09 Iyul 2019 02:44
1018
İDMAN
A- A+

Qayğı və diqqətin uğurlu nəticəsi


Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və digər tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclik böyük enerji, axtarış, həyata yeni baxış deməkdir. O, özündə idman və sağlamlığı da birləşdirir. Bütün şüurlu həyat üçün təməl olan sağlamlıq qarşılaşdığın çətinliklərdən keçməyində sənə yardımçı olur. Gənclik və idman birliyi tarixi dövrlərdə güc yerimiz, arxa-dayağımız hesab edilir. Onların hər biri adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin gələcəyə nizamlanmış yaşam qüvvəsidir.

Qubadlı gəncləri bu gün də Azərbaycanın inkişafına töhfə verməkdə ön sıradadır və onlar ölkəmizin daha da çiçəklənməsində əvəzsiz xidmətlərini əsirgəmirlər. Doğma rayonları ermənilər tərəfindən işğal edildikdən sonra qubadlılıların böyük hissəsi Sumqayıta pənah gətirdi. Yaşadıqları yurd yerlərini tərk edən minillərlə insanların müsibətlərini, iztirablarını göz önündə canlandırmaq çətindir. 1993-cü il avqustun 31-də 30 mindən çox sakin öz el-obasından didərgin düşdü. Rayonun ərazisi - bərəkətli düzləri, dağları, kəndləri, yaşayış evləri, səhiyyə, ticarət, mədəniyyət, idman obyektləri bu gün də düşmən tapdağı altındadır.


Dünənin təcrübəsi


Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq qubadlılılar dövlətin irəli sürdüyü bütün layihələrin icrasının fəal iştirakçısı kimi çıxış edirlər. İdmana, gəncliyə bəslənən qayğı da bu sıradadır.

Qubadlıda hələ sovet dönəmindən bu sahəyə maraq böyük olub. Təmiz dağ havası, buz bulaqlar və sağlam qida ilə təmin edilən rayon gəncləri öz formaları ilə digərlərindən seçilib. Hələ ötən əsrin 40-cı illərinin sonu-50-ci illərinin əvvəllərində qubadlılı idmançılar təkcə respublikamızda deyil, sovetlər birliyində yaxşı tanınan atletlər kimi yetişmişdilər. Yunan-roma güləşi üzrə Əməkdar məşqçi B.Həziyev 1951-ci ildə respublikamızda sayılıb-seçilən idmançılardan idi. O, ümumittifaq yarışların qalibi olmuş, dünyanın bir çox yerindən rayona kuboklarla qayıtmışdı.

Qubadlıda Uşaq-gənclər idman-şahmat məktəbi yaradılır. 1955-ci ildən B.Həziyev həmin məktəbdə məşqçi kimi fəaliyyətə başlayır.

Sonralar onun yolunu davam edən Bahadur Həziyevə 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar məşqçi adı verilir.

Rayonun tanınmış idmançılarından biri də Əliyar Əliyevdir. Yunan-Roma güləşi ilə məşğul olan Əliyar idman ustası, əməkdar məşqçi kimi rayon gənclərinin sağlam ruhda yetişməsində əvəzsiz xidmət göstərib. Dəfələrlə respublika çempionu olan Əliyar Əliyev ermənilərin torpaqlarımıza hücum etdiyi dövrdə silaha sarılmış və batalyon komandiri kimi ön cəbhədə döyüşmüşdür. 1992-ci ildə ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir (hazırda güləş sahəsində çalışan idman ustaları və məşqçilərin çoxu onun yetirmələridir).

Elbrus Məmmədov, Heydər Məmmədəliyev, Vilayət Qəhrəmanlı, Ziyafəddin Məmmədov, Sərxan Quliyev və digərləri sovet dönəmində beynəlxalq yarışların qalibi adına layiq görülən idmançılar olub. Respublikamızın elə bir idman tədbiri yox idi ki, orada qubadlılı idmançılar hansısa uğura imza atmasınlar, yaxud özlərinin dediyi kimi, kuboku əldən versinlər. Bahadur Həziyev həmin dövrləri belə xatırlayır: "Bizim məşqlərimiz də maraqlı olurdu. Təmiz dağ havasında idmançıları yetişdirmək çox önəmlidir. Sağlamlığın cövhərindən istifadə edən pəhləvanlarımız ortaya çıxanda əks tərəfin nümayəndələri elə onların görkəmlərindən çəkinirdilər. Niyaməddin Paşayev, Seymur Hüseynov, Loğman Quliyev, Təvəkkül Bayramov kimi idmançıların tatamiyə çıxması rəqiblərini sarsıdırdı”.


