Alternative content

17:50 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Məclisinin Sədri Türkiyədə rəsmi səfərdədir
Azərbaycan Milli Məclisinin Sədri Türkiyədə rəsmi səfərdədir
ANA SƏHİFƏ / Milli Məclis
07:09 22.09.2011

 

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin dəvəti ilə Ankaraya rəsmi səfərə gəlmişdir.

Milli Məclisin Sədri və nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Anıtqəbirdəki mavzoleyini ziyarət etmişlər.

Azərbaycan parlamentinin Sədri Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Milli Məclisin Sədri buradakı İstiqlaliyyət Muzeyi ilə də tanış olmuş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Sonra Türkiyə Böyük Millət Məclisində Oqtay Əsədov və Cəmil Çiçək arasında təkbətək görüş keçirilmişdir.

Parlamentlərin sədrləri heyətlərarası görüşdə mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Cəmil Çiçəyi və yeni parlamentin deputatlarını təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar diləmişdir.

Türkiyəyə hər səfəri zamanı böyük inkişafın şahidi olduğunu qeyd edən Oqtay Əsədov qardaş ölkənin dünya dövlətləri arasında iqtisadi inkişaf göstəricilərinə görə 15-ci yerə yüksəlməsindən məmnunluğunu bildirmişdir. Ulu öndərlər - Mustafa Kamal Atatürk və Heydər Əliyevin vəsiyyətlərinə uyğun olaraq uğurla inkişaf edən ikitərəfli əlaqələrimizdə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Milli Məclisin Sədri bildirmişdir ki, bu səfərlər zamanı 156 dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır. Bütün sahələrdə əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün hüquqi baza yaradılmışdır. İndi Türkiyə və Azərbaycan arasında əməkdaşlıq olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. 

Oqtay Əsədov 2008-ci ildə yaradılmış Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətini də yüksək qiymətləndirmiş, bu təşkilatın artıq beynəlxalq qurumlar arasında nüfuzunun yüksəldiyini söyləmişdir. O, Türkiyə və Azərbaycan parlamentlərinin TürkPA-nın fəaliyyətinə dəstəyini bundan sonra da əsirgəməyəcəyinə inamını ifadə etmişdir. 

Türkiyə və Azərbaycan deputatlarının beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini diqqətə çatdıran Oqtay Əsədov demişdir ki, Azərbaycanın ən ağrılı məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş ölkə hər zaman bizim haqlı mövqeyimizi dəstəkləmişdir. Biz inanırıq ki, qardaş Türkiyənin də dəstəyi ilə tezliklə torpaqlarımızın işğalına son qoyacağıq.

Milli Məclisin Sədri bildirmişdir ki, 125 deputatdan ibarət Azərbaycan parlamentində ən çox üzvü olan Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupudur. Dostluq qruplarının səlahiyyətlərinin artırılması, Ankarada və Bakıda onların geniş toplantılarının keçirilməsi məqsədəuyğundur.

Ankarada törədilmiş terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığını da çatdıran Oqtay Əsədov demişdir ki, Azərbaycan da uzun müddətdir erməni terrorundan əziyyət çəkir. Ölkəmizin bütün məsələlərdə Türkiyənin mövqeyini dəstəklədiyini diqqətə çatdıran Milli Məclisin  Sədri xatırlatmışdır ki, 2010-cu ildə Aralıq dənizində baş vermiş hadisə zamanı Prezident İlham Əliyev qardaş ölkənin haqsızlığa məruz qaldığını bildirmişdi.     

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək demişdir ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr təkcə dövlətlərarası münasibətlərlə deyil, həm də xalqlarımız arasında dostluq və qardaşlıq ilə səciyyələnir. Bu baxımdan, ikitərəfli dostluq və qardaşlıq əlaqələrimiz digər dövlətlərlə münasibətlərdən fərqlənir. Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin də ifadə etdiyi kimi, bu, "bir millət, iki dövlət" arasında qardaşlıq telləridir.

Türkiyə parlamentinin sədri vurğulamışdır ki, dövlətlərimizin başçılarının və baş nazirlərin ən çox qarşılıqlı səfərləri Türkiyə ilə Azərbaycan arasında həyata keçirilir. Türkiyədə yeni seçilmiş Prezident və Baş nazirlərin ilk səfərlərini Azərbaycana və Kiprə etməsi də ənənəyə çevrilmişdir. Bu, Azərbaycanın Türkiyə üçün nə qədər mühüm ölkə olduğunu göstərir. İnanıram ki, parlament sədrlərinin qarşılıqlı səfərləri və görüşləri də bu əlaqələrə töhfə verəcəkdir. 

Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini öz problemi kimi gördüyünü vurğulayan Cəmil Çiçək demişdir ki, biz Azərbaycan torpaqlarının işğalına tez bir zamanda son qoyulmasını istəyirik. Türkiyə parlamentində Azərbaycanda törədilmiş qətliamlarla bağlı məsələlər gündəliyə salınır. Hər il dekabrın 10-da İnsan Haqları Günü mənim çıxışımda Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyi yer alır. Siyasi partiyalar da bu problemi daim gündəlikdə saxlayırlar.

Azərbaycanın da Türkiyənin problemlərinin həllini dəstəklədiyini söyləyən Cəmil Çiçək bildirmişdir ki, Prezident İlham Əliyevin Baş nazir Rəcəb Tayyib Ərdoğanla son görüşü zamanı PKK-nı terror təşkilatı elan etməsi Türkiyəni məmnun etmişdir.

Cəmil Çiçək demişdir ki, Türkiyə parlamentində 550 deputatın hər biri  özünü Azərbaycan ilə dostluq qrupunun üzvü hesab edir. Yaxın zamanlarda əməkdaşlığın daha da gücləndirilməsi, Türkiyə və Azərbaycan deputatlarının paytaxt şəhərlərdə toplantılarının keçirilməsini təklif edən Türkiyə parlamentinin sədri oktyabrın 1-də açılacaq payız sessiyası zamanı bu məsələlərin müzakirə olunacağını söyləmişdir. 

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Milli Məclisin deputatları Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə parlamenti sədrinin müavini Məhmət Sağlam, deputat Haluk İpək və digər rəsmi şəxslər iştirak etmişlər.       

Görüşdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov Ankaradakı Anadolu Mədəniyyətlər Muzeyini gəzmişdir.

Sonra Cəmil Çiçəyin adından azərbaycanlı həmkarı Oqtay Əsədovun şərəfinə ziyafət təşkil olunmuşdur.

Milli Məclis Sədrinin Türkiyəyə səfəri davam edir.           

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara