Alternative content

21:26 15 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəxsiyyət zirvəsi
Şəxsiyyət zirvəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:52 13.07.2019


Hər bir xalqın dünya miqyasında tanınmasının, şöhrət qazanmasının çox aydın və danılmaz şərtləri var. Həmin şərtləri tarixi reallıqlar da dönə-dönə təsdiq etmişdir. Həqiqət ondan ibarətdir ki, bütün xalqların cəmiyyətdə mövcud olmasına, fəaliyyət göstərməsinə, ilk növbədə arxalandığı, sosial-iqtisadi inkişafı üçün vəsilə saydığı təbii və mənəvi şərtlər, maddi-mənəvi abidələr kifayət etmir.

Ölkənin müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə tənzimləyən fenomen şəxsiyyətdən də çox asılıdır.


İntibah yolunun başlanğıcı


Ötən əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə başçılıq etmək qisməti Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Artıq həmin vaxtdan 50 il ötür. 50 il əvvəl onun xalqımızı müstəqilliyə, azadlığa qovuşduran əsl rəhbər xarizmasına çevriləcəyinə, ölkəni bu günlərə gətirib çıxaran tarixi yolun təməlini qoyacağına hamı inana bilməzdi. Çünki bu şəxsiyyətin vətəni, xalqı üçün böyük xariqələr yarada biləcək potensial imkanlarını insanlar hələ görməmişdilər. Bu keyfiyyətlər tədricən, zaman-zaman onun işgüzar fəaliyyətinin nəticələri kimi üzə çıxdı.

Heydər Əliyevin uzaqgörən siyasəti ilə cilalanan tarixi təcrübə göstərir ki, Azərbaycanda sosial-iqtisadi inkişaf konsepsiyasının yaranmasının başlanğıcını Sovet İttifaqının tərkibində olarkən respublikanın baş nəzarət və fəaliyyət istiqamətini tənzimləyən Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun keçirildiyi 1969-cu il avqustun 5-i tarixindən götürmək lazımdır.

Bu mövzuda danışmaq mənim üçün də qürurvericidir. Çünki siyasi və idarəçilik fəaliyyətimdə ilk addımlarımı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra atmışam. 1972-ci ildə Lənkəranda komsomolun birinci katibliyinə namizədliyim irəli sürülən zaman məni qəbul edən Heydər Əliyevin verdiyi tövsiyələr həyatım boyu siyasi fəaliyyətimin yeganə istinadgahı oldu.

1969-cu ilin iyul ayından sonra rəsmi dövlət tədbirlərinin o vaxt respublikamızın həyatında necə əks-səda doğurduğunu yaxşı xatırlayıram. Azərbaycan əhalisi görür və hiss edirdi ki, Heydər Əliyevin siyasi hakimiyyətdə rəhbər yerini tutması təsadüfi deyil. Həmin günlərdə insanların dilində tez-tez "ədalətli rəhbər” sözlərinin eşidilməsinin də real əsasları var idi. Elə əhalinin özü də Heydər Əliyevin respublikada Mərkəzi Komitənin birinci katibi seçilməsinə başqa mövqedən yanaşmaq istəmirdi. Axı insanları yüksək vəzifəyə təyin edərkən adətən onların bilik və bacarığını, təşkilatçılıq qabiliyyətini nəzərə alırdılar. Şübhəsiz ki, bu keyfiyyətlər siyasət aləmində potensial enerjiyə malik olan Heydər Əliyevin şəxsində də cəmləşmişdi. O, bu məsul vəzifəyə gələndə "qətiyyətli başçı” imicini qazandırmış bir siyasi xadim idi.

Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə "Qoy ədalət zəfər çalsın!” devizi ilə gəlmişdi. O, sovet dövlətinin Konstitusiyası çərçivəsində verilmiş imkanlarından xalqın mənafeyi üçün tam şəkildə istifadə etməyə çalışır, maneələri köklü şəkildə təmizləməyə səy göstərirdi.

Heydər Əliyev yüksək bilik və təşkilatçılıq qabiliyyətini elə ilk günlərdən ortalığa qoydu. O, lider xarizmasını, milli adət və ənənələrlə bağlı idarəçilik məharətini işə tətbiq etməyi, çətin və mürəkkəb, hədsiz dərəcədə məsuliyyətli fəaliyyətinin vacib şərti sayırdı. Dahi rəhbər elə həmin günlərdən insan hüquqlarına dərin hörmət və ehtiram hissi ilə yanaşmaqla, onların qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə başladı. Məhz bunlara görə Heydər Əliyev o zamanlarda xalqının xeyrinə hansısa bir işi görmək naminə ittifaq rəhbərliyi ilə daim üz-üzə gəlirdi. Onun məqsədi birinci növbədə haqq yolunda mübarizə aparmaq idi. Bu mübarizə Azərbaycan xalqının həllini gözləyən bir sıra problemlərlə üzləşdiyi vaxta təsadüf edirdi. Həmin problemlər Heydər Əliyevə qədər yığılıb qalmış, aradan qaldırılması yolunda kifayət qədər iş görülməmişdi.


Qətiyyətli rəhbər


Ümummilli Lider çətinliklərin haradan və nədən irəli gəldiyini müəyyənləşdirdi, diqqəti cəmiyyətdə özünü göstərən başlıca problemlərə - milli vəhdətin, hakimiyyətlə xalqın yekdilliyinə, onlar arasında birliyin təmin olunmasına yönəltdi. Heydər Əliyev görürdü ki, sovet dövründə hələ çarizmdən "miras qalmış” bir meyilin zərərli nəticələri özünü yenə də büruzə verməkdədir. O zaman hakimiyyətdə azərbaycanlıların təmsil olunmasına ciddi maneələrin hökm sürməsi, onların daha çox aşağı vəzifələrdə yerləşdirilməsi həmvətənləri arasında birliyə maneçilik törədir, yorucu intriqalara gətirib çıxarırdı. Bacarıqlı rəhbər belə xoşagəlməz hallara son qoymaq üçün möhkəm iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirməyə başladı. O, xalqla görüşlərində, rəsmi dövlət tədbirlərində respublikada özünü göstərən mənfi cəhətləri açıq deməkdən, onları yerindəcə tənqid etməkdən ehtiyatlanmırdı.

Heydər Əliyevin Azərbaycan KP MK-nın tarixi 1969-cu il avqust plenumundakı dərin məzmunlu çıxışı hamını heyrətdə qoymuşdu. O, bütün neqativ hallar barədə fikirlərini böyük cəsarətlə, açıq-aydın, təfərrüatı ilə yığıncaq iştirakçılarının diqqətinə yetirdi. Qeyd etdi ki, hakimiyyətin idarəçiliyi sistemində yerlibazlıq, regionçuluq təzahürləri önə çəkilmiş, dövlət işinə xeyir gətirən, daha böyük səmərə verən təşkilatçılıq bacarığı, işgüzarlıq keyfiyyətləri kölgəyə alınmışdır. Nəticədə bürokratik meyillər güclənmiş, rüşvətxorluq kimi neqativ hallara hətta yuxarı instansiyalarda göz yumulmuşdur.

Heydər Əliyev həmin plenumda kadr siyasətinə yüksək məsuliyyətlə yanaşmağın onun idealı olduğunu belə bəyan etdi: "Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar”.

Həmin plenum respublikanın sosial-iqtisadi inkişafı istiqamətində çox böyük və nəhəng işlər görmək, yeni, çox səmərəli islahatlar həyata keçirmək məqsədi daşıyan əlamətdar bir hadisəyə çevrildi. Bundan dərhal sonra respublikanın ictimai-siyasi həyatında canlanma hiss olunmağa başladı. Plenumda başlıca problem olan siyasi rəhbərliklə bağlı yekdilliyə səsləyən çağırışlar eşidildi. Bu məsələlər ətrafında işini qurmaq istəyən görkəmli partiya və dövlət xadimi hakimiyyət strukturunda azərbaycanlıların sayının az olması halına çox mənfi yanaşdı, xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini öz həmvətənlilərinin şəxsində üzə çıxarmaq siyasəti ilə işə başladı. Ulu Öndər cəsarətlə bacarıqlı yerli kadrları ətrafında yerləşdirmək və regionlara işi bacaran kadrları göndərməklə, respublikanı, sözün həqiqi mənasında, tərəqqi yoluna çıxartdı. Belə bir fəaliyyət nəticəsində Azərbaycanın partiya, qanunvericilik, sosial, mədəni-məişət, məhkəmə orqanları arasında yekdil əlaqə zəncirləri yarandı.

Respublikada rüşvətxorluğa qarşı mübarizə tədbirləri həyata keçirildi. Korrupsiya hallarının aradan qaldırılması istiqamətində aparılan işləri insanlar şüurlarında formalaşan ümummilli məsələ hesab edirdilər. Böyük əks-səda doğuran rəsmi dövlət tədbiri respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasını müəyyənləşdirdi.


Sosial-iqtisadi və mədəni yüksəliş mərhələsi


1969-cu ildən başlayaraq respublikada özünü qabarıq şəkildə göstərən iqtisadi tənəzzülün qarşısının alınmasına, sənayedə, kənd təsərrüfatında yeni islahatların həyata keçirilməsinə dair müvafiq tədbirlər planı hazırlandı. Kommunist Partiyasının aparıcı qüvvə olduğu bir zamanda fərqli milli siyasət yürüdülməsi işləri tədricən tənzimlənir, bu sahədə mühüm qərarların qəbul edilməsi gündəlik fəaliyyətin əsasını təşkil edirdi. Ulu Öndər yaxşı bilirdi ki, respublikanın iqtisadiyyatını ayağa qaldırmadan, onu yüksəltmədən qarşıya qoyulan qlobal vəzifələri həyata keçirmək o qədər də asan deyil.

Odur ki, respublika sənayesi ilə kənd təsərrüfatını yeni, daha mütərəqqi yollarla dirçəltmək, xalqın maddi rifah halını yüksəltmək, doğma vətəni ittifaq səviyyəsində birincilər sırasına çıxarmağı məqsədyönlü fəaliyyət proqramına çevirdi. Bu sahədə məsuliyyət, partiya tələbkarlığı, hətta inzibati cəza tədbirlərinin tətbiqi məsələləri davamlı fəaliyyət proqramı kimi ortalığa qoyuldu. Bir-birinin ardınca qəbul olunan qərarlar respublikamızda sənayenin inkişafına təkan verdi. Bakı Kondisionerləri Zavodunun tikilib istismara verilməsi böyük rezonans doğurdu. Onun məhsullarına onlarla ölkənin tələbatı yarandı. 1980-ci ilin göstəricilərinə görə sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatdırıldı. 10 il ərzində respublikada 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi. 12 müəssisənin istehsal gücü əvvəlki illərlə müqayisədə bir neçə dəfə artdı, sənaye istehsalı üç dəfə yüksəldi. Sonra sənaye istehsalının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsində ön sıraya çıxdı.

Ötən əsrin 70-ci illərində kənd təsərrüfatı sahəsində də mühüm nailiyyətlər əldə olundu. 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı dəfə artdı. Həmin dövrdə Azərbaycanda yeni inkişaf və tərəqqi dövrünün əsası qoyuldu və ayrı-ayrı sahələrdə islahatlar aparılmasının istiqamətləri müəyyənləşdirildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə yeni istehsal sahələri işə düşdü, sənaye, kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə yüksəldi. 1979-cu ilin fevralında "Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” qərarın qəbul edilməsi respublikada iqtisadi potensialın reallaşması yolunda uğurlu bir addım idi. Bu qərara əsasən 1985-ci ilədək Azərbaycanda üzüm istehsalı 3 milyon tona çatdırılmalı idi. Bu qərarda təsbitini tapan 23 bənddən yalnız 4-ü birbaşa üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı idi. Qalan bəndlər bu sahənin inkişafı hesabına respublikanın sosial-iqtisadi inkişafını təmin etməklə bağlı idi.

Həmin illərdə respublikanın rayonlarında üzümçülük çox yüksək templə inkişaf etdirildi. Rayonlarda üzüm emalı zavodları işə düşdü, şərabçılıq sənayesi öz məhsullarını respublikadan kənara ixrac etməyə başladı. Bunun sayəsində müvafiq rayonların siması büsbütün dəyişildi. Üzümçülük və şərabçılıqdan milyon manatlarla gəlir əldə edildi. Qazanılan vəsait əhalinin maddi vəziyyətini xeyli yaxşılaşdırdı, tikinti-abadlıq işlərinin dairəsi xeyli genişləndi.

Azərbaycanın ən çox nəzərə çarpan bölgələrindən biri də Lənkəran idi. Bərəkətli torpağı, füsunkar təbiəti olan bu yeri o zaman "Cənub mirvarisi” adlandırırdılar. Lənkəran ümumittifaq tərəvəz bostanına çevrilmişdi. Baxmayaraq ki, rayonun torpaqları subtropik bitki və meyvələr üçün daha münasib idi. Rayonda nəhəng Xanbulançay su anbarı tikilib istismara verildi. Heydər Əliyev onun açılışında iştirak etdi. Məhsuldarlığı yüksəltməyin əsas amili olan suvarma problemi bu yolla həll olundu. Min hektarlarla əkin sahəsini "Xanbulağı”nın suyu cana gətirdi.

Lənkəranda faraş tərəvəz məhsullarının yetişdirilib ittifaqın mərkəzi şəhərlərinə göndərilməsi bölgəyə böyük sərmayə gətirdi. Rayona milyon manatlarla vəsait daxil oldu. Rayon bu uğurlarını "Məhsul bayramı” adı ilə hər il qeyd edirdi. Zəhmət adamına pul mükafatları, minik maşınları, xalçalar və sair hədiyyə verilirdi. Ümumi daxili məhsulun artımı, onun satışından əldə olunan gəlir hesabına Lənkəranda tarix və mədəniyyət abidələri bərpa olunur, tikinti-abadlıq işləri genişlənirdi. Sosial-mədəni inkişaf hər addımda özünü göstərirdi. Yüksəliş qonşu rayonlarda da nəzərə çarpırdı.

Ötən əsrin 70-ci illərində respublikada tikinti abadlıq işləri də geniş vüsət almışdı. Hər yerdə böyük sürətlə tikinti işləri aparılırdı. 1970-1985-ci illərdə ümumi sahəsi 22,2 milyon kvadratmetr olan mənzillər tikilmişdi. Bakıda yeni yaşayış massivləri meydana gəlirdi. Çöl-biyabanı xatırladan ərazilərdə planlı şəkildə 5 və 9 mərtəbəli yaşayış evləri ucaldılır, mikrorayonlar salınırdı. Əhmədli, Yeni Günəşli, Yeni Yasamal yaşayış massivlərində məhz həmin dövrdə yüzlərlə, minlərlə insan rahat, yaraşıqlı, hər cür kommunal şəraiti olan mənzillərdə məskunlaşdı.

Həmin illərdə işsizlik demək olar ki, büsbütün aradan qalxmışdı. İnsanlar iş yerləri axtarmırdılar, iş yerlərinin özü onları halal zəhmətləri ilə dolanmaq üçün dəzgah arxasına, məhsul becərilən tarlalara dəvət edirdi. 1985-ci ildə respublikada işləyənlərin sayı 2,4 milyon nəfərə çatırdı. 1970-ci ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 respublika arasında axırıncı yerdə gedirdi. 1980-ci ildə isə bu sahədə 4-cü yerə çıxdı.

Ana dili hər bir xalqın taleyində müstəsna rol oynayır. Azərbaycan xalqının Ulu Öndərin dediyi kimi, çox zəngin, dərin tarixi köklərə malik dili vardır. Lakin azərbaycanlılar öz ana dilinin zənginliyindən uzun illər yetərincə istifadə edə bilmirdilər. Bu vəziyyət 1970-ci illərə kimi davam etdi. 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyası qəbul olunanda ona Heydər Əliyevin cidd-cəhdi ilə "Azərbaycan dili Azərbaycan Sovet Respublikasının rəsmi dövlət dilidir” maddəsi daxil edildi.


Müasir dövlətimizin qurucusu


1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. O dövrü şərh edən Ulu Öndər Heydər Əliyev demişdir: "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir”.

Lakin 1991-ci ildən sonra hakimiyyət dairələrinin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoymuşdu. Ölkədə yaranmış anarxiyadan cana doymuş, ən başlıcası isə müstəqilliyimizin itirilməsindən ehtiyatlanan xalqın çağırışı və təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı.

Böyük və güclü şəxsiyyətlər cəmiyyətdə, o cümlədən geosiyasi arenada baş verən hadisələrə çox ciddi təsir göstərir. Onların dünyagörüşü, uzaqgörənliyi, həyat təcrübəsi və siyasi iradəsi hər hansı bir ölkənin inkişaf strategiyasının xüsusiyyətlərini müəyyənləşdirməklə həlledici məqamlarda gələcək üçün düzgün yol seçimini formalaşdırır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı və ondan sonra ölkədə baş verən pozitiv yeniliklər bunu təsdiq edir. Təkcə onu demək kifayət edir ki, Ümummilli Liderin dühası sayəsində mürəkkəb geosiyasi dövrdə ölkə vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarıldı, inkişafın təməli qoyuldu. Heydər Əliyev dövlətçiliyin qüdrətlənməsinə, rifahın yaxşılaşmasına xidmət edən dövlət quruculuğu xəttini böyük ardıcıllıqla həyata keçirdi, Azərbaycan dünyanın sayılıb, seçilən ölkələrindən birinə çevrildi.


Heydər Əliyev ideyalarının davamı cəmiyyətin sifarişidir


Ümummilli Lider Azərbaycan xalqına son müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Müraciətdən ötən illər təsdiq etdi ki, Ulu Öndər haqlı imiş. Qədirbilən xalqımız 2003, 2008-2013 və 2018-ci illərin prezident seçkilərində Heydər Əliyev kursunun davam etməsinə səs verdi. Bu mənada İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun davamı kimi baxmaq lazımdır. Heydər Əliyev və İlham Əliyev dövlət quruculuğunun mahiyyətinə, onlar arasındakı əlaqəyə diqqət yetirsək görərik ki, Ümummilli Lider tərəfindən uzaqgörənliklə, mükəmməl şəkildə müəyyən edilmiş strategiya İlham Əliyev tərəfindən dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyi nəzərə alınmaqla həyata keçirilir. Bununla yanaşı, İlham Əliyevin dövlət quruculuğu modeli özünəməxsus ştrixlərlə də diqqəti cəlb edir. Ulu Öndərin irimiqyaslı neft qaz layihələrinin gerçəkləşməsi və bu istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün şərait yaratdı.

Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Fəxrlə deyə bilərik ki, sosial ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərindən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir.

Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Prezident İlham Əliyev deyir: "Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaqdır”.

Müasir cəmiyyət üçün sosial ədalət anlayışının məzmununun daim genişlənməsi, daha şaxələnmiş strukturlanması səciyyəvidir. Prezident İlham Əliyevin dövlət idarəçiliyi konsepsiyası da sosial ədalət prinsipinin ön planda saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş layihələrin miqyaslarının genişlənməsi və bu qəbildən olan digər hadisələr bunu təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin "sosial ədalət bizim üçün xüsusi önəm daşıyır” fikirləri cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət prinsipinin nə dərəcədə vacib rol oynadığını sübuta yetirir.


