Alternative content

19:57 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaqub Mahmudov: Ümummilli lider Heydər Əliyev bütün ömrünü doğma xalqına həsr etdi
Yaqub Mahmudov: Ümummilli lider Heydər Əliyev bütün ömrünü doğma xalqına həsr etdi
ANA SƏHİFƏ / Elm və texnika
16:51 10.07.2019

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

Bu fikriAZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ XX əsrin 40-cı illərindən başlamışdı. Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək SSRİ-nin ölkəmizdə əsas dayağı olan Azərbaycan SSR Nazirlər Soveti nəzdindəki Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək ucaldı. Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin "qurucuları” cildinə girərək qırdılar. Onlar Dövlət Təhlükəsizlik Komitəsində və Xalq Daxili İşlər Komissarlığında əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri” uydurma "cinayət işləri” qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri, Salman Mümtazları, Əhməd Cavadları - Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin DTK-nı azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil! Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını DTK-ya işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.

1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının önündə gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. O, eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Mərkəzdən Azərbaycanın inkişafı üçün ayrılan büdcə vəsaiti artırıldı. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. İri sənaye müəssisələri işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır.

Heydər Əliyev bugünkü müstəqil Azərbaycanın milli ordusunun bünövrəsini hələ o zaman qoymağa başlamışdı. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Yaxşı yadımdadır. 70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə dəvət olunmuşduq. Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi və ona dərhal sual verdi - tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi. İş elə gətirdi ki, sonrakı il ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə mən yenə iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi.

Azərbaycanın gələcək inkişafına hesablanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI əsrin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

Sovet dönəmində böyük ədib Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Heydər Əliyev bu addımı ilə hələ Sovet imperiyasının mövcud olduğu dövrdə sübut etdi ki, bu imperiya xalqımıza qarşı çox ağır cinayətlər törədib.

Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya "irəli çəkilib” müəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da "millətçi” damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən - xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!

Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn il – 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyi tamam olurdu. Yubiley mərasimində, doğrusunu deyim, gözləmədiyimiz halda, respublikanın başçısı ana dilində çıxış etdi. Onda ziyalılarımız başa düşdü ki, respublika rəhbəri Azərbaycanın dirçəlişi yolunu tutub və bu istiqamətdə inkişafa doğru addımlayır.

Heydər Əliyevin 60-cı illərin sonu - 70-ci illərdə xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin canlı şahidiyəm. O zaman mən ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim. Böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və ensiklopediya ətrafında toplanmış qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Bütün bunlara məhəl qoymayaraq Heydər Əliyev 1971-ci ilin martında mənə ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz, məhz onun dəstəyi sayəsində, ilk dəfə olaraq, Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə "millətçi”, "burjua məfkurəçiləri”, "Sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdılar. "Sapı özümüzdən olan baltalar” xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu – o zaman "Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular. Lakin onlar məqsədlərinə çata bilmədilər. Məhz Heydər Əliyevin sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən də mən, nəinki DTK-nın təqiblərinə düçar olmadıq, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara bildik!

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.

AMEA-nın Tarix İnstitutunda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir. İnstitutda bu məqsədlə geniş tədqiqat işləri aparılır, dissertasiyalar yazılır. Elmi müəssisədə Heydər Əliyev irsini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. İnstitutda ilk dəfə olaraq ikicildlik "Heydər Əliyev” fundamental araşdırması (2013), "Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu (2013) və beş kitabdan ibarət "Azərbaycan Respublikasının tarixi” ikicildliyi (2016) nəşr olunub. Aparılan geniş tədqiqat işləri nəticəsində xalqımız öz tarixinə sahib çıxıb.

Dünya tarixinin dahi siyasətçisi Heydər Əliyevin Vətənin, doğma xalqın işıqlı gələcəyi naminə hələ ötən əsrin 40-cı illərindən başladığı şərəfli mübarizə yolunu bu gün Prezident İlham Əliyev uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycan Respublikasının davamlı yüksəlişini təmin edir, ölkəmizi dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM