11 Iyul 2019 01:27
1582
SİYASƏT
A- A+

Davamlı modernləşməyə və sosial rifaha xidmət edən islahatların müəllifi


Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikasının Baş Naziri


Dünyada elə bir xalq tapmaq çətindir ki, hansısa taleyüklü və mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə seçilmiş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Belə dahi şəxsiyyətlər yüksək mənəvi dünyaları ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə sidq-ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı da Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən üstün keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanmışdır. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana müqayisəyəgəlməz dərəcədə böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olmuşdur. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər eyni missiyanın sadəcə biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.


Gələcək müstəqilliyə etibarlı zəmin


İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin sovet Azərbaycanına rəhbərliyi mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olmuşdur. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılığın keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını büsbütün müasirləşdirmişdir.

Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik məziyyətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ruhun hədsiz yüksəlişinin təmin edilməsində misilsiz rol oynamışdır. Onun keçmiş sovet idarəçilik sisteminin forma və məzmununu, bütün incəliyini dəqiqliklə bilməsi bu prosesdə maneə yaradıcı amilləri uğurla neytrallaşdırmasına, eyni zamanda öz ideyalarını reallaşdırmaq istiqamətində mərkəzdən lazımi dəstək almasına imkan vermişdir. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin digər önəmli xüsusiyyətləri Azərbaycanın bütün əsas sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, Azərbaycanın iqtisadi muxtariyyətinin təmin edilməsi, sənaye potensialının güclənməsi, təhsil sferasında yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atmışdır.

Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamıza ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar - 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı demişdir: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Həmin illərdə məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. Bu nöqteyi-nəzərdən dahi öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Ulu Öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır.


Milli inkişaf modelinin müəllifi


Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim uzaq hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olmuşdur. Məhz ötən əsrin 70-80-ci illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir.

Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümummilli Liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.

Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır.

İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşməsi, ələlxüsus da müstəqillik amilinin praktik şəkildə bərqərar olması baxımından ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün bazisin formalaşmasını vacib saymışdır. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılmış, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilmiş, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılmış, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik aktları qəbul edilmiş, respublikanın dünya təsərrüfat sisteminə inteqrasiyası sürətlənmişdir.


İslahatlarda müasirləşmə və novatorluq


Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Bunun ən bariz göstəricilərindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı - siyasi varis yetişdirməsindədir.

XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf magistralına çıxarmış müdrik xalqımız taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq ötən 15 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.

2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə götürmüş cənab İlham Əliyev ona göstərilən etimadı fəaliyyəti ilə hər zaman doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır. Təkcə onu demək kifayətdir ki, respublikamız son prezident seçkilərindən sonra daha da güclənmiş, zənginləşmiş, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atmış, insan amili həyata keçirilən siyasətin ana axarında yer almışdır.

Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.

Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 15 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir. Dövlət başçısı cənab

İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənmişdir. Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuş, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırmışdır. Eyni zamanda 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən olmuşdur.

Səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zamanda həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır. Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti cənab

İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir. Dövlət başçısı ötən 15 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirərək, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar konkret dövrdə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, qazanılmış uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında obyektiv müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

İdarəçiliyin asanlaşdırılması və bu zaman vətəndaş məmnunluğunun təmin edilməsi də strateji xətt olaraq diqqət mərkəzindədir. Prezident 2018-ci ilin avqust ayında əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlərin göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyini (DOST) yaratmışdır. Ümumilikdə, "ASAN xidmət”, "ASAN kommunal” və "DOST” kimi modern xidmət mərkəzlərinin yaradılması Azərbaycanda müasir idarəetmə sisteminin mahiyyətini, fəlsəfəsini açır.


Regionların inkişafında tarazlıq təmin edilir


2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və 2014-cü il 27 fevral tarixli "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan vermişdir.

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bölgələrin inkişafı üçün dördüncü dövlət proqramının da hazırlandığını diqqətə çatdırmışdır. Ötən illərdə görülən tədbirlərə rəğmən əlavə dəyərin formalaşdırılmasında özünü göstərən fərq sayca dördüncü dövlət proqramının qəbulunu da zəruri etmişdir. Azərbaycan Prezidentinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qarşıdakı illərdə bölgələrin inkişafına yeni təkan olacaqdır.

Statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 46,7 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.

Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasındakı fərq getdikcə azalır. Dövlət proqramları nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin etmişdir. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin regional siyasətinin uğurlarının əyani təcəssümüdür.

Son 15 ildə ölkə Prezidentinin sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb etmişdir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.

Cənab İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab Prezident uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm, habelə Apelyasiya şuralarının, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması iqtisadi islahatların səmərəliliyini yüksəltmişdir. Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Bu baxımdan 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”, 20 aprel 2016-cı il tarixli "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli "Azərbaycan Respublikasında "Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” və digər sənədlər ölkədə sahibkarlığın inkişafına ciddi təkan vermiş, ölkəmizin qlobal böhran meyillərinə çevik müqavimətini təmin etmişdir.


İnsan amili daim prioritetdir


Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. İclasda səslənən statistik rəqəmlər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların səmərəliliyini və insan amilinin yüksəlişinə xidmət etdiyini bir daha təsdiqləyir. Hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xəttilə 200 milyon manatdan artıq əlavə vəsait toplanmış, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə - 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəriciləri kimi qeyd olunmalıdır.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 8 ildir ki, MDB ölkələri arasında birincidir. Forumun "İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan "orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 15 ildə yürütdüyü sosialyönümlü siyasətin məqsədi təkcə sosial bərabərsizliyi aradan götürmək olmayıb, həm də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Dövlət başçısı tərəfindən son 10 ildə imzalanmış sərəncamlar sosial təminat və yoxsulluğun səviyyəsinin aşağı salınması baxımından mühüm əhəmiyyətə malikdir. Buna misal olaraq "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli fərmanı xatırlatmaq mümkündür. Fərmana əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə vətəndaşların 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 aprel tarixli fərmanı ilə əhalinin "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat borcunun dövlət büdcəsi hesabına silinməsi də dövlətin sosialyönümlü siyasətinin növbəti təcəssümü olmuşdur. 2012-ci ilin iyun ayının 1-dən vətəndaşların SSRİ dövründən əmanət bankında qalmış əmanətlərinin indeksasiya olunaraq qaytarılması da respublikamızın sosialyönümlü iqtisadi siyasətinin mahiyyətindən irəli gəlmişdir.

Bu və digər faktlar göstərir ki, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanması, xüsusən də bu ilin əvvəlindən başlayaraq əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın "sosial dövlət” konsepsiyasına sadiqliyinin bariz göstəricisidir.

Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılmasını təmin etmişdir. Təkcə onu demək lazımdır ki, bu prosesin əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilmiş, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. Daha sonra, İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi sosial islahatların mühüm tərkib hissəsidir.

Qısaca demək kifayətdir ki, son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilmiş, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılmış, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılmış, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər çərçivəsində kompensasiya edilmiş, yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödənilmiş, mavi yanacağa görə nəzərdə tutulmuş limit artırılmışdır. Bu və digər sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanır.

İslahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Son illərdə həyata keçirilən kadr islahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə, dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Dövlət başçısının 2019-cu il 14 yanvar tarixli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı idarəetmə sistemində çevikliyin və səmərəliliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın tətbiqini aktuallaşdırdığından dövlət başçısı hökumətin bu çağırışlara hazır olmasını da son dərəcə vacib sayır. 2017-ci il 21 fevral tarixdə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu prosesin sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını inamla doğruldur.

2018-ci ilin 11 aprel seçkilərinin nəticəsi olaraq Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasətinin davamlılığının təmini, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur.

Cəmiyyətdə mütləq çoxluğun alternativsiz milli lider olaraq qəbul etdiyi cənab İlham Əliyev Azərbaycanın perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək, ölkəmizi yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video