13 Iyul 2019 15:58
552
CƏMİYYƏT
A- A+

“ASAN xidmət”in yaradılmasından 7 il ötür


Bu gün "ASAN xidmət”in yaradılmasından 7 il ötür.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət” mərkəzləri yaradılıb.

Agentliyin sədri Ülvi Mehdiyev AZƏRTAC-a bildirib ki, hazırda ölkəmizdə 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Bu il Tovuz, Ağcabədi, Şamaxı, Kürdəmir və Balakəndə "ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Həmçinin Prezident İlham Əliyev 2019-cu il 5 aprel tarixində Bakıda iki yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb. Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir.

Bu günə kimi "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 30 milyondan çoxdur. Regionlarda 10 səyyar "ASAN xidmət” avtobusu və səyyar "ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 1 milyon 850 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Bakı şəhərində fəaliyyət göstərən 2 "ASAN Kommunal” mərkəzində "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunur. Bu günə kimi 1 milyon 400 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Bu il Bakıda daha bir "ASAN Kommunal” mərkəzi fəaliyyət göstərəcək.

Bu il mayda "ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və "ASAN xidmət” mərkəzlərinin idarə edilməsində effektivliyi artırmaqdır. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır.

İyunun 1-dən etibarən "myGov” portalı vətəndaşların istifadəsində verilib. "Qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslıdır və vətəndaşlara proaktiv xidmətlər göstərilir.

Könüllülər "ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 20000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 2500-dən çox təlim, 550-dən çox layihə keçirilib və 1100-dən çox könüllü "ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Artıq Əfqanıstan İslam Respublikasında "ASAN xidmət” ("Asan Khedmat”) təsis edilib. Bundan başqa, Uqanda, Mərakeş, Koreya, İndoneziya, Monteneqro, İtaliya və İSESKO ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Hazırda bir sıra Afrika ölkələri: Misir, Əlcəzair, Özbəkistan ilə əməkdaşlığa başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

"ASAN xidmət” 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. İyunun 24-dən 26-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirib. Foruma dünyanın 100-dən çox ölkəsindən 800-dən çox nümayəndə qatılıb. Tədbir çərçivəsində ölkəmiz rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.

İyunun 24-də Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İSESKO arasında Birgə Əməkdaşlıq Proqramı əsasən qabaqcıl idarəetmə üzrə "İSESKO-nun ASAN mükafatı” təsis olunub. "İSESKO-nun ASAN mükafatı” üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunacaq.

BMT-nin İnsan Hüquqları Şurasında "ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul olunub. Şuranın martın 22-də Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video