə ki, bu il ölkədə qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. Hətta beynəlxalq təşkilatların proqnozları da müsbətdir. Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu isə 3,4 faiz artacağını proqnozlaşdırır. Ötən il iqtisadiyyata 8,2 milyard dolları xarici investisiyalar olmaqla 15,3 milyard dollar sərmayə yatırılıb. Bütün bunlar isə iqtisadiyyatın şaxələndirilməsinin yaxşı nəticələr verdiyini bir daha təsdiqləyir.

Maaşların, pensiyaların, müavinətlərin və təqaüdlərin bir il ərzində bir neçə dəfə artırılması əhalinin sosial durumuna ciddi şəkildə təsir edəcək və insanların alıcılıq qabiliyyətini artıracaq. Atılan addımlar, eyni zamanda beynəlxalq reytinq təşkilatları tərəfindən də təqdir edilir. Proseslər göstərir ki, aparılan sosial siyasətin alternativi yoxdur. Ölkəmiz inkişaf, tərəqqi yolunu seçib və əminliklə deyə bilərik ki, 2019-cu il müasir Azərbaycan tarixində islahat ili kimi yaddaşlara həkk olunacaq.

Prezident İlham Əliyev may ayının 16-da Pirallahı Sənaye Parkında "Diamed” şpris istehsalı zavodunun açılış mərasimində də bu məsələyə toxunaraq islahatların davam edəcəyini vurğulamışdı: "Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm, ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir”.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video