13 Iyul 2019 01:43
952
SİYASƏT
A- A+

Ulu Öndərin 50 ildə yaratdığı unudulmaz tarix


Qədim yunanlar əsl şəxsiyyətə dünyanın möcüzələrindən biri kimi baxardılar. Çağdaş dövrün reallıqları ilə qədim yunanların yaşadıqları şərait arasındakı zaman məsafəsi artıq bütöv eralarla ölçülsə belə, maraqlıdır ki, bu fərq şəxsiyyətin cəmiyyət həyatındakı roluna münasibətdə ciddi dəyişikliklər yaratmayıb. Biz - XXI əsrin insanları da əsl şəxsiyyət qüdrətinin yaratdığı möcüzələrə heyran qalmaya bilmirik.

Ötən əsrin yetişdirdiyi ən böyük dövlət xadimlərindən olan Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz üçün formalaşdırdığı zəngin irs tarixin və taleyin bizlərə xoş bir lütfüdür.

Heydər Əliyev xalqımızı milli dövlətçilik ideyaları ətrafında birləşdirərək mürəkkəb geocoğrafi məkanda Azərbaycan kimi müstəqil dövlət qurdu. Ümummilli Lider bu dövlətin parlaq gələcəyini təmin etməklə tarixin ayrı-ayrı dönəmlərində bir çox siyasi xadimlərimizin tam axıra çatdıra bilmədikləri şərəfli missiyanı yerinə yetirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşən, kövrək əsaslara malik zəif bir ölkəni qısa zaman ərzində Cənubi Qafqaz regionunun ən qüdrətli ölkəsinə çevirdi. Azərbaycan insanında milli dövlətçilik təfəkkürü formalaşdırdı. Böyük öndərimizin müəyyənləşdirdiyi strateji inkişaf kursu müstəqil Azərbaycan dövlətinin aydın gələcəyinin təminatçısı oldu. Bütün bunlar tarixdir. Və bu tarix 50 il əvvəldən və mahiyyəti ilə Azərbaycanın milli dövlətçilik salnaməsinə çevrilmiş konkret bir gündən başlanır - 14 iyul 1969-cu ildən.

O gündən ki Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunun qərarı ilə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi.


Uğurlu seçim


Bu seçim təsadüfi deyildi. Hələ 1940-cı illərdə xüsusi xidmət orqanlarında fəaliyyətə başlayaraq zəkasının gücü, peşəkarlığı, enerjisi, prinsipiallığı və bir insan kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə vəzifə pillələrində addım-addım irəliləyən Heydər Əliyev ölkə rəhbəri vəzifəsinə ən uğurlu namizəd kimi keçmiş ittifaq mərkəzinin diqqətini çoxdan çəkmişdi. Ulu Öndər Azərbaycan rəhbərliyinə xüsusi xidmət orqanlarının kiçik rütbəli zabitindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər çətin və şərəfli yol keçmiş, ağır sınaqlardan mətinliklə çıxmış şəxsiyyətin malik olduğu yüksək bilik və bacarıqlar, zəngin təcrübə ilə gəlmişdi.

Çalışdığı sahənin spesifikliyi Heydər Əliyevə çox gənc yaşlarından dünyanın hər üzünü görməyə, hadisələrin, proseslərin pərdəarxası məqamlarını duymağa, artıq bütün dünyada hakim ideologiyaya çevrilməkdə olan sovet ideologiyasının fəaliyyət üsulları və metodlarını müşahidə etməyə şərait yaradırdı. Dövlət təhlükəsizliyi orqanlarındakı işi gələcəyin böyük ictimai-siyasi xadiminin möhkəm xarakterini, dəmir məntiqini daha da cilalayır, iradəsini polad kimi möhkəmləndirir, eyni zamanda öz millətinin, yurdunun məftununa çevirirdi.

Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində DTK-da əvvəlki dövrlərdən köklü şəkildə fərqlənən ab-hava yaradılmış, əməliyyat fəaliyyətinə və onun səmərəli təşkilinə yeni, yaradıcı baxış formalaşdırılmışdı. Təhlükəsizliyin təminatında Azərbaycanın milli maraqlarının ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, azərbaycanlı gənclərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev şəhərlərinə göndərilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. General Ziya Yusifzadənin xatirələrindən oxuyuruq ki, Azərbaycan xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı olan kadrların yerləşdirilməsi prosesi Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışdığı illərdə də, sonra Moskvada yüksək vəzifə tutanda da daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: "1980-ci ildə DTK-nın sədri təyin edildikdən sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev mənə qəti göstəriş verdi ki, 1981-ci ildə 40 nəfər, 1982-ci ildə isə 30 nəfər azərbaycanlı gəncin DTK-ya işə götürülməsini təmin edim. Eyni zamanda tapşırdı ki, hər il yaşı 23-ə qədər olan, ordu sıralarında xidmət etmiş 20 nəfər azərbaycanlı gənci oxumaq üçün Dzerjinski adına SSRİ DTK-nın ali məktəbinə göndərim və onların məktəbi başa vurduqdan sonra Azərbaycana qayıtmalarını təmin edim”.


Dönüş nöqtəsi


Ulu Öndər Azərbaycan rəhbərliyinə çətin və mürəkkəb bir şəraitdə, respublikada sosial-iqtisadi həyatın, demək olar ki, tənəzzül etdiyi dövrdə gəlmişdi. Azərbaycan xalqının qurub-yaratmaq əzminə baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər müşahidə olunurdu. Zamanın sürətinə uyğun məqsədyönlü tədbirlərin həyata keçirilməsi yubandığından respublikanın inkişafı ləngiyirdi. Bu da getdikcə əhalinin sosial vəziyyətinə pis təsir göstərirdi. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, həmçinin milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan keçmiş ittifaq səviyyəsindən xeyli geridə idi.

Sovet rejiminin bütün xüsusiyyətlərinə, iş prinsiplərinə dərindən bələd olan, zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyev ölkəni düşdüyü bu vəziyyətdən çıxarmaq üçün elə ilk günlərdən qəti addımlar atdı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli tərəqqisini təmin edəcək kompleks inkişaf proqramları işlədib hazırlatdı. Dərhal da bu proqramların icrasına başlandı. İlk addımlarından xalqın böyük rəğbəti ilə qarşılanan görkəmli siyasi xadim Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından, geniş imkanlarından istifadə edərək Azərbaycanın inkişaf siyasətini müdrikliklə həyata keçirdi. Sosial-iqtisadi, mədəni sahələrdə vətənin, xalqın tərəqqisi üçün zəruri olan məsələlər barədə ən yüksək səviyyələrdə mühüm qərarların qəbuluna nail oldu. Daha sonra bütün xalqı bu əhəmiyyətli qərarların icrasına səfərbər etdi.

Görülən işlərin müsbət nəticəsi kimi bütün önəmli sahələrdə vəziyyət yaxşılığa doğru dəyişdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri baş verdi. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, respublikanın sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.


"Qoy ədalət zəfər çalsın!”


Öz nəslimə mənsub bir çox insanlar kimi, 1980-ci illərin əvvəllərində ali məktəbə, uşaqlıqdan arzusunda olduğum ixtisasa qəbul oluna bildiyimə görə məni böyüdüb boya-başa çatdırmış valideynlərim, əziz müəllimlərim, qarşıma çıxmış bütün xeyirxah insanlar kimi, Ulu Öndər Heydər Əliyevə də borcluyam. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişinə qədər bir çox nüfuzlu ali məktəblərin qapıları sadə zəhmət adamlarının övladlarının, maddi imkansız gənclərin üzünə bağlı idi.

Özümüzü xoşbəxt saya bilərik ki, bizim gəncliyimiz Heydər Əliyevlə başlandı. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə cəmiyyətin bütün sferalarında olduğu kimi, ali təhsil sistemində də vəziyyət kökündən dəyişdi. Ali məktəblərə qəbulda bilik yeganə meyara çevrildi. İndiyə qədər qeyri-rəsmi səviyyədə yalnız imkanlı ailələrin övladları üçün nəzərdə tutulan nüfuzlu ixtisaslara gedən yol zəhmətkeş balaları üçün də açıq oldu. Yaşının erkən çağlarından valideynləri ilə birgə tarlada çalışıb alın təri tökən, bununla yanaşı dərs kitablarını da əlindən yerə qoymayan kolxozçu, fəhlə balaları da yüksək bilik hesabına öz ideallarına qovuşmaq üçün imkan qazandılar. Savadsız varlıların övladlarının tələbə adı qazanmaq imkanları məhdudlaşdı. Cəmiyyətdə haqq-ədalət öz yerini tutmağa başladı. Prinsiplərindən uzaq düşmüş sovet sisteminin ədalətsizliklərinə adət etmiş Azərbaycan insanı üçün bu, gerçəyə çevrilmiş nağıla bənzəyirdi.

Ötən əsrin 70-ci illərinin sonunda "Literaturnaya qazeta”ya verdiyi məşhur "Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsində respublikanın həyatı ilə bağlı ən müxtəlif məsələlərə toxunan Ümummilli Lider cəmiyyətdəki ədalətsizliklərə, hüquq mühafizə orqanlarındakı nöqsanlara, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə toxunmuş, onların həlli yollarını göstərmişdir. Bu müsahibə ittifaq miqyasında şok effekti yaratmış, hətta xarici mətbuatda həmin müsahibə ilə bağlı materiallar yayılmışdı.

Azərbaycana rəhbərlik edən şəxsin bu cür cəsarətli mövqeyi o dövrdə imperiya rəhbərlərinə qətiyyən xoş gəlməsə də, həmin şəxslər Heydər Əliyev dühasının xalq arasındakı hörmət və nüfuzu qarşısında susmağa, onunla hesablaşmağa məcbur olurdular. Ulu Öndər Heydər Əliyev çox sonralar "Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsini xatırladaraq deyirdi: "Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmağıma baxmayaraq, mən həmin müsahibədə sovet hakimiyyətinin, cəmiyyətinin işində olan mənfi halların hamısını açıq göstərmişdim. Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub”.


İnsan kapitalı


Heydər Əliyev cəmiyyətdə yeni qaydalar formalaşdırırdı. İndiyə qədər məqam sahiblərinin özbaşınalığına, bürokratiyaya, korrupsiya hallarına, xalq malını mənimsəyən müftəxorların xalqın sıravi nümayəndələri ilə təhqiramiz rəftarına bir növ adət edən vətəndaşlar ilk dəfə görürdülər ki, uzun illər boyu cəmiyyətdə toxunulmazlıq statusu qazanmış zümrənin təmsilçiləri də sıravi insanların haqlarını pozduqlarına görə ən sərt formada cəzalandırıla bilərlər. İnsanlarımız öz həyatlarında nəyinsə müsbətə doğru dəyişdiyini görür, bu mütərəqqi dəyişiklikləri yüksək qiymətləndirirdilər.

Həmin dövrdə ictimai mühitin inkişafı, milli ruhun əsarətdən xilası, xalqın həyatının mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılması işi də geniş müstəvidə, böyük vətənpərvərliklə həyata keçirilirdi. O zaman Bakını kosmopolit kadr bazasının əlindən alıb milli ruhlu kadrlara vermək, eyni zamanda elmi-texniki tərəqqinin nailiyyətlərinin bütün sferalarda uğurlu tətbiqi üçün uyğun baza yaradılması tələb olunurdu. Ona görə də Heydər Əliyev ölkə rəhbərliyinə gələn kimi özünün aktiv təhsil və kadr konsepsiyasını irəli sürdü. Həmin dövrdə minlərlə gənc respublika üçün xüsusilə gərəkli, nadir ixtisaslar üzrə təhsil almaqdan ötrü keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə - Moskvaya, Sankt-Peterburqa, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərildi. Bu, xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən vacib ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması, iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsinin genişləndirilməsi, hərbi təhsilin inkişafına diqqət bunun təzahürü idi. Azərbaycana birinci rəhbərliyi dövründə Ulu Öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi sayəsində ölkə üzrə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdi. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, bu təhsil ocaqlarında oxuyan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdı.

Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk illərindən başlayaraq hər tədris ilində yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinə, iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər və s. kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Təsadüfi deyil ki, o dövrdə SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından ciddi narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüş, Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başlamışdı. Bütün bunlar Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılması səmtində atılmış son dərəcə cəsarətli addımlar idi.


"Şərq ulduzu”


Zəmanəsinin böyük mütəfəkkir şəxsiyyətlərindən biri kimi, Heydər Əliyev yaxşı bilirdi ki, qarşıya qoyulmuş ümummilli məqsədlərə doğru yol xalqın yüksək təhsil almasından, maariflənməsindən, ölkədə elmə, alimə, müəllimə, məktəbə verilən dəyərdən keçir. Bəşəriyyətin çoxəsrlik təcrübəsi göstərir ki, elmə, təhsilə qiymət verməyi bacaran xalqlar və dövlət başçıları öz ölkələrinin sürətli inkişafını təmin etmiş olurlar. Heydər Əliyev dühasının böyüklüyü də məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır.

Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər elmimizin, təhsilimizin intibahı dövrü kimi xatırlanır. Ulu Öndərin yürütdüyü siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun əsaslı, elmi prinsiplər üzərində qurulmasından, zəngin intellektual potensiala əsaslanmasından irəli gəlirdi.

Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illər ölkə iqtisadiyyatında sosial həyatın, ana dilimizdən mədəniyyətimizin ən müxtəlif sahələrinə qədər tam yüksəliş dövrü idi. Ulu Öndər doğma xalqına, millətinə bu yüksək diqqət və qayğısını keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi Moskvada çalışdığı illərdə də davam etdirirdi. Həmin illərdə mərkəzdən Azərbaycana ayrılan vəsaitlərin həcmi dəfələrlə artırılmış, respublikada aparılan quruculuq işlərinə daha münbit zəmin yaradılmışdı. O, bu vəzifədə təkcə Azərbaycan xalqının himayədarı deyildi. Heydər Əliyev keçmiş SSRİ məkanında bu pilləyə yüksəlmiş yeganə türk-müsəlman lideri idi. 1982-1987-ci illərdə çox tez-tez müsəlman ölkələrinə səfərlər edir və bu səfərlər Misir, Liviya, Pakistan, İordaniya, İraq və digər ölkələrin müxtəlif problemlərinin həllinə çox böyük fayda verirdi. Təsadüfi deyil ki, həmin illərdə xarici mətbuat səhifələrində Heydər Əliyevin timsalında "Moskvada parlayan Şərq ulduzu” barədə yazılar dərc edilirdi. Milyonlarla insan üçün Ulu Öndər o dövrdə də böyük qürur mənbəyi idi...


Cəsarət anı


Tarixə adını qanlı diktator kimi yazmış M.S.Qorbaçov və ətrafı Heydər Əliyevin onlardan qat-qat üstün siyasətçi, dövlət rəhbəri, diplomat olduğunu dərk edirdilər. Keçmiş ittifaqda "yenidənqurma” adı altında aparılan, əslində dağıdıcılıq fəaliyyəti ilə sezilən siyasətin müəllifləri şübhəsiz ki, ilk növbədə peşəkarları, qabiliyyətli insanları hədəfə almalı idi və belə də oldu. Onlar öz məkrli niyyətlərinə çatdılar. 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü vəzifəsindən istefaya göndərildi. Və bununla da Azərbaycanın bəlalı günləri başlandı. Ulu Öndərin yüksək dövlət postlarından kənarlaşması ilə ermənilərin Azərbaycana qarşı ərazi iddialarına başlamaları arasındakı vaxt heç 15 gün çəkmədi. Həmin dövrdə artıq təqaüdçü həyatı yaşayan və hər bir addımı gizli nəzarət altına alınan Heydər Əliyev ən məhdud imkanlardan belə yararlanaraq bu iddialar ətrafındakı əsl həqiqətlərin dünyaya çatdırılmasına can atırdı. Dağlıq Qarabağ münaqişəsinə görə bütün məsuliyyətin Sov.İKP-nin, şəxsən Qorbaçovun üzərinə düşdüyünü açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdı.

Azərbaycanın ovaxtkı rəhbərliyinin isə mərkəzə yarınmaq üçün yürütdüyü antimilli siyasət, göstərdiyi qətiyyətsizlik respublikadaxili ictimai-siyasi sabitliyi son dərəcə kəskinləşdirirdi. Bu siyasətin məntiqi nəticəsi olan 1990-cı ilin 20 Yanvar hadisəsi bütün dünyaya sübut etdi ki, sovet rəhbərliyi və onun yerlərdəki əlaltıları Azərbaycan xalqına, dövlətinə qarşı ən ağır cinayətlər törətməkdən belə çəkinmirlər. Bu faciənin səhəri günü Heydər Əliyev bütün təhdidlərə, hətta həyatına qarşı sui-qəsd təhlükəsinə baxmayaraq ailə üzvləri ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib burada təşkil olunmuş mitinqə qatıldı. Faciənin miqyasından nə edəcəyini bilməyən toplumun önünə düşdü. Keçirdiyi mətbuat konfransı ilə bu qanlı hadisənin əsl səbəbkarlarını bütün dünyanın gözləri önündə ifşa etdi.


O, Azərbaycanı xilas etdi


"Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam”. Roma filosoflarından Sisserona aid edilən bu kəlam Heydər Əliyevin fəaliyyət devizi, bir siyasət adamı kimi qarşıya qoyduğu dəyişməz prinsip idi. Elə bu prinsiplə də o, Azərbaycanın ağır günlərində vətənə döndü. Ölkənin, xüsusilə acınacaqlı vəziyyətdə yaşayan respublikanın ovaxtkı rəhbərliyinin, demək olar ki, yaddan çıxardığı, soyuq münasibət üzündən hər an itirilmə təhlükəsi ilə üz-üzə qalmış Naxçıvana gedib orada yaşamağa başladı. Bu tarixi şəxsiyyətin Naxçıvana gəlişi blokada şəraitində dözülməz problemlərlə baş-başa qalmış doğma diyarın sakinlərinə ruh verdi. Sonsuz ümidsizliyə qapılmış insanların ürəyində ümid çırağı yandı. Qısa müddətdən sonra insanların istəyi və yekdil qərarı ilə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin bu məkanda apardığı islahatlar böyük nəticələr verməyə başladı.

Onda müstəqilliyini yenicə qazanmış Azərbaycan tarixinin, demək olar ki, ən ağır günlərini yaşayırdı. Tez-tez dəyişən səriştəsiz hakimiyyət respublika həyatının bütün sahələrində dözülməz şərait yaratmışdı. Quduzlaşan ermənilər Azərbaycana qarşı ərazi iddialarını artıq bir neçə il idi ki, silah gücünə həyata keçirirdilər. Rayonlarımız bir-birinin ardınca işğal olunurdu. Ölkə ağır sosial-iqtisadi böhranla üzləşmiş, cəmiyyət demək olar ki, başını itirmişdi. İnsanlar bir parça çörəyin dərdində idilər. Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırırdı. Vəziyyət bu şəkildə davam edəcəyi təqdirdə respublikanın parçalanması labüd görünürdü. İnsanlar müstəqilliyə, ölkənin suveren dövlət kimi gələcəyinə ümidlərini itirmişdilər. Kiçicik bir təsadüf kifayət edərdi ki, Azərbaycan dünyanın siyasi xəritəsindən tamamilə silinsin. Belə bir vaxtda Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı, təcrübəli strateq kimi, dövlətçilik sükanı arxasına keçməsi Azərbaycanı bu bəlalardan hifz etdi.


Tarixə baxış


Heydər Əliyev öz şəxsi nüfuzu, bir dövlət adamı kimi zəngin təcrübəsi sayəsində ölkədə vətəndaş qarşıdurmasını aradan qaldırdı. Separatizm meyillərinin qarşısını aldı. Azərbaycan insanının istiqlal, milli dövlətçilik ümidlərini özünə qaytardı və həmin insanlarla birgə arzulardakı o dövləti qurub yaratmağa başladı. Ulu Öndər bütün çətinliklərə, maneələ rəğmən liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolunda ilk addımlarını atdı. Cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi. Siyasi mübarizəni başıpozuq firqələr arasındakı silahlı atışmalardan sivil müstəviyə gətirdi. Qanunsuz silahlı birləşmələri ləğv etdi, hər kəsə dövlətin gücünü, qətiyyətini göstərdi. Güclü, nizami ordu qurmağa başladı. Dünyanın aparıcı şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi”, bu müqavilədən sonra həyata vəsiqə qazanan qlobal enerji-kommunikasiya layihələri Azərbaycanın gələcəyinə yol açdı. Ümumilikdə regionun mənzərəsini dəyişdi.

1995-ci ildə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik, hüquqi dövlət quruculuğu prosesinin manifesti oldu. Ölkədə azad bazar iqtisadiyyatı prinsipləri öz yerini tutdu, vətəndaş cəmiyyəti formalaşdı, ifadə azadlığı təmin edildi. Heydər Əliyevin 1993-cü ildən başlayaraq ölkədə apardığı islahatlar, müstəqil dövlətçilik tariximizdə yaratdığı parlaq nəticələr haqqında çox yazmaq, ətraflı təhlillər aparmaq olar. Amma bu nəticələri, tarixi nailiyyətləri Ulu Öndərin özündən gözəl, parlaq və mükəmməl şəkildə ifadə etmək mümkün deyil. Heydər Əliyev müstəqil dövlətimizin onun rəhbərliyi altında qısa müddət ərzində qazandığı tarixi nailiyyətləri qısaca olaraq belə dəyərləndirmişdi: "Tarixən çox qısa müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən biri olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemini yaratdıq, prezident, parlament və bələdiyyə seçkiləri keçirdik. Bir sıra mühüm siyasi və iqtisadi islahatlar apardıq və aparırıq”.


Tarixin ən qüdrətli Azərbaycanı


Ulu Öndər Azərbaycanda elə bir siyasi kursun əsasını qoydu ki, bu kurs Azərbaycan durduqca ölkəmizin dövlətçilik konsepsiyası kimi daim yaşayacaq. Heydər Əliyev ideyalarının davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu kursun 2003-cü ildən ölkə və cəmiyyət həyatına gətirdiyi tarixi nailiyyətlər bir daha bunu təsdiqləyir.

2003-cü ildə "Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesini öz məntiqi hədəfinə qovuşdurdu. Tarixin ən qüdrətli Azərbaycanını qurdu.

Dövlət rəhbərimizin həyata keçirdiyi inkişaf konsepsiyası ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etdi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurlarını davam etdirməklə Azərbaycan Prezidenti qloballaşan dünyanın çağırışlarına uyğun daha güclü, təkmil iqtisadi model formalaşdırdı.

Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən regional inkişaf proqramları bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Həyata keçirilən tikinti-abadlıq tədbirləri Azərbaycanın simasını dəyişdi. Ölkədə sosial infrastruktur yeniləndi. Qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə şərait yarandı. Sahibkarlıq mühiti daha da yaxşılaşdırıldı. Ölkədə investisiya qoyuluşu genişləndi. Azərbaycan əlverişli biznes mühitinə görə beynəlxalq reytinqlərin öncül pillələrində qərarlaşdı. Həyata keçirilən inkişaf proqramları yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına, rifahının yüksəlməsinə, yoxsulluq səviyyəsinin azaldılmasına imkan verdi. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin ən mühüm parçasına çevirdi. Azərbaycanda qüdrətli ordu formalaşdırıldı. Beynəlxalq informasiya savaşında işğalçı Ermənistanın mövqeləri zəiflədi. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy ölkəmizin xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu dövlətləri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı.

Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyənlərin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi. Dövlət rəhbərimizin yürütdüyü siyasət və bu siyasətə dəstək olaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr Azərbaycanı bütün dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məkanı kimi tanıtdı.

Azərbaycanda elm, təhsil, bilik, fərdi inkişaf bir dəyərə çevrildi.

Bütün bunlar 50 il əvvəl təməli qoyulmuş siyasətin yaratdığı tarixdir.

1969-cu ilin 14 iyulundan Azərbaycanın gələcəyi üçün işığa çevrilmiş Heydər Əliyev ideyaları bu gün də həyata keçirilir və milli dövlətçilik tariximizin yeni möhtəşəm salnamələrini yazır.

Alış QASIMOV,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video