14 Iyul 2019 00:46
1021
SİYASƏT
A- A+

Güclü dövlət üçün həlledici amil - Heydər Əliyev liderliyi


"Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır”.

Heydər ƏLİYEV


Tarixdən bəllidir ki, xalqların həyatında, taleyində Lider faktoru həmişə həlledici rol oynayıb. Məhz liderlərin fədakarlığı, siyasi iradəsi və fenomenal idarəetmə bacarığı sayəsində ən ağır böhran vəziyyətlərindən qurtuluş mümkün olub. Bu baxımdan Azərbaycan xalqı bəxti gətirən xalqlardandır. Müstəqilliyin ilk illərində ölkəmizin ən ağır durumunda Heydər Əliyev qətiyyəti, siyasi əzmkarlığı parçalanmaqdan, daxili və xarici təhdidlərdən, vətəndaş qarşıdurmasından, anarxiyadan, bütünlükdə isə Azərbaycanı bir dövlət kimi tarixin səhnəsindən silinməkdən xilas etdi.

Təkcə müstəqillik illərində deyil, ittifaq tərkibində olduğu zamanda da Heydər Əliyevin uzaqgörən siyasəti, milli təəssübkeşliyi, fədakarlığı, sonsuz Azərbaycan sevgisi ölkəmzin hərtərəfli inkişafında həlledici faktor olmuşdur.

Hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə Ulu Öndərin müdrikliyi, güclü siyasi fəhmi, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti nəticəsində Azərbaycan ittifaqda qabaqcıl ölkəyə çevrilmişdir.

Azərbaycanın inkişafı uğrunda dönməz mübarizəsi, müasir dövlətçiliyimizin qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırmışdır.

Milli suverenliyi ölkəmiz üçün həyati vacib və xalqın dirçəlişi üçün zəruri hesab edən Ümummilli Lider Azərbaycanın müstəqilliyini ən böyük tarixi nailiyyət hesab edirdi: "Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”.

50 il bundan əvvəl əsası qoyulan bu strateji xəttin uğurla reallaşdırılması nəticəsində müstəqil Azərbaycan regionda söz sahibi, dünyada müstəqil xarici siyasət həyata keçirən ölkə kimi tanınmış, Cənubi Qafqazın liderinə, siyasi, iqtisadi və mədəni mərkəzinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmişdir.

Ümummilli Liderin bütün məqamlar nəzərə alınmaqla həyata keçirdiyi müdrik xarici siyasət ölkəmizin dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, Azərbaycan regionda söz sahibi, dünyada müstəqil xarici siyasət həyata keçirən ölkə kimi tanınmışdır. Heydər Əliyevin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu diplomatiya, beynəlxalq və regional təşkilatlarla aparılan məqsədyönlü iş Azərbaycanın inkişafının sürətləndirilməsində, dünyada nüfuzunun artmasında həlledici rol oynamışdır. Dahi siyasət korifeyinin təşəbbüsü ilə BMT-nin qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla səmərəli və faydalı əməkdaşlıq formalaşdırılmışdır.

Bir sözlə, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyev yaşadığı zamanı qabaqlayan, dünya miqyaslı dahi dövlət xadimi, işıqlı ideyaları Azərbaycanı daim uğurla irəliyə aparan Ümummilli Liderdir. Təsadüfi deyildir ki, Ulu Öndərin güclü milli dövlətçilik strategiyası sayəsində ölkəmizin keçdiyi böyük inkişaf yolu dünyanın ən nüfuzlu siyasi liderlərinin, düşünən beyinlərinin, analitiklərinin marağına və rəğbətinə səbəb olmuşdur. Planetin aparıcı ölkələrinin görkəmli dövlət və hökumət başçılarının, korifey siyasət mütəfəkkirlərinin Heydər Əliyev şəxsiyyəti və dühası barədə söylədikləri yüksək fikirlər də Ulu Öndərin siyasət nəhəngi və fenomenal Lider olduğunu bir daha dünyaya bəyan etmişdir.


Müasir Azərbaycanın möhkəm təməli


Xüsusilə vurğulamaq lazımdır ki, bir-birinə zidd iki müxtəlif ictimai-iqtisadi formasiyanın diktə etdiyi şərtlər daxilində belə, Azərbaycanın daim milli məfkurəyə əsaslanan yüksəlişi Heydər Əliyevin böyük azərbaycanlı, uzaqgörən və məharətli siyasət strateqi olmasının bariz göstəricisidir. Ulu Öndərin dahi Liderlik keyfiyyətləri sayəsində gerçəkləşdirilən inkişaf strategiyası hər iki sistem çərçivəsində azərbaycançılığın dərinləşməsini, dövlətçiliyimizin gücləndirilməsini, xalqımızın maraqlarının təmin edilməsini şərtləndirmişdir.

Müstəqil milli inkişafın təməlində iqtisadi asılılığın aradan qaldırılmasını həlledici faktor hesab edən Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərlik mərhələsi ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə istər sosial-iqtisadi, istər siyasi-ideoloji və milli özünəqayıdış, istərsə də müxtəlif sahələrdə kadr potensialının formalaşması baxımından zəmin yaratmış oldu.

Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişi ərəfəsində - ötən əsrin 60-cı illərində Azərbaycan sosial-iqtisadi inkişaf baxımından müttəfiq respublikaların çoxundan geridə qalmaqla ittifaq iqtisadiyyatı üçün xammal bazası rolunu oynayırdı. 1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev ilk vaxtlardan ölkənin ittifaqda geri qalmasının səbəblərini araşdırmaqla, davamlı və məqsədyönlü inkişaf strategiyasını müəyyənləşdirdi. Bu strategiyanın uğurla həyata keçirilməsi ilə əsas göstəricilər üzrə əvvəllər ittifaq səviyyəsində geridə qalmış Azərbaycan sosial-iqtisadi və texnoloji inkişafa qədəm qoydu, qabaqcıl respublikalardan birinə çevrildi, sürətli sənayeləşmə epoxası başladı, milli gəlir səviyyəsi əhəmiyyətli dərəcədə artdı. Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, sənaye və kənd təsərrüfatı sahələrində ciddi irəliləyiş baş verdi, yeni sənaye sahələri yaradıldı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı, mütərəqqi texnologiyaların istehsalata tətbiqi ilə məhsulların keyfiyyəti yüksəldi.

O dövrdə Azərbaycanın sosial-iqtisadi həyatında baş vermiş inkişaf konkret göstəricilər və rəqəmlərlə ifadə olunur. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri, 1971-1985-ci illərdə isə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı. Azərbaycanda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilməyə başladı.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu nəzərə alan Ulu Öndər hakimiyyətə gəlişi ilə sovet dönəmində bu sahənin dinamik inkişafına nail olmaqla neft-kimya sənayesinin müasirləşdirilməsini təmin etdi. Heydər Əliyevin strateji islahatları hələ o vaxtdan neft sənayesinin inkişafında yeni mərhələnin əsasını qoydu, neft amili xalqımızın sosial rifahının yüksəlişinə xidmət etməyə başladı, ölkəmiz neft məhsulları və avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal məhsulları üzrə ittifaqda qabaqcıl yerə çıxdı.

Ötən əsrin 60-cı illərində Azərbaycan kənd təsərrüfatı sahəsində də ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. Bu sahədə məhsuldarlıq aşağı idi, elmi nailiyyətlərdən çox zəif istifadə edilirdi və yüksək ixtisaslı kadrlar çatışmırdı. Heydər Əliyevin ölkəmizin zəngin təbii iqlim potensialından yararlanmaqla aqrar sektorun hərtərəfli inkişaf konsepsiyasının uğurla həyata keçirilməsi sayəsində bu sahədə də ciddi nailiyyətlər əldə olundu, Azərbaycan Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikalarından birinə çevrildi.

