10 Iyul 2019 00:32
1185
SİYASƏT
A- A+

50 illik şərəf, quruculuq və yüksəliş salnaməsi


İyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50-ci ili tamam olur. Məhz həmin tarixdən respublikamızda başlanan yeni inkişaf kursu və idarəetmə sonrakı bütün mərhələlərdə Azərbaycanın iqtisadi, sosial və mədəni yüksəlişinə, müstəqilliyimizin təmin olunmasına, xalqımızın dövlətçilik ənənələrinin yaşamasına xidmət etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər bir dövründə ölkəmizi və xalqımızı layiqincə qorudu, ucaltdı, ona etibarlı gələcək bəxş etdi.

Milli Məclisin deputatlarının qəzetimizə açıqlamaları da bu barədədir.


Heydər Əliyev siyasətinin təntənəsi


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:

- Hər bir xalqı dünya miqyasında tanıtdıran həm də onun fenomen şəxsiyyətləridir. Belə şəxsiyyətlərin müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasını təmin edir. Bu ideyalar dərin məzmunu ilə cəmiyyətdə monolitliyin aparıcı amili rolunu oynayır. Ulu Öndər Heydər Əliyev də belə fenomen lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, siyasi prosesləri yönəltmək məharətilə, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı ilə xalqın dərin etimadını qazanmışdır.

Ümummilli Liderin inkişaf strategiyasının tarixi 1969-cu ildən - respublikaya rəhbər seçilməsindən başlayır. 1969-cu il iyulun 14-ü Azərbaycan tarixinin və həm də həyatımızın olduqca mühüm hadisəsi kimi yaddaşımızda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub. Ulu Öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı. O vaxt sovet rejiminin sərt qanunlarına baxmayaraq qısa zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə, o dövrlərdə hətta ittifaq rəhbərliyinin cəsarət etmədiyi addımlar atılırdı. Respublikada korrupsiya, rüşvətxorluq hallarına qarşı başlanmış mübarizə, bu istiqamətdə atılan addımlar və qarşıda duran vəzifələr öz əksini tapırdı.

Tariximizin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən Ulu Öndər Heydər Əliyev sonrakı dövrdə xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaltdı. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Xalq ona inanırdı, bilirdi ki, respublikamızı 1990-cı illərin əvvəlində baş verən təlatümlü burulğandan yalnız Heydər Əliyev çıxara bilər. Elə buna görə də xalqın etimadını doğrultmaq istəyindən ruhlanan Heydər Əliyev belə çətin məqamda məsuliyyəti öz üzərinə götürüb ölkəmizin müstəqilliyini qorudu, onu parçalayıb məhv olmaqdan xilas etdi. Həmin ağır günlərdə Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri də xalqın böyük etimad göstərdiyi və sonsuz ümid bəslədiyi Heydər Əliyevin haqq işinin müdafiəsinə qalxdılar.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda milli birlik və həmrəyliyin təmini, həmvətənlərimizin vahid məqsədlər ətrafında birləşdirilməsi və dövlət quruculuğu sahəsində əməli tədbirlər həyata keçirdi. Böyük strateq özünəməxsus uzaqgörənlik və müdrikliklə respublikamızı dərin sosial-iqtisadi və siyasi böhrandan çıxardı. Ulu Öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu. İctimai-siyasi sabitlik amili indi də bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış edir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimaiyyət tərəfindən tam şəkildə mənimsənilir.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan çox qısa müddətdə bir sıra Qərb dövlətlərinin onilliklər ərzində əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ümummilli Liderin qayğısını daim öz üzərində hiss edib. O, həmkarlar ittifaqı fəalları ilə müntəzəm görüşlər keçirmiş, onun ən mühüm tədbirlərinə təbrik məktubları göndərmişdir. Bütün bunlar Konfederasiyanın güclənməsinə, cəmiyyətdə nüfuzunun artmasına xidmət etmişdir. Azərbaycan həmkarlar ittifaqları Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında Ümummilli Liderin Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürmüşdür.

Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ötən 16 il ərzindəki fəaliyyəti verdiyi bütün vədlərin əməli işə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir.

2003-cü ildən ölkəyə inamla rəhbərlik edərək onu davamlı tərəqqi və yüksəliş yoluna çıxaran möhtərəm Prezident İlham Əliyevin bu və digər uğurlarının səbəbi heç də təkcə öz fəaliyyətini Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin müasir düşüncəli siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olması, modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirməsidir. Cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

Həmkarlar ittifaqının növbəti inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. O, həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu dəfələrlə qeyd etmişdir. Sosial məsələlərdən söz düşmüşkən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursun əsas prioritetlərindən biri məhz vətəndaşların rifahının ardıcıl şəkildə gücləndirilməsidir. Bu ilin birinci yarısında iki sosial paketin imzalanması, minimum əməkhaqqının məbləğinin iki dəfə artırılması, bütövlükdə 5 milyon vətəndaşın sosial rifahının yüksəldilməsi bunu təsdiq edir.

Bütövlükdə, Azərbaycan dövlətinin İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün qazandığı bütün uğurlar həm də Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasət daim yaşayacaq, Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqımızın rifahına xidmət edəcək.


Əbədiyaşar öndər


Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı:

- Yaxşı xatirimdədir, Mərkəzi Komitənin 50 il əvvəl - 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ölkədə böyük ruh yüksəkliyi yaratmışdı. Yeni rəhbərdən gözləntilər çox idi. Çünki zəngin sərvətlərinə, iqtisadi və aqrar potenisalına baxmayaraq Azərbaycan ittifaq miqyasında geri qalmışdı. Hətta yalnız dotasiya ilə yaşayan ölkələr də bizdən qabağa getmişdilər.

Çox keçmədən insanlar öz inamlarında yanılmadıqlarını gördülər. Bəli, Heydər Əliyev yeni ideyalar, yeni təşəbbüslərlə, quruculuq və inkişaf əzmi ilə bu ali vəzifəni icra edirdi. Azərbaycanda tamamilə yeni idarəçilik dövrü başlamışdı. Hansı ki, bu dövr bütün rəhbər şəxslərdən, bütün dövlət orqanlarından əməli iş tələb edirdi.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə yeni epoxanın, inkişaf mərhələsinin və ən əsası Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil oldu. Baş verən qlobal dəyişikliklərin miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illərin tədqiqi müasir tariximizin daha dərindən öyrənilməsi baxımından da böyük önəm kəsb edir.

Ümumiyyətlə, Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub. Üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən Ulu Öndər də hər zaman ona bəslənilən ümidləri layiqincə doğruldub. Təsadüfi deyil ki, sovet illərində olduğu kimi, müstəqillik dövründə də məhz Heydər Əliyevin sayəsində Azərbaycan bütün təbəddülatlardan xilas olmağı bacardı. Bu mənada ötən ay 26-cı ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü müasir tariximizə Heydər Əliyev epoxasının əlamətdar hadisələrindən biri kimi düşdü. Əgər Ulu Öndər 1993-cü ildə xalqın təkidli çağırışlarını qəbul etməsəydi, yəqin ki, indi nə müstəqil dövlətimiz vardı, nə də rahat yaşayışımız. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan dövlətçiliyini qurdu, yaşatdı. Ulu Öndər ağır döyüşlərin getdiyi cəbhə bölgələrinə, səngərlərə baş çəkirdi, hərbçilərin problemləri ilə tanış olurdu, respublikamızın bütün regionlarına, eləcə də xarici ölkələrə səfərlər edirdi, islahatlar aparırdı, yorulmadan çalışırdı. Bu tükənməz enerji, dərin siyasi təcrübə sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu.

Biz bu gün Azərbaycanın qürurverici yüksəlişindən söz açanda uğurlarımıza yol açan strategiyanın müəllifi Ulu Öndər Heydər Əliyevi ehtiramla anırıq. Xalqımız əldə etdiyi bütün möhtəşəm nailiyyətlərinə görə məhz Ümummilli Liderə minnətdardır. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, Vətəninin, xalqının yolunda həyatını qurban verməyə belə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq tarixdir. Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 50-ci ildönümündə biz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə nəzər salır və bir daha görürük ki, tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılması, dövlət müstəqilliyimizin təmin olunması və yüksəlişi mərhələsidir.

Uğurla reallaşdırılan Heydər Əliyev strategiyasının nəticəsi olaraq ötən 16 ildə Azərbaycan dövləti müstəqilliyin daha da möhkəmləndirilməsi, ölkədə davamlı inkişafın təmin edilməsi və əldə edilən uğurlar nəticəsində beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev bütün sahələrdə ölkəmizin inkişafına nail olmaqla Ulu Öndərin arzularını reallığa çevirmişdir. Ötən 16 ilin statistikasına nəzər salsaq, qürur doğuran nailiyyətlərin qazanıldığını görərik. Ən mühüm uğurlarımızın sırasında Azərbaycanda ümumi daxili məhsul istehsalının 3,3 dəfə artımını xüsusi qeyd etməliyik. Və elə ÜDM-nin tərkib hissəsi olan sənaye potensialı 2,6 dəfə çoxaldı ki, bu da ölkənin keçdiyi inkişaf yolunun mühüm göstəricisidir. Valyuta ehtiyatlarımızın bu dövrdə 50 milyard dollara yaxınlaşması, iqtisadiyyata 260 milyard dollar sərmayənin yatırılması inkişaf yolunun ayrı-ayrı səhifələridir. Bu, ümumiyyətlə, analoqu olmayan yüksəliş nümunəsidir. Bu qısa dövrdə Azərbaycan bir neçə onilliyə bərabər inkişaf yolu keçib.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən dönmədən həyata keçirilən siyasi xəttin tam düzgünlüyü dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadi tərəqqisi və dünya birliyində öz layiqli yerini tutması ilə real təsdiqini tapmışdır. Ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.

Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev kursunun davam etdirilməsindən, Ulu Öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Çünki alternativi olmayan Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır. Prezident İlham Əliyev Heydər Əliyev yolunun ən layiqli davamçısı kimi bu siyasəti layiqincə yaşadır, əzmkarlığı və qətiyyəti ilə uğur qazanmasını təmin edir.

Möhtərəm İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, çoxşaxəli və novator fəaliyyəti, qətiyyəti və əzmkarlığı nəticəsində əldə edilən uğurlar Ümummilli Liderin ideyalarına sadiqliyin ən parlaq nümunələridir. Bütün bunlar hər birimizin qəlbindəki iftixar və vətənimizin daha gözəl gələcəyinə möhkəm inam hisslərini yüksəldir.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video