14 Iyul 2019 00:44
771
SİYASƏT
A- A+

Azərbaycanın şərəf tarixinin müəllifi


Heydər Əliyev müstəqilliyimizin banisi, İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısıdır


Tarixən cəmiyyət təkamülə doğru irəlilədikcə çiyinlərini irəli verərək rəhbərliyi üzərinə götürə bilən cəsarətli, bacarıqlı və müdrik insanlara ehtiyac duyub. Görünür, elə bu zərurətdən də minilliklər ərzində kiçik bir topluma, yaxud xalqa rəhbərlik missiyası obyektiv tələbat kimi meydana çıxıb. Beləliklə də hər bir millət taleyini yüksək fərdi keyfiyyətlərinə güvəndiyi, idarəçilik əzminə etibar etdiyi liderlə bağlayıb. Həmin liderin rəhbərliyi ilə dövlətinin yüksək tərəqqisi və rifahı naminə çalışıb.

Tarixən böyük toplumlara malik olduqları gerçək potensialı göstərmək, onu gələcək hədəflərə doğru düzgün istiqamətləndirmək də yolun önündə gedən liderlərin fövqəladə missiyası olub. Liderlik nadir şəxslərə xas anadangəlmə xüsusiyyət olsa da, liderin tarixdə müsbət obrazda iz qoyması, əbədiyaşarlıq qazanması onun xalqı və dövləti üçün xidmətlərindən asılı olur.

Mütərəqqi ideyalar məhz parlaq şəxsiyyətlərdə, əsl liderlərdə təcəssüm olunur. Bəzi hallarda isə hətta şəxsiyyətin özü ideyanın rəmzinə, təcəssümünə çevrilir. Yəni xalqın başında dayanan rəhbərin, millətinin müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də dövlətlərin, xalqların taleyini müəyyənləşdirən vacib amildir.

Böyük təkamül və tarixi inkişaf mərhələlərini geridə qoymuş Azərbaycan xalqının taleyində də lider amili müstəsnalıq təşkil edir. Böyük lider, ideal insan obrazı xalqımızın dünyagörüşündə həmişə özünəməxsus yer tutub. Xaqani, Nizami, Füzuli kimi dühalarımız öz əsərlərindəki adil hökmdar surətləri timsalında bu obrazın parlaq nümunələrini yaradıblar. Bu obraz milli dövlətçilik tariximizin ən müxtəlif dövrlərində yaşamış böyük tarixi şəxsiyyətlərimizin nümunəsində real həyatda da öz ifadəsini tapıb.

Fəqət, bu gün mütləq çoxluğun qəbul etdiyi bir həqiqət də var: böyük dühaların, şəxsiyyətlərin, sərkərdələrin, liderlərin həyata keçməyən, nisgilə çevrilən milli dövlətçilik idealını məhz ötən əsrin 70-80-ci illərindən başlayaraq Ümummilli Lider Heydər Əliyev gerçəyə çevirməyi bacarıb. Bu reallıq fonunda Heydər Əliyev fenomeninin milli tariximizdəki yerinin tamam fərqli olması da mübaliğəsizdir.

Bəli, dayanıqlı, qüdrətli, müstəqil Azərbaycan dövlətinin banisi məhz Heydər Əliyevdir!

Minilliklərlə ölçülən dövlətçilik tariximizin son 50 ili məhz Ümummilli Liderin tarixi xidmətləri və müəyyənləşdirdiyi yolla bağlıdır. Müasir Azərbaycan dövləti bu böyük şəxsiyyətin şah əsəri, onun yüksək liderlik bacarıqlarının, şəxsi nüfuzunun, idarəetmə məharətinin müdriklik və uzaqgörənliyinin, həlledici anlarda verdiyi məqsədyönlü qərarların nəticəsidir. Heydər Əliyev dühası azərbaycanlıların əsrlər boyu cilalanaraq formalaşan güclü, istiqamətverici Ümummilli Lider idealını parlaq gerçəkliyə çevirmiş real həyat gerçəkliyidir.

Hər bir xalqın taleyində ciddi dönüş anı olur. Azərbaycan üçün belə bir zaman məhz 1969-cu il iyulun 14-dən başladı. 50 il əvvəl Azərbaycanda rəhbərliyə irəli çəkilən gənc və qətiyyətli liderin idarəçiliyinin ilk günlərindən respublikada fərqli bir mühitin yarandığı hiss olunurdu. Əslində, buna inqilab da demək olardı. Yeniliklər dalğası insanlarda razılıq və xoş hisslər doğururdu. Bununla belə, durğunluq içində yaşayan, SSRİ-nin geridə qalmış respublikalarından sayılan Azərbaycanda vəziyyətin tezliklə dəyişəcəyinə inanmayanlar da var idi. Fəqət, Ulu Öndər çevik təşkilatçı, zamanın nəbzini tutan rəhbər kimi bu pessimist yanaşmaları aradan qaldırdı. Sübut etdi ki, siyasi iradə və milli təəssübkeşlik hissi olan zaman az müddətdə də çox islahat keçirməyə nail olmaq mümkündür. Bu daxili əminliklə də böyük şəxsiyyət problemlər məngənəsində çabalayan cəmiyyətin özünəinamını bərpa etdi. İlk növbədə, milli ruhu məhv olmaq təhlükəsindən qorudu. Dövlət idarəçiliyinə yeni ruh, müasirlik çalarları gətirdi. Hətta imperiya asılılığında belə, millətə vicdanlı, sədaqətli, ləyaqətli xidmətin mümkünlüyünü sübuta yetirdi.

Respublikanın yeni birinci katibinin ilk işi iqtisadi potensialın dağılmasının qarşısını almaq oldu. Qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri təmin edildi. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrilməyə başladı. Yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı. İstehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafına kompleks tədbirlər görüldü. Mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına rəvac verdi.

Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri həmin dövrdə məhz Azərbaycanda inşa olunmuşdu. O, bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdi. Dahi öndərin Bakı Məişət Kondisionerləri zavodunun inşası naminə göstərdiyi səyləri də xüsusi qeyd etmək istərdim. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar vermişdi. Lakin şəxsi nüfuzundan istifadə edən Ulu Öndər Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandırdı. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri zavodunun işə düşməsi dahi şəxsiyyətin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.

Ümumilikdə 1970-1985-ci illərdə Ümummilli Liderin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarla zavod, fabrik, istehsalat sahələri yaradıldı. 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan artıq bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tuturdu. Respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Həmin illərdə istehsal olunan sənaye məhsullarının ümumi həcmi respublikanın əvvəlki 50 ildəki istehsal həcminə bərabər idi.

Həmin dövrdə Azərbaycan neftinin mərkəzə daşınmasından daxilən narazı olan Heydər Əliyev qeyri-neft sahələrinə diqqət yetirir, maliyyə vəsaiti ayırırdı. Bununla da respublika regionlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına nail olurdu. Əhalinin demoqrafik inkişafına, rayonların və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirirdi.

Ötən əsrin 70-ci illərində neft sənayesi də inkişaf etmiş, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət göstərən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdu. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Ulu Öndərin təşəbbüskarlığı nəticəsində mümkün olurdu. Onun müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdı.

Həmin dövrdə böyük öndərin bilavasitə iştirakı ilə Xəzər dənizində perspektivli neft yataqlarının kəşfiyyat işləri xeyli genişlənmişdi. Xarici texnologiyalar bazasında inşa edilmiş "Xəzər”, "Xəzərdənizneft” üzən qazma qurğularının alınması, xarici şirkətlərlə "Şelf” seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Bunların tətbiqi Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində böyük rol oynadı. Bu qurğuların sayəsində hələ o dövrdə "Çıraq”, "Azəri”, "Günəşli”, "Kəpəz” və s. kimi iri yataqlar kəşf edildi. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-də yalnız Azərbaycanda olan 400 milyon dollarlıq Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Bu gün də həmin kompleksdə Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal edilir.

Ulu Öndərin həmin dövrdə reallaşdırdığı layihələr barədə saatlarla danışmaq, yazmaq olar. Lakin qısaca onu demək kifayətdir ki, respublika rəhbəri dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəmirdi. Böyük strateq hər cür riskə rəğmən, o dövrün naqisliklərini açıq deməkdən də çəkinməyərək neqativ hallara qarşı mübarizə tədbirlərini gücləndirirdi. Heydər Əliyev acı həqiqətləri gizlətməməyin, problemləri doğuran səbəbləri aradan qaldırmağın tərəfdarı kimi çıxış edirdi. Yaxşı yadımdadır, Ulu Öndərin 1981-ci ildə "Literaturnaya qazeta”ya verdiyi "Qoy, ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsi sərt tənqidi ruhuna görə böyük rezonans doğurmuşdu.

Ümummilli Lider hələ o dövrdən "Xalqa doğru - haqqa doğru” prinsipinə yorulmadan əməl edirdi. Zəruri məlumatları bilavasitə öyrənmək, cəmiyyətin nəbzini yoxlamaq üçün tez-tez xalq arasına çıxırdı. Sadə vətəndaşlarla canlı ünsiyyət yaradır, mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənirdi. Hələ çoxlarının tanımadığı ilk aylarda Heydər Əliyev sərbəst qiyafədə dükan-mağazalarda, istehsal müəssisələrində olur, vəziyyətlə yerindəcə maraqlanırdı.

Müstəqillik dövründə Ulu Öndər həmin illəri xatırlayaraq deyirdi: "Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan-burdan tapıb bir-birinə satmışdılar, vermişdilər ki, mağazaya gələn olanda bu portretə baxıb görsün, bu, Əliyevdir, yoxsa yox. Məsələn, mən bir dəfə gedib ət növbəsinə durdum. Nəyə görə? Çünki o vaxt üç növ ət var idi. Bu, mənim yaxşı yadımdadır. Bunlardan biri 3 manat 20 qəpik, digəri 3 manat 50 qəpik, o birisi isə deyəsən, 3 manat 80 qəpik idi. Qəssab nə edirdi? O, üçüncü növ əti birinci növ əvəzinə satırdı, yaxud 3 kiloqram ət verəndə adamları yarım kiloqram aldadırdı. Mən iki-üç dəfə gedib növbəyə durdum. Məni də aldadanda onu tutdum, milisi və başqalarını çağırdım. Mən şəxsən özüm bir neçə dəfə belə etdim, - insanlar bilsinlər ki, axı, belə iş görmək olmaz”.

Ümummilli Lider xalqın gələcəkdə üzləşə biləcəyi xəyanətləri, böyük bəlaları müdrikcəsinə göz önünə gətirərək hüquq mühafizə orqanlarında, habelə güc strukturlarında kadrların milliləşməsinə çalışırdı. 1970-ci illərdə hüquq mühafizə və təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə daim xüsusi diqqət yetirən Heydər Əliyev bu qurumlar üçün peşəkar kadrların hazırlanması naminə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin Leninqrad, Kiyev, Minsk və başqa şəhərlərdəki ali çekist məktəblərinə göndərilməsini təmin etmişdi. Ulu Öndər azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı təxminən 60 nəfər idisə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi.

Ulu Öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin müavini kimi yüksək vəzifəyə təyin olunanda da Azərbaycanın mənafeyini daim önə çəkdi. 1987-ci ildə gözü götürməyən bədxahları Heydər Əliyevə qarşı həyata keçirdikləri təxribatçı üsullarla ümumən türk-müsəlman dünyasının Kremldəki parlaq ulduzunu, onların haqq sözünü dilə gətirən hamisini vəzifədən kənarlaşdıra bildilər. Amma xalqın Heydər Əliyevə olan münasibəti, sonrakı dönəmlərdə böyük liderin iştirakı ilə yaşanan tarix göstərdi ki, onun kimi böyük şəxsiyyətlər bütün vəzifələrin fövqündədir. 1990-cı ilin 20 Yanvar gecəsi keçmiş sovet ordusunun xalqımıza qarşı törətdiyi qətliamlara etiraz olaraq Ulu Öndər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Keçirdiyi mətbuat konfransında dəhşətli cinayətin səbəbkarlarını bütün dünyanın gözləri qarşısında ifşa etdi. Onun bütün təzyiq və təhdidlərə rəğmən yenidən böyük siyasətə qayıdışı ədalətin heç bir maneəyə baxmayaraq gec-tez mənzil başına çatdığını təsdiqləyirdi.

Həmin dövrdə yaradılan bütün əngəllərə baxmayaraq Ulu Öndərin maneələri dəf edib Azərbaycana, dünyaya göz açdığı qədim Naxçıvan torpağına qayıtdığı günləri o tarixin canlı şahidi və bilavasitə iştirakçısı kimi yaxşı xatırlayıram. Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində blokada vəziyyətinə düşmüş Naxçıvan o zaman ağır çətinliklərlə üz-üzə idi. Muxtar Respublikanın fədakar sakinləri minimal sosial imkanlardan belə məhrum şəkildə yaşayırdılar. Burada qaz, işıq, Azərbaycanın başqa bölgələri ilə əlaqə üçün kommunikasiya vasitələri, demək olar ki, yox idi. Xüsusilə qış aylarında vəziyyət dözülməz olurdu. Başı mərkəzdə hakimiyyət davalarına qarışmış təsadüfi siyasət dəllalları Naxçıvan Muxtar Respublikasını taleyin ümidinə buraxmışdılar.

1990-cı ildə Azərbaycan Ali Sovetinə seçkilər zamanı Heydər Əliyevi deputat seçən Naxçıvan sakinləri bununla ümumən xalqımızın arzusunu ifadə etmiş oldular. O dövrdə ölkəmizin müstəqilliyinə doğru ilk qətiyyətli və konkret addımların məhz Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında atılması, Azərbaycanın milli dövlətçilik rəmzlərinə hörmət ruhunun məhz bu məkanda formalaşması da tariximizin danılmaz həqiqətidir. Azərbaycanın müstəqillik rəmzi olan üçrəngli bayrağımız hələ 1991-ci ilin 17 noyabrında ilk dəfə olaraq məhz Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Respublikası keçmiş SSRİ-nin qalıb-qalmaması barədə səsvermə prosesində iştirakdan imtina edən yeganə məkan oldu. O zaman mərkəzdəki "başbilənlər”in növbəti oyunu olan "Yeni ittifaq müqaviləsi”nə cəsarətlə, qətiyyətlə "Yox!” - dedi. Sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılması, 20 Yanvar faciəsinə həqiqi-siyasi qiymətin verilməsi də Heydər Əliyevin milli dövlətçilik tariximizə misilsiz töhfələri idi.

Ulu Öndərin bu torpaqlarda başladığı islahatlar, ermənilərin işğalçı hücumlarının və eyni zamanda insan itkilərinin qarşısının alınması üçün atdığı məqsədyönlü addımlar, şəxsi nüfuzundan istifadə edərək Türkiyə, İran kimi qonşu dövlətlərin rəhbərləri ilə qurduğu iqtisadi-siyasi münasibətlər Naxçıvana yenidən həyat gətirirdi. Bütün bu müsbət dəyişikliklərin ümumən Azərbaycanı əhatə etməsindən ötrü Heydər Əliyevin yenidən ölkənin siyasi hakimiyyətə qayıdışı istəyinin respublika əhalisinin ümumi arzusuna çevrilməsi təbii qanunauyğunluq idi.

1993-cü ilin əvvəlində AXC-Müsavat iqtidarının apardığı səriştəsiz siyasət Azərbaycanı böyük uçurumla üzləşdirmişdi. Bu cür "münbit” şəraitdən istifadə edən bəzi separatçı qüvvələr ölkəni parçalamaq üçün çirkin oyunlara qoşularaq xarici düşmən qüvvələrin səyləri ilə antidövlət siyasəti həyata keçirirdilər. Cənubda "Talış Muğan Respublikası”, Şimalda Sadval təşkilatı, Gəncədə Sürət Hüseynovun pozucu qüvvələrinin açıq-aşkar dövlətlə hesablaşmaması - bunlar hamısı ölkəni fəlakətə sürükləyirdi. Vətəndaş müharibəsinin qığılcımları artıq alova çevrilirdi. Nəhayət, 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət idarə olunmaz vəziyyətə gəlib çıxdı. Gəncə sindromu respublikanın həyatında gedən dağıdıcı proseslərin kulminasiya nöqtəsi oldu. Respublikanın "olum, ya ölüm” dilemması qarşısında qaldığı bir şəraitdə, çıxılmaz vəziyyətdə olan o vaxtkı rəhbərləri Naxçıvana üz tutdular. Naxçıvan MR-nın Ali Məclisinin sədri Heydər Əliyevə Bakıya gəlməsi üçün dəfələrlə müraciət edərək, Naxçıvana xüsusi təyyarə göndərdilər.

Ulu Öndərin Bakıya gəlişini bütün respublika həyəcanla gözləyirdi. Xalqın iradəsinin qələbəsi olaraq 15 İyun Milli Qurtuluş Günü kimi yaddaşlara həkk olundu. Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, vətənini və xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan bir liderə etibar etdi. Bəli, Heydər Əliyev dühası Azərbaycan tarixində həm də xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir.

Ümummilli Lider qısa zamanda qiyamçı dəstənin zərərsizləşməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələri tez bir zamanda aradan qaldıran ulu öndər eyni zamanda cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu özünün rəhbəri seçdi.

Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Dünya Azərbaycanlılarının I Qurultayında "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, və bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.

Tarixdən yaxşı bilirik ki, təbii sərvətlərinin bolluğu hələ xalqın xoşbəxtliyi demək deyil. Əsas olanı bu təbii sərvətləri xalqın mənafeyinə uyğun səmərəli realizə edən liderin, hökumət komandasının mövcudluğudur. Bu mənada, Heydər Əliyev həm də xalqın öz təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnu təmin edən rəhbər kimi tariximizə möhürünü vurub. 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi. Yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna yönəltmək idi. Əminliklə demək olar ki, ötən 26 ildə bu məqsədə tam nail olundu. Yeni neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrində yüksəliş və tərəqqini təmin etdi.

Ulu Öndər Heydər Əliyevin ədaləti və müdrikliyi sayəsində Azərbaycan keçmiş postsovet məkanında torpaq islahatlarını da uğurla həyata keçirən ilk respublika oldu. Bununla belə, Heydər Əliyevin torpaq islahatlarını məhz 1996-cı ildə başladığını desək, bir qədər ədalətsizliyə yol vermiş olarıq. Hələ 1992-ci ildə Naxçıvan Ali Məclisinə rəhbərlik edərkən Heydər Əliyevin kənd təsərrüfatında kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qəbul etdiyi qərar nəinki Azərbaycanda, ümumilikdə keçmiş SSRİ miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğvinə dair ilk təşəbbüs idi. Ulu Öndərin səyi nəticəsində Azərbaycan kəndlisi bazar iqtisadiyyatı dövründə sahibkarlıq təfəkkürünə yiyələndi. Torpağına sahibliyi ilə öz ruzisini halallıqla əldə etməyi öyrəndi. Eyni zamanda respublikamız aqrar sektor üzrə islahatlarda postsovet məkanı ölkələri üçün model dövlətə çevrildi.

Bir sözlə ifadə etsək, 1993-2003-cü illərdə Azərbaycan uçurumun kandarından dinamik inkişafın astanasına gətirildi. Respublikamız, sözün həqiqi mənasında, müstəqil siyasət yürüdən ölkə kimi maraq və mənafeyini təmin edə, strateji məqsədlərinə doğru inamla irəliləyə bildi. Milli dövlətçilik ənənələri möhkəmləndi. İctimai-siyasi sabitlik amili vətəndaşla dövlət arasında mənəvi körpüləri daha da gücləndirdi.

Ulu Öndərin Azərbaycan xalqının mənafeyi naminə bir müdrik, uzaqörən addımı da var. Heydər Əliyevin özündən sonra Azərbaycanı uğurla irəli apara biləcək qətiyyətli və təcrübəli siyasi varis, layiqli idarəçi yetişdirməsi onun xalq qarşısında ən böyük xidmətlərindən biridir. Bu gün Azərbaycan cəmiyyətində həlledici mütləq çoxluq Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyevə tam ürəkdən inanır, onun yürütdüyü siyasətini birmənalı dəstəkləyir. Bu inam tarixi sınaqlardan keçməklə, dövlət başçısının son 16 ildə yürütdüyü alternativsiz siyasətə və bu siyasətin möhtəşəm nəticələrinə söykənir. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş "Mən hər bir azərbaycanlının prezidenti olacağam” çağırışından rişələnir.

İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu ötən 16 illik fəaliyyəti dövründə tam sübuta yetirdi. Hökumətin xalq qarşısında hesabat verməsini idarəçilikdə xoş ənənə kimi formalaşdırdı. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşdü, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etdi. Cənab İlham Əliyevin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxdı. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacardı.

Ümumilikdə möhtərəm Prezidentimizin yürütdüyü siyasətin bir ali hədəfi də var: xalqa layiqli xidmət göstərmək, vətəndaşın etimadını qazanmaq, insanların layiqli həyat səviyyəsini təmin etmək! Ötən illərdə ictimai həyatın bütün sahələrində həyata keçirilən islahatlar məhz bu məqsədə xidmət edib. İnsan amili aparılan islahatların əsas qayəsini, məramını təşkil edib.

Cənab İlham Əliyev haqlı olaraq deyir ki, son 16 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci ölkə yoxdur. Təkcə onu demək kifayətdir ki, Azərbaycan mavi yanacaq və elektrik enerjisi idxalçısından icracatçısına çevrilib. Bu gün Azərbaycan TAP, TANAP kimi qlobal enerji layihələri ilə Avropanın enerji təchizatında sözünü deyir. Şərqdlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində gerçəkləşib.

Nəticə göz önündədir: biz bu gün fərqli respublikada yaşayırıq. Müasir Azərbaycan, ilk növbədə, müstəqil, heç kimdən asılı olmayan, sözünü deyən bir dövlətdir. Əlbəttə, bu gün nəinki regionda, ümumən dünyada ölkəmizin yürütdüyü siyasəti qısqanclıqla qarşılayan, müstəqilliyimizi "həzm etməyən” qüvvələrin sayı da az deyil. Belə bir şəraitdə ölkəmizin müstəqil xarici siyasət yürütməsi məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasi kursun mahiyyətindən irəli gəlir. Azərbaycan dünyada etibarlı, sözünə sadiq strateji tərəfdaş kimi tanınır; heç bir ölkənin daxili işlərinə qarışmır və eyni münasibəti də istisnasız olaraq bütün ölkələrdən tələb edir.

Xalqın dəstəyinə güvənən ölkə rəhbəri xarici təhdidlərə, təzyiqlərə əzmlə sinə gərir. Xalqı milli maraqların müdafiəsi məramı ətrafında səfərbər edərək daxili və xarici düşmənlərə məkrli planlarının heç zaman həyata keçməyəcəyi mesajını verir. Prezident cənab İlham Əliyev ötən müddətdə Azərbaycan dövlətçiliyini hər cür qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bununla bağlı qətiyyətli mövqeyini xatırlatmaq istərdim: "Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.

Əgər 26 il əvvəl respublikamız BMT, ATƏT kimi beynəlxalq qurumların kandarından çətinliklə içəri keçirdisə, bugünkü vəziyyət tamam fərqlidir: Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilir, ATƏT, Avropa İttifaqı kimi təşkilatların toplantılarına, nüfuzlu sessiyalarına rəhbərlik edir.

Qəbələ rayonunu Milli Məclisdə təmsil edən deputat kimi bir məqamı da xatırlatmağı vacib sayıram. Cənab İlham Əliyevin Rusiya kimi nəhəng dövlətlə dil taparaq həmin stansiyanın fəaliyyətinin dayandırılmasına nail olması ümumilikdə Azərbaycan naminə verilmiş tarixi qərar idi. Bu, həm də füsunkar təbiətə malik Qəbələdə turizmə, iqtisadi inkişafa dəstək, ən başlıcası, insanların sağlamlığına verilən yüksək dəyər idi. Cənab İlham Əliyev Azərbaycan ərazisindən sonuncu hərbi bazanı çıxarmağı bacaran lider kimi adını çağdaş tariximizə əbədi həkk etdi!

Son illər nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etmək Azərbaycan üçün adi hadisəyə çevrilib. Bu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin başlıca səbəbi respublikamızın dünya miqyasındakı nüfuzu, hörmətidir. Bu ilin aprel ayında Bakıda keçirilmiş "Formula-1” yarışları Azərbaycanın turizm və idman potensialını növbəti dəfə təsdiqləmək, 500 milyonluq qlobal auditoriyaya nümayiş etdirmək imkanı yaradıb. I Avropa Oyunları, "Formula-1” yarışları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərin Bakı şəhərində təşkili də məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada tanıtmaq, haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində apardıqları sistemli işin tərkib hissəsidir.

Biz 2018-ci ilin 11 aprel seçkilərindən sonra islahatların inqilabi xarakterli yeni mərhələsinə qədəm qoymuşuq. Bu mərhələdə ölkənin malik olduğu resurslar bütünlüklə insan amilinin yüksəlişinə yönəldilib. Azərbaycan insanının daha firavan, qayğısız yaşaması, həyat keyfiyyətinin yüksəlməsi istiqamətində atılan addımlar daha da intensivləşib. Qısaca demək kifayətdir ki, son aylarda imzalanan sərəncamlarla minimum əməkhaqqı əvvəlcə 130 manatdan, 180 manata, bir müddət əvvəl 250 manata qaldırılıb. Ümumilikdə dövlət sektorunda işləyən 1 milyondan çox insanın, o cümlədən hərbçilərin məvaciblərinin 40-50 faizədək qaldırılması, ilk növbədə, vətəndaşa həssas münasibətin göstəricisidir.

Dövlət başçısının müəllifi olduğu "sosial inqilab” cəmiyyətdə mənəvi ab-havanı sağlamlaşdırır. İnsanların dövlətə, hakimiyyətə inamını daha da gücləndirir. Nəticədə cəmiyyətdə Vətənin nailiyyətləri ruhunda formalaşan, məğrur, qürurlu, fədakar, yardımsevər, intellektual gənc nəsil yetişir. Bu günlərdə kütləvi informasiya vasitələrində Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin oğlunun hərbi xidməti şərəflə başa vurması ilə bağlı xəbərləri qürur hissi ilə izlədim.

Hələ bir il əvvəl Azərbaycan Prezidentinin, Ali Baş Komandanın hərbi xidmət yaşına çatmış oğlunu, Ulu Öndərin adını yaşadan Heydər Əliyevi əsgərliyə yollaması Vətənə sevginin ali nümunəsi, parlaq örnəyi idi. O, Vətən qarşısındakı borcunu özü kimi yüksək fiziki hazırlığa, mənəvi-psixoloji yetkinliyə malik gənclərimizin cəlb olunduğu hərbi hissədə şərəflə yerinə yetirdi. Beləliklə, cənab İlham Əliyev və Mehriban xanım öz nümunələrində cəmiyyət üçün necə layiqli vətəndaş tərbiyə etməyin örnəyini ortaya qoymuş oldular. Əlbəttə, möhtərəm Prezidentimizin övladları buna qədər də gənclərimizə örnək olublar. Belə mövzulara həmişə xüsusi maraq və həssaslıq göstərən cəmiyyət gənc Heydər Əliyevin də, bacıları Leyla və Arzu Əliyevaların da daim xoş soraqlarını eşidib. Və ən əsası, onlar babaları Heydər Əliyevin əziz xatirəsini daim uca tutaraq onun ideyalarını yaşatmaq naminə fədakarlıqla çalışıblar.

Bəli, biz indi tam əminliklə deyə bilərik ki, müasir Azərbaycanın inkişaf strategiyası, əslində, Heydər Əliyev siyasətinin daha da təkmilləşdirilmiş, müasir dövrün tələblərinə uyğunlaşdırılmış mükəmməl və çevik idarəetmə sistemidir. Ulu Öndərin banisi olduğu müstəqil Azərbaycan son 16 ildə onun layiqli davamçısının rəhbərliyi altında gələcəyə doğru inamla irəliləyir, böyük quruculuq və inkişaf salnaməsinə imza atır. Ulu Öndər müstəqilliyimizin banisi idisə, cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının rəhbəridir.

Azərbaycan xalqına bu gün güclü, qətiyyətli siyasi lider və onun şəxsində ölkənin davamlı tərəqqisi ilə bağlı aydın hədəflərə malik siyasi hakimiyyət rəhbərlik edir. Hakimiyyətlə xalqın sarsılmaz birliyi müstəqil Azərbaycanı istər hərbi-siyasi, istər iqtisadi, istərsə də total mənəvi-psixoloji həmlələrdən qoruyur, onu daha qüdrətli, daha sarsılmaz edir. Əminəm ki, illər bir-birini əvəzlədikcə, biz Azərbaycanımızın daha sürətli inkişafının şahidi olacaq, doğma Vətənin daha böyük uğurları ilə öyünəcək, qürur duyacağıq.

Fəttah HEYDƏROV,

Milli Məclisin komissiya sədri,

Respublika Ağsaqqallar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video