07 Iyul 2019 00:30
842
CƏMİYYƏT
A- A+

YAP İcra Katibliyində “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbir keçirilib


İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə "Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri və YAP fəalları iştirak ediblər.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək müasir Azərbaycan tarixinin son 50 ilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, 1960-cı illərdə Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Ancaq Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə müasir tariximizdə dönüş baş verdi. Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. 1960-cı illərə qədər Azərbaycan bütün sahələrdə xoş olmayan günlərini yaşayırdı, insanların həyat səviyyəsi yaxşı deyildi. Nəticə etibarilə, Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsindən çox qısa zaman sonra Azərbaycanda o zaman müşahidə olunan xoşagəlməz proseslərin qarşısı alındı, iqtisadiyyat inkişaf etməyə başladı, çoxlu sayda sənaye müəssisələri yaradıldı. Respublikanın sənaye potensialı yüksəldi, kənd təsərrüfatında böyük dönüş başladı. Məhz o zamandan Azərbaycanın şəhərlərinin, kəndlərinin siması dəyişdi. Bakı şəhəri müasirləşdi, yeniləşdi. Təkcə sənaye və kənd təsərrüfatı deyil, elm və təhsil, mədəniyyət, səhiyyə də ciddi şəkildə inkişaf etdi. Çoxlu məktəblər, ali təhsil ocaqları yaradıldı. Eyni zamanda Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına imkan yaradıldı. Bu gün ölkəmizdə ayrı-ayrı sahələrdə çalışıb davamlı inkişafa töhfələr verən şəxslərin böyük əksəriyyəti həmin kateqoriyanın insanlarıdır. Həmçinin respublikamızda mədəniyyətin, incəsənətin inkişafına davamlı töhfələr verildi. Azərbaycanın bir çox dəyərli elm, mədəniyyət, incəsənət adamları o dövrün ən yüksək fəxri adlarına layiq görüldülər. Bütün bunların hamısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında etdiyi möhtəşəm xidmətlərdir ki, bunların sayəsində respublikamız böyük bir inkişaf mərhələsi keçdi.

Baş Nazirin müavini bildirib ki, müstəqil Azərbaycanın formalaşması, qüdrətinin artması missiyası da Heydər Əliyevin əzəmətli çiyinləri üzərində qərar tutmalı oldu. O xatırladıb ki, 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz müstəqilliyini əldə etdi. Amma yenə də ölkəmizin real müstəqil dövlət kimi formalaşması, təsdiqi Ulu Öndərin xidməti kimi tariximizə yazılıb. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etdikdən sonra o dövrün hakimiyyəti Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını təmin etmək iqtidarında deyildi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi mövcud problemlərdən xilas etdi. Müstəqil Azərbaycan dövləti yarandı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin yüksək inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi. Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi.

Bu gün Azərbaycanın Heydər Əliyev siyasətinin uğurlarını yaşadığını deyən Baş Nazirin müavini söyləyib ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün əldə etdiyimiz nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. Bütövlükdə, Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, onun əsasında Azərbaycan bundan sonra da uzun illər öz yüksəlişini təmin edəcək. Azərbaycan daha da qüdrətlənəcək, möhkəmlənəcək, xalqımızın milli həmrəyliyi daha da güclənəcək, ölkəmizin dünya birliyində mövqeləri artacaq.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkəmizin çox ciddi problemlərlə üz-üzə qaldığını xatırladıb: "O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma bu sahə inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir neçə qərar qəbul edildi. Sovet İttifaqından Azərbaycana böyük bir vəsait ayrıldı. Çayçılıq, üzümçülük və digər sahələr inkişaf etdi. O vaxt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları formalaşırdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra onlar bu iddialardan bir müddət əl çəkdilər”.

Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov çıxış edərək bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub: "SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərində ilk yerlərdə qərarlaşdı. Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi”.

F.Heydərov vurğulayıb ki, bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir: "Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlət, iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir. Mən Azərbaycan xalqını Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə təbrik edirəm”.

Tədbir digər çıxışlarla davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video