Alternative content

12:40 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixə şahidlik edən məkan
Tarixə şahidlik edən məkan
ANA SƏHİFƏ / Mədəniyyət
00:39 12.07.2019


Azərbaycanın ən gözəl guşələrindən biri olan Qax çox qədim tarixə malikdir. Bu bölgədə hər daşın altında bir tarix yatır desək, yanılmarıq. Təbii-coğrafi şəraiti ilə zəngin olan bu məkanın ərazisi oturaq əkinçilik, maldarlıq üçün çox əlverişlidir. Bu səbəbdən də mövcud ərazilər qədim dövrlərdən insanların məskunlaşdığı əsas yerlərdən birinə çevrilib.

Qax rayonu tarix və mədəniyyət abidələri ilə də zəngindir. Bunlardan tarixi erkən orta əsrlərə aid edilən Torpaqqala şəhər xarabalıqlarını, Sarıca-Minbərək düzündə Minbərək yaşayış məskəni və kurqanlarını (eneolit-tunc-dəmir dövrləri), Ləkit kəndindəki dairəvi məbədi (V əsr), Yeddi kilsə monastır kompleksini (VI-VII əsrlər), Qum kəndindəki məbədləri (V əsr), İlisu Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Ulu körpünü (XVII-XVIII əsrlər), Sumuq qalanı (XVIII əsr), Ulu məscidini (XVII əsr), müdafiə qalalarını, istehkamları göstərmək olar.

Ümumiyyətlə, Qax rayonu ərazisində dövlət qeydiyyatı olan 68 abidə mövcuddur. Əlavə olaraq dövlət mühafizəsinə götürülməsi məqsədilə 100-dək abidə siyahıya alınaraq layihəyə salınıb.

Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, araşdırmaçı Mahir Əfəndi bizə bələdçilik edir. Deyir ki, rayon ərazisində ən qədim abidələr 2012-ci ildə rayonun Ləkit-Kötüklü kəndi ətrafında paleolit (qədim daş) dövrünə aid "Skolat” və "Xorqaya” adlı mağara düşərgələri üzə çıxarılıb. Xorqaya mağarasında 2 metr dərinlikdəki çöküntülərin altında iri ocaq yeri və onun ətrafında yastı qaya daşları düzülmüş sahə qeydə alınmışdır. Həmçinin bu səviyyədən orta Aşel (450 min il əvvəl) dövrünə aid çopper (kobudvurma aləti) daş bıçaq, yonma-sıyırma və çapma daş alətləri əldə edilmişdir. Məhz həmin maddi mədəniyyət qalıqları əsasında ərazidə Aşel mədəniyyəti dövründən ibtidai insanların məskunlaşması və 670 min il həyatın davam etməsi arxeoloji faktlar əsasında sübut olunmuşdur.


Qum - abidələrlə zəngin kənd


Qum kəndi isə Qax rayonunun eyniadlı Qum çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində, rayon mərkəzindən 7 kilometr şimalda, dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşir. Kənd Qafqaz Albaniyasının Kambisena vilayətinə daxil idi.

Kənd ərazisindəki və yaxınlığındakı Arpatala, Xıdır axular, Axular məhəlləsi, Buduqoba, Güllütəpə, Sabunçular, Doludöyən, Qobu altındakı Kilsəhənd, Çinarlı, Sırt qala, Ballıqaya, Xəzinə qaya və s. otlaq, əkin və yer adları, toponimlər sübut edir ki, bu yerlərin ilk sakinləri və əsl sahibləri türk mənşəli tayfalar olmuşlar. Bunlar isə hunlar, kimmerlər, saklar, oğuzlar, qıpçaqlar və səlcuqlardan ibarət olub.

Yerli əhalinin məlumatına görə, Qum kəndi qumluq ərazidə salındığına görə belə adlanır. Qum komponentli toponimlərə bir sıra ərazilərdə rast gəlinir. Qumtəpə dərəsi (Ağcabədi rayonu), Qum çayı (Qax rayonu), Qumyataq gölü (Abşeron rayonu), Qumbaşı kəndi (Lənkəran rayonu), Qumluq dağı (Şamaxı rayonu), Qumbaşı dağı (Qax rayonu), Qumluyal (Laçın rayonu), Qumarxçay (Zaqatala rayonu), Qum şəhəri (İran), Qızılqum sahəsi (Qazaxıstan), Qumax çayı (Ural), Qumak çayı (Rusiya, Orenburq vilayəti), Qumtayqa dağ beli (Rusiya, Tuva vilayəti), Sis-Qumak çayı (Yakutiya) və s. qafqazdilli etnik qruplarından olan qrızların dilində kum "kənd”, udin dilində isə qum "künc, bucaq, kənar” deməkdir. Azərbaycan toponimiyasında işlənilmiş qum sözü isə müəyyən mənada dağın səthinin və ya çayın tərkibinin qumlu olmasını göstərir, kəndin yerləşdiyi ərazinin səciyyəsini verir.

M.Əfəndi bildirdi ki, Qum kəndində memarlıq abidələrindən V əsrə aid Qum bazilikası, VII-VIII əsrlərə aid məbəd və eyni dövrə aid edilən Sırt qalası, Qacır qala, XVIII əsrin sonlarında inşa edilmiş Cümə məscidi öz tarixi əhəmiyyətini bu gün də qoruyub saxlayır.

Qum bazilikası Qum kəndinin mərkəzində kiçik dağ çayının sahilində yerləşir. Tetrakonx (4 bucaqlı yarım qövs künclü) formasında tikilmiş bu bazilikanın uzunluğu 26,4 metr, eni 19,3 metrdir. Məbəd 3 tərəfdən eyvanla əhatələnib, içərisində 3 nef (zal) var. Məbədə şərq tərəfdən bitişik kvadrat şəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır. Məbədin daxili hissəsi 2 cüt T şəkilli sütun və söykənclə 3 nefə bölünmüşdür. Apsidanın (kilsə divarında yarım qövs formalı çıxıntı) mehrab üstündəki hissəsi nal şəkillidir. Pilon və söykənclər kərpicdən tikilmiş nalvari talvarı saxlayır. Məbədin 3 qapısı olmuşdur. Qapı üstləri yarım qövs şəkilli tağlarla bəzədilmişdir. Qapılar eyvanlara açılır. Qum məbədinin tikintisində əsasən yonulmuş çaydaşından istifadə olunmuşdur. Daxildəki konstruksiya işləri isə bişmiş kərpiclə tamamlanmış, damı kirəmitlə örtülmüşdür. Memarlıq xüsusiyyətlərinə görə Qum məbədinin V əsrdə inşa olunmasında tədqiqatçıların fikri yekdildir.

Sırt qala 4 dairəvi bürc və tağbənddən ibarət olmuşdur. Təbii təsirlər nəticəsində qalanın 3 bürcü uçmuş və onlardan yalnız biri dövrümüzədək gəlib çatmışdır. İnşasında bişmiş kərpicdən, çay daşından və əhəng məhlulundan istifadə olunmuşdur. Tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Sırt qaladakı "sırt” sözü də Azərbaycan dili baxımından arxaik sayılan leksik vahidlərdəndir. Qədim türk dillərində "hündür yer, təpə, təpəlik, çox da hündür olmayan təpə (oğuzlarda)” mənasında işləndiyi göstərilir. Mahmud Kaşğarinin "Oğuzlar bayır və yoxuş kimi yerlərə kicik derelere dahi "sırt” deyərlər” qeydindən də məlum olur ki, bu söz, əsasən oğuz qrupu türk dilləri üçün daha xarakterik olmuşdur. Həmin sözə Azərbaycan dilinin bəzi dialekt və şivələrində də rast gəlinir. Sırt sözü "yoxuş” mənasında isə indiyə kimi, əsasən, tat dilinin bir sıra ləhcələrində mühafizə edilmişdir. Görünür, istər Quba rayonundakı Sırt Çiçi, istər Qəbələ rayonundakı Sırt Yengicə və istərsə də Şəki rayonu ərazisindəki Sırtyurd dağ zirvələrinə əlavə edilən sırt sözü məhz "yoxuş” mənasında işlənmişdir. Bunu Sırt qalanın yoxuşda yerləşməsi də təsdiq edir.


Yeddi kilsə monastır kompleksi və mamırlı şəlalə


Ləkit kəndi isə Qax rayonunun şimal-qərbində, Qax şəhərindən 16 kilometr aralı dağətəyi ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, Ləkiti Böyük Qafqaz dağlarının cənub ətəklərində, əsasən Samur çayı hövzəsində, o cümlədən Qafqaz Albaniyasında yaşamış qədim leq, lək tayfasının adı ilə bağlıdır. Leqlər haqqında ilk məlumatı hələ qədim zamanlardan Strabon, Feofan, Plutarx və başqa antik müəlliflər vermişlər. Azərbaycanda lək komponentli toponimlərin yayılma arealı çox genişdir. Lək etnosu Cənubi Azərbaycanda, Türkiyə və Qərbi Azərbaycan ərazisində də yayılmışdır. Bu faktdan çıxış edən tədqiqatçılar qədim yaşayış yerinin adının türkdilli lək etnonimindən və qədim türk dillərində cəmlik bildirən - it şəkilçisindən ibarət olub, "ləklər” mənasını bildirdiyini sübut edirlər.

Ləkit kəndi ərazisində turistlərin böyük marağına səbəb olan təbiət abidəsi hesab olunan mamırlı şəlalə, inşa tarixləri Qafqaz Albaniyası dövrünə aid edilən xristian məbədləri yerləşir.

V əsrdə tikilmiş dairəvi məbədin qalıqları Ləkit kəndindən 1 kilometr aralı, Ləkit çayının yatağının kənarında qalmaqdadır. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir. Dairəvi formada tikilmiş məbədin diametri 22 metrə çatan zal ilə əhatələnmişdir. Məbədə qərb tərəfdən 3 giriş olmuşdur. Şərq tərəfdən bitişik 2 cübbəxanadan daxili qapılar qoyulmuşdur. Cübbəxanadan birinin qurbangah, digərinin isə ruhani hücrəsi olduğu güman edilir. Divarlar çay daşından hörülmüş, məbədin daxilindəki pilonlar və sütunlar bişmiş kərpicdən tikilmişdir. Baş tağların və xarici söykənclərin tikintisində yerli əhəng daşından (şirin daş) istifadə edilmişdir. Məbəddən 30 metr aralıda turistlərin heyrətinə səbəb olan, inşası V əsrə aid edilən tikilinin - hamamın qalıqları var. Məbəd həyətinin daxilində təsərrüfat quyusunun və karvansara binasının yerləri də qalmaqdadır. Məbəd həyətinin qapıları qərb istiqamətində açılır. Tədqiqatçıların fikrincə, məbəd Bizans memarlığı üslubunda inşa edilmişdir. Bu, Suriyadakı Bosra məbədindən sonra xristian məbədlərinin görkəmli nümunəsi sayılır.

Ləkit ərazisində Qafqaz Albaniyası dövrünə aid ikinci böyük tarixi-memarlıq abidəsi Ləkit kəndindən 1 kilometr şimala doğru Ləkit-Kötüklü kəndinə gedən yolun kənarında, dağüstü meşənin içərisində yerləşən Yeddi kilsə monastır kompleksidir. Monastır iki kilsə-bazilikadan və beş sövmədən (kiçik kilsə) ibarət olduğundan oradakı tikililərin sayına görə Yeddi kilsə monastırı adlandırılmış və inşa tarixi VI-VII əsrlərə aid edilir.

1980-ci ildə monastır ərazisində arxeoloq A.Qaraəhmədova arxeoloji qazıntılar aparmışdır.

Eyni plan həllinə və yaxın ölçülərə malik monastırın beş sövməsi kilsənin ətrafında tikilmişdir. 2006-cı ildə məbəd kompleksi ilə yaxından tanış olan mərhum tarixçi-jurnalist Murad Hacının araşdırmalarına görə, Böyük Hun imperatoru Atillanın nəvələri Roma casuslarından gizlənərək Ləkitdə sığınacaqda olmuşlar. Monastırın həyətində təndir, şərq hissəsindəki kilsə binasının şimal tərəfində taxıl saxlanılan yeraltı tikili və təsərrüfat küpləri tapılmışdır. Monastır daxilində tikililərin araşdırılmasının nəticələri rahiblərin bir növ natural təsərrüfat həyat tərzi keçirdiklərini göstərir.

Kompleksin qərbində yerləşən üç zala malik bazilika formalı digər məbədin daxilində üç apsida və apsidaya toxunan günbəzaltı dördkünclü tikili mövcuddur. Qərbə tərəf künclərində ruhani otağı və qurbangah yerləşən bazilikanın uzunluğu 24 metr, eni 13,8 metrdir. Kompleksin qərb hissəsindəki həmin kilsə özünün fəaliyyəti dövründə çoxsaylı dəyişikliklərə məruz qalmışdır. Məbəd daxilində aparılan arxeoloji qazıntılara əsasən müəyyən olunmuşdur ki, XII-XIII əsrlərdə həmin binadan məscid kimi istifadə edilmişdir.

Ləkit kəndində bu gün islam faktorunun mövcudluğunu sübut edən came çay daşından və əhəng məhlulundan tikilib. Məscidin həyətindəki məzarlar və onun divarlarına hörülmüş başdaşları epiqrafçı alim M.Nemətova tərəfindən tədqiq edilmişdir.

Məscid binasından solda mövcud olan qəbirlər üzərində mürəkkəb kompozisiyalı nəbati ornament və kitabə motivləri ilə çox nəfis surətdə işlənmiş, gözəl süls elementli, nəsx xətlərilə yazılmış kitabələrə malikdir. Birinci qəbirdə 1778-ci ildə vəfat etmiş Hacı Vəli, ikinci qəbirdə isə vəfat tarixi 1787-ci ilə aid edilən Hacı Ramazan İbn İsmayıl adlı şəxslər dəfn edilmişdir.

Məscidin cənub-şərq fasadında yerdən üç başdaşı hörülmüşdür. Bu da həmin yerdə alimlərin dəfn olunduğunu göstərir. Məscidin divarına hörülmüş başdaşlarının kitabələrindən məlum olur ki, bunlar Hacı Yaqub Əfəndi, Qazi Məhəmməd Əfəndi və Molla Sultan adlı şəxslərə aiddir. Onların vəfat tarixləri isə 1858, 1891 və 1892-ci illərə aid edilir. Ləkit camesinin üzərində kitabə yoxdur. Onun tarixini, ətrafda dəfn olunmuş şəxslərin epitafiyalarındakı tarixlərə əsasən təqribən müəyyənləşdirmək mümkün olmuşdur. Came ehtimala görə, XVIII əsrin sonunda fəaliyyətə başlamışdır. Nəzdində mədrəsə olmuş və adları çəkilən şəxslər mədrəsədə dünyəvi və dini elmlərdən dərs demişlər. Həmin şəxslər vəfat etdikdə elə məscidin həyətindəcə dəfn edilmişlər. Yaxşı təmir olunmuş Ləkit məscidindən bu gün də istifadə olunur.

Turizmin inkişafı ilə əlaqədar məbədlər diyarı - Qax bölgəsinə turistlərin artan marağını nəzərə alaraq abidələrə aparan yollar, abidələrin mühafizə zonaları, keçidlər, girişlər abadlaşdırılmışdır. Ümumiyyətlə, Qaxda abidələrin çoxluğu, bioloji müxtəlifliyin zənginliyi kəndlərdə ekoturizmin, kənd yaşıl turizminin inkişafına səbəb olmuşdur. Rayonun ərazisində komfort iqlim müddətinin uzunluğu, füsunkar dağ yamacları, bol sulu və meşəli dərələri ilə bənzərsiz landşaftı turizmin müxtəlif sahələrinin inkişafı üçün böyük perspektivlər yaradır.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM