17 Iyul 2019 00:23
1866
İQTİSADİYYAT
A- A+

Dünyada orqanik kənd təsərrüfatı məhsullarına tələbat artır


Azərbaycanın bu fürsətdən istifadə etmək imkanı var


Dünya əhalisi sürətlə artır. Artıq 7,5 milyard nəfərdən çoxuq. BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların hesablamalarına görə, əhalinin artımı qarşıdakı illərdə daha da sürətlənəcək. Bu isə o deməkdir ki, ərzağa olan tələbat da artacaq. Yəni, dünyanın ərzaq qıtlığı təhlükəsi ilə qarşılaşacağı qaçılmaz olacaq.

Hazırda dünyada əhalinin ərzağa olan tələbatının ödənilməsi üçün kənd təsərrüfatının inkişafına diqqət çoxdur. Bu məqsədlə aqrar sektorda mütərəqqi texnika və texnologiyaların intensiv tətbiqi ilə ilk növbədə məhsuldarlıq artırılır. Lakin tələbatın tam ödənilməsi iddiasında olmaq hələ tezdir. Qeyd edək ki, tələbatın artması kənd təsərrüfatı məhsullarının qiymətinə də təsir göstərir. Bu isə inkişaf etmiş ölkələrdə aqrar sektoru rentabelli sahəyə çevirib, investisiya qoyuluşuna marağı artırıb.

Məlumdur ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün müxtəlif intensiv üsullardan bəzən həddən artıq istifadə edilir. Sözsüz ki, belə üsullar, yəni gübrə və minerallardan normadan çox istifadə edilməsi məhsulun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir. Ən qorxulusu isə geni dəyişdirilməklə (GDO-lu) məhsulların yetişdirilməsidir. Dünya alimləri arasında belə məhsulların insan üçün ziyanlılığı olub-olmaması barədə mübahisələr davam etsə də, bu növ qidaların insan üçün zərərli olmasına meyil daha çoxdur.

Laboratoriya şəraitində yetişdirilən GDO-lu məhsulların insan orqanizminə toksik, allergik və xərçəng əmələgətirmə kimi xroniki təsirləri var. Belə məhsulların yetişdirilməsinə ötən əsrin 90-cı illərindən müxtəlif ölkələrdə etirazlar olmuşdu. Bu üzdən Avropa ölkələrində belə məhsullardan istifadə edilməsi müəyyən qədər məhdudlaşdırılır. Həmin məhsullar heyvan və bitki populyasiyaları üçün olduqca zərərlidir. Əsas problemlərdən biri GDO-lu məhsulların orqanizmdə geridonüşü olmayan dəyişikliklərə yol açmasıdır. GDO-lu yemlərlə bəslənən heyvanlardan əldə olunan süd, yumurta, ət də qida üçün yararlı deyil. Bu üsulla yetişdirilən yemlər antibiotikə qarşı davamlı, məhv edilə bilməyən bakteriyalar yaradır. İnsanlar bu cür qidalardan istifadə etdikdə orqanizmində dözümlü bakteriyalar əmələ gəlir. Həmin bakteriyalar təsirini yavaş-yavaş göstərərək bir neçə il sonra müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

GDO-lu məhsulların heyvanlar üzərində aparılan təcrübəsi də onun zərərli olduğunu göstərib. Məsələn, geni dəyişdirilmiş pomidorla bəslənən şiçanlarda mədə xorası xəstəliyi yaranıb. GDO-lu soya ilə bəslənən siçanlarda isə qaraciyər və mədəaltı vəzin funksiyalarında pozğunluqlar meydana çıxıb. Təbii ki, heyvanlarda fəsadlar yaradan bu məhsullar insan üçün daha təhlükəlidir.

Odur ki, hazırda dünyada ekoloji cəhətdən təmiz orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə tələbatın gündən-günə artması anlaşılandır. Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Federasiyası (İFOAM) və FİBL Araşdırma İnstitutu tərəfindən 2017-ci ilin fevral ayında açıqlanan hesabata görə, dünyada 2,4 milyon istehsalçı 51 milyon hektar sahədə orqanik məhsullar yetişdirir. Ən çox orqanik məhsullar yetişdirilən ölkələr sırasında Avstraliya öndə gedir. Bu ölkədə 22,7 milyon hektar orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən sahə var. İkinci yerdə 3,1 milyon hektarla Argentina, üçüncü yerdə 2 milyon hektarla ABŞ gəlir. Bununla belə, dünya üzrə orqanik məhsul istehsalı ənənəvi kənd təsərrüfatı ilə müqayisədə 1 faiz paya malikdir. Hazırda Türkiyədə ümumi əkinçilik sahələrində orqanik məhsul yetişdirilən ərazilərin payı 1,95 faizdir. Qardaş ölkədə orqanik məhsul bazarının dəyəri 500 milyon dollar səviyyəsindədir ki, həmin məhsulların da çox hissəsi ixrac edilir.

Orqanik kənd təsərrüfatı məhsulları digər məhsullardan hansı parametrlərinə görə fərqlənir? Belə məhsullar insan sağlamlığına və ətraf mühitə zərər vermir, onların istehsalında heç bir kimyəvi maddədən istifadə edilmir, istehsalından istehlakına qədər hər mərhələsinə nəzarət olunur. Orqanik ərzaq məhsulları geni dəyişdirilməmiş, hormonsuz, kənar gübrə istifadə etmədən, dərmansız və daha önəmlisi, qatqı maddəsiz yetişdirilən qidalardır. Belə məhsulların yetişdirilməsində əsas məqsəd qida kimi əhəmiyyətli bir sahədə istehsal zamanı insan sağlamlığının ön planda tutulmasıdır.

Azərbaycanın iqliminə və torpağının münbitliyinə görə orqanik kənd təsərrüfatı məhsulları yetişdirmək imkanı genişdir. Ümumdünya Ərzaq Təşkilatının (FAO) orqanik kənd təsərrüfatı məhsulları üzrə beynəlxalq məsləhətçisi Uyğun Aksoy deyir ki, Azərbaycanda orqanik məhsulların istehsalı ilə bağlı hüquqi baza tam formalaşıb. Bundan əlavə, Azərbaycanda istehsal olunan orqanik məhsullar beynəlxalq standartlara uyğundur, xaricdəki analoqları ilə eyni keyfiyyətə malikdir və onlara verilən sertifikatlar bütün dünyada tanınır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video