14 Iyul 2019 00:35
723
SİYASƏT
A- A+

Xalqın taleyində həlledici dönüş anı


Elə liderlər var ki, sadəcə tarixin yaddaşında qalırlar. Elə liderlər də var ki, tarixin özünü yaradırlar. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi idi.

Onun Azərbaycana rəhbər seçilməsinin 50-ci ildönümünü qeyd edərkən biz bu hadisənin xalqımızın taleyini necə köklü şəkildə dəyişdiyini, bugünkü azadlığı və müstəqilliyi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha tam aydınlığı ilə görürük.

Sovet siyasi sisteminin qaydalarına əsasən, müttəfiq respublikalara kimin rəhbərlik edəcəyini mərkəzi hakimiyyət, onun birinci şəxsləri müəyyənləşdirirdi. Ona görə də onun respublikaya rəhbər seçilməsi üçün namizədliyini irəli sürmüşdü. Sovet dövlətinin təhlükəsizliyini təmin edən orqanda bütün vəzifə pillələrini keçmiş, əslində, xidməti fəaliyyəti daha çox məxfi xarakter daşıdığı üçün xalq arasında o qədər də yaxından tanınmayan Heydər Əliyevin respublika rəhbərliyinə irəli çəkilməsinə qərar verilmişdi.

Bəli, həmin vaxt xalq onu yetərincə tanımırdı, amma o, tarixinə dərindən bələd olduğu əziz millətinin arzu, istək və ümidlərini yaxşı duyur, bunları gerçəkləşdirməyin yolları haqqında düşünürdü. Heydər Əliyev dövlət idarəçiliyi sahəsində çox gənc yaşlarından işləməyə başlamışdı, özünün fitri istedadı və iti zəkası, yenilməz əzmkarlığı və dürüstlüyü, səmərəli fəaliyyəti ilə hər zaman önə çıxmağı, liderlik xüsusiyyətlərini göstərməyi bacarmışdı. Ona qədər Sovet Azərbaycanına rəhbərlik etmiş şəxslərin heç biri öz xalqının istək və arzularını reallaşdırmağı, milli inkişaf strategiyasını müəyyənləşdirməyi bacarmamışdı. Nəticədə Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış əyalətlərindən sayılmış, iqtisadiyyatı, əsasən, təbii sərvətlərdən xammal yönümlü istifadəyə əsaslanmış, əhalisinin yaşayış səviyyəsi digər müttəfiq respublikalarla müqayisədə aşağı olmuşdur. Mərkəzi hakimiyyət Azərbaycanda idarəçiliyi möhkəmləndirmək, uzun illər boyu yığılıb qalmış sosial-iqtisadi problemləri aradan qaldırmaq, respublikanın mövcud potensialından səmərəli istifadəni təmin etmək üçün qətiyyətli və enerjili, təşəbbüskar və işgüzar bir rəhbər seçməli idi. Nadir fitri istedadı, dərin zəkası, saf mənəviyyatı, misilsiz təşkilatçılıq qabiliyyəti ilə dövlət təhlükəsizliyi orqanlarında sıravi əməkdaşdan komitə sədrliyinə və general rütbəsinə qədər yüksəlmiş Heydər Əliyev ölkənin siyasi hakimiyyətindəki islahatçıların seçimi idi. Bu həm də zəngin dövlətçilik ənənələri olan xalqımıza və gələcək nəsillərimizə tarixin və Tanrının bəxşişi idi.

Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərini möhtərəm Prezident İlham Əliyev belə dəyərləndirmişdir: "Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir”.

Azərbaycana rəhbər seçildiyi ilk gündən öz idarəçilik fəaliyyətini milli mənafelərimizin qorunmasına, iqtisadiyyatın dirçəlişinə, xalqın güzəranının yaxşılaşmasına, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına yönəldən Heydər Əliyev Azərbaycanda əsl işgüzarlıq ab-havası, quruculuq əhvali-ruhiyyəsi yaratmağa nail oldu. Öz təşəbbüskar və cəsarətli rəhbərinə inanan xalqın ruhunda və özünüdərkində də oyanış baş verdi, bu intibahın sağlamlaşdırıcı, səfərbəredici gücü bütün cəmiyyətin yüksəlişini şərtləndirdi. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülən işlər milli dövlətçilik ideyalarının cəmiyyətdə hərəkətverici qüvvəyə çevrilməsi üçün möhkəm təməl oldu. Həmin dövrdə Ulu Öndər özünəməxsus müdriklik və uzaqgörənliklə Azərbaycanın nə vaxtsa gerçəkləşəçək istiqlalına sanballı töhfələr hazırlayırdı. İqtisadiyyatın bütün sferalarında, ələlxüsus, sənayedə və kənd təsərrüfatında əldə olunan uğurlar, xalqın mədəni-intellektual səviyyəsinin sürətlə artması, milli kadr potensialının yaradılması, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin formalaşdırılması və digər saysız-hesabsız nailiyyətlər gələcək müstəqillik üçün möhkəm zəminə çevrilirdi. Azərbaycanın bütün sahələrdə inkişafın yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, intibah dövrü yaşaması Heydər Əliyev idarəçiliyinin ən başlıca xüsusiyyəti olmuşdur. İqtisadi asılılığın aradan qaldırılmasını siyasi müstəqilliyin təməl prinsipi kimi aydın şəkildə görən Ulu Öndər ölkənin istehsal potensialının mühüm hissəsinin ittifaq tabeliyindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye potensialının gücləndirilməsinə mühüm əhəmiyyət verirdi.

Təhsili millətin gələcəyi adlandıran Heydər Əliyev gənc nəslin ən yeni biliklərə yiyələnməsi, fundamental elmlərlə məşğul olması üçün hər cür şərait yaradırdı. Onun təşəbbüsü ilə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması imkanları genişləndirilmiş, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayı artırılmışdı. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən tələbələrin sayı təxminən 60 nəfər olmuşdusa, 1975-ci ildə onların sayı 600, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Bu, çox böyük göstərici idi və keçmiş müttəfiq respublikaların heç də hamısı belə imtiyaza sahib ola bilmirdi. Müstəqil dövlətimizə rəhbərlik edərkən Ulu Öndər həmin dövrdə respublikadan kənarda təhsil almış mütəxəssislərlə keçirdiyi görüşdə demişdir: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da respublikamızın həyatında olduqca mühüm hadisə idi. Bu təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynamış, məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında mühüm rol oynamış, torpaqlarımızın müdafiəsi uğrunda mübarizədə qəhrəmanlıqlar göstərmişlər və bu gün də Silahlı Qüvvələrimizin özəyini təşkil edirlər.

Sovet hakimiyyəti dönəmində ittifaq miqyaslı bir sıra strateji əhəmiyyətli müəssisələrin Azərbaycanda inşa edilməsi məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində mümkün olmuş və beləliklə, respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsaslarıının formalaşdırılması üçün zəmin yaradılmışdır.

Xalqımızın milli sərvəti olan neft və qaz ehtiyatlarından respublika iqtisadiyyatının inkişafı üçün məqsədyönlülüklə istifadə edilməsi istiqamətində həmin dövrdə həyata keçirilən tədbirlər də Ulu Öndərin cəsarətini və uzaqgörənliyini bir daha təsdiqləyir. 1970-ci illərdə neft sənayesinin dinamik inkişafı, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsi xalqımızın rifahına xidmət etmişdir. Məhz Heydər Əliyev Azərbaycanda neftayırma sənayesinin yenidən qurulmasının təşəbbüsçüsü və müəllifi olmuş, bu sənaye sahəsinə aid müəssisələrin, iri komplekslərin tikilməsi ilə bugünkü yeni neft strategiyasının mühüm istiqamətləri müəyyənləşdirilmişdir.

Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə bütün sahələrdə baş vermiş köklü dəyişikliklər respublikamızın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Keçmiş ittifaq dövlətinin rəhbərliyində işlədiyi 1982-1987-ci illərdə isə Ulu Öndər nəinki Azərbaycanın və azərbaycanlıların, həm də bu dövlətin ərazisində yaşayan bütün türksoylu xalqların cəfakeş müdafiəçisi olmuş, eyni zamanda öz qətiyyətli siyasi mövqeyi, humanizmi, qanunpərvərliyi və ədalətliliyi ilə çoxmillətli ölkənin hər bir vicdanlı vətəndaşının hörmət və ehtiramını qazana bilmişdi. Onun idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı sayəsində ittifaq dövlətinin bir sıra irimiqyaslı layihələri, o cümlədən Baykal-Amur dəmir yolu magistralının inşası uğurla həyata keçirilmişdir. Heydər Əliyev fenomeninin ümumittifaq miqyasında etiraf olunması bir həqiqət idi və bu faktın özü imperiyapərəst qüvvələri və xalqımızın düşmənlərini ciddi narahat edirdi.

Böyük türk oğlunun müvəqqəti də olsa siyasətdən uzaqlaşdırılması ilə nəticələnən məkrli planlar Azərbaycana böyük zərbə vurdu, xalqımızın ağır bəlalara düçar olmasına gətirib çıxardı. Belə bir tarixi faktı unutmaq olmaz ki, məhz Heydər Əliyev 1987-ci ildə keçmiş SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan bir neçə gün sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi açıq şəkildə ortaya qoyuldu və sonradan Azərbaycanın müharibəyə cəlb edilməsi ilə nəticələnən erməni separatizmi baş qaldırdı. Az sonra ittifaq dövlətinin süqut etməsi ilə əlaqədar dövlət müstəqilliyimizin bərpası mümkün olsa da, respublikamızın başı üzərini qara buludlar aldı. Təəssüf ki, belə çox məsul bir vaxtda imperiya qorxusundan yaxa qurtara bilməyən cəsarətsiz yerli rəhbərlər xalqımızın dahi oğlunun siyasi və dövlətçilik təcrübəsindən bəhrələnmək əvəzinə ona qarşı məkrli planlar qurmaqla milli mənafelərimizin zəifləməsinə, nəticədə Azərbaycanın hətta növbəti dəfə parçalanıb, məhv olmaq təhlükəsi ilə üzləşməsinə şərait yaratdılar.

Onu yaxşı xatırlayırıq ki, sovet hakimiyyətinin çökməsi ərəfəsində imperiyapərəst qüvvələr xalqımıza qarşı qanlı 20 Yanvar cinayətini törədəndə Heydər Əliyev doğma millətinin həqiqi lideri kimi öz mətinliyini, mübarizliyini bütün dünyaya göstərdi. Hər zaman xalqının yanında olan Ulu Öndərin bu hadisələrlə əlaqədar kəskin bəyanat verərək, Kommunist Partiyası sıralarından çıxması Azərbaycan tarixində dönüş anı oldu. Qətiyyətlə demək olar ki, məhz həmin vaxt Heydər Əliyev mənəvi-siyasi böhran keçirən sovet dövlətinin tezliklə dağılacağını görür və böyük öndəri olacağı Azərbaycanın istiqlalı üçün mübarizəyə başlayırdı. Az sonra Vətənə qayıdan, Bakıda təqiblərə məruz qalıb doğma Naxçıvana üz tutan, xalqın arzusu, istəyi ilə burada siyasi fəaliyyətini bərpa edən Ulu Öndərin respublika parlamentindəki müdrik çıxışları, Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində qəbul etdiyi qərarlar və üçrəngli bayrağımıza yeni həyat verməsi Azərbaycanın suverenliyi yolunda atılan ilk addımlar kimi tarixin yaddaşında həmişəlik yaşayacaq.

Tarixi yaddaşın daha bir şərəfli səhifəsi isə Heydər Əliyevin milli müstəqillik və dövlətçilik ideyalarının gerçəkləşdirilməsində üzərinə böyük məsuliyyət qoyduğu avanqard siyasi qüvvəni - Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Bir qrup vətənpərvər ziyalı və ictimai fəal ilə birlikdə 1992-ci ilin noyabrında Naxçıvanda əsasını qoyduğu bu siyasi təşkilatı Heydər Əliyev əsl xalq partiyasına çevirə bildi ki, ölkəmizdəki monolitləşmiş xalq-iqtidar birliyinin təməlində bu amil özünəməxsus yer tutur. Hazırda partiyamız yeddi yüz mindən çox insanı öz siyasi məqsəd və məramı ətrafında birləşdirir, dövlətçilik və azərbaycançılıq ideyalarının cəmiyyətdə bərqərar olmasında mühüm rol oynayır.

Ulu Öndər 1993-cü ilin 15 iyununda Qurtuluş hərəkatını xalqın dəstəyi və öz siyasi həmfikirləri ilə birlikdə zəfərə çatdıraraq, ölkəni xaosdan tərəqqiyə aparan yolun əsasını qoydu. "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram” deyən Heydər Əliyev öz titanik fəaliyyətini doğma millətinin tərəqqisinə yönəltdi. Yenicə müstəqilliyinə qovuşmuş dövlətimizin sükanını öz qüdrətli əllərinə alan Heydər Əliyev Azərbaycanın suverenliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqaməti kimi müəyyənləşdirdi, respublikamızı hərtərəfli tərəqqi yoluna çıxardı. Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətlənən ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar müasir Azərbaycanın həqiqətləridir.

Bu gün təməli Ulu Öndər tərəfindən qoyulmuş xalq-iqtidar birliyi azad, müstəqil, demokratik Azərbaycanın davamlı inkişafını şərtləndirir. Heydər Əliyevin siyasi varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə və nüfuza malik Prezident İlham Əliyev onun müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdirir, özünəməxsus möhkəm iradə və qətiyyətli mövqeyi, məhsuldar fəaliyyəti ilə Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu sübuta yetirir. Möhtərəm Prezidentin düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti, xalqa olan səmimi məhəbbəti və doğma vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə hədsiz qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Onu da qeyd edim ki, Heydər Əliyev ideyaları milli inkişafımızı müəyyənləşdirdiyi kimi, həm də bəşəri mahiyyət daşıyır. Bu iki amil çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 15 ildən çoxdur ki, səmərəli və parlaq fəaliyyət göstərən Heydər Əliyev Fondunun layihələrində öz əksini tapır. Mədəniyyət, incəsənət, təhsil, səhiyyə sahələrində və digər sahələrdə gördüyü çox böyük işlərlə fond Ulu Öndərin ideyalarını yaşadır. Xalqımızın mənəvi irsinin qorunmasında və təbliğində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılmasında və digər istiqamətlərdə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bütün təşəbbüslərinin də təməlində Ulu Öndərin arzu və ideyaları dayanır.

Heydər Əliyevin siyasi və dövlət idarəçiliyi məktəbini keçmək, onunla birlikdə işləmək, möhtəşəm quruculuq planlarının həyata keçirilməsində iştirak etmək çox böyük şərəf və xoşbəxtlikdir ki, bu, mənə də müyəssər olmuşdur. Bakı Metropolitenində işlədiyim dövrdə dəfələrlə Ulu Öndərlə şəxsi ünsiyyətim zamanı onun hər bir məsələyə necə həssaslıqla, müdriklik və fitri uzaqgörənliklə yanaşdığının şahidi olmuşam. Hazırda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatındakı sədrlik fəaliyyətim də Heydər Əliyev ideyalarının cəmiyyətdə fəal təbliği, onun siyasi xəttinin uğurla həyata keçirilməsi ilə bağlıdır ki, bu da mənə qürur və fərəh hissi bəxş edir. Onu da deyim ki, Heydər Əliyevlə görüşlərim, bu görüşlərin unudulmaz təəssüratları, xalqımızın dahi oğlunun möhtəşəm ictimai-siyasi fəaliyyəti haqqında düşüncələrim, ümumilikdə iqtisadiyyatımızın, ayrıca isə metropolitenin inkişafı istiqamətində görülən işlərin mahiyyəti barədə qənaətlərim, bütün bunlarla yaddaşımda həmişəlik izi qalan hadisələr barədə xatirələrim ötən il çap etdirdiyim "Qürur doğuran illər” adlı kitabımda toplanmışdır...

Bu gün Azərbaycanda Heydər Əliyev erası davam edir və daim davam edəcəkdir. Dünyanın harasında olursa-olsun, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Ulu Öndərin "Nə qədər ki, Azərbaycan var, müstəqil Azərbaycan dövləti var, mən də varam, mən Azərbaycanda əbədi olacağam” sözləri tarixin yaddaşına əbədi həkk olunmuşdur.

Tağı ƏHMƏDOV,

YAP Yasamal Rayon Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video