18 Iyul 2019 00:34
2188
Təhsil
A- A+

Azərbaycan müəllimini seçir


"Anamla imtahana gəlmişəm. İndi onu gözləyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sakit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni alacaq”- deyə 3 yaşlı balaca Qumral bizimlə şirin-şirin söhbət edir. Anasını imtahana yola salanda isə deyib ki, "ana, imtahandan gülə-gülə çıx...”

Həyəcanlı namizədlər, var-gəl edən doğmalar ilə birlikdə Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilən müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyirik.

İmtahan verən bacısını gözləyən Nicat Məmmədov söyləyir ki, Masallı rayonundan gəliblər. Artıq ikinci dəfədir ki, müəllimlərin işə qəbul imtahanında iştirak edən bacısı, yaşadıqları ərazi üzrə vakansiyaya düşə bilmədiyinə görə yenidən özünü sınamaq qərarına gəlib: "O, imtahana girən zaman özünəinamlı idi və buna görə də tezliklə yaxşı nəticə əldə etməsi ilə bağlı sevincli xəbər gözləyirəm”.

Gülnarə Babayeva isə imtahana qızını gətirib. Gülnarə xanım da qızının yaxşı bal toplayacağına əmin olduğunu deyir və söyləyir ki, artıq neçə müddətdir ki, övladı müəllimlərin işə qəbul imtahanına hazırlaşır. O, Bakı şəhərindəki məktəblərdən birində işləmək istəyir.

İmtahanda iştirak etmək üçün həyat yoldaşı ilə bərabər Bərdə rayonundan gələn Yeganə Məhərrəmova söyləyir ki, o da ikinci dəfədir ki, bu imtahanda iştirak edir: "Ötən dəfə cəmi iki balım çatmadı ki, istədiyim vakansiyaya düşüm, amma çox çalışmışam ki, nəticəmi yaxşılaşdırım və əminəm ki, buna nail olacam”.

Astara rayonundan gələn Elza Hüseynova isə söyləyir ki, müəllimliyi, uşaqlarla işləməyi çox sevdiyi üçün imtahandan maksimum bal yığmağı planlaşdırır.


Test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb


Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48204 namizəd iştirak hüququ qazanıb. İyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.


Müəllimlərin işə qəbulu prosesinə son 5 il ərzində xüsusi diqqət var


İmtahanın gedişi barədə məlumat verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov söylədi ki, indiyə qədər 23 minə yaxın namizəd imtahan prosesində iştirak edib. Artıq bir sıra fənlər - tarix, coğrafiya, fizika, alman dili və ingilis dili üzrə imtahanlar yekunlaşıb. Hazırda ibtidai sinif ixtisası üzrə imtahan prosesi keçirilir.

Cəsarət Valehov bildirir ki, müəllimlərin işə qəbulu prosesinə son 5 il ərzində xüsusi diqqət var. Nəticə onunla bağlıdır ki, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedoqoji ixtisaslara qəbul olunanların göstəriciləri kifayət qədər artıb. Azərbaycanın təhsil tarixində ilk dəfə 3000 nəfərə yaxın abituriyent 500 və daha yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib ki, bu da böyük uğurdur. Həmçinin bu o deməkdir ki, artıq Azərbaycanda müəllimlik nüfuzlu peşəyə çevrilib. Buna görə də bu imtahanlarda iştirak ilbəil artır. Məsələn, ötən il 51 min nəfər, bu il isə 55 minə yaxın şəxs elektron qeydiyyatdan keçib, müəllim olmaq üçün müraciət edib. Vakant yer seçimi isə iyulun 24-dən sonra başlayacaq. Ötən il 12 min nəfərdən artıq şəxs müəllimliyə qəbul olub: "Bu isə son illər ərzində ən böyük göstəricidir. Məsələn, 2014-cü ildə müəllimlik üçün vakansiya seçənlər 1500 nəfərdən artıq deyildi. Bu il isə ilkin mərhələdə 7500 vakansiya elan olunub, ilboyu isə bunun 10 min nəfərdən artıq olacağı gözlənilir”.

Qurum rəsmisi qeyd edir ki, imtahan iştirakçılarına hər cür rahat şərait yaradılıb. Həyətdə Təcili Tibbi Yardım, həmçinin yanğınsöndürən maşın gözləyir, imtahan keçirilən zalda isə temperatur 22 dərəcədir. İştirakçılar hər hansı məsələ ilə bağlı prosesi izləyən nəzarətçilərə müraciət edə bilərlər. Həmçinin zallarda çoxsaylı kameralar quraşdırılıb və daimi nəzarət aparılır.


Vakant yeri qazanmaq hüququ əldə edən şəxslər müsahibəyə dəvət olunacaqlar


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov söylədi ki, bu il də müddətli əmək müqaviləsi ilə işə qəbul mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Bu imtahanlar həmişə təhsil işçilərinin peşəkar inkişafı institutu nəzdində İnsan resursları mərkəzi tərəfindən keçirilir. İlkin mərhələ üçün 7 minə yaxın vakant yer çıxarılacaq. Yeni yaranan yerlər əlavə yerləşdirmə mərhələsi üçün elan ediləcək. İyulun 24-dən sonra isə apelyasiya həyata keçiriləcək. Test imtahanları ilə bağlı müraciətlərə baxılacaq. Sonra vakant yer seçimi prosesi keçiriləcək. Vakant yeri qazanmaq hüququ əldə edən şəxslər müsahibəyə dəvət olunacaq: "İndi də nazirliyə imtahanla bağlı müraciət edənlər olur. Onlar əsasən nəticələrindən narazı olanlardır. Bəziləri sualların çətin olduğundan şikayətlənir. Amma bütün suallar hər bir fənnin proqramına uyğun ali və ümumtəhsil müəssisələrində çalışan ekspertlər tərəfindən hazırlanıb, dəfələrlə ekspertizadan keçirilib. Ona görə suallarda hər hansı bir problem yoxdur. Problem yarandığı təqdirdə imtahan zalında nəzarətçilər də var, fənn ekspertləri də. Onlar tərəfindən dərhal yerindəcə rəy bildirilir”.


58 balın sevinci...


Budur, artıq foyedə canlanma yarandı və imtahan verənlərin bir qismi qazandıqları nəticələri yaxınları ilə bölüşməyə tələsir. Kimisi sevinclidir, kimisi göstərdiyi nəticədən məyus...

Şad xəbər tez yayılar frazası da bir daha öz təsdiqini tapır və maksimum 60 baldan 58-ni yığanların müjdəsi də verilir.

"58 bal həqiqətən gözlədiyim göstərici idi. Suallar mənə çətin gəlmədi və hər birini asanlıqla cavablandırdım. Sonda gözlədiyim nəticəni əldə etdiyim üçün çox sevinirəm” - deyə Lalə Babayeva sevincini bizimlə bölüşür.

Artıq imtahanlarda ikinci dəfədir ki iştirak edən Pedoqoji Kollecin məzunu Aidə Mikayılzadə də 58 bal sevincini yaşayanlardandır: "Birinci dəfə imtahandan 39 bal yığmışdım, amma qarşıma məqsəd qoyub bu il daha yüksək bal topladım. Ən böyük arzum müəllimlik adına layiq görülmək idi”.

Həyəcandan sevincini dilə gətirə bilmədiyini söyləyən Günel Namazova isə deyir ki, 2017-ci ildə Lənkəran Dövlət Humanitar Kollecini bitirib. İki dəfə müəllimlərin işə qəbulundan az nəticə toplasa da, məqsədindən dönməyib və çalışaraq yüksək nəticə əldə edib: "Hədəfim 60 bal idi və 58 bal toplayaraq bu nəticəyə yaxınlaşdım. Qarşıda məni müsahibə mərhələsi gözləyir, oranı da uğurla adlayıb müəllimlik adına layiq görüləcəm”.

Yavaş-yavaş imtahan keçirilən məkanı tərk edirik. Müəllim olmaq üçün yarışa girənlərin çoxluğu və yüksək bal toplayanların qüruru və sevinci onu deməyə əsas verir ki, bu gün Azərbaycan müəllimi cəmiyyətin ən sevilən, ən nüfuzlu təbəqəsidir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video