08 Iyul 2019 21:06
419
CƏMİYYƏT
A- A+

Qazax rayonundan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə təntənə ilə yola salınıblar


İyulun 8-də Qazax rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yola salınması mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çağırışçıları həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qazax Rayon Şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları yola salıblar.

Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini, ordu quruculuğundakı xidmətlərini əks etdirən filmə baxıblar.

Daha sonra tədbir Gənclər Mərkəzinin qarşısında davam edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi, mayor Mehman Rəhimov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. O, çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın, hərb işinin sirlərinə dərindən yiyələnməyin vacibliyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çağırışçılara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. O, Azərbaycan əsgərinə işğal altındakı torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında olan yeddi kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıb.

Şəhid anası Tamella Süleymanova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, birinci qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik ediblər.

Valideynlər adından çıxış edən Füzuli Qasımov övladlarını hərbi xidmətə yola salmaları ilə fəxr etdiklərini deyib, Vətəni qorumağın müqəddəs vəzifə olduğunu bildirib.

Çağırışçı Natiq Novruzov tədbir iştirakçılarını əmin edib ki, hərbi xidmətə yola düşən gənclər Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlar.

Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video