07 Iyul 2019 00:34
1272
SİYASƏT
A- A+

Ən islahatçı PREZİDENT


İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında Azərbaycan 2019-cu ili həm sosial, həm də iqtisadi artımın təmin ediləcəyi dövr kimi başa vuracaq


Milli iqtisadiyyatın əsas inkişaf istiqamətləri üzrə yüksək nailiyyətlər qazanan Azərbaycan regionun əsas güc mərkəzi kimi mövqeyini möhkəmləndirməkdə davam edir. Prezident İlham Əliyevin böyük islahatlar paketi çərçivəsində ilin əvvəlindən etibarən daha genişmiqyaslı mərhələyə qədəm qoyan davamlı islahatlar öz bəhrəsini verir. Məhz bu sosial-iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatının dayanıqlılığı daha da möhkəmlənir, biznes mühiti yaxşılaşır, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edilir, ölkə əhalisinin rifah halı yüksəlir.


İqtisadi islahatların dividendləri


Həyata keçirilən məqsədyönlü və dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasətin real nəticələri konkret rəqəmlərdə də ifadə olunur. Bunu iqtisadi göstəricilərə nəzər yetirsək aydın şəkildə görə bilərik. Həyata keçirilən kompleks islahatlar nəticəsində təkcə bu ilin 5 ayı ərzində 30 milyard 608,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. ÜDM-nin 46 faizi sənayenin, 9,9 faizi ticarət, 14, 4 faizi digər sahələrin payına düşüb. Ölkənin qeyri-neft ixracı 17,8 faiz artıb. Bu müddət ərzində ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edir.

Xarici ticarət balansının müsbət saldosu 1,34 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 47 milyard dollara yaxın yüksəlib.

Ölkədə işgüzar sferanın əlverişliliyi, aparılan islahatların müsbət nəticələri nüfuzlu beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliləyib. Misal üçün, "Biznesə başlama” göstəricisi üzrə 9 pillə irəliləyərək 9-cu pilləyə, "Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 8 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib.

Regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək məqsədi ilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı, yəni dördüncü dövlət proqramını təsdiqləyib. Artıq proqramın icrası çərçivəsində bu il regionlarda 3 məktəb, 5 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 2 mədəniyyət obyekti və 1 olimpiya idman kompleksi istifadəyə verilib.


Getdikcə dərinləşən sosial islahatlar


Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Qazanılan uğurlar bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımlarının, ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür. Elə bir ikinci ölkə tapılmaz ki, 4 ay ərzində 2 dəfə maaşların, minimum pensiya və əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalansın.

İlin əvvəlində sosial islahatlar paketi çərçivəsində maaşlar, sosial müavinətlər, təqaüdlər, pensiyaların artırılması ilə bağlı sərəncamlar imzalayan dövlət başçısı iyunun 18-də daha 2 milyon insana sevinc bəxş etdi.

Öncə Prezidentin fevral islahatlarına nəzər yetirək. İmzalanan sərəncamlarla dövlət başçısının ilk növbədə qaçqın və məcburi köçkün, şəhid ailələrinə necə qayğı ilə yanaşdığı bir daha bəlli oldu.

Şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması bunun təzahürüdür.

Mart ayında imzalanan digər fərman və sərəncamlara əsasən 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz çoxaldı, şəhid ailələri, müharibə veteranlarına verilən müavinətlər yüksəldildi.

Minimum əməkhaqqının 40 faiz artaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi də təsdiq etdi ki, Azərbaycanın iqtisadi qüdrəti getdikcə yüksəlir. Bu isə ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımların daha da intensivləşəcəyindən xəbər verir.

Elə dövlət başçısı da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunarkən bildirmişdi ki, iqtisadi göstəricilər artdıqca sosial məsələlərin həllinə daha çox diqqət yetiriləcək, pensiya və sosial müavinətlər artacaq: "Bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik”.


4 ayda pensiya və əməkhaqqı iki dəfə yüksəldi


Əhalinin sosial rifahının yüksəlməsinə maliyyə imkanı yarandı və Prezident iyunun 18-də bu istiqamətdə 17 sərəncam imzaladı. Bu sərəncamlar bu məsələnin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdi.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verəcək. Beləliklə, oktyabr ayının 1-dən etibarən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata, pensiyaların minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artacaq.

Yeni sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqqısında ciddi artımlar olacaq. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Əməkhaqqının məbləğinin 180 manatdan 250 manata çatdırılması ilə ölkədə minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faizədək üstələyəcək. Pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artımlardan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaq. Göründüyü kimi, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur.

Bundan başqa, uğurlu islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu getdikcə artırır, etibarlı tərəfdaşlarının sayını çoxaldır və ölkəyə investisiya axınını daha da sürətləndirir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, 2019-cu ilin qalan dövrü ərzində daha böyük sosial-iqtisadi uğurların şahidi olacağıq. Elə dövlət başçısı da bu ili dəyərləndirərkən demişdi ki, əgər 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə yazılacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video