17 Iyul 2019 00:19
545
SİYASƏT
A- A+

Sülhü savaşa qurban verənlər


Ermənistanın BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilmək cəhdi canavarın quzu cildinə girmək istəyinə bənzəyir


İşğalçı Ermənistanda iqtidarla müxalifət arasında ziddiyyətlər dərinləşir desək, düz olmaz, çatlar və dərinləşmələr çoxdan baş verib. Artıq münasibətlər uçuruma dirənib. Bu isə o deməkdir ki, münasibətlər xaos halına çatıb, ağız deyəni qulaq eşitmir, beyin isə dərk etmək gücündə deyil.

Ermənistanda hakimiyyət dəyişmələrini ümidlə müşahidə edənlər də artıq başa düşürlər ki, son 30 ilin siyasi elitası erməni xalqından daha çox erməni diasporunun çaldığı havaya züy tutur. Ermənistana gələn yardımlar onların əlindən keçir. Siyasi etiket pul kisəsinə baş əyib xaç çəkməyi tələb edir.

Erməni diasporu üçün erməni xalqının sülhdə yaşamasından daha çox Qafqazda münaqişələrin daim közərməsi, bütün qonşu ölkələr arasında münaqişələrin dərinləşməsi lazımdır.

Xocalı soyqırımının təşkilatçılarından olan, dinc əhaliyə divan tutan və adı hərbi cinayətlərdə hallanan Serj Sarkisyanın iç üzü onda açıldı ki, o, azərbaycanlılara qarşı etdikləri cinayətlər qədər də öz xalqına divan tutub. Ölkədən qaçıb gedən ermənilərin sayı Ermənistandan və işğal altındakı Azərbaycan ərazilərindən qovulan azərbaycanlılardan heç də az deyil. Sarkisyanın zamanında baş verən əsgər ölümləri, korrupsiyanın ərşə çıxması və hətta hərbçilərin belə ağlasığmaz korrupsionerlərə çevrilməsi ermənilərə sübut etdi ki, Serj kimi liderdən düşmən daha yaxşıdır.

"Məxməri inqilab” nəticəsində Sarkisyan hakimiyyəti başında beysbol kepkası, kürəyində xurcun, dilində bol vədlərlə İrəvana girən Paşinyana ötürməyə məcbur oldu. Paşinyanı ermənilər az qala əfsanəvi xilaskar kimi qarşıladılar. İnsan çətinə düşəndə kiməsə inanmaq istəyir. Ermənilər də fikirləşdilər ki, Qərbdən gələn demokratik imicli birisi nə olursa olsun, köhnələrdən pis olmayacaq.

Paşinyanın şabaş kimi sağa-sola səpələdiyi bəyanatlar, verdiyi vədlər elə təsəvvür yaradırdı ki, o həqiqətən də xalqa yaxındır, varisləri qədər qəddar deyil, verdiyi vədlərə sahib çıxacaq, ölkəni sülhə kökləyəcək. Amma hakimiyyətə gəldiyi gündən üzə çıxdı ki, o nə qədər kükrəsə də, erməni diasporunun buyruq quludur, sələfləri kimi uzaqdan idarə olunur, əsas tapşırığı da Rusiyaya bağlı siyasiləri və biznesmenləri dənləmək, şimal qonşusunun dayaqlarını ləngərlədib müvazinətdən çıxarmaqdır.

Baş nazirin ölkəyə investisiyaların çay kimi axacağı, bütün sahələrdə intibahın baş verəcəyi ilə bağlı vədləri söz olaraq qaldı. O, demokrat kimi hakimiyyətə gəlsə də, oğlunu təmtəraqla Qarabağa, işğal altındakı ərazilərə savaşa yola saldı və Sarkisyandan da betər, demokratik lider əxlaqı ilə uzlaşmayan bəyanatlarla beynəlxalq hüquq normalarına məhəl qoymadan Azərbaycan ərazilərini "özəlləşdirməyə” cəhd etdi.

Zaman keçdikcə onun populyar şüarları əvvəlki sehrini itirib dəbdən düşdü. Yerinə yetirmədiyi vədlər onu xalqın gözündən salır, tənqid hədəfinə çevirir. İrəvanda faşizmi təbliğ etməklə, nasist şüarları ilə kütlələri xofda saxlamaq təəssüf ki, hələ də dəbdədir. Siyasi liderlərin ölkəni idarə etmək üçün başqa alətləri yox dərəcəsindədir. Rəsmi mətbuatın "zəncir”i Paşinyanın komandasının əlindədir və onu istədikləri hədəfə "qısqırdır”, istədiklərinə də "quyruq bulamağa” məcbur edir. Paşinyanın rəsmi mediası bir yandan emal sənayesi və yüksək texnoloji məhsulların ixracının artmasına dair yalan bəyanatlar tirajlayır, bir yandan da demokrat kəlağayısından yaşmaq vurub faşizmin əsarətində inləyən ermənilərə özlərini azadlıq carçısı kimi təqdim edir. Eyni zamanda rəsmi mediada Azərbaycanın iqtisadi uğurlarına kölgə salmağa cəhdlər olunur, qeyri-obyektiv yazılar baş alıb gedir. İş o yerə çatıb ki, belə ucuz təbliğat elə erməni mətbuatının özündə də atəşə tutulur.

Erməni jurnalisti Ovik Karapetyan yazır ki, hökumətin nəzarətində olan medianın Azərbaycanla bağlı yazdıqları həqiqətə uyğun deyil və real vəziyyəti əks etdirmir. Azərbaycanda problemli kreditlərlə bağlı verilən fərman, əhalinin gəlirlərinin artırılmasına xidmət edən sosial paketlər, minimum əməkhaqqının bir ildə iki dəfə artırılması bütünlükdə birbaşa və ya dolayısı ilə bütün insanlara təsir edir. Bu da onların dövlətə olan güvənini möhkəmlədir. Erməni jurnalisti soruşur ki, niyə bizdə bunlar yoxdur? Niyə bizdə də vətəndaş dövlətin onun yanında olduğunu hiss etmir? Ona görə də ölkəni tərk edənlərin sayı durmadan artır, qalanlar da hər şeydən narazıdır. Hökumətin isə hələlik bunları fikirləşməyə vaxtı yoxdur.

Erməni politoloq Armen Badalyan etiraf edir ki, "məxməri inqilab” Ermənistanda kriminal oliqarxların kənarlaşdırılması və bir adamın hakimiyyətinin bərqərar olması ilə nəticələnib. İndisə yüksək vəzifələrə Paşinyanın yaxın dairəsi yerləşdirilir.

Bir sözlə, hələ də erməni milli nasist ideologiyasının banisi faşist Njdenin abidəsinə hamının baş əydiyi ölkədə siyasi rəhbərliklə rejimdən əziyyət çəkən sadə insanların yolları haçalanır. İnsan haqlarının kütləvi surətdə pozulması, günahsız adamların həbs edilməsi adi haldır. Ölkə daxilində vətəndaşlarının haqlarını pozan, qonşuları ilə müharibə şəraitində yaşayan və hamıya ərazi iddiaları ilə dirənən bugünkü Ermənistanın təmsilçisi BMT-nin İnsan Hüquqları Şurasında çıxış edir, dünyaya demokratiya dərsləri verməyə cəhd edir. Artıq aylardır ki, Ermənistan BMT-nin İnsan Hüquqları Şurasına üzv olmaq üçün dəridən-qabıqdan çıxır...

Erməni siyasi elitası etiraf etmək istəmir ki, erməni xalqı faşizmin əsarətindədir, onlar başqa ölkənin ərazilərini zəbt edən işğalçılardır. Elə düşünürlər ki, beynəlxalq aləmdə siyasi sırtıqlıq diplomatiyanın yeni bir növü kimi uğur gətirə bilər. Siz deyin, Ermənistanın monoetnik dövlətə çevrilməsinin, bütün digər xalqların müxtəlif yollarla sıxışdırılıb ölkədən çıxarılmasının, işğal edilmiş Azərbaycan ərazilərində qondarma hərbi rejimin yaradılmasının, Xocalı soyqırımının törədilməsinin demokratik dəyərlərlə hansısa bir əlaqəsi varmı? Bu qədər saysız cinayətləri törədən dövlətin BMT-nin İnsan Hüquqları Şurasına üzvlüyünü irəli sürməyə haqqı varmı? Təbii ki, yoxdur.

Amma cari ilin payızında Ermənistan BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilmək üçün əlindən gələni edəcək. Qoy, BMT-yə üzv olan dövlətlər fikirləşsinlər və cavab versinlər ki, Ermənistanın bu quruma seçilməsinə yol vermək olarmı? Dünyanın bütün demokratik ölkələri, müxtəlif ranqlı və çaplı beynəlxalq qurumlar əllərindən gələni etməlidirlər ki, İrəvan demokratiyadan danışanda dünyada sülhə və sabitliyə vurduğu zərbələri də etiraf etsin.

Böyük güclər, superdövlətlər anlamalıdırlar ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, zorakılıq, seçki prosesinin saxtalaşdırılması və işğallar, Xocalı soyqırımı və digər etnik təmizləmələr bu ölkənin bütün demokratik qurumlara gedən yollarını bağlayır. Müasir dünya düzənində işğalçı ölkəni qalib kimi qarşılamaq bəşəriyyətin sülhə verdiyi dəyərlərə xəyanətdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video