Ölkənin yeni arxitektur sima əldə etməsi məqsədilə həyata keçirilən tikinti-memarlıq və inşaat, infrastruktur və şəhərsalma işləri Ulu Öndərin modern ölkə quruculuğu siyasətində mühüm yer tuturdu. Paytaxt Bakıda və bölgələrdə tikilən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, magistral yollar Heydər Əliyevin əzmkar quruculuq siyasətinin bəhrələridir.

Ümummilli Lider həmin illərdə həyata keçirilən inkişaf siyasətini, quruculuq-abadlıq işlərini sonralar belə ifadə edirdi: "1970-ci illərdə görülən işlər, yaranan bu böyük iqtisadi, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Əgər onlar olmasaydı, biz bu gün dövlət müstəqilliyini əlimizdə bu qədər möhkəm saxlaya bilməzdik”.

Beləliklə, Ulu Öndərin ilk hakimiyyəti dövründə həyata keçirilən inkişaf siyasəti və milli özünüdərk yolunda ortaya qoyulan siyasi iradə Azərbaycanın dövlət müstəqilliyinə hazırlığı üçün vacib potensialın, möhkəm bazanın yaradılmasını şərtləndirdi və müstəqil dövlətçilik ideyalarının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə, gələcək müstəqil dövlətçiliyə etibarlı zəmin yaratdı.


Xalqın və dövlətin qurtuluşu


Ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən dövlət müstəqilliyi əldə edən Azərbaycan siyasi hərc-mərclik, tez-tez dəyişən hakimiyyətlərin idarəçilik səriştəsizliyi, daxili çaxnaşmalar nəticəsində sarsılmış iqtisadiyyat səbəbindən dərin sosial-iqtisadi böhran keçirirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın siyasi, iqtisadi, informasiya blokadasına alınması, eləcə də planlı təsərrüfat iqtisadiyyatından yeni ictimai-iqtisadi formasiyaya uğursuz keçidin ortaya çıxardığı çətinliklər, yerli və ittifaq miqyasında formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin qırılması, istehsalın kəskin azalması fonunda işsizliyin artması vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunlar əhalinin həyat səviyyəsinin sürətlə aşağı düşməsinə, sosial problemlərin dərinləşməsinə səbəb olmuşdu.

Müstəqilliyin ilk illərinin acınacaqlı iqtisadi mənzərəsi makroiqtisadi göstəricilərdə daha aydın əks olunmuşdur. Təkcə onu demək kifayətdir ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Sənayedə tənəzzül xüsusilə kəskinləşmiş, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10%, 1992-ci ildə 37%, 1993-cü ildə isə 50%-dək azalmış, istehsal potensialının əsas hissəsi itirilmişdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsi 42% azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı 5,7 dəfə azalmışdı.

Qeyd olunanlar bir daha göstərir ki, iqtisadiyyat idarəolunmaz vəziyyətdə idi. Zəngin təbii ehtiyatlara və insan potensialına malik olmasına baxmayaraq, ölkənin sosial-iqtisadi məhrumiyyətlərə düçar olması, daxili sabitliyin pozulması, dövlət müstəqilliyinə yaranmış təhdidlər Azərbaycana layiqli rəhbər seçimini qətiləşdirirdi.

Belə bir şəraitdə - 1993-cü ildə bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışı ilə xalqımızın itirilmiş inamı özünə qaytarıldı, yeni inkişaf dövrünün əsası qoyuldu.


Milli inkişaf modeli


Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi ölkəmizin müstəqillik illərinin ən mühüm nailiyyətlərindən olmaqla, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoydu. Ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən bu tarixi sənəd Azərbaycanın gələcək inkişafının konseptual əsaslarını və prioritetlərini müəyyən edərək dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli hüquqi zəmin yaratdı, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə davamlı inkişafa geniş imkanlar açdı.

Ümummilli Liderin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkənin spesifik potensialı, əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları, insan resursları və digər amillər dəqiqliklə nəzərə alınmaqla sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətli, müstəqil milli iqtisadiyyatın formalaşdırılmasını və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasını təmin etdi.

Bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər həyata keçirildi, iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.

Ulu Öndər ozamankı məhdud imkanlar şəraitində iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. 1994-cü ilin sentyabrında dahi strateqin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, regionda marağı olan və rəqib tərəflərin maneələrini neytrallaşdırmaqla "Əsrin müqaviləsi”nin imzalanması yüksək siyasi iradənin və qətiyyətin zəfəri idi. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası sayəsində ölkəmiz postsovet məkanında Qərbin transmilli neft şirkətləri ilə böyük miqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bu saziş Azərbaycanın qapılarını bütün dünyaya açdı, yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təmin etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft strategiyasının həyata keçirilməsi iqtisadiyyatın digər sahələrinin inkişafı, uğurlu sosial siyasət üçün əsas yaratdı, makroiqtisadi sabitlik bərqərar oldu, davamlı iqtisadi artım başladı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

1999-cu ildə Heydər Əliyevin fərmanı ilə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, gəlirlərin prioritet sahələrin inkişafına yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Ulu Öndərin "Neft sərvətimiz, ilk növbədə, müstəqil Azərbaycan Respublikasının inkişafı, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, vətəndaşların maddi rifahının yüksəldilməsi üçün istifadə olunmalıdır” prinsipinə uyğun fəaliyyət göstərməyə başlayan fond karbohidrogen ehtiyatlarının ölkə əhalisinin və gələcək nəsillərin yüksək rifahına, hərtərəfli inkişafına yönəldilməsində effektli mexanizmə çevrildi.

Ümummilli Liderin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya, infrastuktur və digər sahələrin inkişafı, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirildi, 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi başlandı.

Belə ki, 1996-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-dək endirildi. Həmin illər ərzində iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu təmin olundu.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.


Yeni mülkiyyət münasibətlərinin formalaşması


Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, köklü islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaq, mal-qara və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və digər tədbirlər keyfiyyət və məzmunca yeni, bazar iqtisadiyyatının çağırışlarına adekvat cavab verən münasibətlər yaratdı. Ulu Öndərin müəllifi olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı aqrar sahəni 1990-cı illərin əvvəllərindəki durğunluqdan xilas etdi, gələcək inkişafına zəmin yaratdı, kəndlini torpağın əsl sahibinə çevirdi.

Dahi siyasət korifeyi Heydər Əliyevin "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” kursunun reallaşdırılması sahibkarlığın formalaşması üçün müstəsna rol oynadı.

Belə ki, sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildi, müvafiq dövlət proqramları qəbul edildi, özəl sektora maliyyə dəstəyi və texniki yardım göstərən strukturlar formalaşdırıldı, kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, uzunmüddətli vergi tətillərinin, güzəştlərin verilməsinə başlandı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı.

2002-ci ilin aprel-may aylarında Heydər Əliyevin yerli və xarici iş adamları ilə görüşləri sahibkarlığın inkişafı baxımından xüsusilə əhəmiyyətlidir. Görüşlərin nəticəsi olaraq biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə imzalanmış bir sıra mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın yeni inkişaf mərhələsinin əsasını qoydu.

Heydər Əliyevin iqtisadi inkişaf məqsədilə müəyyənləşdirdiyi vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi idi. Ümummilli Lider ölkənin davamlı inkişafı baxımından bölgələrin yüksəlişini və regional potensialdan səmərəli istifadəni vacib sayırdı. 1995-2003-cü illərdə aparılan irimiqyaslı iqtisadi islahatlar, özəlləşdirmə, milli sahibkarlar sinfinin formalaşması bölgələrin hazırkı inkişaf səviyyəsinə gəlib çatmasına geniş imkanlar açdı.


Siyasətin başlıca məqsədi - sosial rifah


Heydər Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların sosial rifahının yüksəldilməsini əsas məqsəd olaraq görürdü.

Bu istiqamətdə həyata keçirilən tədbirlər artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında özünü göstərməyə başladı. İmzalanan fərman və sərəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əmək haqqı, eləcə də pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda əlil olanların pensiya və müavinətləri bir neçə dəfə artırıldı, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis olundu.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. Belə ki, qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanun, fərman və sərəncamlar imzalanmış, Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində ilk addımlar da məhz Ümummilli Lider tərəfindən atılmışdır.

Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən Ulu Öndər bəyan edirdi: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam”.


50 il əvvəl əsası qoyulan inkişaf kursunun real nəticəsi - güclü dövlət


Müstəqil Azərbaycanın hərtərəfli inkişafı, hüquqi dövlət, milli iqtisadiyyat və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılan böyük nailiyyətlər Heydər Əliyevin yaratdığı möhkəm təmələ söykənir. Məhz bu təməl əsasında ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda bütün sahələr üzrə davamlı inkişaf edir, dünya birliyində mövqeyini gündən-günə gücləndirir. Prezident İlham Əliyev bu il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Ulu Öndərin adını daşıyan və işıqlı ideyalarını yaşadan Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdir: "2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir”.

Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi bu siyasi kurs bütün sahələrdə müasir Azərbaycana uğurlar gətirir, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənir, ölkəmiz davamlı və dayanıqlı inkişaf edir, sürətlə modernləşir. 2011-ci ilin sonlarında 155 ölkənin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünya miqyasında artan siyasi nüfuzunun bariz nümunəsidir. Bu gün ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, dünya miqyasında mühüm enerji təminatçılarından biri, beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, yüksəlişin məkanı kimi tanınır.

Azərbaycanın sosial-iqtisadi inkişafı konkret göstəricilərdə də əksini tapır. Belə ki, 2004-2018-ci illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, nəqliyyat və anbar təsərrüfatı 3 dəfə, informasiya və rabitə xidmətləri 12,4 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 4,6 dəfə artmış, 2 milyondan çox yeni iş yeri açılmışdır. Bu dövrdə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,4 dəfə, ixrac 7,5 dəfə, o cümlədən qeyri-neft ixracı 4,5 dəfə, ixrac məhsullarının çeşidi 2,5 dəfə artmışdır. 2018-ci ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 2004-cü illə müqayisədə 28 dəfə artaraq 45 milyard ABŞ dolları təşkil etmişdir. Bu ilin may ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 47,5 milyard ABŞ dollarına çatmışdır.

İqtisadi artım tendensiyası hazırda da davam edir. Bu ilin birinci rübünün yekunlarına görə, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4%, qeyri-neft sektor sənayesi istehsalı 15,6%, kənd təsərrüfatı 3,6%, əhalinin gəlirləri 5,5% artmışdır.

Qazanılan uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı dünyada 35-ci rəqabətli iqtisadiyyatdır. Dünya Bankının "Doing Business 2019” hesabatında isə ölkəmiz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunmuşdur.

Əldə edilən iqtisadi nailiyyətlər, ölkəmizin artan maliyyə imkanları sosial siyasətin uğurlu tətbiqini şərtləndirməklə, ölkə vətəndaşlarının yüksək rifahında hərtərəfli əksini tapır.

Dövlət başçısının sistemli və ardıcıl sosial siyasətinin davamı olaraq, 2019-cu ildə həyata keçirilən sosial islahatlar paketi əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi baxımından atılmış inqilabi addımlar kimi xarakterizə edilir, Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin, insan amilinin prioritetliyini bir daha bariz şəkildə göstərir.

Ulu Öndərin inkişaf strategiyasının həyata keçirilməsində, quruculuq tədbirlərinin və sosial islahatların reallaşdırılmasında, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında, elmin, təhsilin, səhiyyənin, idmanın, mədəniyyətin və incəsənətin inkişafında, ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır.

Beləliklə, müasir Azərbaycanın keçdiyi inkişaf yolu bir daha göstərir ki, 50 il əvvəl Ümummilli Lider tərəfindən əsası qoyulmuş və tarixin sınağından zəfərlə çıxmış, Azərbaycanın hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə, güclü sosial rifaha istiqamətlənmiş milli inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla həyata keçirilir, qarşıdakı illərdə də davamlı inkişaf üçün möhkəm təməl və əlverişli zəmin yaradılır.

Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video