"Aqrolizinq” ASC tərəfindən karbamid gübrəsinin bütün regional nümayəndəliklərə və rayon bölmələrinə daşınması həyata keçirilir.
Xatırladaq ki, "Aqrolizinq” ilə "SOCAR Karbamid” MMC arasında 25 min ton karbamid gübrəsinin alınması üçün müqavilə imzalanıb. Müqavilənin imzalanması ASC tərəfindən 2018-2019-cu əkin ili üzrə qeydə alınan və 2019-2020-ci əkin ilində proqnozlaşdırılan əkin sahələrinin karbamid gübrəsinə olan tələbatın hesablanması əsasında həyata keçirilib. İyulun 15-də "SOCAR Karbamid” MMC-nin direktoru Xəyal Cəfərov və "Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanovun iştirakı ilə karbamid məhsulunun ilk alqı-satqısı təşkil olunub.
Artıq ASC tərəfindən gübrələrin güzəştli satışa çıxarılmasını təmin etmək məqsədilə karbamid gübrəsinin bütün regional nümayəndəliklərə və rayon bölmələrinə daşınması həyata keçirilir. Fermer təsərrüfat subyektlərinin rəhbərləri və sahibkarlar bütün regional nümayəndəliklərə və rayon bölmələrinə müraciət edərək həmin gübrələri asanlıqla əldə edə bilərlər. "Aqrolizinq” tərəfindən əlavə olaraq gübrələmə mövsümündə cəmiyyətin bölmələrindən uzaqda yerləşən kəndlərdə karbamid gübrəsinin səyyar satışı da həyata keçiriləcək.
"Məhsul istehsalçılarının nəzərinə çatdırılır ki, yerli istehsal olan karbamid gübrəsi ötən illərdə xarici ölkələrdən gətirilən gübrələrdən daha ucuz qiymətə satılacaq, bu da ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə, məhsuldarlığın artmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və daxili bazarda satışa çıxarılan keyfiyyətli məhsulların istehsalının artımına səbəb olacaq”, - deyə ASC-nin məlumatında bildirilir.
Azot gübrələri kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdə həlledici rol oynayır. Bu gübrələr bütün torpaq-iqlim zonalarında yüksək effektivliyi ilə fərqlənir. Əksər mineral azot gübrələri suda yaxşı həll olunur, torpaqdan asan yuyulur. Azot gübrələrindən ammonyak nitrat və karbamid daha geniş yayılıb.