14 Iyul 2019 00:48
1788
SİYASƏT
A- A+

Müstəqil Azərbaycanın qurucusu


"Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətidir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Şanlı tarixə malik Azərbaycan xalqının dövlətçilik şüurunun inkişafında, onun dünya çapında özünütəsdiqində Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müstəsna yer tutur.

Onun milli-mənəvi və bəşəri dəyərləri, dövlətçilik və azərbaycançılıq ideyalarını özündə ehtiva edən zəngin irsi, həyat fəlsəfəsi doğma Azərbaycanın müstəqillik yolunda bu gün də mayak rolu oynamaqdadır. Heç də təsadüfi deyildir ki, milli tariximizin Heydər Əliyev dövrü Vətənimizin və xalqımızın inkişafında keyfiyyətcə yeni bir eranın başlanğıcı kimi dəyərləndirilir.

Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atıldı. Bu dövrdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində xalqın milli oyanışı və müstəqillik ideyalarının gerçəkləşməsi üçün əlverişli şərait formalaşdı. 1980-ci illərin sonunda isə SSRİ adlı böyük bir məkanda baş verən ictimai-siyasi proseslər və xalqımızın azadlıq mücadiləsi nəticəsində doğma Azərbaycan tezliklə öz dövlət müstəqilliyinə qovuşdu.

Müstəqilliyin ilk illərində ölkəmiz böyük sınaqlarla qarşılaşdı. Azərbaycan ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, bu dəfə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında onun yenilməz iradəsi, hünəri və fədakarlığı sayəsində müstəqillik yollarında ilk kövrək addımlarını atmaqda olan Azərbaycan labüd fəlakətdən qurtuldu. Heydər Əliyevin böyük tarixi xidmətləri sayəsində xalqımız XX əsrin sonunda yenidən əldə etdiyi dövlət müstəqilliyini qoruyub saxlamaq, onu "dönməz və əbədi etmək” iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Məhz onun məqsədyönlü, müdrik siyasəti nəticəsində Azərbaycan ardıcıl inkişaf yoluna çıxdı, dünya birliyində öz layiqli yerini tutdu, regionun lider dövlətinə çevrildi.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əhəmiyyətli bir hissəsi parlamentlə bağlı olmuşdur. O, parlamentin dövlətçilik sistemində yerini və rolunu çox gözəl bilir və ali məqsədlər naminə qanunverici orqanın imkanlarından maksimum yararlanmaq bacarığı göstərirdi. Ulu Öndər ölkəyə ilk dəfə rəhbərlik etdiyi illərdə, sonralar Ali Sovetin Sədri olduğu dövrdə böyük məharətlə parlamentin gücünü tarixi vəzifələrin həllinə yönəldə bilmişdir.

Parlament tariximizin Heydər Əliyev dövrü bu sahədəki ənənələrin qorunub saxlanması və inkişafı, dünyadakı yeni çağırışlar fonunda milli maraqlara cavab verən parlament diplomatiyasının aparılması, qanunvericilik fəaliyyətinin milli dövlətçilik, demokratik dəyərlər, müasirlik prinsipləri əsasında keyfiyyətcə yeni səviyyəyə qaldırılması kimi cəhətlərlə səciyyələnir.

Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi, Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində Azərbaycan SSR-də milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da, bu sahədə məqsədyönlü iş Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan - 1969-cu ildən başlandı.

O dövrdə Heydər Əliyev Azərbaycan SSR-də partiya lideri olmaqla yanaşı, həm də SSRİ Ali Sovetinin (VIII-X çağırışlar) deputatı, yuxarı palatanın - İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyətli qərarlar qəbul edirdi.

Həmin illərdə Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə respublikada aparılan böyük quruculuq işlərinin hüquqi bazasının yaradılmasına mühüm töhfələr verdi. Ali qanunvericilik orqanının işindəki bu canlanma Heydər Əliyev şəxsiyyəti, onun idarəçilik istedadı ilə sıx bağlı idi.

Heydər Əliyevin qanunvericilik orqanına göstərdiyi böyük diqqətin bariz nümunəsi keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda respublika Ali Sovetinin yeni inzibati binasının inşası oldu. Öz gözəlliyi, memarlıq üslubu ilə gözoxşayan, ötən əsrin 80-ci illərində istifadəyə verilmiş bu tikili bu gün də doğma Bakımızın ümumi mənzərəsinə özünəməxsus rəng qatır. O dövrdə, digər müttəfiq respublikaların Ali sovetləri köhnə tikililərdə fəaliyyət göstərdiyi bir vaxtda, Ulu Öndər Azərbaycanın qanunvericilik orqanı üçün belə bir möhtəşəm bina ucaltmağa nail oldu. Müstəqil Azərbaycanın Milli Məclisi bu gün məhz yenilənmiş, daha əzəmətli görkəm almış bu binada fəaliyyət göstərir.

