Alternative content

13:48 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğurlu sahibkarlıq strategiyasının müəllifi
Uğurlu sahibkarlıq strategiyasının müəllifi
ANA SƏHİFƏ / SİYASƏT
01:44 13.07.2019


Azərbaycan xalqının ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev müasir tariximizin parlaq səhifələrini yazmış, ölkəmizin inkişaf salnaməsində dərin iz qoyaraq sözün həqiqi mənasında onu qurub-yaratmışdır. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində olmuşdur.

Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublikamızda ilk dəfə siyasi rəhbərliyə başlamasından 50 il ötür. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın bütün sahələrində tamamilə yeni dövr başladı, böyük intibahın təməli qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş ittifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində gələcəyin təməlini qoydu.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr idi. Onun sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında, sözün əsl mənasında, yeni bir intibah mərhələsinin başlanğıcı idi. Cəmi bir neçə il içərisində Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi.

1993-cü ildə ölkəmiz çətin sınaqlarla üz-üzə qalanda da xalq yeganə xilaskar kimi Heydər Əliyevi rəhbərlikdə görmək istədi. 26 il əvvəl, iyun ayında Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhv olmadan xilas etdi, müstəqilliyimizi qorudu, müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, Azərbaycanda müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu.

Prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı, iqtisadiyyatı çökmüş ölkəni dirçəltdi, inkişaf etdirdi, qüdrətli dövlətə çevirdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirdi. Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu.

1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi” - məşhur neft şirkətləri ilə hasilatın pay bölgüsünə dair analoqu olmayan çoxmilyardlıq saziş imzalandı. Bu, keçmiş Sovet İttifaqı məkanında bu cür ilk və ən iri kontrakt idi. "Əsrin müqaviləsi” Azərbaycan üçün həyati əhəmiyyətə malik olub, eyni zamanda ölkədə daxili sabitliyin bərqərar olmasında və xarici siyasətdə uğurlar qazanılmasında da həlledici rol oynayıb. Müqavilənin imzalanması mərasimində çıxış edən Heydər Əliyev demişdi: "Bu müqavilənin hazırlanmasında və imzalanmasında iştirak etdiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti yaxşı dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcək”. Bu layihənin təşəbbüskarı olan Heydər Əliyev Azərbaycana böyük məbləğlərdə Qərb sərmayəsi cəlb etdi və bunun nəticəsində yeni iş yerləri açıldı, bir neçə yataqların inkişafına nail olundu. Heydər Əliyev Azərbaycanın postsovet məkanında ən yüksək səviyyədə görünməmiş iqtisadi inkişafını təmin etdi.

Həyata keçirilən sistemli tədbirlər sayəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Ümummilli Lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı.

Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdur.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən çox qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

Məhz bu görüşlərin və görülmüş işlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi təsis edilmişdir.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir.

Prezident İlham Əliyev yerli sahibkarlara müraciət edərək demişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.

2019-cu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur. "Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstəlik kreditlər də verdik. Ona görə sahibkarlar bundan sonra da fəal olmalı və yeni müəssisələr, iş yerləri yaratmalı, iqtisadiyyatın ayrı-ayrı sahələrinə daha çox investisiya qoymaqla dövlətin yükünün azaldılmasına çalışmalıdırlar. Belə sahələrdən biri də tikinti sahəsidir. Sahibkarlar bu sahəyə daha çox investisiya qoymalı, on minlərlə insanın işlə təmin olunmasına çalışmalıdırlar”.

Prezident İlham Əliyevin uğurlu il kimi qiymətləndirdiyi 2019-cu ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilir.

Bu ilin beş ayı ərzində ümumi daxili məhsulun 3 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,0 faiz artması dövlətin apardığı mütərəqqi iqtisadi-siyasətin bariz nümunəsidir.

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.

Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları vətəndaş rifahı naminə atılan mühüm addımlardır.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq.

Dövlət başçısı fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən narahatçılığa son qoyuldu.

Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. Bu fərman sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiq etdi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.

Aparılmış islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapmış, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan Respublikası 2016-cı illə müqayisədə 38 pillə irəliləyərək 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur.

Reallıq da göstərir ki, son 16 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Bu dövrdə inkişaf sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə Azərbaycan dünyanın lider dövlətlərindən birinə çevrilmişdir.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Bu ilin yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Dövlət proqramının icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini söylədi. 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir.

Növbəti illərdə də regionlarda sahibkarlığın inkişafını təmin etmək məqsədilə Prezident yanvar ayının 29-da "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalamışdır.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 16 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Bu tədbirlərdən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsidir. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilmişdir.

2019-cu ilin əvvəlindən bu günədək 463 sahibkara ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilmişdir. Həmin investisiya layihələrin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan yaradır. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, ümumilikdə isə 75 faizi regionların payına düşür.

Ümumiyyətlə, son illərdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli şərait yaradılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılmış, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda 4 dəfə azaldılmışdır. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə bütünlükdə 330 icazə tələb olunurdusa, "Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı 86-ya endirilmişdir.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilmişdir.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu nəzərə alaraq, 2019-cu ilədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.

Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də "Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmana edilən dəyişikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib. Hazırda tələbatı 150 kilovata qədər olan fəaliyyət sahəsini elektrik şəbəkəsinə qoşdurmaq üçün sahibkarın "KOB evləri”, "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzlərinə müraciət etməsi kifayətdir.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu, isə azı üç dəfədən çox artım deməkdir.

Qəbul edilən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında duran vəzifələrdən biri də kiçik və orta sahibkarlığın inkişafı məsələsidir.

Bunu nəzərə alaraq Azərbaycan Prezidenti "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabət qabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Hazırda kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında 10 faizə çatması üçün əhəmiyyətli islahatlar həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq uğurları dəyərləndirir, müasir çağırışları dərindən təhlil edir. Silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini quraraq, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi iş aparır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda, investisiya qoyulmasında kömək göstərir.

Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ənənələri qorunur.

Ulu Öndərin Azərbaycanın gələcəyi ilə bağlı böyük ideallarının həyata keçirilməsi indi İlham Əliyevin missiyasıdır. Dövlət rəhbəri öz tarixi missiyasını əzmlə həyata keçirir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan bəşəriyyətə sevgini, şəfqəti, xeyirxahlığı, maarifi, mədəniyyətlərarası dialoqu, sülh və tolerantlığı aşılayır, ölkələr və cəmiyyətlər arasında mənəvi körpüyə çevrilir.

Heydər Əliyevin zəngin irsinə nəzər salan hər kəs onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hamı bu həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan Ümummilli Liderin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, bundan sonra da bu mövzuya çox müraciət olunacaq, onun zəngin irsi dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Ulu Öndər qısa müddətdə Azərbaycan xalqının, Azərbaycanın adını uca zirvələrə qaldırmış, hər yerdə onu layiqincə təmsil etmişdir.

Heydər Əliyevin gələcək üçün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular gerçəkliyə çevrilir. Odur ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

Bir sözlə, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Ötən 50 ildə əldə olunan nailiyyətlər qarşıdakı onilliklərdə gerçəkləşəcək möhtəşəm inkişafın etibarlı bünövrəsidir. Bu təməli qorumaq, möhkəmləndirmək, gələcək nəsillərə ötürülməsini təmin etmək, Azərbaycan sahibkarlarının da başlıca məramıdır.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlar və Sahibkarlar Konfederasiyası Azərbaycan iqtisadiyyatının sahibkarlığın rolunun inkişaf etdirilməsində əllərindən gələni edəcək.

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM