Futbol üzrə Afrika kubokunun yarımfinalında Əlcəzair yığması Nigeriya millisi üzərində qələbə qazandıqdan sonra Fransanın bir neçə şəhərində, o cümlədən Paris, Marsel və Lion küçələrində başlamış kütləvi iğtişaşlar zamanı polis 282 nəfəri saxlamışdır. Bu barədə Fransanın Daxili İşlər naziri Kristof Kastaner məlumat vermişdir.
"Asayişi təmin etmək üçün jandarmlar və polis bütün gecəni işləmişlər. Onların peşəkarlığı zorakılığın qarşısını almağa və cinayətkarları saxlamağa kömək etmişdir”, - deyə Kastaner özünün Tvitterdəki səhifəsində yazmışdır.
"Franceinfo” radiostansiyasının xəbərinə görə, tutulanlar arasında təkcə futbol azarkeşləri deyil, "sarı jiletlər” hərəkatının nümayəndələri də olmuşdur.
Bir neçə siyasi fəal iyulun 14-də Bastiliyanın alınma günü qeyd edilərkən baş vermiş iğtişaşlarla əlaqədar saxlanmışdır. Toqquşmalar zamanı polis gözyaşardıcı qazdan istifadə etmişdir.