10 Iyul 2019 00:45
1794
PARLAMENT
A- A+

Qanunvericilik bazası daha da təkmilləşdirilir


İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdə 35 məsələnin olduğunu bildirdi. İlk olaraq "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” və "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda müzakirə edildi. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, təklif olunan dəyişikliklər Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliklə əlaqədardır. Qanun layihəsi qəbul edildi.

Komitə sədri "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini də üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Bildirildi ki, bu qanunlara təklif edilən dəyişikliklər Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişiklikdən irəli gəlir. Qanun layihəsi təsdiq olundu.

"Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”ya I və II Düzəlişlərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi haqqında Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verərək düzəlişlərin mahiyyətini diqqətə çatdırdı. Qanun layihəsi qəbul edildi.

Deputatlar bir zərfə daxil olmuş "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə, Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələrini də üçüncü oxunuşda müzakirə etdilər. Komitə sədri Əli Hüseynli qeyd etdi ki, nəzərdə tutulan dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel tarixli fərmanın icrası ilə əlaqədardır. Qanun layihələri qəbul edildi.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda qəbul edildi. Dəyişiklik maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi daşıyır. Qanun layihəsi qəbul olundu.

Daha sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirə edildi. Qanun layihəsi "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Qanun layihəsi təsdiq olundu.

İclasda bir zərfdə daxil olmuş 4 məsələ - Cinayət-Prosessual, Cinayət və Mülki məcəllələrdə, həmçinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də üçüncü oxunuşda müzakirə edildi. Dəyişikliklər cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar uyğunlaşdırma və təkmilləşdirmə məqsədi daşıyırdı. Qanun layihəsi qəbul olundu.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin məlumatından sonra "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etdi. Qeyd olundu ki, qanun layihəsi xidməti səfərlərin təşkili ilə bağlı prosedurların asanlaşdırılması və bu məqsədlə xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumunun ləğvini nəzərdə tutur. Qanun layihəsi qəbul edildi.

Ziyad Səmədzadə həmçinin "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi barədə məlumat verdi. Dəyişiklik satınalma prosedurlarında iştirak edənlərin vergi öhdəlikləri ilə bağlı tələbləri daha da sərtləşdirir. Qanun layihəsi təsdiq olundu.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri ikinci oxunuşda müzakirə edildi.

2019-cu ilin dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan transfertin 150 milyon manat azaldılaraq, həmin vəsaitin xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi, sosial paket çərçivəsində DSMF-in gəlirlərinin 350 milyon manat, xərclərinin isə 200 milyon manat artması nəticəsində qanunda müvafiq düzəlişlər edilərək, gəlirlərin xərclərdən artıq olan hissəsi (150 milyon manat) həcmində dövlət büdcəsindən transfertin azaldılması, DSMF-in xərclərinin 200 milyon manat, işsizlikdən sığorta fondunun xərclərinin isə 15 milyon manat artması səbəbindən icmal büdcə xərclərinin yuxarı həddinin 215 milyon manat artırılmasıdır.

Qanun layihələri ikinci oxunuşda qəbul olundu.

Daha sonra "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” digər qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Dəyişikliklərin məqsədi hakimlərin sosial müdafiəsinin yüksəldilməsidir. Qanun layihəsi qəbul edildi.

Deputatlar Vergi Məcəlləsində və "Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini də ikinci oxunuşda qəbul etdilər.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verdi. Nəzərdə tutulan dəyişiklik əmək pensiyalarının minimum məbləğinin 1 oktyabr 2019-cu il tarixdən artırılaraq 160 manatdan 200 manata çatdırılması məqsədi daşıyır.

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi də ikinci oxunuşda təsdiqləndi. Dəyişikliyə əsasən fondun ötənilki büdcəsindən qalan 15 milyon vəsait özünüməşğulluq tədbirlərinin təşkilinin maliyyələşdirilməsi üzrə xərclərin artırılması məqsədinə yönəldiləcək.

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən məcəlləyə 146.4-cü maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən Dövlət Mənzil Fondunun bu məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Qanun layihəsi ikinci oxunuşda təsdiq olundu.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində nəzərdə tutulan dəyişikliklər sarı kəsişmə toru və daimi sağadönmə nişanı ilə əlaqədardır. Bütün bunlar qanunun daha da təkmilləşdirilməsinə xidmət edir. Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verdi. Bildirdi ki, Vergi Məcəlləsinin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad edilməsini nəzərdə tutur. Eləcə də məcəllədə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ƏDV-dən azad edilmişdir. Bu qanun layihəsinə əsasən isə ƏDV-dən azadolma qeyd olunan qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Bütün bunlar son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək. Qanun layihəsi təsdiq olundu.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Milli Məclisə bir zərfdə təqdim olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və "Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Arıçılıq haqqında”, "Reklam haqqında” və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri ilə bağlı məlumat verdi. Qeyd olundu ki, qanun layihələri "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihələri ikinci oxunuşda təsdiq olundu.

İclasda həmçinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Gənclər siyasəti haqqında”, "Əmək pensiyaları haqqında”, "Təhsil haqqında”, "Daşınar əmlakın yüklülüyü haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə ikinci oxunuşda müsbət münasibət bildirildi. Dəyişikliklər "Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Müzakirə olunan qanun layihələrindən biri də "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) oldu. Təklif olunan dəyişikliklər publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını təkmilləşdirmək məqsədi daşıyır. Qanun layihəsi təsdiq olundu.

"Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdıran Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov dəyişikliklərin məqsədi barədə məlumat verdi. Qanun layihəsinin məqsədi təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsidir. Qanun layihəsi təsdiq edildi.

"Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə (ikinci oxunuş) də müsbət münasibət bildirildi. Qanun layihəsi avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının keyfiyyətinin yüksəldilməsi, bu sahədə fəaliyyəti həyata keçirən operatorun, onun məsul şəxsinin məsuliyyətinin artırılması məqsədi ilə hazırlanmışdır.

Milli Məclisin dünənki iclasında son olaraq "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Qanun layihəsi "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının icrası məqsədilə hazırlanıb. Həmin fərmana əsasən Ədliyyə Nazirliyinə birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflər hazırlamaq tapşırılmışdır. Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi ayrılmış vəsaitlərin daha məqsədli və təyinatlı xərclənməsinə, hakimlərin işinin daha səmərəli təşkilinə xidmət edəcək. Qanun layihəsi təsdiq olundu.

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video