2013-cü ildə Ərəbistan dənizində Pakistanın Qvadara şəhəri yaxınlığında yaranmış Zəlzələ adasını artıq peykdən çəkilmiş şəkillərdə görmək mümkün deyil. Ada ölkənin cənubunda Belucistan və Sind əyalətində baş vermiş 7,7 bal gücündə zəlzələdən sonrakı vulkan püskürməsi nəticəsində formalaşmışdı. Onun hündürlüyü 20 metr, eni 90 metr, uzunluğu 40 metrdir.
Pakistanın Milli Okeanoqrafiya İnstitutu (NIO) adanın yoxa çıxması faktını təsdiq etmişdir. Bununla bağlı NIO-nun keçmiş direktoru Asif İnam demişdir: "Bu sahillərdə palçıq adalarının tarixi uzaq keçmişə gedir. Məsələn, 1945-ci ildə Məkranda baş vermiş zəlzələ nəticəsində dörd palçıq adası yaranmışdı. Zəlzələ adası da həmin struktura malik idi. Ərəbistan dənizindəki bu adacıqlar dəniz dibinin altında mövcud olan metan qazı hesabına formalaşır”.