Alternative content

01:44 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığının daha da genişlənməsi üçün möhkəm zəmin var
Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığının daha da genişlənməsi üçün möhkəm zəmin var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
20:51 08.07.2019

Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü "Şərab Evidir”.

"Azərbaycan Şərab Evi”nin açılışında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları "Azərbaycan Şərab Evi” ilə tanış olub, onlara ölkəmizin şərabları barədə geniş məlumat verilib. "Şərab Evi”nin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. təqdim edilir. "Şərab Evi”ndə nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə yaradılmış "Azərbaycan Şərab Evi” yerli məhsullarımızın ixracının dəstəklənməsi, "Made in Azerbaijan” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Daha sonra İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovla görüşüb.

Görüşdə Sverdlovsk vilayətinin qubernatoru Yevqeni Kuyvaşev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu İlqar İsgəndərov və digər şəxslər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini salamlayan Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturov Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini, yüksəksəviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Denis Manturov bir sıra sahələrdə, o cümlədən sənaye, ticarət və investisiya sahələrində əməkdaşlıqda müsbət dinamikanı qeyd edərək bu istiqamətdə işlərin davam etdirilməsinin, müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Denis Manturov X "İnnoprom” sərgisi barədə ətraflı məlumat verib, tərəfdaş ölkə kimi Türkiyənin iştirakını, gələn il isə tərəfdaş ölkənin İtaliya olacağını bildirib. Rusiyalı nazir Azərbaycan tərəfini bu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək "Neva” gəmiçilik sərgisinə dəvət edib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən Şahin Mustafayev Rusiya ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələri ilə yanaşı, investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Belə layihələrdən olan Pirallahı Sənaye Parkında "R-Farm” əczaçılıq müəssisəsinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. X "İnnoprom” sərgisinə dəvətə görə minnətdarlıq edən İqtisadiyyat naziri Şahin Mustafayev sərginin əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi üçün əlverişli platforma olduğunu bildirib.

Görüşdə sənaye, o cümlədən neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu və "Kamaz” ASC arasında ehtiyat hissələrinin tədarükünə dair müqavilə, "ATEF” şirkətlər qrupu və "Sinara Qrup” SC arasında Anlaşma Memorandumu, AZPROMO və "Qazprombank” SC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Yekaterinburqa səfəri zamanı Azərbaycan nümayəndə heyəti X "İnnoprom” beynəlxalq sənaye sərgisində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

2010-cu ildən etibarən hər il keçirilən "İnnoprom” sərgisi Rusiyanın əsas sənaye, ticarət və ixrac platformalarındandır. Sərginin ziyarətçilərinin böyük əksəriyyətini istehsalda yeni texnologiyaların tətbiqində maraqlı olan alıcılar və mütəxəssislər təşkil edir. Hər il sərgiyə dünyanın müxtəlif ölkələrindən 45 mindən çox ziyarətçi gəlir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”