Ümumiyyətlə, 1970-1985-ci illər yeni Azərbaycan tarixinə quruculuq illəri kimi daxil oldu. Bu dövr ölkə həyatında baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan köklü struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının yüksəlməsinə görə Azərbaycanın hərtərəfli tərəqqisində mühüm mərhələ olmuşdur. Bu barədə Prezident İlham Əliyev belə deyib: "...O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir... 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”.

Sovet rejimi çərçivəsində milli maraqlara yönəlmiş fəaliyyət göstərən Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinin, sonra isə Azərbaycan SSR-in rəhbəri olduğu dövrdə dövlət idarəçiliyində kadr korpusunun milliləşdirilməsi istiqamətində cəsarətli addımlar atdı. Tezliklə, əksər dövlət idarələrində, kargüzarlıq sistemində azərbaycanlıların xüsusi çəkisi xeyli dərəcədə artdı.

Bu dövrdə ən perspektivli, qabiliyyətli Azərbaycan gənclərinin bir hissəsinin SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin ən bariz nümunəsidir. Heydər Əliyev müdrik siyasətçi kimi milli hərbi kadrların hazırlanmasının əhəmiyyətini yüksək qiymətləndirərək bu sahədə də ciddi və təxirəsalınmaz tədbirlər görməyə başladı. 1982-ci ildə Azərbaycandan SSRİ-nin ali hərbi məktəblərinə qəbul olunan 1000 nəfərdən 550 nəfəri milliyyətcə azərbaycanlı idi. Cəmşid Naxçıvanski adına ixtisaslaşmış hərbi məktəbin açılması Azərbaycanda professional hərbi təhsilin əsaslarını möhkəmlətməklə bu sahəyə gənclərin meylinin artmasına güclü təkan verdi.

1978-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi. Heydər Əliyevin milli-mə-nəvi dəyərlərimizin, əsrlər boyu formalaşan adət-ənənələrimizin gələcək nəsillər üçün qorunub saxlanması, xalqın tarixi yaddaşının özünə qaytarılması məqsədilə həyata keçirdiyi uzaqgörən siyasət məhz gələcək hədəflərə yönəlmiş fəaliyyətin tərkib hissəsi idi.

Bu siyasətin məntiqi nəticəsi kimi sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, milli özünüdərk hissi gətirdi. Məhz bu illərdə Heydər Əliyev Vətəni Azərbaycanı yüksəkliklərə qaldırmaqla yanaşı, özü də zəngin idarəçilik və dövlətçilik təcrübəsi toplayaraq dünyanın görkəmli siyasi və dövlət xadimlərindən birinə çevrildi.

Sovet imperiyası tərkibində yaşadığımız dövrü Heydər Əliyev belə xarakterizə edirdi: "Bu illər bizim xalqımız üçün bir tərəfdən faciələr, itkilər, məhrumiyyətlər illəri olmuş, eyni zamanda xalqımızın maariflənməsi, təhsil alması, inkişaf etməsi, Azərbaycanda böyük iqtisadi potensialın yaranması, xalqımızın dünya mənəvi dəyərlərinə qovuşması sahəsində müsbət rol oynamışdır”.

Heydər Əliyev parlamentin cəmiyyət və dövlət həyatındakı proseslərə təsirini yüksək dəyərləndirir, Azərbaycan SSR Ali Sovetinin deputatı və ölkənin rəhbəri kimi ali qanunvericilik orqanı ilə sıx əlaqədə fəaliyyət göstərirdi. O, parlamentdə bu dövrə təsadüf etmiş IX, X və XI beşilliklərin proqramlarının təsdiq olunmasında və hər il ölkə büdcəsinin qəbulunda yaxından iştirak edir, parlamentarizm ənənələrinin bərpası və inkişafı üçün əlindən gələni əsirgəmir, ali qanunvericilik orqanının fəaliyyəti ilə bağlı tövsiyələrini verirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin trubuna-larından məharətlə istifadə edir, deputat qrupunun Moskvadakı fəaliyyətini Azərbaycanın mənafeyi baxımından məharətlə istiqamətləndirirdi.

