08 Iyul 2019 12:06
848
SİYASƏT
A- A+

Elmar Məmmədyarov: Əlamətdar yol keçən milli diplomatiyamız Azərbaycanın tarixi inkişaf yolunu tam şəkildə əks etdirir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədarAZƏRTAC-a müsahibəsi


Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədarAZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Cənab nazir, tezliklə əlamətdar tarix - Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi qeyd olunacaq. Bu bir əsrlik yol boyunca hansı ən mühüm mərhələləri göstərə bilərdiniz?

-Məlum olduğu kimi, 9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Hökuməti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamına uyğun olaraq, məhz bu tarix Azərbaycanın diplomatik xidmət orqanlarının işçiləri gününün təsis olunmasının əsasını təşkil edib.

Fəaliyyəti bu şərəfli və məsuliyyətli missiyanı yerinə yetirməklə bağlı olan bizlər üçün xüsusi peşə bayramının təsis edilməsi qürur və Prezident İlham Əliyevə dərin minnətdarlığımızın bildirilməsi səbəbidir. Hər il 9 iyul ərəfəsində biz ruh yüksəkliyi ilə Azərbaycanın beynəlxalq müstəvidə maraqlarının təşviq edilməsi baxımından nəyə nail olduğumuzu, eləcə də daha nələr və necə etməli olduğumuzu nəzərdən keçirməyə çalışırıq. Belə ki, hər hansı dövlətin diplomatik xidmətinin səmərəliliyi dərəcəsi bu ölkənin öz mövqeyini dünyada təmin etmək qabiliyyəti ilə müəyyənləşdirilir. Bu baxımdan, milli diplomatiyamızın keçdiyi yol çox əlamətdardır və o, tam şəkildə Azərbaycanın tarixi inkişaf yolunu əks etdirir.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq arenada ilk addımlarını atdığı dövrdən bizi yüz il ayırır. Bu, keçmiş imperiyaların dağılması, Azərbaycanın dövlət müstəqilliyinin müsəlman Şərqində ilk respublika şəklində bərpa olunması, həmin müstəqilliyin itirilməsi, SSRİ-nin tərkibində 70 illik mövcudluq və yeni bir tarixi nailiyyət – 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsini və onun otuz ilə yaxın bir dövr ərzində regionda və ümumiyyətlə, dünyada mövqelərinin möhkəmləndirilməsini ehtiva edən olduqca dinamik bir əsr idi.

Azərbaycan diplomatiyasının bir əsrlik yolu barədə daha aydın təsəvvürün yaradılması üçün AXC-nin mövcudluğu zamanı Bakıda 16 dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa, Ukrayna və digər ölkələrin diplomatik missiyalarının fəaliyyət göstərdiyini yada salmaq olar. AXC Hökuməti, öz növbəsində, Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və digər ölkələrdə diplomatik və konsulluq missiyalarına malik idi. Hələ mən Paris Sülh Konfransındakı nümayəndə heyətimizi qeyd etmirəm. Hazırda isə Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir və eyni zamanda, Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir.

Bununla yanaşı, AXC Hökuməti 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanınmaya müvəffəq olsa da, 28 aprel 1920-ci ildə ilk respublikanın süquta uğraması Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması prosesinə, yəni, məntiqi nəticə olaraq Millətlər Liqasına qəbul edilməsinin başa çatdırılmasına imkan verməmişdir. Hazırkı Azərbaycan Respublikası isə 1992-ci il martın 2-də BMT-yə üzv olaraq tammiqyaslı beynəlxalq tanımaya nail olmuşdur. Təsadüfi deyil ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev 2001-ci ildə "Bizim ən böyük tarixi nailiyyətimiz dövlət müstəqilliyini əldə etməyimizdir", – deyə bəyan etmişdir.

-Azərbaycan diplomatiyanın son illərdəki hansı nailiyyətlərini xüsusilə qeyd etmək istərdiniz?

-Bütün nailiyyətlərimiz dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlıdır. Xarici təcavüz amilinin mövcudluğuna baxmayaraq, Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, balanslı və çoxşaxəli xarici siyasət sayəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və əhəmiyyətinin davamlı olaraq gücləndirilməsi uğurlar sırasında göstərilə bilər.

Azərbaycan xarici əlaqələrin və tərəfdaşlığın təşviqi vasitəsilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bərabərhüquqlu əsasda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirərək, milli tərəqqinin tələbatlarını qarşılamaq yolunu məqsədli şəkildə davam etdirir. Beləliklə, bütün qonşu dövlətlərlə, təbii ki, hamıya məlum səbəblərə görə Ermənistan istisna olmaqla, müxtəlif müstəvilərdə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəhlizləri çərçivəsində logistik layihələrin həyata keçirilməsi üçün öz tranzit imkanlarını təqdim edir. Ölkəmizin zəngin enerji potensialının gerçəkləşməsi davam edir, uzun illər böyük mənfəət gətirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə yanaşı, Cənub Qaz Dəhlizi çərçivəsində işlər sürətlə tamamlanır. Azərbaycan Xəzəryanı ölkələrin dialoqunda fəal iştirak edir və bu, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına gətirib çıxararaq Xəzərin sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi üçün şərait yaradıb.

Bu yolla toplanılan daxili potensial davamlı olaraq Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda və təşəbbüslərdə uğurlarına çevrilir. Beləliklə, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmiz 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilir. 2019-cu ildən etibarən Azərbaycan 2011-ci ildə üzv olduğu və BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatında sədrlik vəzifəsini icra edəcək. Təşkilatın nisbətən yeni bir üzvünün onu idarə etməyə hazırlaşması faktı özü-özlüyündə əlamətdar haldır. Avropa İttifaqı ilə əməkdaşlığın irəli aparılmasında əldə edilən mühüm tərəqqi ilə yanaşı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı ilə də qarşılıqlı təmasların davamlı inkişafı milli maraqlarımızı təmsil və müdafiə etmək üçün əlverişli şərait yaradır. Eyni zamanda, rəsmi Bakı üzvü olduğu beynəlxalq strukturlar çərçivəsində aparılan əməkdaşlıqda çox fəal iştirak edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB, GUAM, Avropa Şurası və QDİƏT bu çoxtərəfli formatlardan yalnız bəziləri qismində qeyd oluna bilər.

-Ötən əsri təhlil edərək, Azərbaycanın diplomatiyasının həm yaranma zamanı, həm də hazırkı dövrdə eyni əsas problem - Ermənistanın təcavüzü və ərazi iddialarına cavab vermək məcburiyyətində olduğunu qeyd etməliyik. Bu məqamı necə şərh edə bilərsiniz?

-Həqiqətən, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərək Azərbaycan XX əsrin başlanğıcında olduğu kimi, Ermənistan Respublikasının xarici təcavüzü ilə üzləşdi. Yüz il bundan əvvəl AXC-nin bütün sakinləri üçün bərabər vətəndaş hüquqlarını, onların dövlət və yerli hakimiyyət orqanlarında əhalinin sayında nisbətinə görə uyğun təmsilçiliyi təmin etməsinə baxmayaraq, qonşu Ararat Respublikasının hökuməti əzəli azərbaycanlı əhalini İrəvan və onun nəzarətinə düşən digər rayonlardan çıxarmaq üçün genişmiqyaslı etnik təmizləməyə başladı. Bu, Azərbaycana və digər qonşu ölkələrə pənah gətirən qaçqınların axınına səbəb oldu. Yəni, erməni millətçiliyinin siyasi proqramının həyata keçirilməsi bu gün olduğu kimi, o zaman da humanitar fəlakətə gətirib çıxardı.

Bununla kifayətlənməyərək, bir tərəfdən, Ararat Respublikası bilavasitə və ya müxtəlif paramilitar qruplaşmaların pərdəsi altında AXC-yə qarşı Naxçıvanda, Zəngəzurda, Qarabağda və Qazax qəzasının dağlıq hissəsində təcavüzə əl atdı. Digər tərəfdən isə Stepan Şaumyanın rəhbərliyi altında daşnak-bolşeviklər Bakı, Şamaxı, Quba və digər ərazilərdə azərbaycanlı əhalinin kütləvi şəkildə məhv edilməsini həyata keçirmişlər.

İki cəbhədə müharibənin aparıldığı belə bir çətin şəraitdə Azərbaycan nəinki Qafqaz İslam Ordusunun dəstəyi sayəsində 15 sentyabr 1918-ci il tarixində Bakını silah gücü ilə azad etməyə müvəffəq oldu, bununla yanaşı, bir sıra mühüm diplomatik qələbələr də qazandı, o cümlədən Antanta dövlətləri tərəfindən AXC-nin bütün Qarabağ üzərində suverenliyi tanındı və orada Xosrov bəy Sultanovun başçılığı ilə mərkəzi Şuşada olan Baş Qubernatluq yaradıldı.

Bildiyiniz kimi, erməni millətçiləri Qafqazın sovetləşdirilməsindən sonra da Azərbaycanın ərazilərini parçalamaq cəhdlərindən imtina etməyiblər. Lakin onların hamısı uğursuzluğa düçar oldu. Bölgədə sülh və əmin-amanlıq yeganə mümkün olan formada – Qarabağın, o cümlədən onun dağlıq və aran hissələrinin Azərbaycanın tərkibində saxlanılması şəklində bərqərar olundu. Bölgənin dağlıq hissəsindəki erməni əhalisi Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) çərçivəsində geniş muxtariyyətin təqdim etdiyi bütün imkanlardan istifadə edirdi. Yeri gəlmişkən, ümumi yaşayış səviyyəsi və adambaşına düşən əsas göstəricilər baxımından DQMV Azərbaycan SSR və ümumiyyətlə, Sovet İttifaqı üzrə orta səviyyəni xeyli üstələyirdi. Bütün bunlara baxmayaraq, 1980-ci illərin sonlarında erməni millətçiləri sonradan silahlı təcavüzə çevrilən, öz ərazi iddialarını həyata keçirmək kampaniyasına yenidən başladılar.

Azərbaycan Respublikasının ərazilərini ələ keçirmək üçün qanunsuz gücdən istifadə edilməsi kütləvi etnik təmizləmələr, beynəlxalq humanitar hüquq pozuntuları, o cümlədən Xocalı soyqırımı aktı ilə müşayiət olunub. Yəni, XX əsrin əvvəllərində olduğu kimi, eyni dəst-xətt göz qabağındadır.

Hazırkı vəziyyətdə Ermənistan Respublikası tərəfindən hərbi təcavüzün nəticələrinin aradan qaldırılması beynəlxalq ictimaiyyətin məsul üzvü olan Azərbaycan Respublikasının dinc şəkildə substantiv və nəticəyə yönəlik intensiv danışıqlar yolu ilə həll etməyə çalışdığı başlıca və ən mühüm problemdir. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul etdi və orada birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini, Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiqlədi, təcavüzü və ölkəmizin ərazilərinin zəbt olunmasını qınayaraq işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.

Uzun illərdir ki, Ermənistan Respublikası hər vəchlə münaqişənin həlli prosesini əngəlləməyə çalışaraq güc və güclə hədələməni tətbiq etməmək, beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, dövlət sərhədlərinin toxunulmazlığına və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi beynəlxalq öhdəliklərindən yayınır. Buna baxmayaraq, belə davranış xətti bu ölkəni elə bir dalana salıb ki, oradan çıxış yalnız qonşularla münasibətlərin normallaşdırılması və ilhaq niyyətlərindən əl çəkilməsi yolu ilə mümkündür.

Düşünürəm ki, erməni tərəfi də bunda maraqlı olmalıdır. Axı burada istər-istəməz bəsit bir sual meydana gəlir: otuz il davam edən hərbi münaqişədən Ermənistanın sıravi vətəndaşları nə əldə ediblər? Hər hansı qərəzsiz yanaşma onu göstərir ki, Azərbaycan ərazilərinin zəbt edilməsi və bütün bu illər ərzində davam edən işğalı Ermənistan üçün heç bir hiss olunan mənfəət gətirməyib. Əksinə, bu, yoxsulluq və işsizlik səviyyəsinin artımına, əhalinin ölkədən çıxmasına və böhranın digər təzahürlərinə gətirib çıxarıb.

Bu danılmaz həqiqətləri Ermənistan rəhbərliyi nə qədər tez dərk edərsə və öz silahlı qüvvələrini ölkəmizin zorla ələ keçirdiyi ərazilərindən geri çəkməyə başlamaq üçün siyasi iradəsini nə qədər tez nümayiş etdirərsə, bir o qədər də yaxın zamanda bölgədə dayanıqlı sülh, təhlükəsizlik, rifah və davamlı inkişaf üçün şəraitin təmin edilməsinə doğru addımlamaq mümkün olacaq.

-Azərbaycanın xarici siyasətinin hansı əsas prioritetlərini qeyd edə bilərsiniz və yaxın gələcəkdə onların həyata keçirilməsi perspektivləri necə görünür?

-Qeyd etdiyim kimi, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yeridir.

Bu gün Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hazırda etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmizin xarici siyasi uğurları, əlbəttə ki, qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır.

Xarici siyasət prioritetlərinin sırasına, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi daxildir. Bundan başqa, prioritetlərə, həmçinin Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşdirilməsinin davam etdirilməsi, habelə dövlətlər, onların birləşmələri və beynəlxalq təşkilatlar daxil olmaqla bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi aiddir.

Azərbaycanın beynəlxalq əlaqələr sistemində yeri və rolu barədə danışarkən, qeyd etmək lazımdır ki, son illər ərzində Bakı mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoq dəyərlərini təşviq edən aparıcı platformalardan biri kimi bərqərarlaşıb. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanan "Bakı Prosesi” qlobal səviyyədə humanizmin ən yüksək dəyərlərini təbliğ etmək üçün təsirli amil olmuşdur.

Böyük qətiyyətlə qeyd etmək olar ki, bu gün Azərbaycan diplomatiyası keçdiyi bir əsrlik keşməkeşli yoluna ləyaqətlə nəzər sala və Prezident İlham Əliyevin 2018-ci ildə Qlobal Bakı Forumunda söylədiyi sözlərini təkrarlaya bilər: "Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video