Təməl dağlara söykənəndə


Bu gün Qubadlı Uşaq-gənclər idman-şahmat məktəbi təkcə respublikamızda deyil, bütün dünyada tanınır. Elə bir yarış yoxdur ki, orada gənc idmançılar uğura imza atmasınlar. Bu məktəbin yetirməsi olan və hazırda həmin məktəbdə çalışan 9 nəfər fəxri adlar qazanmış idmançılardır. Əməkdar məşqçilər yunan-roma güləşi üzrə Bahadur Həziyev və Sədi Quliyev, kikboksinq üzrə Rəhim Abbasəliyev, Natiq Qasımov, şahmat və futbol üzrə Bəbəş Quliyev və Cavanşir Əliyev bu gün də idmanın ön sıralarındadırlar. Göstərilən sahələr üzrə çalışan məşqçilərin yetirmələri bu gün dünyanın hər yerində keçirilən turnirlərin qalibləridirlər.

Məktəbin idman ustaları Nahid Əsədov (kikboksinq), Vilayət Namazzadə (qol güləşi), Ruslan Məmmədov (konfu) onlarla idmançı yetişdirmişlər. Keçirilən yarışların qalibi olmuş idmançılar isə müəllimləri ilə fəxr edirlər.

Qubadlı rayonunun hazırda fəaliyyət göstərən ümummtəhsil məktəblərində idman dərslərinə diqqət yüksəkdir. Belə ki, vaxtaşırı idmançılarla keçirilən görüşlər gənclərin maraq dairəsinin artmasında çox faydalıdır. Həvəskarlar idmanın müxtəlif növləri üzrə öz yollarını belə görüşlərdən tapır və gələcək üçün karyeralarını qururlar. Məşqçilərin çoxu tələbələrini elə həmin təhsil müəssisələrindən seçirlər.

Rayonda digər idman növlərinə də maraq böyükdür. "Həkəri” futbol komandası müxtəlif illərdə respublika çempionatında I və II yerləri tutub. Ötən il yeniyetmələr arasında keçirilən "Sevinc” kubokunun sahibi olmuşlar. Fərid Ağayev, Yaqub Zamanov karate-do, Xəyal Cəmilbəyli budo, Ruslan Həsənov konfu-sando üzrə dəfələrlə qalib adını qazanmışlar.

Təvəkkül Həziyev 2004-cü il təvəllüdlüdür. Rayonun Sumqayıtda fəaliyyət göstərən Qəzyan kənd orta məktəbində oxuyur. 2016-2018-ci illərdə yunan-roma güləşi üzrə respublikamızda keçirilən yarışların qalibi olub. Bu günlərdə Polşa Respublikasının Krakov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında I yeri tutaraq qızıl medala sahib olmuşdur.

Bunların içərisində ən məşhuru isə İslam Abbasovdur.


Qalibiyyət zirvəsi


İslam Abbasov müxtəlif dövrlərdə kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında 5 dəfə dünya, 5 dəfə Avropa çempionu, İslam Oyunlarının qalibi olub, II Avropa Oyunlarının gümüş mükafatçısıdır. Bu, asan başa gələn uğur deyil, qələbələrə köklənən mübarizədə alın təri axıtmaq, əziyyət çəkmək lazımdır. İslamın atası Əzim Abbasov oğlunun idmana gəlişinin adi bir söhbətdən başladığını xatırlayır:

- 17 il bundan əvvəl idman zalında idik. 28 kiloqram çəki dərəcəsində olan uşaqlar güləşirdi. Dedim ki, İslam bu uşaqları yıxar. Onda oğlumun 6 yaşı vardı. Getdilər, həyətdən götürüb gəldilər. O güləşdi, qalib gəldi və bu yolu davam etdirdi. Amma hər bir valideynin uşağa qarşı içindəki məhəbbət hissi onun çətinliklərə düşməsini istəmir. Çalışır ki, bacardığı qədər övladına arxa dursun, onun ağır sınaqlardan keçməsinə yol verməsin. Amma İslamda belə olmayıb, uşaqlıqdan əziyyət çəkib, rejimlə yaşayıb, ağır məşqlərə gedib. Bir dəqiqə boş vaxtı olmayıb. Özü də etiraf edir ki, nə uşaqlığını, nə də gəncliyini hiss edib, sanki heç biri olmayıb. 23 illik ömrünün böyük bir hissəsini roma-yunan güləşinə həsr edib. Həyatında çox şeyi idmana, güləşə qurban verib.

Bu gün İslam Abbasovla hamı fəxr edir. Onu dəfələrlə Azərbaycan Prezidenti qəbul edib, əməyini, əzmkarlığını yüksək qiymətləndirib. Elə bir neçə gün əvvəl imzaladığı sərəncamla dövlət başçısı İslamın və onun məşqçisinin II Avropa Oyunlarındakı uğurunu yüksək qiymətləndirib.

İdmançının həyatının adi axarı çətinliklərdən keçir. Elə olur ki, məşqlərdə görüşmək bir yana qalsın, hətta telefonla danışmağa belə icazə verilmir. Hər şey, həyatın bütün ritmi məşqlərə bağlanır. İslamla danışanda döyüşün fəlsəfəsini dərk etməyə çalışırıq: idmançı hansı hissləri keçirir, beynində nələri götür-qoy edir. İslam danışır ki, məşqlər çətin və ağır olur, məşqçi heç bir güzəşt etmədən döyüşdə ən çətin məqamlara idmançını hazırlayır:

- Güləşəndə tam konsentrasiya olunuruq, sakit, soyuqqanlı və maksimum ehtiyatlı davranmaq lazım gəlir. Sən rəqibinlə dost ola bilərsən, kənarda oturub saatlarla danışa, deyib-gülə bilərsən, lakin güləşəndə hər şeyi unutmalı, kənara qoymalısan. Anlamalısan ki, qarşındakı kim olursa olsun rəqibdir və o, sənin heç bir səhvini bağışlamayacaq.

İslamın ən çətin döyüşü 2015-ci ildə İranın paytaxtı Tehranda keçirilən Dünya kubokunun finalında olmuşdu. Azərbaycan və Rusiya komandaları arasında həlledici görüş idi. Olimpiya çempionu, rusiyalı David Çakvetadzeni məğlub etmək üçün o, həqiqətən də çox əziyyət çəkdi. Nəticədə ölkəmiz dünya kubokunun sahibi oldu.

İslam hər il müxtəlif yarışlarda təxminən 60-a yaxın rəqiblə qarşılaşır. Minskdə II Avropa Oyunlarında 4 görüş keçirdi. Bütün rəqiblər təcrübəli idmançılar idi, aralarında zəifi yox idi. İslam bütün görüşlərdə uddu, amma finalda üçqat dünya çempionu Jan Belenyuka uduzdu və ölkəmizə gümüş medal qazandırdı.

İdmanda həmişə belədir - qələbə qazanc və başucalığı, məğlubiyyət isə itkidir, onu unutmaq olmur. Əgər sən peşəkar idmançı olmağı arzulayırsansa, uşaq yaşından başlamalısan, çətinliklərə və uzun sürən üzücü təlimlərə hazır olmalısan. Hamı axıradək dözə bilmir. Çünki sən boş vaxt nədir bilmirsən, heç kim uşaq kimi başını sığallamır. Başqa yaşıdların kimi sərbəst deyilsən, onlar qədər qayğısız yaşaya bilməzsən. Onların tətilləri olur, sənin təlimlərin, onlar dərsə, sən isə mübarizəyə gedirsən, sonra qayıdıb dərsləri də oxumalı, yaşıdlarına çatmalısan. Yəni idmana qoşulan uşaqlar yaşıdlarına nisbətən daha gərgin, bir qədər də mübarizə ilə dolu həyat yaşayır və buna görə təbii ki, yaşıdlarından ciddi seçilirlər.

İslam hesab edir ki, güləş əslində həyatın preslənmiş modelidir, burada rəqabət də, rəqiblərin gözlənilməz jestləri də olur. Bütün bunlara duruş gətirmək üçün sakit, soyuqqanlı və tədbirli olmaq lazımdır.

- Qubadlı işğal altındadır. Sən döşəyin üstünə çıxanda və qarşında Ermənistanı təmsil edən rəqibi görəndə hansı hissləri keçirirsən? - deyə İslamdan soruşuruq.

- Erməni işğalçıları bizim düşmənimizdir, bu, birmənalıdır. Amma döyüş soyuqqanlı olmağı tələb edir. Qəzəb, emosiyalar səhvlərə yol açır, məğlubiyyətə aparır. Sakit və soyuqqanlı olmaq qələbəni təmin edir. Əsəblərinə hakim olmalısan. Erməni idmançısı ilə döyüşə çıxanda ikiqat məsuliyyətli olmaq lazımdır. Biz idmançılar belə məğlubiyyətləri əslində biabırçılıq kimi qəbul edirik.

İslamdan yaşıdları ilə özü arasında hansı fərqlərin olduğunu, onun xarakterinin formalaşmasına idmanın necə təsir etdiyini soruşuruq.

- Mənim şəxsiyyət, insan kimi formalaşmağımda, xarakterimin cilalanmasında ilk növbədə valideynlərimə borcluyam. Elə uşaqlar var ki, məndən də yaşlıdırlar, amma evlərindən bir addım kənarda olmayıblar, heç bir çətinlikdən keçməyiblər. Mən isə 10 ildən çoxdur ki, müxtəlif beynəlxalq yarışlarda mütəmadi iştirak edirəm, dünyanın bir çox ölkələrində çətin sınaqlardan keçmişəm. Biz idmançılar kiminsə gücünə və dəstəyinə arxalanmırıq. Döşəyin üstündə sən və rəqibin olursan. Ağıllı və güclüsənsə, rəqibinin zəif yerini bilirsənsə, udursan. Həyatda da belədir. Çoxsaylı yarışlarda iştirak etmişəm, dünyanı çox gəzmişəm. Və bu səfərlər adi olmayıb, hərəsinin öz çətinlikləri olub. Sən güləşdə bir qədər də psixoloq olmalısan. Yəqin ki, bununla da yaşıdlarımdan fərqlənirəm. İnsanları seçə bilirəm, yaxşını pisdən ayırıram. Güclü və zəifi tanıya bilirəm, saxta insanla, cəsur və mərd adamın arasındakı fərqi asanlıqla seçirəm.

Biz 23 yaşlı gənclə söhbət edirdik. Dəqiqələr keçdikcə anlayırdıq ki, qarşımızda bərkə-boşa düşən, həyatın hər üzünə bələd olan və valideynlərinə rəğbət bəsləyən təcrübəli bir insan oturub. İslam belə fikirləşir ki, onu valideynlərindən artıq kimsə sevə bilməz, atasını arxası, dayağı sayır. Onun böyüklüyü qarşısında baş əyir:

- Mən bir şəxsiyyət kimi ən böyük dərsi atamdan almışam. O, mənə böyüyə hörmət etməyi, balacalara qayğı ilə yanaşmağı öyrədib. O, mənə Vətəni sevməyi, dövləti sevməyi aşılayıb. Qalib gəldiyim döyüşlərdə başımın üstündə Azərbaycan bayrağı dalğalananda qələbəmdən çox bayrağımızın ucalmasına sevinirəm.

Mənim idmana gedən yolumu da atam seçib. Qələbələrimin kökündə bəlkə də güləşə genetik bağlılığımız var. Bilirəm ki, düz yoldayam - bu, atamın yoludur!

Bahadur İMANQULİYEV,

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video