Alternative content

20:01 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu başa çatıb
“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu başa çatıb
ANA SƏHİFƏ / Elm və texnika
23:00 12.07.2019

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işini başa vurub.

AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Simpoziumda Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənildiyini və bu tarixin aktual problemlərinin araşdırıldığını, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti haqqında məruzələr dinlənildiyini qeyd edib. O bildirib ki, məruzəçilər, həmçinin müsəlman ölkələri ilə əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, bu siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerant və multikultural mühitin dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş çıxış ediblər.

Ceyhun Məmmədov, Simpoziumda İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən azərbaycanlı alimlərin özünəməxsus mövqeyindən bəhs edərək, məşhur İslam alimləri haqqında məruzələrin də dinlənildiyini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Simpoziumun rəmzi mənası da var: "Bildiyiniz kimi, iyulun 14-də ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Bu baxımdan da konfransın təşkili xüsusi əhəmiyyət daşıyır”.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətini oxuyub.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

İyulun 11-də və 12-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumuna göstərdiyiniz hərtərəfli diqqətə, eləcə də tədbir iştirakçılarına ünvanladığınız müraciətə görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılmışdır.

Ulu öndər Heydər Əliyev "Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır” söyləməklə İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında Azərbaycanın oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci il dekabrın 9-dan 11-dək Bakıda "İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumu keçirilmişdir.

İyulun 11-də və 12-də Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium da məhz Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinə xidmət edir. Bu Simpoziumun keçirilməsi Azərbaycan dövlətinin və şəxsən Sizin İslam mədəniyyətinə verdiyiniz qiymətin əyani təzahürüdür.

Müasir dövrdə Sizin rəhbərliyinizlə sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycan elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan, artıq multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır. 2016-cı ili "Multikulturalizm ili” elan etməyiniz Sizin bu ali dəyərlərə yüksək münasibətinizin bariz nümunəsidir. Həqiqətən də qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz "getto”larından çıxması bir zərurətə çevrilmişdir. Bu baxımdan, Azərbaycan dövlətinin sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə multikulturalizmi önə çəkməsi zamanın çağırışları ilə səsləşir.

2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 2017-ci il 10 yanvar tarixli Sərəncamınız İslam dünyasının ən böyük ehtiyacını çox dəqiqliklə müəyyənləşdirdiyinizi göstərir. Bu Sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır, eyni zamanda, 2016-cı ilin "Multikulturalizm ili” elan olunması barədə 2016-cı il 11 yanvar tarixli Sərəncamınızın məntiqi davamıdır. Аzərbаycаn həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Dünyada sülh, əmin-amanlıq və tolerantlığın carçısı olan Azərbaycan, təəssüf ki, bu dəyərləri heçə sayan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınmışdır. İşğal altındakı torpaqlarda yüzlərlə İslam mədəniyyəti nümunəsi məhv edilmiş, məscid və türbələr dağıdılmışdır. Simpozium iştirakçıları olaraq, dünya ictimaiyyətinin bu vandalizmə biganə qalmayacağına, Azərbaycanın haqq səsinə səs verəcəyinə ümidvar olduğumuzu bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir.

Möhtərəm cənab Prezident!

Biz, "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları bu beynəlxalq tədbirə göstərdiyiniz qayğı və diqqətə görə bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanda və dünyada sülh və əmin-amanlığın qorunması, ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Simpozium iştirakçılarına sertifikatlar təqdim olunub.

Bağlanış mərasimindən sonra mətbuat konfransı keçirilib, kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, Simpozium Qafqazda İslam sivilizasiyasının yayılması dövrünün elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması, eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıtdırılması məqsədilə keçirilib.

Simpoziumda 100-dən çox məruzəçi 11 paneldə – "İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, "Qafqazda İslam elmlərinin inkişafı”, "Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, "Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, "Qafqazda İslamın yayılması”, "Qafqazda multikulturalizm”, "İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, "Çar Rusiyasının Qafqazda İslam siyasəti”, "Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında panellərdə çıxış ediblər.

Konfransın materialları kitab şəklində çap olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM