10 Iyul 2019 23:08
581
CƏMİYYƏT
A- A+

Daxili İşlər naziri Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb


İyulun 10-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ATƏT-in media və KİV azadlığı üzrə nümayəndəsi kimi əvvəllər ölkəmizə səfərləri zamanı xanım D.Miyatoviç ilə keçirilən görüşlərdə insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi barədə aparılmış müzakirələrin çox faydalı olduğunu xatırladıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu ən mühüm vəzifələrdən birinin insan haqlarının qorunması olduğunu vurğulayan general-polkovnik V.Eyvazov bu istiqamətdə DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını, vətəndaşlarla kobud rəftarın və polisin nüfuzuna xələl gətirən digər neqativ halların qarşısının alınması sahəsində də davamlı iş aparıldığını nəzərə çatdırıb.

Peşəkarlığın, dünyagörüşün artırılması, beynəlxalq təcrübənin tətbiqi yönündə görülən işlərin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini qeyd edən nazir bildirib ki, daxili işlər orqanlarının əməkdaşları müxtəlif ölkələrə, o cümlədən ABŞ-a və Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Təkcə son beş ildə insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə DİN-in 3 minə yaxın əməkdaşı iştirak edib.

Diqqətə çatdırılıb ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə əhaliyə 28 istiqamət üzrə elektron xidmət göstərilir.

General-polkovnik V.Eyvazov bildirib ki, nazirliyin 102-Zəng Mərkəzi Sisteminin və "Təhlükəsiz Şəhər” Xidmətinin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulub. DİN-də yaradılmış digər qaynar xətlər (902 və 1002), ayrı-ayrı struktur qurumların elektron poçt ünvanları, sahibkarların hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxan Apellyasiya Şurası daxil olan müraciətlərin operativ həllinə, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görülməsinə xidmət edir.

Avropa Şurası komissarının diqqətinə çatdırılıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyəti idarəsi tərəfindən operativ, obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunaraq müvafiq tədbirlər görülür. Təkcə son beş ildə və cari ilin birinci yarısında vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 2040 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Tutulmuş və ya həbs olunmuş şəxslərə işgəncə vermə və ya onlarla qeyri-insani rəftar halları qeydə alınmayıb. Bu müddətdə beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən ərazi polis orqanlarının Müvəqqəti Saxlama Yerlərində (MSY) 1318 monitorinq keçirilib. Onların hamısında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, MSY-lər müasir videomüşahidə nəzarət kameraları ilə təchiz edilib.

Xanım Dunya Miyatoviç görüşə və ətraflı məlumata görə təşəkkür edib, DİN ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu xatırladıb. O, Avropa Şurasının təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video