Alternative content

22:59 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Gözəllik ondur, doqquzu dondur”
“Gözəllik ondur, doqquzu dondur”
ANA SƏHİFƏ / Mədəniyyət
00:28 12.07.2019


Azərbaycan xalqının milli geyimləri maddi mədəniyyət nümunələrindən sayılmaqla, özünə xas olan xüsusiyyətləri əks etdirir və etnik nişanələrə aiddir.

Azərbaycan XVII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı. Şirvan burada ən iri ipəkçilik əyaləti idi. Bundan başqa, Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı inkişaf edirdi. Bu rayonlarda ipəkdən çox bəzəkli, naxışlı, zərif qadın baş örtükləri istehsal olunurdu.


Milli qadın geyimlərimiz


"Gülüm” tikiş sexinin modelyer-dizayneri Mətanət Nəcəfova ilə söhbətdən məlum oldu ki, o zamanlar geyimin stili, adətən, onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi: "Subay qızların geyimlərı qadınlarınkından fərqlənirdi. Cavan qızlar daha parlaq və çux geyinərdilər. Kişi və qadın geyimləri Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimləri yiyəsinin mənsub olduğu sinfi də əks etdirirdi. Öz formasına görə böyüklərlə uşaqların geyimi eyni olsa da, bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi”.

Həmsöhbətimizin fikrincə, Azərbaycanın qədim tarixinin bir hissəsini təşkil edən milli geyimlərdə xalq yaradıcılığının bədii xüsusiyyətləri, bəzək əşyaları, toxuculuq və s. əks olunur: "Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısındadır. Ona görə də onları bərpa etməklə yeni nəslə sevdirməliyik”.

Mətanət Nəcəfova onu da bildirdi ki, tirmə, məxmər və bir neçə növ ipək parçadan tikilmiş qadın geyimləri bəzi xüsusiyyətlərinə görə müxtəlif cür adlanırdı: "güləcə” - astarlı olmaqla yanaşı, tirmədən, məxmərdən, "baharı” - ən çox məxmərdən, "kürdü” - tirmə, məxmər parçadan tikilərək, xəz dəri və sıx naxışlarla, tirmə və məxmərdən tikilən eşməyin isə ətəyi və qolları xəz dəri və qızılı şəbəkə torla bəzədilirdi”.

Milli geyim dəsti deyəndə, baş geyimləri və ayaqqabılar, zərgərlik məmulatları nəzərdə tutulur. Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək, örpək, çadra və s. daxil idi. Bu geyimlərin geniş yayılan növlərindən biri ipək kəlağayıdır. Yaşlı qadınlar açıq sarı - qəhvəyi, açıq mavi rəngli kəlağayı örtər, müxtəlif cür bağlayardılar. Qadın papağı adlanan təsəyin naxışlarının növünə görə müxtəlif adları mövcuddur: mirvari papaq, qızılı papaq, ay-ulduzlu və s.

Qadın geyiminin elementlərindən biri də baş sarğısı - çutqu olub. O, qara, tünd göy sətin, atlas, çitdən, hər iki tərəfi açıq, ensiz örtük şəklində tikilirdi. Onu başa lent şəklində bağlayardılar. Çutqu bağlamaq ev və çöl işləri görmək üçün daha rahat sayılardı. Çutqu həm də gigiyenik cəhətdən əhəmiyyətli idi. Üstündən yaylıq və ya ipək, pambıq örtüklər örtərdülər. Azərbaycanda çutqu əsasən ötən əsrin 40-ci illərinədək yaşadılıb.


Milli kişi geyimləri: əzəmət, qürur və ciddilik rəmzi


Kişilərin milli geyimlərinə gəlincə, onu deyə bilərik ki, zaman-zaman dəyişilən üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət olub. Arxalıq ipək, atlas, kişmir, mahud, sətin parçalardan, qaba isə çiyinüstü üst geyim olmaqla, tirmədən tikilərdi.

Türban əmmamə (çalma növü) deməkdir. Ölkəmizdə ağ türban geniş yayılmışdı. Ali ruhani təbəqəsi əsasən yaşıl əmmamə geyinirdi. XIX əsrin sonu, iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud olub. Azərbaycanlılar, xüsusən kəndlilər arasında ən çox yayılmış ayaqqabı növü olan çarıqlar qaramalın dərisindən, ya da daha mükəmməl üsulla emal olunmuş dəridən - aşılanmış göndən tikilərdi.

Sonuncular daha bahalı idi və onları varlı kəndlilər, xam dəridən hazırlananları isə kasıblar geyinərdi. Çarıqları yun corabların və ya pambıq parçadan dolamaların (patava, dolaq) üzərindən geyinərdilər. Təkburun, şirazı, qızqaytaran, şatırı, quşburun, şirvani, kalmani, şirmai və s. çarıq növləri olub. Çarıqlar iki növ bağla bağlanırdı: hörmə yun (toxunma bağ), ya da əyrilmiş (eşmə) bağla.

Digər ayaqqabı növü yüngül çust idi ki, onları çox vaxt qara tumacdan tikərdilər. Hər iki cinsin nümayəndələri üçün, xüsusən şəhərlərdə ən çox yayılmış ayaqqabı növü dabanlı (pollu başmaq, məxməri başmaq), arxa hissəsi olmayan, dikburun dəri başmaqlar idi. Onları tikdirmək üçün şəhərlərdə çəkməçilərə sifariş verirdilər. İrandan gətirilən tumac, məxmər və ya dəridən tikilmiş başmaqları həm kişi (mərdanə başmaq), həm də qadın (zənanə başmaq) geyirdi.

Bakı və Abşeronda kişilər, əsasən, dabansız yüngül yay çustlarından istifadə edirdilər. Dübəndi adlanan bu ayaqqabılar meşindən tikilirdi. Onlar iki iplə bağlanır və gündəlik ayaqqabı hesab olunurdu. XX əsrin əvvəllərində yerli ayaqqabı Avropadan gələn növlərlə sıxışdırıldığından çəkməçilərin sayı da kəskin surətdə azaldı. Xrom çəkmələri son illərə qədər həm hərbçilərin, həm də aşıqların ayaqlarında görmək mümkün idi. İkinci Dünya müharibəsi dövründə o, daha çox dəbdə olub.


Naxışlı yun və pambıq corablar


Azərbaycanda elə bölgə yox idi ki, orada əllə toxunan corab geyinməsinlər. Corabları qadınlar toxuyurdu. Xammal kimi həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər. Dağlıq ərazilərdə uzunboğaz, mülayim iqlimi olan yerlərdə isə qısaboğaz corablar toxunurdu. Corablar həm adi, həm də təntənəli günlər üçün nəzərdə tutulurdu. Bəzəkli corablar satışa çıxarılardı, onları kənd təsərrüfatı məhsullarına da dəyişirdilər. Həmin corablar bu gün ya paytaxt Bakının İçərişəhərində, sərgi-satışlarda, ya da ayrı-ayrı ailələrdə yaşlı nəslin ayaqlarında görmək mümkündür.

Qarabağda xalça ornamenti ilə toxunan "gəbə corabı”, adətən, gəlinin cehizində olardı ki, onların gözəlliyinə xüsusi diqqət yetirirdilər. Ən yaxşı corab nümunələri nəsildən-nəslə keçirdi. Kişi corablarından fərqli olaraq qadınların geyindikləri, adətən, parlaq, gözəl və mürəkkəb rəsmlər, dolğun rəng ahəngi ilə zəngin idi. Əksər hallarda kişi corabları sadə naxışlı, ağ, qara və s. olurdu. Corabların regionlar üzrə müxtəlif növləri mövcud olsa da, toxunma üsulları bir-birindən seçilmir, yalnız naxışlarla fərqlənirdi.

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş maddi və mənəvi mədəniyyət nümunələrindəndir. Milli geyimlər bir çox muzeylərdə qorunub saxlansa da, onların restavrasiyası və tikilməsi ilə məşğul olan sənətkarlar, demək olar ki, barmaqla sayılacaq qədər azdır. 2009-cu ildən bu işlə məşğul olan Bakı Milli Geyim Evi ölkəmizdə bəlkə də yeganə ünvandır ki, burada hər yaş üçün milli geyimlər tapmaq mümkündür. Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin bildirdiyinə görə, onlar bu işə 20 geyimlə başlayıb. Bu gün isə buradan hamı geyinə bilər.

Kollektiv Novruz bayramında milli geyim sərgisi keçirib. Dənizkənarı Milli Parkda 70 geyim sərgiləyib. Azərbaycan Dövlət Rəqs Ansamblı milli geyimlərin nümayişində yaxından iştirak edir.


Hər ilin mart ayında milli geyimlərimiz nümayiş etdirilir


Bu, artıq bir ənənəyə çevrilib. Maraqlısı odur ki, ayın tarixinə uyğun olaraq, 15 nəfər gənc milli musiqi sədaları altında geyimləri təqdim edir. Dünyanın bir çox ölkələrində - qardaş Türkiyədə, eləcə də Amerika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Avropa, Rusiya və s. dövlətlərdə sərgilənən milli geyimlərimiz insanları heyran qoyur.

Hər bölgənin özünün geyimi olduğu kimi, fərqli kəsimi, bəzəyi də var. Məsələn, Qarabağ paltarlarının üst və alt parçası eyni olur. Bakıda tamamilə başqa cürdür. Qarabağ yaxalıqları oyma yaxa, qönçə yaxa, buta yaxa çox gözəldir. Bunları gənclər geyinir. Bəzən köhnə kəsimləri saxlamaqla geyimlərə də yenilik gətirilir. Ən əsası odur ki, Bakı Milli Geyim Evində çalışanlar gənclərdən ibarətdir.

Könül Vəlibəyova fərəhlə bildirdi ki, bu gün keçmişə, etnogeyimlərə bir qayıdış var: "Buna görə də biz milli geyimləri yaşatmaqla bərabər, naxışları da gündəlik geyimlərimizə köçürə bilərik. "Gözəllik ondursa, doqquzu dondur”. Bu fikir əsrlərin sınağından çıxıb. Bəli, milli geyimi daşımaq üçün gözəllik, qamət, şuxluq da lazımdır.

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM