12 Iyul 2019 00:52
1292
Təhsil
A- A+

Regional ali təhsilin flaqmanı


80 illik tarixi olan Gəncə Dövlət Universiteti Heydər Əliyev ideyaları əsasında özünün intibah dövrünü yaşayır


Azərbaycan tarixinə Heydər Əliyev dövrü kimi yazılan son 50 illik inkişaf, quruculuq və yüksəliş salnaməsi təhsil sistemində də köklü müsbət dəyişikliklərə, genişmiqyaslı intibaha səbəb olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilə göstərdiyi diqqət və qayğı respublikamızda təhsilin inkişafını Avropa standartlarına çatdırmışdır.

Ulu Öndərdən sonra bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atıldı.

Azərbaycanın ali təhsil müəssisələrində yeni ixtisaslar üzrə fakültələr yarandı. Bu da ayrı-ayrı sahələrdə kadr çatışmazlığını aradan qaldırdı. Sevindirici haldır ki, bu inkişafda Gəncə Dövlət Universiteti də öndə gedərək mühüm uğurlara imza atdı. Belə ki, təhsildə şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi və şəffaf idarəetmə modelinin yaradılması nəticəsində bu ali təhsil ocağı digər ali təhsil müəssisələri kimi irəli gedərək yeni-yeni nailiyyətlər qazandı. 1939-cu ildə 244 nəfər tələbə ilə fəaliyyətə başlayan universitetdə indi 6500 tələbə təhsil alır.


Dövlət büdcəsindəki xərc yükünü azaltmaq üçün tədbirlər görülür


Hazırda Gəncə Dövlət Universitetində biologiya-kimya, filologiya, tarix-coğrafiya, xarici dillər, riyaziyyat-informatika, fizika və texniki fənlər, pedaqoji, iqtisadiyyat və idarəetmə fakültələri fəaliyyət göstərir, 39 ixtisas üzrə mütəxəssis hazırlanır. Xarici dillər fakültəsində 4 dildə - ingilis, rus, fransız və alman dilləri tədris olunur. Hazırda Azərbaycanın şəhər, rayon və kəndlərində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin böyük bir qismi bu universitetin məzunlarıdır.

Son illər həyata keçirilən tədbirlər nəticəsində universitetin maddi-texniki bazası tamamilə yenilənmişdir. İndi burada yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün 32 tədris laboratoriyası, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 12 kompüter mərkəzi və geniş auditoriyalar vardır. Hazırda bakalavriat səviyyəsində 40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr hazırlığı aparılır. Universitetin strukturunun və idarəetmənin optimallaşdırılması sahəsində son vaxtlar xeyli iş görülmüşdür. 2017-ci ildə müasir idarəetmə sisteminə uyğun olaraq yeni İnnovasiyalar Departamenti və onun nəzdində 5 şöbə, 8 mərkəz, 6 tədris və 1 elmi-tədqiqat laboratoriyası, həmçinin əlavə təhsil fakültəsi yaradılmışdır. Departamentin yaradılmasında əsas məqsəd elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlər edilməklə strateji hədəflərə çatmaq üçün iqtisadi biliklər verməkdir.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə imzaladığı bir çox sərəncamlar əsasında sürətlə modernləşən Azərbaycan təhsil sisteminin formalaşması istiqamətində yeni addımlar atılmış və innovativ təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində bir çox işlər görülmüşdür. Belə ki, "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncamdan irəli gələn hədəflərə və məqsədlərə çatmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işlənib hazırlanmış "Fəaliyyət planına” uyğun olaraq təhsil sahəsində dərin islahatlar aparılmışdir. Gəncə Dövlət Universiteti də aparılan islahatlarda və həyata keçirilən layihələrdə fəal iştirak etməklə yaradılmış imkanlardan maksimum istifadə etməyə çalışır.


Tədrisin keyfiyyətini yüksəltmək üçün universitet qabaqcıl təcrübədən bəhrələnir


Məlum olduğu kimi, təhsil sahəsində aparılan bütün islahatların məqsədi onun keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Keyfiyyətin müəyyənləşdirilməsində isə əsas göstərici təhsilalanların təlim nəticələridir ki, bu nəticələr də keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur. Elə buna görə də tədris prosesində keyfiyyətin təmin edilməsi məqsədilə vaxtaşırı monitorinqlər təşkil olunur. İnnovasiyalar Departamentinin nəzdində yaradılmış Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsi, eyni vaxtda bir neçə fakültədə yaradılan tədrisin keyfiyyətinə nəzarət edə biləcək mobil monitorinq qrupu veb-kameralar vasitəsilə tədris prosesini məsafədən müşahidə edir.

Bundan başqa, departament elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və sair strateji hədəflərə nail olmaq üçün öz töhfələrini verməkdədir. İqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə departamentin nəzdində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi də təmin edilmişdir. İndi əminliklə demək olar ki, bu departament yaxın vaxtlarda Azərbaycanda yüksək texnoloji məhsulların hazırlanmasına əlverişli mühit formalaşdıracaqdır.


Universitetə maraq ildən-ilə artır


Son illər məzunlar arasında Gəncə Dövlət Universitetinə maraq xeyli artmışdır. Elə buna görə də tələbə qəbulu planının yerinə yetirilməsi 97 faizə yüksəlmiş və bu universitet respublika ali təhsil müəssisələri arasında ilk üçlüyə daxil olmuşdur. Universiteti seçmiş yüksək ballı tələbələrin sayında da artım müşahidə olunur. Hazırda 90 nəfərdən çox tələbə "Gələcəyin müəllimi” təqaüdünü alır. Söz yox ki, bu uğuru Gəncə və ətraf rayonların məktəblərində aparılan təbliğat vasitələrinin müsbət nəticəsi kimi də dəyərləndirmək olar. Təbliğat işləri 4 il əvvəl universitetdə yaradılmış Təcrübə və karyera şöbəsi tərəfindən koordinasiya olunur və tənzimlənir. Pedaqoji, istehsalat, tədris və çöl təcrübələrinə nəzarət etmək, təcrübə keçiriləcək müəssisələrlə universitet arasında əlaqə yaratmaq, əmək yarmarkası təşkil etmək, məzunların karyerasındakı dəyişiklikləri izləmək, lazım olduqda müəyyən tövsiyələr vermək, dəstək göstərmək və sair məsələlər də bu şöbənin səlahiyyətinə daxildir.

Universitetdə mövcud olan ixtisasların əksəriyyəti maarifyönümlü olduğu üçün şəhərin orta məktəbləri ilə əməkdaşlıq daha da genişləndirilmişdir. Pedaqoji təcrübələrin təşkili məsələlərini reallaşdırmaq üçün ən yaxşı maddi-texniki bazaya və yüksək potensiallı kadrlara malik 2 məktəb - 4 və 39 nömrəli orta məktəblər universitetin baza məktəbləri qismində seçilmişdir. 39 nömrəli məktəbdə universitetin vəsaiti hesabına Təcrübə və karyera şöbəsinin filialı yaradılmışdır. Hazırda şəhərin orta məktəbləri ilə əməkdaşlığın təkmilləşdirilməsində və möhkəmləndirilməsində bu filial qərargah rolu funksiyasını yerinə yetirir.


Müəllimlər elmi-tədqiqat işlərini genişləndirirlər


Hazırda universitetin kafedralarında 25 istiqamət, 270 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. Tədqiqat işlərinin nəticələri xarici jurnallarda, o cümlədən respublikamızda nəşr olunan jurnallarda dərc edilir. Bundan başqa, araşdırmaların müəllifləri beynəlxalq və respublika konfranslarında, simpoziumlarda məruzələrlə çıxış edirlər.

Bu sahədəki uğurlardan danışarkən demək lazımdır ki, əvvəllər universitet əməkdaşları tərəfindən il ərzində dərc edilən məqalələrin sayı 400-500 olurdusa, indi 1700 -ə çatmışdır. "Clarivate-Analitics” agentliyinin "Web of Science” bazasına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayında da əhəmiyyətli artım müşahidə olunur.

Qeyd edək ki, universitetin tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən 2017-ci il üçün elan edilmiş qrant müsabiqəsində AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ilə birgə Gəncə Dövlət Universiteti də qalib gəlmişdir.

Universitet əməkdaşlarının elmi və tədris fəaliyyətinə görə əməyinin stimullaşdırılmasına da xüsusi diqqət yetirilir. Belə ki, təsdiq edilmiş meyarlara uyğun olaraq müxtəlif müsabiqələrdə yer tutmuş əməkdaşların aylıq əmək haqlarına əlavələr edilir. "Clarivate-Analitics” agentliyinin "Web of Sciense” bazasına daxil olan jurnallarda dərc olunan məqalələrə görə, həmçinin yeni elmi dərəcə almış əməkdaşlara pul mükafatları verilir. Uzun müddət universitetdə qüsursuz fəaliyyət göstərən qocaman və nüfuzlu müəllimlərə "Fəxri professor” adı verilir və onların əmək haqlarına əlavələr olunur.


Xarici əlaqələr genişlənir


Universitetdə xarici əlaqələr gündən-günə genişləndirilir. Hazırda 40-dək xarici ölkə və respublikadaxili universitetlərlə, eləcə də AMEA-nın Elmi-Tədqiqat İnstitutları ilə qurulmuş əlaqələr beynəlxalq əməkdaşlığa və təhsil mübadilə proqramlarına xidmət edir. Onların sırasında Fransa və Türkiyə universitetləri xüsusi yer tutur. Məsələn, 11 nəfər GDU tələbəsi Fransanın Strasburq Universitetində magistr dərəcəsi almağa müvəffəq olmuş, həmçinin "Fransız dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin yekun dövlət attestasiyası Strasburq Universitetindən dəvət olunmuş müəllimlər tərəfindən aparılmışdır. Bunlardan əlavə, Fransız dili kafedrasının müəllimləri fransanın Bezanson şəhərindəki Tətbiqi Dilçilik Mərkəzində pedaqoji təcrübə keçmişlər. Fransa hökumətinin qərarı ilə Fransız dili kafedrasının 3 müəllimi fransız dilinin təbliğində xidmətlərinə görə Fransa hökuməti tərəfindən "Akademik Palma” ordeni ilə təltif olunmuşdur. Fransanın Yuxarı Alzas Universiteti ilə əməkdaşlıq çərçivəsində Gəncə Dövlət Universitetində Aleksandr Düma adına "Fransız mədəniyyət mərkəzi” yaradılmışdır.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Gəncə Universiteti Beynəlxalq Əməkdaşlıq və İnkişaf üzrə Türkiyə agentliyi (TİKA) ilə əlaqə qurmuş və aparılan danışıqlar nəticəsində agentliyin dəstəyi ilə GDU-da 30 min nüsxə kitab fonduna malik olan Nuru Paşa adına kitabxana yaradılmışdır.

Universitetin xarici əlaqələri bununla bitmir. Kollektiv İngiltərənin Esseks Universiteti, Almaniyanın Leypsiq Universiteti ilə, İtaliyanın Milan Ali Tərcümə Məktəbi ilə də əlaqələr qurmuşdur. Gələcəkdə isə Belçikanın Qent Universiteti, Finlandiyanın Turku Universiteti, Fransanın Politiers Universiteti, İtaliyanın Ka Faskari Venetsiya Universiteti, Polşanın Varşava Universiteti, İsveçin Lund Universiteti, Böyük Britaniyanın Kardiff Universiteti ilə əlaqələr qurmaq üçün danışıqlar aparılır.


Beynəlxalq elmi konfranslar universitetin nüfuzunu yüksəldir


Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə artıq müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi ənənəyə çevrilib. Keçən il "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən konfrans da yaddaqalan oldu. Tədbirdə 10-a yaxın ölkənin nüfuzlu universitetlərindən gəlmiş alimlər, eləcə də qabaqcıl elmi-tədqiqat mərkəzlərinin nümayəndələri maraqlı məruzələrlə çıxış etmiş, müzakirə olunan mövzu ətrafında fikir mübadiləsi aparmışlar.

Konfransda postneft dövründə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biliyə əsaslanan iqtisadiyyatın qurulması, innovativ cəmiyyətin təşkili, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təmin edilməsi, ümumilikdə isə rəqabətqabiliyyətli və davamlı iqtisadi inkişafa nail olunması yolları alimlər tərəfindən geniş müzakirəyə çevrildi.

Bundan başqa, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən və "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanda ali təhsil müəssisələrində keyfiyyətin təminatı və mədəniyyətin formalaşması zamanı qarşıya çıxan çətinliklər ətraflı müzakirə edildi.


Tədris ilinin yaz semestr imtahanları uğurla başa çatdı


Gəncə Dövlət Universitetində hər il imtahanların mütəşəkkil keçməsi üçün universitet üzrə "İmtahan mərkəzi” yaradılır. 2018-2019-cu tədris ilində də yaradılan bu mərkəz ciddi fəaliyyət göstərdi. Nəticədə imtahanlar olduqca şəffaf və mütəşəkkil keçdi. İmtahanların keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin olunması məqsədilə Gəncə şəhərinin tanınmış ziyalılarından, elm xadimlərindən, deputatlardan, kütləvi informasiya vasitələri nümayəndələrindən, eləcə də valideynlərdən ibarət "İctimai nəzarət şurası” yaradılmış, onlarla söhbətlər aparılmışdır. Bakalavriat səviyyəsində keçirilən test imtahanları zamanı tələbələrə düşəcək 50 test sualının qabaqcadan seçilməsi və sualların məxfi saxlanılması məqsədilə "Bunker” yaradılmış, işçi qrupu lazımi avadanlıq və kamera ilə təchiz edilmişdir. Test və yazılı imtahanlarla yanaşı, yaradıcılıq tələb edən "Musiqi müəllimliyi”, "Təsviri incəsənət müəllimliyi”, "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, "Bədən tərbiyəsi və idman” ixtisaslarında təhsil alan tələbələrin də imtahanları nəzarət altında keçirilmişdir. Yazılı imtahan üçün tələbələrə 2 saat, dövlət imtahanlarında 3 saat vaxt verilmişdir. Bütün bu qaydalara nəzarət edilməklə yanaşı, tələbələrə lazımi şərait də yaradılmışdır. Nəticədə hər bir tələbə şəffaf şəraitdə imtahan verərək müsbət qiymətlər almışdır. İmtahanlardan sonra həm tələbə, həm də valideynlərlə aparılan söhbətlərdən aydın olmuşdur ki, onlar imtahanların gedişindən olduqca razı qalmışlar.


Aztəminatlı və şəhid ailələrinin övladlarına qayğı ilə yanaşılır


Universitetdə təhsil alan aztəminatlı və şəhid ailələrinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olmuş şəxslərin, eləcə də məcburi köçkün ailələrinin övladlarına böyük diqqət və qayğı ilə yanaşılır. Hazırda burada Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların 98, valideyn himayəsindən məhrum olmuş 69, hər iki valideynini itirmiş 13 tələbə təhsil alır. Onların dərsə davamiyyəti, ehtiyaclarının ödənilməsi və sair məsələlər universitet rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.


Tələbələr asudə vaxtlarını səmərəli keçirirlər


Universitetdə diqqətdə saxlanılan məsələlərdən biri də tələbələrin asudə vaxtlarının səmərəli təşkilidir. Bu işdə rəhbərliklə yanaşı universitetin tələbə gənclər təşkilatı da bir sıra işlər həyata keçirir. Hazırda burada "kitab klubu”, "kino klubu”, "idman klubu”, "vətənpərvərlik klubu”, "debat klubu” fəaliyyət göstərir. Lakin tələbələrin boş vaxtlarında ən çox maraq göstərdikləri sahə idmandır. Tələbə gənclər təşkilatı bu sahədə tələbələrə daim yaxından kömək göstərir. Tələbələrin idmanla daha yaxından məşğul olmaları üçün universitetdə bütün şərait yaradılmışdır. İstər açıq, istərsə də qapalı idman meydançaları daim gənclərin ixtiyarındadır. İdmana göstərilən diqqət və qayğının nəticəsidir ki, tələbələr bir sıra mötəbər idman yarışlarında universitetin şərəfini layiqincə qoruyurlar.


Universitetin 80 illik yubileyi unudulmaz anlar yaşatdı


Bu il Gəncə Dövlət Universitetinin fəaliyyətə başlamasının 80 ili tamam oldu. Yubileydə Təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, respublikamızın nüfuzlu ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları, universitetlə əməkdaşlıq edən xarici ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri və alimləri də iştirak edirdilər. Yubiley tədbirində hesabat məruzəsi ilə çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov zəngin ənənələrə, özünəməxsus tarixi keçmişə malik olan bu ali təhsil ocağının 80 ildə qazandığı uğurlardan, xalqımızın maariflənməsində xidmətləri olan bu ali təhsil müəssisəsində görülən işlərdən söhbət açmışdır. Rektor demişdir ki, universitetin əsas inkişaf dövrü Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin adları ilə bağlıdır. İstər Ulu Öndərin, istərsə də dövlət başçısının diqqət və qayğısı ilə universitet inkişaf edərək respublikamızın ən nüfuzlu ali məktəblərindən birinə çevrilmişdir.

80 illik yubiley münasibətilə ali təhsil müəssisəsinin kollektivini təbrik edən Təhsil naziri Ceyhun Bayramov ölkədə təhsilə göstərilən qayğıdan danışmış, ali təhsil ocağının kollektivinə bundan sonrakı fəaliyyətində də uğurlar arzulamışdır.

Qeyd edək ki, universitetin 80 illik yubileyi ilə əlaqədar 7 nəfər "Əməkdar müəllim” adına, 15 nəfər "Tərəqqi” medalına, 15 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına, 22 nəfər Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.


Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video