İranda Fransa vətəndaşı olan fars mənşəli akademik Fəribə Adelhanın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) əməkdaşları tərəfindən tutulduğu bildirilir. Bu barədə BBC xəbər verir.
Məlumata görə, antropoloq-alimə konsulla əlaqə saxlamağa icazə vermirlər. Paris Tehranı məsələni tam aydınlaşdırmağa çağırmışdır.
Fransa KİV-i yazır ki, Parisdəki Siyasi Tədqiqatlar İnstitutunun akademiki hələ ötən ay həbs olunmuşdur. Lakin İran hökuməti bundan xəbərsiz olduğunu bildirir. Məsələn, hökumətin spikeri Əli Rabiəi bununla bağlı demişdir: "Mən xəbərlər eşitmişəm. Lakin onun kim tərəfindən və hansı əsasla həbs olunduğunu bilmirəm”.
60 yaşlı Adelhanın tədqiqatları XX əsrin ikinci yarsıında İranda baş vermiş sosial-siyasi dəyişikliklərə həsr olunub. O, islam və İranla bağlı bir neçə kitab müəllifidir.
İranlı ekspatriantların "İranWire” saytının məlumatına görə, alimi İİKK saxlamışdır. Həbsə səbəb "casusluqda ittihamdır”.
Son bir neçə ay ərzində Fəribə Adelha fransalı tələbəsi ilə birlikdə Qum şəhərində tədqiqatlar aparırdı. Qeyd olunur ki, paytaxt Tehranın 150 kilometr cənubundakı həmin şəhərin ətrafında raket poliqonu yerləşir.