Nümunəyə çevrilən iqtisadi inkişaf


Vaxtilə daxili və xarici investisiyaların Bakı şəhərinə, onun infrastrukturunun yenilənməsinə cəlb edilməsi, regionlarda kommunal infrastrukturun tələblərə cavab verməməsi paytaxtla regionlar arasında fərqli həyat yaratmışdı. Hamı şəhərdə yaşamaq, işləmək istəyirdi, regionlardan əhali şəhərə miqrasiya etməyə başlamışdı. Belə bir tarixi məqamda Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsi və ölkəmizə valyuta axını regionların sosial-iqtisadi problemlərinin həlli üçün davamlı maliyyə resurslarını yaratdı. 2003-cü ilin seçkilərində hamının Prezidenti olmağa, 5 il ərzində 600 min iş yeri açmağa vəd verən İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını (2004-2008-ci illər) təsdiq etdi. Proqramın və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icrası dövründə regionların siması tamamilə dəyişdi. Əgər 2004-cü ildə ölkədə ÜDM istehsalı 8,5 milyard manat təşkil edirdisə, 2008-ci ildə bu göstərici 38 milyard manata çatmış, iqtisadiyyatda 2,4 dəfə real artıma nail olunmuşdu.

Bu işlərin davamı olaraq ölkə Prezidenti tərəfindən 2009-2013-cü və 2014-2018-ci illəri əhatə edən növbəti Dövlət proqramları təsdiq olundu. Statistik göstəricilər ötən 16 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlığını bir daha təsdiq edir. Belə ki, bu illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 4,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, yükdaşımalar 2,1 dəfə, informasiya və rabitə xidmətləri 11,2 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,8 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 50 milyard ABŞ dollarına yaxınlaşıb.


Qürurverici göstəricilər


Sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanır və həyata keçirilən bütün tədbirlər məhz bu məqsədə xidmət edir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq ölkə rəhbərinin həyat fəlsəfəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”.

Ötən 16 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq yoxsulluq və işsizlik səviyyəsi 5 faizədək azalıb.

Son 16 ildə 3000-dən çox məktəb, 650-yə yaxın səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub. İnsan kapitalının inkişafı məqsədilə minlərlə gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alıb. Dövlət başçısı tərəfindən idmanın inkişafına göstərilən böyük diqqət və qayğı nəticəsində təkcə regionlarda 40-dan çox olimpiya idman kompleksi inşa olunub, ölkəmiz I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, "Formula1” kimi mötəbər idman yarışlarına uğurla evsahibliyi edib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır, idman uğurlarımız yüksək qiymətləndirilir.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 6000-dən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub, qaçqın və məcburi köçkünlər üçün 100-dən çox qəsəbə salınıb.

Prezident İlham Əliyevin hər bir sahədə inkişafa nail olmaq üçün keçirdiyi islahatlar uğurlu nəticələr verməklə Azərbaycanın dinamik yüksəlişinə səbəb olub. Bu siyasət 2019-cu ilin əvvəllərindən mühüm nailiyyətlərlə əlamətdardır. Həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Bu baxımdan yarısı geridə qalan 2019-cu ilin iqtisadi mənzərəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə olduğunu nümayiş etdirir. Lakin cənab İlham Əliyev islahatların yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq digər sahələrdə də həyata keçirilməsini məqsədəuyğun sayır. Bu baxımdan yeni sosial islahatlar bütün Azərbaycan cəmiyyətində razılıqla qarşılanır. Bu ilin fevral ayından həyata keçirilən birinci sosial paket 3 milyon nəfər vətəndaşın sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin iyun ayında imzaladığı sərəncamlar isə 2 milyon nəfərdən çox vətəndaşın əməkhaqqının və pensiyasının artımına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət - vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir.

Reallıqlar göstərir ki, Azərbaycan dövlətinin Heydər Əliyev siyasəti yaşayır, dövlətin inkişafına, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycanın bugünkü və gələcək inkişafına, modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Respublikamızın gələcəyə gedən yolunun konturları isə aydındır. Bu baxımdan yeni inkişaf siyasətinin nəticələri bizə gələcəyə daha inamla və daha nikbin baxmağa imkan verir.

Hadi RƏCƏBLİ,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM