17 Iyul 2019 00:46
813
İQTİSADİYYAT
A- A+

“Şahdəniz-2” “Ən yaxşı mühəndislik layihəsi” mükafatına layiq görülüb


"Şahdəniz-2” "Royal Academy of Engineering” ("Kral Mühəndislik Akademiyası”) tərəfindən "Ən yaxşı mühəndislik layihəsi” mükafatına layiq görülüb.

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson mükafata layiq görülən "Şahdəniz-2” layihəsində sənayenin ən müasir texnologiyalarından istifadə edildiyini bildirib.

"The Royal Academy of Engineers”in mükafat komitəsinin sədri Raffaella Ocone isə qeyd edib ki, "Şahdəniz-2” layihəsi mühəndislik həllərinin öhdəsindən layiqincə gəlinməsinin əyani sübutudur.

BP-nin mühəndislik meneceri Mark Tatum 2018-ci ildə layihə üzrə Türkiyəyə ilk təbii qaz həcmlərinin təhlükəsiz və etibarlı tədarükünü "Şahdəniz-2”nin mühüm uğuru adlandırıb.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağının işlənməsinə BP (28,8 faiz iştirak payı ilə) operatorluq edir. Digər tərəfdaşlar isə TPAO (19 faiz), AzŞD (10 faiz), "Cənub Qaz Dəhlizi Apstrim” (6,7 faiz), PETRONAS (15,5 faiz), "LUKoyl” (10 faiz), NİKO (10 faiz) şirkətləridir.

"Şahdəniz” nəhəng bir yataqdır, təxminən 860 kvadratkilometr sahəni əhatə edir. 1999-cu ildə kəşf edilmiş bu zəngin karbohidrogen mənbəyi 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat ehtiyatlarına malikdir. Yataqdan ilk hasilat 2006-cı ildə əldə olunub. Həmin vaxtdan Azərbaycana və Gürcüstana, az sonra isə Türkiyəyə qaz nəqlinə başlanıb.

2018-ci ildə "Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

İl ərzində yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil olunub.

Keçən il, həmçinin "Şahdəniz”dən ümumi qaz hasilatının 100 milyard kubmetrə çatması qeyd edilib. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlanmasının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşməsinin elan edildiyi vaxtdan 12 il sonra - dekabrın axırlarında əldə olunub.

"Şahdəniz-2” yatağın işlənməsinin mühüm bir mərhələsini əhatə edən layihədir. Buradan qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşu həyata keçirilib.

"Şahdəniz-2” ilk dəfə olaraq Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq "Cənub qaz dəhlizi”nin başlanğıc nöqtəsidir. Ən yüksək sabit hasilat dövründə bu layihə çərçivəsində ildə 16 milyard kubmetr qaz əldə ediləcəyi gözlənilir. Beləliklə, birinci mərhələnin hasilatı da daxil olmaqla "Şahdəniz”dən hər il 26 milyard kubmetr qaz çıxarılacağı nəzərdə tutulur. Yataqdan kondensat da hasil edilir ki, bunun da gündəlik ümumi həcmi gözlənildiyinə görə 120 min barel olacaq.

"Şahdəniz-2”nin müvəffəqiyyətlə işə düşməsi keçən il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin açılış mərasiminin keçirilməsinə imkan verdi. "Şahdəniz-2”dən sonra - iyunun 12-də bu nəhəng layihənin növbəti seqmenti olan

TANAP (Transanadolu Qaz Boru Kəməri) işə salındı. İyunun 30-dan isə "Şahdəniz-2” layihəsindən plana uyğun şəkildə Türkiyəyə ilk kommersiya məqsədli daşımalar başlandı.

"Şahdəniz” qazının ixracı ahəngdar davam edir. Mavi yanacağın ixracının getdikcə artacağı gözlənilir. Belə ki, bu il ərzində TANAP-la Türkiyəyə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan qazının daşınacağı nəzərdə tutulur.

Hazırda TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi də sona çatmaq üzrədir. Bu kəmər gələn il "Şahdəniz” qazını Avropaya çatdıracaq. Beləliklə, ilk seqmenti "Şahdəniz-2” olan, öz marşrutu boyu dağlarda 2500 metr hündürlüyə qalxan və dəniz dibində 800 metr dərinliyinə enən 3500 kilometrlik "Cənub qaz dəhlizi” tam işə düşəcək.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video