Heydər Əliyevin yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı. Ali Sovetin işində böyük dönüş yarandı, parlamentdə ölkə həyatının müxtəlif sahələrini əhatə edən yeni daimi komissiyalar fəaliyyətə başladı. Azərbaycanın iqtisadi, mədəni və elmi inkişafı üçün hüquqi baza yaradıldı, bu sahələr üzrə onlarla qanun və qərarlar qəbul edildi. Heydər Əliyev bu dövrdə respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış edirdi.

1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanın Mülki, Mülki-Prosessual, Cinayət-Prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi. Azərbaycan SSR-in məhkəmə quruluşu, Səhiyyə, Dövlət Notariatı, Xalq Təhsili, Tarixi və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, Xalq Deputatları Sovetləri haqqında, Torpaq və Əmək haqqında qanunlar, İnzibati hüquq pozuntuları haqqında, Ailə və Nikah haqqında məcəllələr qəbul edildi.

Hələ o vaxtlar ermənilər ölkəmizə qarşı məkrli planlar hazırlayır, ərazi iddiaları irəli sürürdülər. Ancaq SSRİ-nin yeni Konstitusiyası hazırlanarkən məhz Heydər Əliyevin qətiyyəti nəticəsində Dağlıq Qarabağın statusuna yenidən baxılmadı.

Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqələrini kəsməmişdir. O, SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Heydər Əliyevin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı qorxulu planların reallaşdırılması yolunda ilk addım oldu.

Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanın ovaxtkı rəhbərliyi, o cümlədən parlamenti SSRİ-nin süqutu ilə bağlı baş verən prosesləri düzgün qiymətləndirib vahid milli platforma yaratmaq əvəzinə passivlik və laqeydlik göstərdi. Belə mövqe xalqla Azərbaycan SSR-in rəhbərliyi və parlamenti arasında dərin uçurum yaratmışdı. Səhv addımlar nəticəsində parlament xalqın dəstəyindən, demək olar ki, tamamilə məhrum olmuşdur. Parlamentin binasını mühasirəyə almış xalq kütlələrinə məhəl qoymayan iqtidar öz siyasi iradəsini diktə etməyə çalışırdı. Vəziyyət getdikcə gərginləşirdi. Belə bir vaxtda iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin səlahiyyətləri bərabərlik əsasında formalaşdırılmış 50 nəfərlik Milli Şuraya verildi. Qalan deputatların hüquqları isə kobudcasına tapdandı.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Ölkədə hərc-mərcliyin hökm sürdüyü, insanların ümidsizlik və təlaş hisslərinə qapıldığı bir şəraitdə Naxçıvan Ali Məclisinin ahəngdar fəaliyyəti, əhalinin erməni silahlı qüvvələrindən müdafiəsi ilə bağlı mürəkkəb məsələlərin həll olunması ölkə əhalisində böyük ümidlər doğururdu və ümumən respublikada vəziyyətin dəyişdirilməsinin mümkünlüyü kimi qiymətləndirilirdi. Naxçıvan Ali Məclisinin qəbul etdiyi bir sıra qərarlar ölkənin əsas qanunvericilik aktlarının yaradılması üçün təməl rolunu oynayırdı. Sonralar ölkənin bütün ərazisində həyata keçirilmiş iqtisadi islahatların başlanğıcı faktiki olaraq Muxtar Respublikada qoyulmuşdu.

Ulu Öndərin dövlət rəhbərliyinə yenidən qayıdışı çox mürəkkəb bir şəraitdə, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlandı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi, xaos və özbaşınalığın hökm sürdüyü, separatizmin tüğyan etdiyi bir vaxtda bu tarixi qayıdış Azərbaycanı labüd faciədən xilas etdi və 15 iyun milli tariximizə Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyev Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. Ulu Öndərin Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Qısa müddətdə Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, müzakirəni səmərəli axara yönəltmək qabiliyyəti əsl parlamentarizm məktəbi idi.

O dövrdə Ulu Öndərin rəhbərliyi ilə ölkə qarşısında dayanan kəskin problemlərin nizama salınması ilə yanaşı, dövlət və cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar aparılmasına yönəldilən hazırlıq işləri həyata keçirildi. Ölkədə ictimai-siyasi şərait nə qədər mürəkkəb olsa da, Ümummilli Lider dövlət quruculuğu prosesində əsasən perspektiv üçün nəzərdə tutulan çətin hədəfləri müəyyən etdi. Heydər Əliyev Ümummilli Lider kimi tezliklə Azərbaycanı labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa etdi, ölkəmizi sabitliyə, firavanlığa qovuşdurdu.

Heydər Əliyev dövlət başçısı seçildikdən sonra da parlamentlə sıx təmasda fəaliyyət göstərmiş, dəfələrlə Milli Məclisin tribunasından çıxış edərək ölkə üçün taleyüklü məsələlərə öz münasibətini bildirmişdir. O, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin əsasını qoyaraq, parlamentarizm ənənələrini daha da inkişaf etdirmiş, ona yeni çalarlar gətirmişdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın yeni Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini yaratdı. 1995-ci il noyabrın 24-də birinci çağırış Milli Məclisin ilk iclasında Ümummilli Liderin iştirakı, söylədiyi dərin məzmunlu nitq, verdiyi dəyərli tövsiyələr parlamentin fəaliyyət istiqamətlərini müəyyən etdi.

Ulu Öndər qanunvericilik prosesində fəal iştirak edirdi. Onun qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə Milli Məclisdə 1500-ə qədər qanun qəbul olunmuşdur. Dəfələrlə parlamentimiz Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur. O, həm də zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Ulu Öndərin milli dirçəliş ideyası tezliklə əməli siyasət müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrildi.

Bu gün Azərbaycanda peşəkar parlament fəaliyyət göstərir. Ölkəmizdə ictimai fikrə təsir göstərməyə qadir olan siyasi qüvvələrin bütün spektri parlamentdə təmsil olunmuşdur. Parlamentin intellektual səviyyəsi qanunyaratma və qanunvericilik sahəsində qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni yerinə yetirməyə imkan verir. Milli Məclis Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinin ən fəal iştirakçılarından biridir. Parlamentin fəaliyyəti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin ardıcıl inkişafında əhəmiyyətli rol oynayır.

Ötən dövrdə Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Qəbul edilmiş qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin sosial müdafiəsinə xidmət edən hüquqi bazanı daha da inkişaf etdirmişdir.

Parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır.

Milli Məclis Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşdirmə prosesinin hüquqi mexanizmi daha da təkmilləşdirilir.

Parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, uydurma erməni təbliğatının ifşa edilməsi üçün zəruri tədbirlər görür.

Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir. Qanunvericilik orqanında bir çox xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Milli Məclis ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin, o cümlədən ATƏT-in Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, MDB Parlamentlərarası Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin və digər nüfuzlu təşkilatların üzvüdür. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların toplantılarında mütəmadi iştirak edir, bölgə həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün bu vasitədən də səmərəli istifadə edirlər.

Ölkə Prezidenti İlham Əliyevin Milli Məclisə çox böyük diqqəti və qayğısı sayəsində parlamentin yeni korpusu inşa edilmiş, plenar və kiçik iclas salonları, birinci və ikinci mərtəbələrindəki geniş foyelər dünya standartlarına uyğun olaraq yenidən qurulmuş, Ulu Öndər Heydər Əliyevin heykəli ucaldılmış və ona həsr edilən Xatirə zalı yaradılmış, binanın önündə fəvvarələr kompleksi inşa edilmişdir.

Bütün bunlar - ölkəmizin həyatın ən müxtəlif sahələrində əldə etdiyi heyrətamiz nailiyyətlər məhz Heydər Əliyev siyasətinin uğurlu davamı nəticəsində mümkün olmuşdur. Ulu Öndərin dövlətçilik konsepsiyası yeni inkişaf modeli kimi bugünkü Azərbaycan gerçəkliyində öz təsdiqini tapmışdır. Onun siyasi fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən parlaq səhifəsini, ölkənin tərəqqisi, sabit dövlət quruluşunun yaranması, xalqın təbii haqqına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi şanlı bir mərhələni əhatə edir. Məhz Ulu Öndərin dühası işığında xalqımız illər boyu əxz etdiyi ən ümdə keyfiyyətlərini təkmilləşdirərək millət kimi öz varlığını, özünüidarəetmə bacarığını bütün dünyaya nümayiş etdirdi.

Bu tarixi uğurlara görə qədirbilən xalqımız öz böyük oğluna minnətdardır. Məhz buna görə xalq onun İstiqlal məfkurəsini reallığa çevirmiş Ulu Öndərin siyasi fəaliyyətə başlamasının yarım əsrlik yubileyini təmtəraqla qeyd edir. Ölkə rəhbəri İlham Əliyevin təbirincə desək, "Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq”.

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video