Alternative content

22:53 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maarifçi lider
Maarifçi lider
ANA SƏHİFƏ / SİYASƏT
00:58 12.07.2019


Qədim bir Şərq aforizmində deyilir: "Əgər planın birillikdirsə, darı səp, onillikdirsə, ağac ək, bir əsrlikdirsə, insanlara təhsil ver”. Bu aforizmdəki hikmətli həqiqəti nəzərə alsaq, böyük dövlət adamlarının həyat və fəaliyyətində elm-təhsil məsələlərinin niyə hər zaman xüsusi yer tutması heç də təsadüf kimi görünməyəcək.

Bu prinsip öz milli dövlətçilik ideyaları ilə Azərbaycan tarixindəki son yarıməsrlik dövrün müəllifi olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin də başlıca qayəsini təşkil edirdi. Elmə, təhsilə diqqət Ulu Öndərin fəaliyyətində hər zaman müstəsna yer tuturdu. Çünki Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin strateji hədəfləri bir, iki, onillik dövrləri deyil, əsrlər sonranı nəzərdə tutur və buna uyğun müəyyənləşirdi.

Bu mənada Ulu Öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi 1969-cu ilin 14 iyulundan başlanan və artıq yarıməsrlik möhtəşəm bir tarixə çevrilən zaman məsafəsi milli elmimizin, təhsilimizin də yüksəliş dövrüdür.


Qüvvət elmdədir...


Hələ Azərbaycana rəhbərliyinin ilk günlərindən Heydər Əliyev özünəməxsus müdrikliklə dərk edirdi ki, Tanrı onun üzərinə yalnız seçilmişlərə əta olunan çox çətin və şərəfli missiya qoyub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, 1930-cu illərin repressiya xofundan sonra xalqın şüurunda uzaq illərin xoş xatirələri kimi közərən milli dövlətçilik hisslərini yenidən o alovlandırmalı, Azərbaycanın gələcəkdə güclü bir dövlətə çevrilməsindən ötrü zəruri əsasları formalaşdırmalı idi. Ulu Öndər dünyanın irəli getmiş başqa xalqlarının çoxəsrlik təcrübəsinə əsaslanaraq bunu da yaxşı bilirdi ki, güclü dövlət olmağın yeganə yolu ancaq və ancaq elmin, təhsilin inkişafından keçir. Heydər Əliyev respublika rəhbərliyinə seçilənə qədər aqrar əyalət kimi ətalət dövrünü yaşayan, keçmiş ittifaq subyektləri arasında ən sonuncu yerlərdən birini tutan Azərbaycanda keyfiyyət dəyişikliklərinə həm də bu sahədən başladı. Ümummilli Lider, ilk növbədə, keyfiyyətli orta təhsilə yiyələnməyi hər kəs üçün əlçatan və rahat etdi. Sovet cəmiyyətində insanların savadlanması, onlara təhsil imkanlarının yaradılması üçün hər nə qədər mühüm tədbirlər həyata keçirilsə də, etiraf edək ki, bu imkandan faydalanmaq o qədər də asan başa gəlmirdi. Xüsusilə ucqarlarda məktəblərin sayı çox az idi. Əyalət yerlərində məktəblərin çoxu ibtidai, yaxud səkkizillik əsasda fəaliyyət göstərirdi. Ona görə də təhsilini sona qədər davam etdirmək, ali məktəbə qəbul olunmaq istəyən şagirdlər orta məktəbin son siniflərini çox uzaq məsafələrdəki məktəblərdə davam etdirmək məcburiyyətində qalırdılar. Həftələrlə evdən, ailədən uzaq qalmaq hər kəsin imkanına uyğun olmadığından belə vəziyyətə görə, təbii ki, minlərlə gənc təhsilini sona qədər tamamlaya, ali məktəb arzusuna qovuşa bilmirdi.

Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk illərindən qəbul etdiyi "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarları sayəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.


Hamı üçün bərabər imkanlar


İslahatlar, inkişaf prosesləri təkcə orta təhsil sistemini əhatə etmirdi. Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmışdı. Ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı.

Sovet sisteminin bütün cəhətlərinə dərindən bələd olan Heydər Əliyev yaxşı bilirdi ki, sovet cəmiyyətində heç də hər şey partiyanın bəyan etdiyi, bəlağətli çıxışlarda səsləndirildiyi kimi deyil. Məsələn, sovet hökuməti fəhlə-kəndli hökuməti sayılsa da, zəhmətkeş övladlarının ali təhsil almaları ilə bağlı çox ciddi çətinliklər vardı. Bu çətinliklər isə əsasən Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinə qədər cəmiyyətin ayrı-ayrı sahələrini, o cümlədən təhsil sistemini sarımış korrupsiya hallarından irəli gəlirdi. Ali məktəblərə qəbul üçün vətəndaşlar qarşısında müəyyən qanunsuz tələblər qoyulurdu. Sadə zəhmət adamlarının bu tələbləri ödəmək gücü olmadığından təhsildə bərabər imkanlar prinsipi pozulurdu. Ali məktəblərə, xüsusilə hüquqşünaslıq, tibb və s. bu kimi nüfuzlu ixtisaslara yalnız imkanlı şəxslərin - yəni o dövrün vəzifəlilərinin, səlahiyyət sahiblərinin övladları qəbul olunurdu. Sonra da onlar ali məktəbdən məzun olub, valideynlərinin yüksək vəzifə tutduqları əhəmiyyətli sahələrdə özlərinə karyera qururdular. Beləliklə, qapalı dairə yaranırdı. Sinfi cəmiyyəti guya rədd edən sovet cəmiyyətində, əslində, sinfi bərabərsizlik getdikcə güclənirdi. Belə hallar Azərbaycan kimi ölkələrdə xüsusilə nəzərəçarpacaq səviyyədə idi. Ona görə də istedadlı gənclər Vətəndən incik düşürdülər. Təhsil arzularını reallaşdırmaqdan ötrü əksər hallarda ədalət meyarlarının, qayda-qanunun buralara nisbətən az-çox qorunduğu Rusiyanın ali məktəblərinə üz tutur, başqa şəhərlərdə yurd-yuva salıb bilik və bacarıqlarının faydasını başqa yerlərə verirdilər.

Heydər Əliyev bu vəziyyəti kökündən dəyişdi. O, zəhmətkeş övladlarının ali məktəblərə qəbulu üçün güzəştlər tətbiq etdi. Minlərlə əməkçi gəncimiz bu imkanlardan faydalanaraq tələbə adını qazandı. Müvafiq ixtisaslara yiyələnərək öz yurdu, el-obası üçün faydalı olmağa başladı. İmtiyazları ilə özünü hamıdan üstün bilən vəzifə sahiblərinin ədalətsizliklərinin qarşısını almaqdan ötrü Ulu Öndər sərt addımlardan da çəkinmədi. Məqam sahibləri gördülər ki, qarşılarındakı başqası deyil - prinsiplərindən bir addım da geri çəkilməyən, zülmün, ədalətsizliyin, harınlığın qatı düşməni olan Heydər Əliyevdir. Bu qətiyyətli lider özünü hər kəsdən güclü sayan istənilən şəxsin azğınlığına bir qələmlə son qoya bilər. Beləliklə, özlərinı yığışdırdılar, cəmiyyətdə haqq-ədalət öz yerini tutdu.


Cümhuriyyət xadimlərinin çin olan arzusu


Heydər Əliyev genişmiqyaslı dövlət proqramları ilə ölkəni çox sürətli şəkildə sənayeləşdirməyə başlamışdı. Amma görürdü ki, bu prosesi uğurla həyata keçirməkdən ötrü yerli kadrların sayı yetərli deyil. Azərbaycanın özündə isə bu kadrları hazırlayacaq potensial hələ formalaşmamışdı. Ona görə də Ulu Öndər ali təhsili başa vurduqdan sonra qayıdıb Azərbaycanın inkişafına töhfə vermək şərtilə keşmiş ittifaqın ali məktəblərinə azərbaycanlı gənclərin göndərilməsini mütərəqqi bir ənənəyə çevirdi. Şəxsən Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin Moskva, Leninqrad, Kiyev, Voronej və başqa ali məktəblərinə göndərilən tələbələrin sayı hər il artırdı. Hətta müasirləri xatırlayırlar ki, Heydər Əliyev bu ali məktəblərdə digər keçmiş ittifaq respublikaları üçün ayrılan, amma müəyyən səbəblərdən boş qalan yerlərdə də şəxsi nüfuzunun gücü ilə azərbaycanlı tələbələri yerləşdirməyə nail olurdu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1978-ci ildə sovetlər ittifaqının 151 ali məktəbində Azərbaycandan 3500-ə yaxın tələbə oxuyurdu.

Bu dövrdən əvvəlki statistika isə təsdiqləyir ki, ötən əsrin 70-ci illərinə kimi Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına süni maneələr yaradılır, hətta buna müəyyən limit qoyulurdu. Azərbaycanlıların bir qayda olaraq, əsasən, ittifaq miqyaslı ali məktəblərdə yalnız ədəbiyyat, musiqi və s. sahələr üzrə təhsil almalarına imkan verilirdi. Lakin məhz Heydər Əliyevin iradəsi sayəsində bu sahədə çox ciddi dönüş əldə edildi.

O illərdə Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun elə ilk aylarından təhsil almaq üçün xaricə 100 tələbə göndərməsi barədə məlumatının olub-olmadığını iddia edə bilmərik. Tarixə böyük maraq göstərən və özü də ixtisasca tarixçi olan, məxfi tarixi sənədlərin, o cümlədən cümhuriyyət dövrü sənədlərinin qorunduğu arxivlərdən istifadə imkanlarına malik böyük dövlət adamı bu barədə, güman ki, məlumatlı idi. Bütün hallarda o, öz təhsil siyasəti, xüsusilə azərbaycanlı gəncləri ittifaq universitetlərinə göndərməsi ilə cümhuriyyət xadimlərimizin nəcib missiyasını davam etdirirdi. Bugünün prizmasından yanaşdıqda, həmin addımların müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu daha aydın, daha qabarıq görünür.


"Bəs siz kimləri seçmisiniz?!”


Ulu Öndər 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən bir sıra məqamlara toxunaraq bildirmişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və bu barədə xeyli məlumatlara malik idim. ...Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir... Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənara oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.

O illər Azərbaycanın özündə də həm ali və orta ixtisas təhsili müəssisələrinin, həm də bu müəssisələrdə təhsil alan tələbələrin sayı artırdı. Doqquzuncu beşillikdə Azərbaycanın öz ali məktəblərində 80 mindən çox ali təhsilli, 95 mindən çox orta təhsilli mütəxəssis hazırlanmışdı. Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası yüksək dövlət mükafatları ilə təltif olunmuşdu. Azərbaycanda milli hərbi kadrların hazırlanması, hərb işinin gənclərimiz arasında bir ənənəyə çevrilməsi üçün Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılmışdı.


Heydər Əliyev ideyalarının işığı


Ulu Öndər təhsilə, maarif işinə yüksək diqqət və qayğısını Azərbaycanın ağır günlərində xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra da davam etdirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətdə yenicə bərqərar olan bazar iqtisadiyyatı sisteminə uyğun olaraq təhsil sahəsində də müasir inkişaf yönümlü addımlar atıldı. Bu sahədə ardıcıl proqramlar həyata keçirildi. Özəl təhsil sisteminin formalaşması, təhsilin əmək bazarındakı tələbatlara, tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Heydər Əliyev ağır sosial-iqtisadi böhran şəraitində öz sənətindən soyumağa başlayan fədakar müəllimlərə yenidən ümid oldu. Bu adın yüksək nüfuzunu özünə qaytardı. İnsanlar müəllimin, məktəbin bir cəmiyyət üçün nə qədər böyük dəyər olduğunu yenidən dərk etməyə başladılar.

Heydər Əliyevin Azərbaycan təhsilinin gələcəyinə baxışları da uzaq dövrləri nəzərdə tuturdu və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə insan kapitalının formalaşdırılması, elmin-təhsilin inkişafı ilə bağlı gördüyü işlər, cəmiyyətin bütün sahələrində aparılan maarifçilik işi Ulu Öndərin strateji baxışlarını əks etdirir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan təhsil islahatları, vətəndaşlarımızın, xüsusilə gənc nəslin fərdi inkişafı üçün verilən qərarlar cəmiyyətimizi bilik və texnologiyaların hakim olacağı yeni bir dünyaya, zamana, fərqli bir gələcəyə qovuşdurur.

Ulu Öndərin nurlu ideyaları bu gələcəyə də işıq salır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda yüzlərlə yeni məktəb tikilib. Məktəb, təhsil, öyrənmək imkanları texniki innovasiyaların gücü hesabına insanlarımızın az qala evinin kandarına qədər gəlib çıxıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin uğuru təhsili, maarifçilik fəaliyyətini ölkəmizdə ümummilli bir hərəkata çevirib. Vətəndaşlarımızın oxumağa, öyrənməyə marağı artıb. Bu gün təhsil artıq Azərbaycan ailələrində ziyalı valideynlərin öz övladlarına da ötürməyi vacib saydıqları sosial-mədəni dəyər deyil, bütün cəmiyyət üzvlərinin arzusudur. Hətta təhsildən, elmdən, biliklərdən ən uzaq valideynlər də bu gün öz övladlarını, el dilində desək, oxutmaq, bilik vermək istəyirlər. Özü də hər hansı ali məktəb diplomunu deyil, məhz gerçək bilik və bacarıqlar qazanmasını arzulayırlar. Çünki təhsilin, biliyin bu gün cəmiyyətdə, əmək bazarında insana nə qədər üstün mövqe qazandırdığını görürlər. Azərbaycan insanı bu gün elmini, biliyini artıraraq cənab İlham Əliyevin rəhbərliyi ilə getdikcə daha da genişlənən inkişaf proseslərinin bir parçasına çevrilir. Bilik və bacarıqlarının yaratdığı imkanlar hesabına bu proseslərdən bəhrələnir.

Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də imkansızlar üçün inşa etdirdiyi məktəblərlə, körpələrin gələcəyinə verdiyi bilik töhfəsi ilə dünyada maarif işığı yayır. Və bu işığın sayəsində bütün dünyada mədəniyyətlərarası dialoq, sülh və sabitlik məkanı kimi tanınmış ölkəmizin bəşəriyyət üçün əhəmiyyəti daha aydın görünür.

Bu, 50 illik tarixdən gələn işıqdır. Bu, Heydər Əliyev ideyalarından düşüncələrə düşən şəfəqdir. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə qazandırdığı nailiyyətdir. Təhsilə, biliyə dayanaraq yola çıxan xalqı, cəmiyyəti, dövləti irəlidə ancaq yüksəliş gözləyir. Bizim də yolumuz ancaq yüksəlişə doğrudur. Yolun açıq olsun, Vətən!

Həsən BAYRAMOV,

pedaqoji elmlər doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM