Alternative content

19:59 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mənəvi dəyərlərin etibarlı keşiyində
Mənəvi dəyərlərin etibarlı keşiyində
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:41 13.07.2019


Mehman İsmayılov: "Əsas fəaliyyət istiqamətimiz maarifləndirmə, mənəvi-əxlaqi dəyərlərin təbliği, dini etiqad azadlığının təmin olunmasına dəstək verməkdir”


Dünyada sürətlə qloballaşma gedir və bu proses Azərbaycandan da yan keçməyib. Amma qloballaşma heç də başqa millətlərə xas olan dini modellərin, adət-ənənələrin, milli mentalitetimizə xas olmayan dəyərlərin ölkəmizdə özünə yer tutması anlamına gəlmir.

Sadəcə bu proses beynəlxalq əməkdaşlığı, səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli xüsusiyyətlərimizin, mədəniyyətimizin, milli özünəməxsusluğumuzun da qorunub saxlanılması ilə gedır. Çünki hər bir xalq, millət yalnız öz adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sahib çıxaraq onu nəsildən-nəsilə ötürərək mövcudluğunu saxlaya bilər.

Elə bu məqsədlə də 2017-ci ildə Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı fərman imzalayıb. Nizamnaməyə əsasən, fondun fəaliyyətinin məqsədi Azərbaycanda dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.


Vətəndaşların dini etiqad azadlığının təmin olunmasına dəstək


Yarandığı qısa müddət ərzində Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi işlər və qarşıda planlaşdırılan məsələlərlə bağlı ətraflı məlumat verən qurumun icraçı direktoru Mehman İsmayılov bildirir ki, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə kömək məqsədilə hər il ölkə üzrə ümumilikdə 1000 nəfərdən çox din xadiminə maddi dəstək göstərilir. Maddi dəstək müvafiq olaraq imamlara 450 manat, imam müavinlərinə 350 manat və mütəvəllilərə 250 manat məbləğində müəyyən edilib. Bundan əlavə, ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış 400 min manat vəsait əsasında 25 ədəd minik avtomobili alınıb və Azərbaycanda fəaliyyət göstərən dini icmaların balansına verilib. Həmçinin bu il Prezidentin müvafiq sərəncamı ilə fonda ayrılan 100 min manat vəsait əsasında qeyri-islam dini icmalarına maddi dəstək göstərilib.


Tolerant Azərbaycan


Mehman İsmayılov söyləyir ki, ötən il fond tərəfindən məscidlərdə mənəvi dəyərlərimizin qorunması istiqamətində maarifləndirmə işinin aparılması zamanı innovativ yeniliklərdən istifadənin təmin edilməsi məqsədilə ölkə üzrə 200 məsciddə veb-kamera quraşdırılıb. Eyni zamanda fond dini etiqad sahəsində maarifləndirmə işinin aparılması istiqamətində də işlər görür, layihələr həyata keçirir. Belə layihələrdən biri "Vəhdət dəyərimizdir” adlanır. Layihə çərçivəsində ölkəmizin bir bölgəsindən olan din xadimlərinin digər bölgəyə səfəri təşkil olunur. Hər iki bölgənin din xadimləri üçün seminarlar keçirilir, tarixi-dini abidələr ziyarət edilir və birlikdə vəhdət namazı qılınır. Bu il ərzində hər biri 3 gün olmaqla 4 dəfə keçirilməsi nəzərdə tutulan layihənin əsas məqsədi ölkədə mövcud olan tolerant, multikultural mühitin, birgəyaşayış ənənəsinin qorunub-saxlanılması, vəhdətin, birliyin, dostluğun, qardaşlığın möhkəmləndirilməsidir: "Həmçinin fondun təşkilatçılığı ilə hazırda qeyri-islam dini icmaları ilə birlikdə "Tolerant Azərbaycan” layihəsi icra olunur. Layihə çərçivəsində aprel ayında Bakıda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyətinə həsr edilmiş konfrans keçirilib. Növbəti tədbirlərin Bakı şəhəri Dağ Yəhudiləri dini icması və Alban-Udi Xristian dini icması ilə birlikdə keçirilməsi nəzərdə tutulur”.


Şagird və tələbələrin sosial maddi cəhətdən dəstəklənməsinə töhfə


"Əsas məqsəd mənəvi dəyərlərin təbliği olduğu üçün fondun fəaliyyət sferası olduqca genişdir”, - deyə qeyd edən icraçı direktor məlumat verir ki, fond təhsil sahəsində də müxtəlif tədbirlər həyata keçirir, Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Belə ki, ötən il məktəblilər arasında mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə fondun təşkilatçılığı və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı məktəbliləri üçün "Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda inşa-yazı müsabiqəsi elan edilib, qaliblərə diplom və mükafat verilib. MDTF-nin təşkilatçılığı ilə həyata keçirilən daha bir layihə "Dəyərlərimizi öyrənək” adlı intellektual yarışların təşkilidir. Layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda məktəblərin yuxarı sinif şagirdləri arasında intellektual yarışlar təşkil edilir, yarışlarda milli-mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və digər mövzularda suallar səsləndirilir. Hazırda davam edən yarışlarda qalib gələn komandalar sonda final mərhələsində yarışacaq və qaliblər mükafatlandırılacaq. Bundan əlavə, hər il fondun təşkilatçılığı ilə "Yay məktəbi” təşkil olunur. "Yay məktəbi”ndə tələbələr və fondun könüllüləri üçün ekspertlərin iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilir, intellektual yarışlar təşkil olunur, tarixi-mədəni abidələr ziyarət edilir. Bu məktəblərin təşkil edilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin, xüsusilə tələbələrin rolunu artırmaqdır: "Ötən il belə bir "Yay məktəbi” Qax rayonunda təşkil edilib, bu il isə İsmayıllıda tələbələr üçün, Qusarda isə könüllülər üçün keçirilməsi nəzərdə tutulub. Mənəvi Dəyərlərin Təbliği Fondu şagirdlər və tələbələrlə maarifləndirici tədbirlər keçirməklə yanaşı, onların sosial maddi cəhətdən dəstəklənməsinə də töhfə verir. Belə ki, ötən il cəbhə bölgəsində 1-ci sinfə gedəcək 100 nəfər uşağa məktəbli forması, çanta və dərs ləvazimatları hədiyyə edilib. Eyni zamanda təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə aylıq təqaüd verilir. Ötən il institutun aylıq təqaüd alan tələbələrinin sayı 20 idi, bu il artıq 30 tələbəyə aylıq təqaüd və bir tələbəyə "Heydər Əliyev təqaüdü” verilir”.


Fond KİV-lə əməkdaşlığını yüksək səviyyədə qurmağa çalışır


Mənəvi dəyərlərimizin təbliği istiqamətində kütləvi informasiya vasitələri ilə əməkdaşlıq barədə də məlumat verən Mehman İsmayılov vurğulayır ki, fond bu gün təbliğatın ən effektiv vasitələrindən olan KİV-lə əməkdaşlığını yüksək səviyyədə qurmağa çalışır: "Hazırda əməkdaşlıq etdiyimiz KİV-dən biri ASAN radiodur. Ötən ilin oktyabr ayından etibarən hər həftənin cümə axşamı saat 16:05-də birgə layihəmiz olan "Mənəvi dəyərlər” radio-verilişi efirə gedir. Verilişlərə qonaq qismində dəvət olunan ekspertlər maraqlı mövzularla dinləyicilərin görüşünə gəlir. Həmçinin fond "Azərbaycan” qəzeti ilə də əməkdaşlıq edir. Qəzetdə ardıcıl olaraq fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər işıqlandırılır, müxtəlif mövzularda məqalələr dərc edilir. Eyni zamanda gündəlik yenilənən internet saytımız da mövcuddur ki, fond fəaliyyətini bu sayt və sosial şəbəkələr vasitəsilə işıqlandırır. Bu il fond tərəfindən media nümayəndələri arasında Milli Mətbuat Gününə həsr edlmiş "Milli mətbuat - milli düşüncə” adlı məqalə müsabiqəsi elan edilib. Bundan əlavə, fondun dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən bir dini icma Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar "Şeyxülislam Allahşükür Paşazadə-70” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi elan edib. Hazırda davam edən müsabiqənin qalibləri pul və diplomlarla mükafatlandırılacaq”.


"Ulu Öndər Heydər Əliyev və mənəvi dəyərlər”


"Ötən il fondun dəstəyi ilə 51 müxtəlif adda kitab nəşr edilib, 3 sənədli film, 5 sosial videoçarx hazırlanıb. Bu il üçün isə 43 adda kitabın nəşri, 6 sənədli film və 6 sosial videoçarxın hazırlanması nəzərdə tutulub. Eyni zamanda dövlət-din münasibətləri, mənəvi dəyərlərin təbliği, eləcə də dini radikalizm, ekstremizm və fanatizmlə mübarizə sahəsində vətəndaşların maarifləndirilməsini təmin etmək məqsədilə fondun "Dini sorğu mərkəzi” yaradılıb” - deyən M.İsmayılov bildirir ki, maarifləndirmə işinə müxtəlif mövzularda konfransların, seminarların, "dəyirmi masa”ların keçirilməsi, həmçinin kitabların nəşrinə, sosial videoçarxların və sənədli filmlərin hazırlanmasına maddi vəsaitin ayrılması daxildir. Belə tədbirlər daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz və digər mövzuları əhatə edir. Ötən ildən indiyədək ölkənin müxtəlif bölgələrində 100-ə yaxın konfrans, seminar və "dəyirmi masa” təşkil edilib. Bu tədbirlərdə mövzuya uyğun ekspertlərin mühazirələri dinlənilir, fondun dəstəyi ilə nəşr edilən kitablar paylanılır, filmlər və sosial videoçarxlar nümayiş olunur. Azərbaycançılıq ideologiyasının banisi, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışını əbədiləşdirən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bu ilin iyun ayında "Xilaskar” adlı konfrans təşkil edilib. İctimai-siyasi xadimlərin, millət vəkillərinin, dövlət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş edilib. Fondun vətənpərvərliyin təbliği istiqamətində gördüyü işlərdən biri www.milliqahramanlar.az saytının yenidən qurulmasıdır. Belə ki, bu il adıçəkilən sayt fondun maliyyə dəstəyi ilə ən son standartlara uyğun yenidən qurulub və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə "İstiqlal keşikçiləri” adlı konfransda təqdimatı keçirilib. Saytda Azərbaycanın bütün Milli qəhrəmanları haqqında ətraflı məlumatlar yer alıb: "Qarşıda həyata keçirilməsi planlaşdırılan maarifləndirici layihələrdən biri "Ziyalılarımızdan öyrənək” adlanır. Layihə çərçivəsində ölkənin müxtəlif regionlarında Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu il fond ölkə xaricində də maarifləndirmə istiqamətində bir sıra tədbirlər həyata keçirib. Belə ki, 7-10 may tarixlərində Azərbaycanın Gürcüstandakı səfirliyi və fondun birgə təşkilatçılığı ilə Gürcüstanda azərbaycanlıların yaşadığı Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Saqareco, Laqodexi rayonlarında və paytaxt Tbilisidə "Ulu Öndər Heydər Əliyev və mənəvi dəyərlər” adlı tədbir keçirilib”


Yaxşılıq unudulmur


"Əsas fəaliyyət istiqamətləri maarifləndirmə, xeyriyyəçilik, yaxşı işlərin təşviqi, mənəvi-əxlaqi dəyərlərin təbliği, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir” - söyləyən Mehman İsmayılov onu da əlavə etdi ki, mütəmadi olaraq hər il Ramazan və Qurban bayramlarında, eləcə də digər əlamətdar günlərdə şəhid ailələri və aztəminatlı ailələrə ərzaq yardımı edir, valideyn himayəsindən məhrum uşaqların məskunlaşdığı uşaq evlərini ziyarət edərək onlara müxtəlif hədiyyələr verir, Ramazan ayında şəhid ailələri, qazilər və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrələri təşkil edirlər. Bu il "Bir uşaq-bir ümid” layihəsi çərçivəsində Bakı, Gəncə, Şəki və Lənkəranda yerləşən uşaq evləri ziyarət edilib, uşaqlara müxtəlif hədiyyələr verilib, Bakıda yerləşən uşaq evinin 1-ci sinfə hazırlaşan sakinlərinə çanta və dərs ləvazimatları təqdim olunub. Bu layihə hazırda da davam edir. Bu il üçün hazırlanmış tədbirlər planına əsasən, qarşıdan gələn Qurban bayramında şəhid ailələrinə ərzaq yardımının verilməsi, eləcə də yeni tədris ilinin başlanması münasibətilə "Öndəki birincilər” layihəsi çərçivəsində cəbhə bölgəsində 1-ci sinfə gedəcək 200 nəfər uşağa məktəbli forması, çanta və dərs ləvazimatlarının hədiyyə edilməsi nəzərdə tutulur: "Fond olaraq müxtəlif xeyriyyə tədbirləri həyata keçirməklə yanaşı, cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yaşadılması, yaxşı işlər görməyin təbliği və təşviqi istiqamətində də layihələr icra edirik. Hazırda davam edən "Yaxşılıq unudulmur” adlı layihəmiz müsabiqə formatındadır. KİV-lə elan etdiyimiz bu layihənin şərtləri çox sadədir. Vətəndaşlar onlara edilən və yaxud şahidi olduqları bir yaxşılığı və bu yaxşılığın müəllifinin kimliyini bizə hər hansı vasitə ilə çatdırır, biz də o yaxşılığın sahibini mükafatlandırırıq”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM