Alternative content

23:37 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşazadələrin Cavanşiri
Paşazadələrin Cavanşiri
ANA SƏHİFƏ / Mədəniyyət
02:49 09.07.2019


...Yazda, havalar isinəndə, Günəş torpağı qızdırmağa başlayanda məktəbə getməyi daha çox sevirdi. Evdən həmişəkindən tez çıxırdı ki, çox sevdiyi o "tamaşanı” rahat izləyə bilsin, dərsə gecikmədən...

"Səhnədə” - çəltik sahəsində gərgin iş gedirdi. Kişilər bellə torpağı şumlayır, kəllə hamarlayırdılar. Ləklər hazırlanır, hamarlanır, tirlər düzəldilir və sahə səpinə tam hazır vəziyyətə gətirilirdi. Qadınlar isə ayaqyalın sahəyə girib, toxumu əkirdilər. Bütün bu "səhnələri” o qədər maraqla izləyirdi ki...

Amma ən çox sevdiyi "səhnə” "tamaşa”nın sonu idi. Toxumun cücərib kollandığı, çiçəklədiyi vaxt. Gömgöy, yamyaşıl olardı sahə. Dənizin ənginliklərinə bənzəyərdi. Mehin dalğalandırdığı sarı-qızılı çiçəklər isə dənizin üzərindəki ləpələri xatırladardı ona. Səhər Günəş çıxanda sahədəki çiçəklər qızıl kimi bərq vurardı. Ən möhtəşəmi isə çəltik sünbüllərinin "melodiyası” idi. Külək əsəndə sünbüllərin içindəki düyülər bir-birlərinə toxunduqca qəribə bir səs yayılardı ətrafa. Onun üçün dünyanın ən ecazkar musiqisi idi bu xışıltı...

Əvvəlki illərdə olduğu kimi, məktəbi bitirən ilin mayında da çəltik sahəsinin qarşısında dayanıb, o əsrarəngiz gözəlliyi seyr elədi. Və gözlərini yumub, mənzərəni olduğu kimi beyninə, yaddaşına hopdurdu sanki. Bəlkə də həmin an bir o qədər də fərqində deyildi. Lakin yaşa dolduqca, hər dəfə gözlərinin önündə canlandıqca anlayacaqdı ki, uşaqlıqda seyr eləməyi sevdiyi, yaşıl, sarı-qızılı rənglərlə boyanmış o mənzərə dünyanın ən gözəl, ən füsunkar rəsmi imiş onun üçün... Böyüyüb, boya-başa çatdığı kənd isə dünyanın ən müqəddəs yeri...

Bəziləri onu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı kimi tanıyır... Çoxları sadə, xeyirxah, "çörək verən” kişi kimi... Bu gün hamının tanıdığı və eyni zamanda tanımadığı Milli Məclisin deputatı, "Şöhrət” ordenli Cavanşir Paşazadənin "Ömür səhifələri”ni elə öz "əlilə” vərəqləyəcəyik.


"O pulla əynimizə paltar, ayaqqabı, oxumağa kitab alırdıq...”


1953-cü il aprelin 12-də Lənkəranın Cil kəndində dünyaya gəlib. Ailədə 9 bacı, 2 qardaş olublar. Atası Hümmət kişi kəndin savadlı, sayılıb-seçilən sakinlərindən idi. II Dünya müharibəsində 4 il vuruşub yaralanandan sonra kəndə qayıtmış, kolxoz sədri, anbar, ferma müdiri işləmişdi.

- Atam müharibə əlili idi. Tankın qəlpəsi dizinə dəymişdi, sümükləri ələ gəlmirdi. Əməliyyatını çadırda etmişdilər. 8 ay Mozdokda xəstəxanada yatmışdı. Dizdən aşağı ayağının içinə pambıq doldurmuşdular. Pambıqdan "sümük” düzəldib üzərinə dərini qoyub tikmişdilər. Ayağını tam tərpədə bilmirdi. Amma gəzirdi, çalışırdı axsamasın. Əməliyyat zamanı dizindən balaca dəlik də qoymuşdular. Hərdən ayağının içi qaşınardı. Biz də oturub qaşıyardıq. O dəlikdən pambığın ucu görünərdi. Uşaq idik, anlamırdıq, pambığın ucundan tutub dartırdıq. Atam da zarafatla deyirdi ki, "dəyməyin, hərəniz bir az çəkib çıxartsaz, ayağımın içində bir şey qalmaz ki”. Fəal, çalışqan, zəhmətkeş kişi idi atam. Kolxoz sədrliyi kurslarını bitirmişdi. Kənddə rəsmi sənədlərlə bağlı işləri o görürdü. Moskvaya teleqramlar vurur, cavab alırdı. Hətta Stalinin ad gününə dəvət olunmuşdu. Anam isə evdar qadın idi. 11 uşaq böyüdüb, qulluğunda durmaq, ev-həyət, bağ, heyvandarlıq... Valideynlərim öz zəhmətləri ilə ailəni dolandırıblar. Ailənin kiçik təsərrüfatı və böyük meyvə bağı vardı. Hər bazar yığılan meyvələr bazarda satılırdı. Sanki o meyvə bağı Allahdan bizə verilən ruzi idi. Yay tətilində uşaqlarla birgə Gəncəyə, İrəvana məhsul aparıb satırdıq. O pulla əynimizə paltar, ayaqqabı, oxumağa kitab alırdıq...


"Həyətdə ayaqyalın oynayırdıq...”


Cavanşir Paşazadə 8-ci sinfə qədər öz kəndlərindəki məktəbdə oxuyub. Son iki sinfi Separadi kənd 10 illik məktəbində başa vurub. Ən maraqlısı isə odur ki, 2 il ard-arda 1-ci sinfə gedib. Cavanşir müəllim məktəblə bağlı xatirələrini bu gün də həyatının ən şirin, saf, qayğısız anları kimi yada salır...

- Qonşuda məndən 3 yaş böyük Yasəmən adlı qız vardı. Onun əmisi oğlu Fəxrəddin isə məndən 2 yaş böyük idi. Daim bir yerdə oynayırdıq. Yasəmən 1-ci sinfə gedəndə Fəxrəddin ona qoşuldu. Mən də bir dəftər götürüb, onlarla məktəbə getdim. Beləcə, 1 il üçümüz də məktəbə gedib-gəldik. Yasəmən 2-ci sinfə keçəndə bizi keçirmədilər. Növbəti il Fəxrəddin rəsmi şəkildə 1-ci sinfə qədəm basdı. Bu dəfə də onun sinfinə ayaq döydüm. Onu 2-ci sinfə keçirib, məni keçirməyəndə ağladım. Acıq elədim, yeni dərs ilində məktəbə getmədim. Axırda müəllim gəldi məni boynunda apardı sinfə. Beləcə, özümdən 1 yaş böyük uşaqlarla 2-ci sinifdə oxudum. Bu gün cənub bölgəsindəki təhsildən, qızların məktəbə göndərilməməsindən danışırlar. O vaxt "qızlar məktəbə getməməlidir” söhbəti yox idi. Bacılarımın hamısı təhsil alıb. Allahşükür 5, mən 7 qızdan sonra dünyaya gəlmişəm. Valideynlərim heç vaxt qız- oğlan ayrı-seçkiliyi etməyib. 11 övladın hər birini eyni səviyyədə sevib, əzizləyiblər...

Ümumiyyətlə, bizim məktəb dövrümüz tamam fərqli olub. Yadımdadır, biz məktəbə gedəndə bəzilərimiz kitab-dəftərlərimizi əlimizdə, bəzilərimiz isə çantada aparardıq. "Şarikovoy” (diyircəkli) qələmlə yazmaq bizə qadağan olunmuşdu. Havalar soyuyanda sinif otağında soba qalanardı. İşıq da yanmırdı, qaranlıq otaqda dərs keçirdik. Kəndin öz müəllimi demək olar ki, yox idi. Bütün müəllimlər başqa yerlərdən gəlirdi. Dərslər də bir o qədər yaxşı keçirilmirdi. Böyük bacılarım və qardaşım dərslərimdə mənə kömək edirdi. Fizikanı çox sevirdim. Çalışırdım o fənni dərindən öyrənim. Fizika dərsində istifadə etdiyimiz cihazlarla tez-tez əlimi yandırırdım. Bəzən olurdu ki, dərsdə naqilləri səhv birləşdirdiyimiz üçün partlayışlar baş verirdi. Fizikadan əlavə, çalışırdım rus dilini də öyrənəm. Ən çox sevdiyim müəllimin adı Ziya idi. Ziya müəllim bizə fizika dərsi keçirdi. Həm də rus dilli idi deyə onun danışığı, geyimi, davranışı çox xoşuma gəlirdi...

Dərsdən sonra isə heyvan, mal dalınca gedirdik. Futbol oynayardıq. İsti dövrlərdə ayaqqabı geyinməzdik, elə ayaqyalın ora-bura qaçırdıq. Daha indiki uşaqlar kimi, günümüzü televizor, kompüter qarşısında keçirmirdik. O vaxt televizor kənddə 2-3 evdə var idi. Səbirsizliklə gözləyərdik ki, poçtalyon "Kommunist”, yaxud "Azərbaycan gəncləri” qəzetini gətirəcək, biz də ordan futbol xəbərlərini oxuyacağıq. Bütün günü kəndin çöl-bayırındaydıq. Ən çox da çəltik sahəsini seyr etməyi sevirdim. Çəltik əkiləndən yığılana kimi bütün prosesi maraqla müşahidə edirdim. Qadınlar sahəyə ayaqyalın girib, toxum əkərdilər. O vaxt həyətlər hasarlanmazdı. Bizim həyətdə içməli su quyusu vardı. Qadınlar sahədən qayıdanda orda əl-ayaqlarını yuyub, evə gedirdilər. Ya da səhər bizim quyudan su doldurub, özlərilə ehtiyat üçün aparırdılar. Çox şən və maraqlı keçib uşaqlıq illərim...


"Tələbə vaxtı vaqondan yük boşaldır, fəhləlik edirdim”


O vaxt əksər kənd uşaqları kimi, o da şəhər həyatına can atırdı. Şəhərin görməli yerlərində gəzmək, yaşamaq, oxumaq, işləmək istəyirdi. Amma hələ bilmirdi ki, vaxt gələcək, kənd həyatı onu yenidən özünə cəlb edəcək... Hələliksə tikintiyə maraq göstərən kənd uşağı idi. Bu maraq isə ona usta olan əmisindən keçmişdi.

- Əmim usta idi deyə çoxlu tikinti alətləri vardı. Alətləri əlindən yerə qoyan kimi götürürdüm. İmkan vermirdim işləsin. O da məni aldadırdı ki, bax, küçədən atlı keçdi. Mən də küçəyə çıxıb, atlıları tapmaq üçün o qədər qaçırdım ki, yorulub əldən düşürdüm. Daha onun alətlərinə əl vurmağa halım qalmırdı. O da rahat işini görürdü... Elə bu həvəslə də məktəbi bitirəndən sonra Özbəkistanda - Buxarada Politexnik Texnikumuna daxil oldum. Beləcə, yeni bir həyata qədəm qoydum. Tələbəlik, cavanlıq ömrün ən şirin dövrüdür, heç vaxt yaddan çıxmır. Ən önəmlisi isə bizim dövrümüzdə dostluqlar maddiyyatla ölçülmürdü. Hər birimiz maddi cəhətdən eyni səviyyədə idik. Pul qazanmaq üçün dərsdən sonra, yaxud həftəsonları müxtəlif işlərdə çalışırdıq. Məsələn, müəyyən pul müqabilində vaqonlardan yük boşaldırdım. Tələbələrlə yığışıb, bir iş götürüb, fəhləlik edirdik. Erkəş adlı bizdən yaşca böyük tələbə yoldaşımız vardı. Evli, 2 uşaq atası idi. Ustalığı bacarırdı. Onun rəhbərliyi altında işləyirdik, aldığı pulu da hamının arasında bölürdü. Tələbəlik dövründə valideyndən pul almaq, onların hesabına dolanmaq bizim üçün ayıb idi, bunu özümüzə sığışdırmırdıq. Hətta Özbəkistanda oxuyanda əsgərliyə getdim. Bunu 6 ay sonra ailəmə xəbər verdim ki, qoy narahat olmasınlar. Yadımdadı, bir tələbə yoldaşımız vardı. Atası Dağıstanın un kombinatının müdiri idi. Hər dəfə gəlib ona pul verirdi. "Volqa” da almışdı oğluna. Biz onun maşınına minməzdik. Yemək yeyəndə hesabı vermək istəsə, qoymazdıq ki, atasının hesabına yaşayır. Belə gənclik idi o vaxtkı gənclik. Bir neçə tələbə yataqxanada bir otaqda qalırdıq. Cəmi bir yun köynəyimiz vardı, növbəylə geyinirdik. Yuyub asmışdıq elektrik sobasının üstünə ki qurusun. Şənbə günü idi. Gəzməyə gedəndə kim geyinəcək deyə köynək üstündə mübahisə düşdü. Hərə bir tərəfə dartışdıranda köynək əlimizdən çıxıb, sobanın üzərinə düşdü və arxası yandı. Yoldaşlarımızdan biri elə də geyindi. İndi gedib oturmuşuq kafedə. Zarafatla deyirik hava istidi, çıxarın pencəkləri. Hamımız çıxardıq, o oğlandan başqa. Çıxarsaydı, köynəyinin arxadan yandığı görünərdi axı... O illərin, o günlərin hər birinin ayrı ləzzəti, şirinliyi vardı. Bir sözlə, gənclik dövrümüz çətin keçsə də, ömrümüzdə unudulmaz iz buraxıb. Amma Özbəkistanda qaldığım illər ərzində hər gün özümə demişəm ki, Cavanşir, sən bura oxumağa gəlmisən, ata-anan, qardaşın, bacıların səni gözləyir. Sən oxumalısan və kəndə qayıtmalısan. Bu dünya sənin üçün deyil. Hətta bir gün dərsi buraxıb, uşaqlarla harasa getmişəmsə, bazar günü özümü cəzalandırardım ki, bu gün oturub, kitab oxuyacaqsan. Orada daimi yaşamağı heç vaxt ürəyimdən, ağlımdan keçirməmişəm. İsrailə, Amerikaya gedib, orada yaşamaq üçün dəfələrlə qarşıma şans çıxıb, geri çevirmişəm. Çünki mənim üçün hər zaman birinci yerdə vətənim, kəndim, ailəm olub.


"Bakı ilə danışmaq üçün Masallıya, Cəlilabada gedirdim”


Cavanşir Paşazadə Özbəkistanda təhsilini başa vurandan sonra Daşkənd Aviasiya Zavodunun tikintisində iştirak edərək, təcrübə keçib. Sonra ölkəyə qayıdıb, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsini bitirib. Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin nəzdində keyfiyyət üzrə mühəndis, briqadir, tikinti üzrə sahə rəisi vəzifələrində çalışıb. Bundan əlavə uzun müddət neft sənayesində fəaliyyət göstərib. Lənkəranda çay fabrikinin direktoru təyin olunub. Sonradan tək Lənkəranda yox, bütün ölkədə vəziyyət gərginləşdi, hərbi siyasi şərait son dərəcə kəskinləşdi. Belə dövrdə işləmək də çətin idi təbii ki...

- AXC-nin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda demək olar ki, parçalanma gedirdi. Bir tərəfdən dövlət sərhədlərinin pozulması, qonşu ölkələrin üzərimizə hegemonluğu, digər tərəfdən qaçqın və məcburi köçkünlər... Cənubda da vəziyyət pis idi, çevrilişlər olurdu. Təsəvvür edin ki, rayondan Bakı ilə danışa bilmirdim. Masallıya, yaxud Cəlilabad poçtuna gedib danışırdım. Ölkədəki yiyəsizlik dövründə müstəqilliyimizin, milli dövlətçiliyimizin düşməni Ələkram Hümbətov özünü qondarma "Talış-Muğan Respublikasının” rəhbəri elan edərək, bölgə əhalisinə müəyyən qədər təsir göstərdi. Yerli xalq çaş-baş qalmışdı. Başa düşmürdülər necə olacaq. Camaatı yığıb, iclaslar keçirirdi. Ulu Öndər Heydər Əliyev dövlət rəhbərliyinə gətiriləndən sonra iclasın ortasında çıxırdı çölə, guya Heydər Əliyev zəng vurur. Sonra qayıdıb gəlirdi, deyirdi Heydər Əliyev tədbiri müsbət qarşılayır, hamınıza salam deyir. O vaxt informasiya bolluğu deyildi, mətbuat bu qədər inkişaf etməmişdi. Camaatın da içində bəziləri inanırdı onun sözlərinə, bəziləri yox. Lənkəran da çoxlu şəhidlər vermişdi. Düzgün informasiya vermədən şayiələr buraxırdı və o şəhidlərin ailə üzvlərindən istifadə edirdi... Sonradan Ümummilli Lider Heydər Əliyev televiziyada çıxış elədi və Ələkram Hümbətovun heç bir yerin rəhbəri olmadığını, qanunsuz fəaliyyət göstərdiyini dedi. Bu çıxışdan 2 saat sonra cənub bölgəsinin əhalisi Ələkramı və yanındakıları qovdu. Bəziləri həbs olundu, bəziləri qaçdı. Ələkram Hümbətov talış xalqının üzərində bir ləkə idi. Halbuki o, heç talış da deyil, gəlmədir, əsli-nəsli bilinmir. Şərəfi, vicdanı olsaydı, bu gün ermənilərin süfrəsində oturmazdı. Hansı əxlaqın, mənəviyyatın sahibi olduğu hamıya məlumdur.


"Bağışlamağı bacarmaq lazımdır”


1998-ci ildə "Qızılağac” Dövlət Qoruğuna direktor təyin olunur Cavanşir Paşazadə. 2007-ci ilə qədər ora rəhbərlik edib, özü də sevərək, həvəslə...

- Təbiət vurğunuyam. Dəniz, dağlar, dərələr, meşələr... insana mənəvi dinclik verir. İlin hər mövsümündə bir gözəllik var - yetər ki, onu görə, duya biləsən. At çapmağı da çox sevirəm. Bu mənada qoruqda işləməyim mənim üçün zövq idi. Qoruqda bir yol var, oradan keçəndə turac quşlarının ora-bura qaçmasına tamaşa edirdim, nə qədər yorğunluğum vardısa, hamısı çıxırdı, özümü dünyanın ən xoşbəxti sayırdım. Mən 10 kilometrlərlə piyada gəzmişəm qoruqda. Baxırsan ətrafa, insan yox, ancaq heyvanlardır... Bəzən təsadüfən qoruğun ərazisində brakonyer məni görürdüsə, qaçıb gizlənirdi. Çünki öz səhvini bilirdi, utanırdı, mənim gözümə görünməməyə çalışırdı. Bu, mənə olan hörmətdir. Bir dəfə qoruqda bir hadisə oldu. Mən bütün postları gəzərək həftəlik ümumi vəziyyəti soruşurdum. Postlardan birindəki polisi işə təzəcə götürmüşdüm, amma hələ əmrini də verməmişdim. Polis Akademiyasında oğlumla birlikdə təhsil almışdı. Babası uzun müddət Masallıda 1-ci katib işləmişdi. Mən şəxsən tanımasam da, deyirdilər, çörəkverən kişi olub. Bu oğlandan da qoruqdakı vəziyyəti xəbər aldım. Başladı sadalamağa ki, "filankəs bunu etdi, onu etdi, mən də hamısını qeydə aldım. İcazə versəniz, protokollaşdıraram”. Yəni dediyi hadisələr cinayət tərkibli deyildi, adi inzibati tənbehlə də aradan qaldırmaq olardı. Buna diqqətlə baxdım, maşına minib, qayıtdım idarəyə. Rəisinə zəng edib dedim, oğlanı bura necə göndərmisənsə, elə də geri apar. Mənə belə işçi lazım deyil. Oğlanın özünə də izah elədim ki, sənin baban çörəkverən kişi olub, belə işləməyib. Amma mən sənə imkan versəm, hamını tutdurarsan. Belə işləmək olmaz. Bilirsiniz, insan öz məsuliyyətini dərk etməlidir, bəli. Amma bağışlamağı da bacarmaq lazımdır. Hər xırda səhvi böyütmək və onun müqabilində böyük cəza vermək, ziyankarlıq etmək, baiskar olmaq, kiməsə stres yaşatmaq olmaz. Xeyirxahlıq etmək lazımdır. Mənim həyat fəlsəfəm budur.


"Seçicilər soruşur, bizim qapımıza nə vaxt asfalt çəkiləcək?”


2005-ci ildə üzvü olduğu Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürüldü. Və 75 saylı Lənkəran-Masallı seçki dairəsindən parlamentə deputat seçildi.

- Sağ olsun yerlilərim, kəndlilərim məni dəstəklədilər, səs verdilər. Nəticədə III çağırışda Milli Məclisə deputat seçildim. Demək olar ki, hər həftə seçicilərimlə görüşürəm. 2005-ci ildən indiyə kimi 14 il ərzində bölgədə çox böyük dəyişikliklər olub. Əvvəllər seçicilərlə görüşəndə bilmirdik suallarına necə cavab verək, hansı şəkildə sakitləşdirək, hansı sözlərlə ümid verək və necə doğruldaq. İşıq, qaz günboyu olmurdu. Adi məişət rahatlığı da yox idi. Kənd təsərrüfatı zəifləmişdi. Əhali demək olar ki, heç nə əkib, becərə bilmirdi, texnika tapılmırdı. Yollar bərbad durumdaydı. Bakıdan Lənkərana 4-5 saata güclə gedib çıxırdın. Üstəlik, nə qədər yol qəzaları, hadisələr baş verirdi. Bu gün isə bütün ölkə kimi, Lənkəran da inkişaf edib. Prezident

İlham Əliyevin sərəncamı ilə Lənkəranda magistral yolun tikintisi üçün 2 dəfə pul ayrıldı. İndi yeni çəkilən yolla 2 saata Lənkərana çatmaq mümkündür. Artıq seçicilər soruşur, bizim qapımıza nə vaxt asfalt çəkiləcək? İşıq, qazın olmamasından söhbət gedə bilməz. Hətta Düşəvirə, Gəgran, Diryan kimi dağ kəndlərində də işıq, qaz var. Bu gün əhalinin üzü gülür. Təbii ki, insan olan yerdə məişət, iqtisadi çətinlik olacaq. Çünki hər zaman daha yaxşıya can atırıq. Həyat inkişaf etdikcə insan da inkişaf etmək istəyir. Ölkəmiz hər sahədə gündən-günə güclənir. Bu da o deməkdir ki, xalqın rifah halı getdikcə daha da yaxşılaşacaq.


"O gündən sonra heç vaxt qardaşıma səsimi yüksəltmədim...”


1975-ci ildən bu vaxta qədər bir gün də işsiz qalmayıb Cavanşir müəllim. Hələ uşaq yaşlarından zəhmətə alışıb, meyvə satıb. Tələbə vaxtı vaqondan yük boşaldıb, fəhləlik edib, tikintidə işləyib, halal zəhmətilə pul qazanıb, özünü, ailəsini dolandırıb. Zəhmət çəkə-çəkə müxtəlif vəzifələrdə irəliləyib, rəhbər olub, idarəçilik edib, sonda deputat seçilib, seçicilər qarşısında öhdəlik götürüb. Amma bunlarla yanaşı, onun bu həyatda bir öhdəliyi, missiyası da var. Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi mötəbər şəxsin qardaşı olmaq. Çətindirmi görəsən? Ümumiyyətlə, ölkənin iki tanınmış şəxsi kimi yox, sadəcə qardaş kimi aralarındakı münasibət necədir?

- Aramızda 4 yaş fərq olmasına baxmayaraq, uşaqlıqdan çox səmimi münasibətimiz olub. Bəlkə də mən onu onun məni istədiyi qədər istəyə bilmərəm. Heç vaxt onun sözünün üstünə söz deməmişəm. Mən dediyim söz də onun üçün hər zaman qüvvədədir, həqiqətdir. Ola bilər sonra özümə desin ki, gərək deməyəydin, amma demisənsə, o cür də olmalıdır. Aramızda böyük-kiçiklik həmişə qorunub. Ömrümdə bircə dəfə ona səsimi yüksəltmişəm. O da uşaq vaxtı. Deməli, bizim saçımızı dayım qırxardı. Şeyxin 11, mənim də 7 yaşım olardı. Dayım onun saçını qırxdı, mənimki qaldı. Şeyx də saçımdan tutub, əsəbi halda atama dedi, "onun saçını kəsdirmirsiz, mənim saçımı kəsdirirsiz”. Bu vaxt mən də əlini itələdim ki, yaxşı eləyib. Mənə elə küskün baxışlarla baxdı ki... O baxış indiyə qədər də yadımdadı. Çıxdı getdi. Üstündən bir az keçəndən sonra çox pis oldum, hərəkətimə görə peşmançılıq çəkdim. Getdim gördüm məscidin qabağında sinif yoldaşları ilə dayanıb. Qucaqladım, üzündən öpdüm, üzr istədim. Bir də heç vaxt ona səsimi yüksəltmədim...

Bu gün də iki qardaş arasında isti münasibət olduğu kimi davam edir. Bir-birimizə çox bağlıyıq. Ola bilməz ki, bir gündə azı iki dəfə danışmayaq - gün necə keçdi, necəsən, nə baş verdi. Tutaq ki, Bakıdan Sumqayıta gedirəm. Xırdalana çatmamış şeyxə zəng edib, hara getdiyimi deyirəm. Bu, məndən asılı deyil. Niyəsini özüm də bilmirəm. Əzəldən bir-birimizlə belə münasibətdə olmuşuq. İnanın, şeyx xaricə gedəndə bəzən gün ərzində zəng etməyə imkanı olmur. Gecə saat 3-də zəng edib deyir: "Bu gün sənə zəng etməmişəm. Necəsən? İşin-gücün necədir?”. Mən də beləyəm. Bütün ətraf da bunu bilir. Hər ailədə söz-söhbət olur. Əsas o ailənin "sütunu”nu saxlamaqdır. Ailəmdə qardaşım haqqında heç kim söz deyə bilməz, onun dediyi müzakirə oluna bilməz. Eləcə də onun ailəsində. Hətta şeyx təzə nişanlanan vaxtlar qayınatasının evinə qonaq gedəndə belə məni də aparırdı. Ailə qurandan sonra isə dedi hamınız mənim üçün əzizsiniz, amma siz bir tərəfə, Cavanşir bir tərəfə. Heç kim mənə qardaşımı əvəz edə bilməz. Bu münasibətin yaranmasının əsas səbəbkarı şeyxdir. Səhvlərim olub, amma üzümə vurmayıb, üstündən keçib. Mən də hər zaman çalışmışam onun adına ləkə gətirməyim, apardığı siyasətə, tutduğu mövqeyə zərər verməyim. Şeyxin həyata keçirdiyi bütün işlər, çətinlikləri, əziyyətləri, təzyiqlərə məruz qalması gözlərim önündə olub. 20 Yanvar hadisələrində bir qardaş kimi mən nələr çəkmişəm... Mənə bütün ailəmizi vəsiyyət edib, ölümə gedirdi... Xoşbəxtəm ki, belə bir şəxsiyyətin qardaşıyam. Xoşbəxtəm ki, Prezident İlham Əliyev şeyxin anadan olmasının 70, fəaliyyətinin 40 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi haqda sərəncam verib. Bu, hər kəsə qismət olmur. Bu, şeyxə, dinimizə, əqidəmizə, azərbaycançılığımıza verilən yüksək dəyərdir.

Ömür kitabının 66-cı səhifəsini yaşayır Cavanşir Paşazadə. Tanrının ona bəxş etdiyi tale payından, həyatından razıdır. 2 oğlu, bir qızı, nəvələri var. Həyat eniş-yoxuşları ilə öz məcrasında axmağa davam edir. Deyir, hər bir insan yaşamı boyunca bilərək və ya bilməyərək müəyyən səhvlər edir. Bəzən səhvlərini anlayıb, "kaş belə etməyəydim” deyə peşmançılıq çəkir. Amma əsas odur ki, səhvlərindən nəticə çıxarıb, bir də eyni səhvi etməyəsən. Bir də Tanrının sənə bəxş etdiyi ömrü əsl insan kimi başa vurasan. Bu baxımdan həyatından razıdır Cavanşir müəllim. Yaşamının bundan sonrakı dönəmi haqda isə belə deyir: "Bu yaşdan sonra Allah nə ömür verərsə, təmizliklə, abırla sürmək qismətim olsun...”

İndiyə qədər dünyanın müxtəlif ölkələrində olub Cavanşir Paşazadə, çoxlu şəhərlər gəzib, əsrarəngiz yerlər görüb . Hər gəzdiyi şəhərdə öz kəndindən bir bənzərlik axtarıb - oxşar küçə, oxşar mənzərə, oxşar ağac, oxşar daş... Ən gözəl şəhərlərin ən füsunkar mənzərələrində belə uşaqlıqda seyr etməyi sevdiyi çəltik sahələrini, oradakı rəngləri axtarıb gözləri... Əsən küləklərin, mehin səsinə çəltik çiçəklərinin "melodiyası”nı eşitmək arzusuyla qulaq kəsilib... Hətta Çinə, Vyetnama səfəri zamanı xeyli məsafə qət edib, o ölkələrin çəltik sahələrinə də baş çəkib. İllər öncə yaddaşına hopdurduğu yaşıl, sarı-qızılı rənglərlə boyanmış o "rəsmi” görmək ümidilə... Tapa bilməyib... Hərdən içində nisgil, həsrət yenidən uşaqlığının kəndinə, o qayğısız günlərinə qayıtmağı keçirib könlündən... Amma gözlərini yumub, beyninə, yaddaşına, hafizəsinə hopdurduğı o mənzərəni gözlərinin önündə canlandırmaqla kifayətlənib.

Və yaşa dolduqca, hər dəfə gözlərinin önündə canlandıqca anlayıb ki, uşaqlıqda seyr eləməyi sevdiyi, yaşıl, sarı-qızılı rənglərlə boyanmış o mənzərə dünyanın ən gözəl, ən füsunkar rəsmi imiş onun üçün... Böyüyüb, boya-başa çatdığı kənd isə dünyanın ən müqəddəs yeri...


Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM