Alternative content

22:53 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan tarixində Heydər Əliyev imzası
Azərbaycan tarixində Heydər Əliyev imzası
ANA SƏHİFƏ / SİYASƏT
00:56 12.07.2019


Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.

Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli və unudulmaz günlərdən biri də 14 iyuldur.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu.

Azərbaycan neft diyarı olmasına baxmayaraq, XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhvali-ruhiyyə hökm sürdüyündən yerli kadrların hazırlanması, ana dilimizin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı. Belə bir halda, heç şübhəsiz, milli şüura malik olan, bu düşüncə ilə yaşayan və mentalitetimizin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədilirdi. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi.

Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışmışdı. Ulu Öndər hələ bu orqanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi.

Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. 1987-ci ildən başlayaraq sovet rəhbərliyinin himayəsi ilə ermənilər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün ekstremist fəaliyyətə başladılar. O zaman Azərbaycan xalqı ayağa qalxaraq öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kütləvi xalq hərəkatına başladı. Bu hərəkatda ortada olan qüvvələr məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə yaratdığı mühitin yetişdirdiyi insanlar idi. Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Bu mühit Azərbaycanda yerli kadrların yetişməsinə gətirib çıxarmışdı. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət etmiş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yetirildi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin məfkurənin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Moskvadan isə həmişə bu işlərə mane olmağa çalışırdılar. Məqsəd də o idi ki, Azərbaycan xalqı öz tarixini, keçmişini, ədəbiyyatını və keçdiyi inkişaf yolunu öyrənə bilməsin. Yəni dövlətçilik ruhunun inkişafına ittifaq mərkəzi həmişə əngəl olmağa çalışırdı. Lakin Heydər Əliyev bunu tədricən, necə deyərlər, damla-damla həyata keçirməkdə idi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. O illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə - Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş vətən sevgisinin nəticəsi idi.

Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye respublikasına çevrilmişdi. Respublikanın hər yerində böyük abadlıq işləri aparılmış, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, respublika üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən əsası, bu sahələrdə işləyə bilən güclü kadr potensialı yetişdirilmişdi. Bununla yanaşı, Azərbaycanın elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdı. Bütün bu işləri görməklə Ulu Öndər həm də xalqın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki o, xalqının gücünə və qüdrətinə inanır, həyatının mənasını doğma vətəninə xidmətdə görürdü: "Biz nadir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Ümummilli Liderin fəaliyyətinin əsasını milli-mənəvi, dini dəyərlərimizə sıx bağlılığı, Azərbaycan və dünya tarixini mükəmməl bilməsi, xüsusi xidmət orqanlarında çalışarkən xalqımıza qarşı yönəlmiş siyasəti aydın görüb dərindən araşdırması təşkil etmişdir. Və bu amillər onun millətsevərlik, müstəqil dövlətçilik baxışlarının formalaşmasında çox böyük rol oynamışdır. Heydər Əliyev xarakterinə görə praqmatik, dərin bilikli, məntiqli, cəsarətli, həyata keçirməyə çalışdığı ideyaları uğrunda əzmlə mübarizə aparan prinsipial rəhbər olmaqla yanaşı, millətini, xalqını, vətənini sonsuz məhəbbətlə sevən lider idi. Onun hakimiyyətə gəldiyi ilk gündən gördüyü çox mühüm, gələcəyə hesablanmış addımlarından biri də azərbaycanlılar arasında birlik yaratması, hakimiyyət strukturlarına əsasən azərbaycanlıları yerləşdirməsi idi. Ötən əsrin 70-ci illərində gedən iqtisadi tərəqqinin, yeni zavod və fabriklərin tikintisinin bir mühüm cəhəti də Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azərbaycanlıların tam əksəriyyət təşkil etməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta bölgələrdən gəlir və Bakı getdikcə milli şəhərə çevrilirdi. Azərbaycanı müstəqilliyə doğru aparmaq üçün Ulu Öndərin qarşısında duran əsas məqsədlərdən biri də iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi. Ona görə də 1969-1982-ci illəri bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradılması mərhələsi adlandırmaq olar. O illərdə Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasət, bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının, dövlət idarəçiliyinin və ictimai-siyasi həyatın dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi. Elə bu uzaqgörənliyinə və dərin siyasi baxışlarına görə onu Kremldə çox məsul bir vəzifəyə təyin etmişdilər.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə görülən işlər özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.

Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərərək xalqımızın özünüdərki üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır. Ulu Öndər xalqın heysiyyətini gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı. Ümummilli Lider cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Böyük strateq illər sonra - 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən məqamlara toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə, təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumatlara malik idim... Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilib... Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, azərbaycançılıq məfkurəsinin yüksəlişi və xalqın dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanınmasını, Bakının həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Bu, həmin dövr idi ki, hətta Moskvada, Sankt-Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi dövrün Bakı mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bugünümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar Heydər Əliyevin gələcək dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevriləcək.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,

YAP icra katibinin müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM